Turizmə mütəxəssis baxışı

 

Azərbaycanda 2-3 ulduzlu hotellərin inşası ölkəyə turist axınını 2 dəfə artıra bilər. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov “New Baku Posta verdiyi müsahibədə deyib. Turizm təmsilçisi başqa məsələlər barədə də danışıb:

Builki turizm mövsümü necə yadda qaldı? Azərbaycana və xaricə turist axını hansı istiqamətlərdə oldu? Statistik göstəricilər necədir?

– 2013-cü ilin turizm mövsümü çox uğurlu olub. İlk növbədə onu qeyd edim ki, avqustda Zambiyada keçirilmiş Dünya Turizm Təşkilatının (DTT) sessiyasında Azərbaycan qurumun İcraiyyə Şurasına qəbul olunub. Bu, ölkəmizdə turizmin inkişafına verilən yüksək qiymətin təzahürüdür. Mən isə ÜTT-nin Avropa üzrə vitse-prezidenti seçilmişəm.

 Sentyabrda Bakıda Ümumdünya Turizm günü yüksək səviyyədə qeyd edilib, turizm sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərən mütəxəssislər təltif olunub. Bundan başqa,  AZTA bir sıra xarici turizm təşkilatlatı, tədris müəssisələri  ilə əməkdaşlıq memorandumları imzalayıb.

 Bu il Azərbaycandan əsasən Türkiyə, BƏƏ (Dubay), Fransa, Macarıstan, Monteneqro, Çexiya, Rusiya, Ukrayna (Truskovets), Tailand, Malayziya, Fransa və digər ölkələrə turist axını olub. Azərbaycan turizminə isə Rusiya da daxil olmaqla MDB ölkələri, Türkiyə, İran, Yaponiya, Cənubi Koreya, Polşa vətəndaşları maraq göstərib. Ümumiyyətlə, ölkəmizin turizm potensialına maraq getdikcə artmaqdadır. Əgər 2012-ci ildə ölkəyə 2 milyon turist gəlmişdisə, bu ilin 1-ci yarısında bu göstərici 1,2 milyon nəfər təşkil edib. Statistika da turizmin inkişaf etdiyini göstərir.

– Azərbaycanda əcnəbi turistlərin daha çox marağında olan 2-3 ulduzlu hotellərin sayı azdır. Bu məsələ ilə bağlı rəhbərlik etdiyiniz qurum hansı stimullaşdırıcı tədbirlər görür?

– AZTA  bir neçə  il bundan əvvəl Azərbaycanda, xüsusilə Bakıda 2-3 ulduzlu hotellərin inşasının zəruri olduğunu bildirib və əməkdaşlıq etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyasının toplantılarında bu məsələni qaldırıb, sahibkarlara belə hotellərin daha səmərəli olması və daha çox turist qəbul edə bilməsi izah olunub. Xüsusilə turist qrupları, idmançılar üçün 2-3 ulduzlu hotellər lazımdır və belə hotellərin mövcudluğu ölkəyə xaricdən gələn turistlərin sayını 2 dəfə artıra bilər. Düşünürəm ki, işadamlarını sözügedən kateqoriyadan olan hotellərin tikintisinə cəlb etmək üçün dövlət qurumları bir sıra güzəştlər etməlidir. 2-3 ulduzlu hotellərin inşası nəticəsində xarici qonaqlar şəxsi evlərdə qalmaqdan imtina edər ki, bu da həm dövlət büdcəsinə ödənilən vergilərin məbləğinin artmasına, həm də qonaqların təhlükəsizliyinin təmin edilməsinə imkan verər.

– Beynəlxalq sərgilər, yarmarkalar turizmin inkişafında nə dərəcədə rol oynayır?

– Belə tədbirlərdə Azərbaycanın turizm potesialı reklam olunur, milli mədəniyyətimiz, incəsənətimiz, tariximiz, mətbəximiz, musiqimiz, xalçalarımız nümayiş etdirilir. Azərbaycan nəinki beynəlxalq sərgilərdə iştirak edir, həm də daxili turizm sərgiləri təşkil edir. Bu sərgilərdə iştirak edən şirkətlərin peşəkarlığı artır, müqavilələr bağlanır, innovasiyalar təbliğ və tətbiq olunur, infoturlar təşkil edilir. Sərgilərdə bağlanan müqavilələr əsasında treninq kursları keçirilir. Personalın xidmət səviyyəsi yaxşılaşır və onlar yeni üsullarına yiyələnir.

– Həm yerli, həm də xarici turistlər Azərbaycanda dincəlməyin baha, xidmət səviyyəsinin isə aşağı olmasından şikayətlənir. Bu sahədə irəliləyiş varmı?

– Qiymət və xidmətlə bağlı problemlər hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var. Bu da ilk növbədə turizm obyektləri arasında rəqabətin səviyyəsindən irəli gəlir. Son illər yeni hotellərin inşası rəqabəti xeyli gücləndirib. Bir qədər əvvəl qeyd etdiyim 2-3 ulduzlu hotellərin tikintisi isə rəqabəti daha da gücləndirəcək. Son nəticədə, düzgün qiymət siyasəti apara bilməyən sahibkarlar bazarı tərk etməli olacaq.

 Həm AZTA, həm də Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq qiymətlərin tənzimlənməsi ilə bağlı turizm sektorundakı sahibkarlara tövsiyələr verir. Bu səylər də tədricən müsbət nəticəsini göstərir.

 

Xidmətin səviyyəsinə gəlincə, bu, biziqane etmir. Baxmayaraq ki, turizm tədris müəssisələrinin sayı artır, Türkiyədən gəlmiş mütəxəssislər ölkəmizdə treninqlər keçirir. Hesab edirəm ki, turizmhotelçilik üzrə tədris üçün vahid standarta uyğun proqramlar tərtib edilməli, müəllimlərin peşəkarlıq səviyyəsi artırılmalı, təcrübə dərslərinə daha çox yer verilməlidir. Hotellərdə mütəmadi olaraq keyfiyyətli treninqlər keçirilməli, bu işin məsuliyyəti kadrlar şöbəsinin müdirlərinin və baş menecerlərin üzərinə qoyulmalıdır, personalın yüksək səviyyədə yetişməsinə fikir verilməlidir.

– Azərbaycanda kənd turizminin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

– Kənd turizmini inkişaf etdirmək üçün infrastruktur qurulmalı, onun reklamı təşkil edilməli, lazımi kadrlar hazırlanmalıdır. Yəni, qonaqların harada qalacağı, nə yeyəcəyi müəyyən edilməli, onlar üçün əlavə xidmətlər təşkil olunmalıdır. Azərbaycanda kənd turizmi üçün imkanlar var. Yerli icra hakimiyyəti orqanları və turizm idarələri yaxından əməkdaşlıq edərək turizmin bu yeni növünü dirçəldər. Şəki, Qəbələ, İsmayıllı, Qusar, Quba rayonlarında kənd turizminin hesabına yeni yerləri açıla bilər

   

 

Namiq Tahiroğlu

 

BakuPost.-2013.- 13 noyabr. - S.6.