Torpağa bağlılıq
Mən 1971-ci ildə Azərbaycanda komsomol təşkilatları şöbəsində müdir müavini işləyirdim. Həmin il, iyulun 18-də Özbəkistanın paytaxtı Daşkənddə gənc pambıqçıların toplantısı keçirilirdi və respublikamızı təmsil edən böyük nümayəndə heyəti də tədbirə qatılmışdı. Müxtəlif ölkələrdən olan kəndli gənclər rəhbər şəxsləri salamlamalı idi.
Azərbaycan komsomolçuları adından bu missiya qabaqcıl çoban Şiraslan Rzayevə həvalə olunmuşdu. Amma çıxış vaxtı çatanda məlum oldu ki, həmin şəxs harasa gedib, onu tapmaq mümkün olmadı. Vəziyyətdən təcili çıxış yolu tapmaq lazım idi. Azərbaycanın kəndli gəncləri adından mən çıxış etdim. Qəbul olunmuş bədii tərtibata uyğun olaraq ayağımda çarıq, qucağımda quzu səhnəyə çıxdım və səmimi təbriklərimi çatdırdım. Şiraslanın çıxışını özüm hazırladığım üçün mətn yadımda idi və necə deyərlər, “aktyorun” dəyişdirildiyini kimsə hiss etmədi.
Bu barədə kimsə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məlumat vermişdi. Nümayəndə heyəti Vətənə qayıdandan sonra o, məni yanına çağırdı. Düşündüm ki, yəqin Daşkənd tədbirində başqasının əvəzinə çıxış edərək hamını aldatdığım üçün məni danlayacaq, yaxud cəzalandıracaq. Amma Heydər Əliyev məni gülərüz qarşıladı və əhvalatdan xəbərdar olduğunu, operativliyimdən razı qaldığını bildirdi. Özümü elə itirmişdim ki, rəhbərə nə deyəcəyimi bilmirdim. Söhbətin sonunda Heydər Əliyev mənə dedi ki, “bu gündən MK-nın kənd təsərrüfatı şöbəsində işləyəcəksən”.
29 yaşlı komsomolçunun belə məsul vəzifəyə irəli çəkilməsi mənə yuxu kimi gəldi, düzü, qulaqlarıma inanmadım. Heç iş yoldaşlarım da buna inanmırdı, çünki o vaxt Heydər Əliyevlə görüşmək hamıya nəsib olmurdu. Bir müddət sonra məni MK katiblərdən biri – Hacıağa İbrahimova köməkçi təyin etdilər və Heydər Əliyevlə mütəmadi təmasımız da bundan sonra başlandı. O, tez-tez müəyyən məsələlərlə bağlı zəng vururdu, həmişə də hal-əhval tuturdu, işlərlə maraqlanırdı. Beləcə, 1982-ci ilə qədər birlikdə işlədik.
Heydər Əliyev 1993-cü ildə Azərbaycana yenidən hakimiyyətə qayıdanda mən Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idim. O, əvvəlcə məni Prezident Aparatına gətirdi, sonra isə növbəti görüşlərimizin birində mənə dedi ki, “bizdə Kənd Təsərrüfatı Nazirliyində heyvandarlıq üzrə iş getmir. Məsləhət görürəm ki, sən orda, Nazirlikdə işləyəsən və yaxşı mütəxəssis kimi heyvandarlıq sahəsində işləri qaydasına salasan”. O vaxtdan bəri Nazirlikdə çalışıram.
Heydər Əliyevin mənim həyatımda olduqca böyük rolu olub. Hazırda Bakının mərkəzində yaşadığım 3 otaqlı mənzili də mənə vaxtilə onun göstərişi ilə veriblər. Bu evin sənədlərini alanda Heydər Əliyev dedi ki, “sənə evi ona görə şəhərin mərkəzində veririk ki, Mərkəzi Komitəyə yaxın olasan, işə gəlib-getməkdə çox vaxt itirməyəsən və fəaliyyətinə görə cavab verməyi bacarasan”. Bu sözlər insanpərvər adamın mənə qarşı həssas diqqətinin nümunəsi idi...
Çingiz Fərəcov,
Kənd
Təsərrüfatı
Nazirliyinin şöbə müdiri
Baku Post.-2013.-10 may.-S.6.