Qohum nikahlar risklidir

 

 Azərbaycanın bir sıra regionlarında ümumi nikahlar arasında qohum nikahlarının faizi 60-80 faizi keçir. Bu isə irsi xəstəliklərin yaranması ehtimalını artırır”. Bunu Respublika Diaqnostika Mərkəzinin genetiki, professor Elxan Rəsulov deyib.

 E.Rəsulovun sözlərinə görə, qohum nikahlar zamanı genetik xəstəliklərə növbəti nəsildə təsadüf olunması riski qeyri-qohum nikahlarla müqayisədə 25-30 dəfə artır: “Bu baxımdan genetik müayinələr ölkə üçün xüsusilə vacibdir. Əgər Azərbaycanda əhalinin kifayət qədər maarifləndirilməsinə nail olsaq, ölkədə müəyyən irəliləyişlər əldə etmək olar.

 Hazırda bu istiqamətdə işlər görülür, proqramları həyata keçirmək üçün laborator baza yaradılır. Respublika Diaqnostika Mərkəzində genetik laboratoriya fəaliyyət göstərir. Burada yeni doğulmuşların neonatal skrininqi, ailə qurmaq istəyənlərin genetik müayinəsi, dölün ana bətnində perenatal diaqnostikası genetik çatışmazlıqların müayinəsi həyata keçirilir”.

 E.Rəsulov qeyd edib ki, hər bir insan 5-7 irsi xəstəliyin daşıyıcısıdır. Onun sözlərinə görə, əgər ailə qurmaq istəyən gənclərin hər ikisində eyni xəstəliyin daşıyıcılığı olarsa, bu zaman xəstə uşaq doğulma ehtimalı 25 faizdir. Yəni 4 uşaqdan biri xəstə doğula bilər.

 Beynəlxalq təşkilatların hesabatında Azərbaycanda hər 10 000 uşaqdan 631-nin genetik qüsurla doğulduğu göstərilir. Qara siyahıda Tacikistan, Qırğızıstan Azərbaycan bu sahədə vəziyyətin acınacaqlı, Avstriya, İsveçrə Fransa isə nisbətən ürəkaçıcı olduğu ölkələr sırasındadır. Mütəxəssislər bu statistika ilə qohum nikahlar arasında birbaşa əlaqə olduğunu düşünür. Çünki ölkə ərazisində qeydə alınan nikahların ümumilikdə 56 faizinin  məhz qohumlar arasında bağlandığı ortaya çıxır. Belə hallar Şəki, Masallı paytaxt Bakıda  daha çox müşahidə olunur. Bu bölgələrdə irsi xəstəliklərin yayılma tempi fərqlidir – 15 faiz.

 Tibbə görə, qohum nikahlardan dünyaya gələn uşaqların 92 faizi ana, 8 faizi isə ata tərəfindən ötürülən irsi xəstəliklərin daşıyıcılarıdır. Rast gəlinən xəstəliklərin 34 faizi irsi xəstəliklərin payına düşür. İrsi xəstəliklərin ötürülməsində isə qohum nikahların göstəricisi – 84 faizə bərabərdir. Belə ailədə doğulan uşaqlarda talassemiya, qan xəstəlikləri, Daun sindromu  kimi xəstəliklərə daha çox rast gəlinir.

 Xəstəliklərlə bağlı statistika da ölkədə talassemiya xəstələrinin sayının hər il artdığını göstərir. DSK-nın statistikasına görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin 2005-ci ildə sayı 656, 2007-ci ildə 1261, 2008-ci ildə 1271, 2009-cu ildə 1457, ötən il isə 1650 olub.

Bu gün bir sıra dövlətlər vəziyyətin gərginləşməsi fonunda qohumlararası nikahları qadağan edib. MM-in sosial siyasət komitəsi Ailə Məcəlləsinin monitorinqini aparır. Məqsəd məcəlləyə günün tələblərinə uyğun dəyişikliklərin əlavə olunmasıdır. Beləliklə məcəlləyə ediləcək dəyişikliklər arasında yeni evlənənlərin, xüsusilə qan qohumluğu olan gənclərin nikah öncəsi tibbi müayinədən keçməsi tələbi qoyula bilər.

 Yaxın qohumlar arasında ailə yaranması ilə bağlı digər ölkələrdə problemlər yaşanır. Məhz bu səbəbdən BMT-nin Əhali fondunda qohumlararası  nikahların ciddi fəsadlar yaratması ilə bağlı tədbirlər planı hazırlanır. Onu da qeyd edək ki, ekspertlər fərqli bölgələrdən olan valideynlərin uşaqlarının daha gözəl, daha ağıllı olduğu qənaətindədir.

 

 

Fərəh Sabirqızı

 

BakuPost.-2013.- 2 noyabr. - S.9.