Gözəl
və sağlam həyat sərgisi
Gözəl təbəssümə malik olmağın bir yolu da sağlam dişlərdən, deməli, peşəkar stomatoloqlardan keçir. Paytaxt Bakıda keçirilən beynəlxalq səhiyyə sərgisində məhz bu sahədə – stomatologiyada ən son yeniliklər, dişlərin sağlam və gözəl görünməsinə imkan verən avadanlıqlar nümayiş etdirilir.
Ənənəvi olaraq “İteca
Caspian” şirkətinin təşkilatçılığı
ilə baş tutan sərgi yalnız stomatologiyaya aid deyil. Eyni məkanda
eyni vaxtda üç sərgi - 19-cu
Azərbaycan Beynəlxalq
Səhiyyə, 8-ci Azərbaycan
Beynəlxalq Stomatologiya
və 7-ci Azərbaycan
Beynəlxalq Gözəllik
və Estetik Tibb sərgiləri qapılarını ziyarətçilərin
üzünə açıb.
17 ölkədən 120-dən çox nümayəndə iştirak etdiyi bu sərgidə iştirakçıların sayı 20 faiz artıb. İlk dəfə olaraq sərgi çərçivəsində Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə tibbi turizm sektoru nümayiş olunur ki, bu sektor dünyanın 20-dən artıq müxtəlif klinikasını özündə birləşdirir. Həmçinin, bu il sərgidə Çexiya Respublikası öz milli stendi ilə debüt edir. Stenddə Çexiyanın 10 şirkəti ortopedik məhsullar, laboratoriya avadanlıqları, tibb bacıları ilə pasiyentlər arasında rabitə üçün avadanlıqlar, xilasetmə avadanlıqları və təcili tibbi yardım vasitələri, habelə klinikalar üçün mebel təqdim edilir.
Əlbəttə, sərgi iştirakçılarının məqsədi yalnız pulsuz xidmətləri nümayiş etdirməkdən ibarət deyil. Burada iştirak edən şirkətlər özlərini tanıtmaq, Azərbaycana gətirdikləri yeni texnologiyaları təqdim etmək niyyətindədir. Gözəllik və Estetik Tibb Sərgisində kosmetika, dəriyə qulluq, aromaterapiya, dırnağa qulluq materialları, müalicəvi kosmetika, saç üçün peşəkar məhsullar – bir sözlə, gözəllik sənayesi sahəsindəki ən son təmayüllər nümayiş etdirilir. Bura peşəkar kosmetika və avadanlıqların istehsalçıları, distribütorları və istehlakçıları qatılıb.
“Beauty Azerbaijan 2013” sərgisinin iştirakçıları əsasən gözəllik salonları, fitnes-klublar, SPA-mərkəzləri, bərbərxanalarda istifadə olunan məhsulları təqdim edir. Yerli istehsalçılar saç üçün şampun və balzamlar, duş geli və maye sabun kimi geniş istifadə olunan kosmetikaları nümayiş etdirir. Bəzi ticarət markalarının resepturasında bitki ekstraktlarından geniş istifadə olunur və onların arasında yalnız Azərbaycan ərazisində bitən nadir bitki ekstraktları var.
Bundan əlavə, saçlar, üz dərisi və bədənə qulluq üçün zəngin tərkibə malik təbii efir yağları əsasında hazırlanan yüksək keyfiyyətli kosmetika brendləri də təqdim olunur. Azərbaycanda təbii bioloji aktiv inqrediyentlər istehsal edən və onların əsasında üz dərisi və bədənə qulluq üçün yüksək keyfiyyətli spirtsiz məhsulların unikal çeşidini təklif edən şirkətlər də sərgi iştirakçıları arasındadır.
Gözəllik sərgisinin xarici debütantlarından biri də Rusiyanın “Biotek” şirkəti Fransa, Almaniya, İsveçrənin bəzi brendlərinin Azərbaycanda nümayəndəsi qismində çıxış edir. Bu şirkət mezoterapiya üçün məhsullar, plazmoliftinq üçün sentrofuqa və digər avadanlıqları ilk dəfə olaraq Bakıya gətirib. Rusiyanın “Oftaderm” tibbi qrupunun təmsilçisi Tatyana Bojenova deyir ki, onlar oftalmologiya, kosmetologiya və dermatologiyada yeni məhsul və texnologiyaları təqdim edir: Bizim şirkət estetik əməliyyatlarda istifadə olunan unikal formaya malik spiralvari simləri istehsal edir. Azərbaycanda gözəllik sənayesi yüksək templərlə inkişaf edir və biz də bu cür bazarda öz məhsullarımızı satmaqda maraqlıyıq. Bu cür sərgilər insanların sağlam olmasına, gözəl görünməsinə yardım edir və biz də bu prosesin iştirakçısı olmaqdan məmnunluq duyuruq”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli belə sərgilərin keçirilməsinin Azərbaycan səhiyyəsinin inkişafına böyük təkan verdiyini deyir. Onun sözlərinə görə, son bir neçə ildə səhiyyənin özəl tibb sahəsində baş verən irəliləyişlərdə belə sərgilərin də rolu var: “Yeni səhiyyə mərkəzləri yaradılır, müalicə və müayinə texnologiyaları ildən-ilə yenilənir. Həkimlər də hər zaman müasir dövrdə baş verən nailiyyətləri izləməlidir ki, müalicə zamanı yeni metodlardan istifadə edə bilsinlər”.
Qeyd
edək ki, 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə,
8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və
7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri
noyabrın 3-dək keçirilir. Sərgi təsis edildiyi gündən
bəri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir
və Azərbaycan Stomatoloqlar
Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir
Fidan Muradlı
BakuPost.-2013.- 2 noyabr. - S.9.