Səsə verilən qiymət

 

Xalq artsiti Arif Babayev:

 

– Heydər Əliyevlə ilk tanışlığım təxminən  1970-ci illərdə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilən dövlət səviyyəli konsertdə olub.  O, tədbir bitəndən sonra ənənəvi olaraq səhnənin arxasına gəldi, bütün iştirakçılarla bir-bir əl verib görüşdü, hal-əhval tutdu, ifaçılara səmimi minnətdarlığını bildirdi. Hələ o zaman Heydər Əliyevin sadəliyi məni heyran qoymuşdu.

 Sonralar biz mütəmadi olaraq konsertlərdə görüşürdük və hər dəfə də Heydər Əliyevin milli musiqimizə, xüsusən də muğam sənətinə böyük marağı və hörməti məni ürəkdən sevindirirdi.

 60 illik yubileyimlə bağlı əhvalatı isə ömrüm boyu unutmaram. Heydər Əliyev ad günümü təbrik etmək üçün şəxsən evimizə zəng vurub. Ailəmizdən ona bildiriblər ki, mən hansısa məclisdəyəm. Heydər

müəllim razı olmayıb ki, məni təcili məclisdən çağırtdırsınlar. Deyib ki, eybi yox, narahat olmasın, məclisdən sonra danışaram.

 Bir neçə gün keçdibiz görüşdük, yaxama “Şöhrət” ordeni taxdı. Həmin gün xeyli söhbət etdik, geniş və dərin yaddaşı yenə də məni heyrətləndirdi. Oxuduğum bütün xalq mahnıları və muğamların adını çəkdi, tərcümeyi-halımı, yaradıcılıq yolumu məndən yaxşı bilirdi. Yenə də problemlərimlə, qayğılarımla maraqlandı, muğamı təbliğ etdiyim üçün minnətdarlığını bildirdi.

 Daha bir unudulmaz görüşümüz İçərişəhərdə oldu. Kamança ustası Habil Əliyevlə bərabər məhz onun üçün kiçik bir konsert verdik. Ürəkdən bəyəndi, alqışladı. Məni xüsusi təqaüd, bir çox ordenmedallarla təltif edib. Hər dəfə də deyirdi ki, “Arif, sən xalqın oğlusan, sən buna layiqsən!”

 İncəsənət xadimlərinə, sənət adamlarına xüsusi diqqəti vardı, sənət haqqında fikri mübadilə aparmağı xoşlayırdı, ünsiyyət zamanı tutarlı arqumentlər söyləyirdi. Söhbəti elə qurub istiqamətləndirirdi ki, bəzən qarşında məhz prezidentin, mahir siyasətçinin olduğunu unudurdun. Özü də oxumağı, tar çalmağı bilirdi. Mənə  deyirdi ki, “gözəl səsin var, Xan Şuşinskinin layiqli davamçısısan”. Bu, sənətimə verilən ən böyük qiymət idi.

 

 

Arif Babayev

 

Baku Post.-2013.-10 may.-S.8.