Aşurada qan verək!

 

Sabah Məhərrəm ayının 10-u, Aşura günüdür. Bu gün islam tarixinə imam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetişdiyi gün kimi daxil olub. Məhəmməd peyğəmbərin nəvəsi, peyğəmbər qızı xanım Fatimeyi Zəhranın və Hz.Əlinin oğlu imam Hüseyn tərəfdarları ilə birgə Kərbəla çölündə qətlə yetiriliblər.

 Təxminən 1.400 il əvvəl Xəlifə Müaviyənin yerini tutan oğlu Yezid dini qanunları unudaraq, Allahı, onun Rəsulunu, xüsusilə, Əhli-Beyti insanların hafizəsindən silməyə çalışırdı. Özünün və ailəsinin qanı bahasına da olsa, islam dinini qorumağa qalxan imam Hüseyn Yezidlə mübarizəyə başlayır. Yezid isə onun başının kəsilərək Şama göndərilməsini əmr edir. Sonadək əqidəsinə sadiq qalan imam Hüseyn 72 tərəfdarı ilə 30 minlik qoşunla vuruşda mühasirəyə düşür və onların hamısı qeyri-bərabər döyüşdə şəhid olur, peyğəmbər ailəsinin qadınları isə əsir götürülərək işgəncələrə məruz qalırlar.

 İlk baxışda bu, məğlubiyyət kimi görünür, amma əslində imam Hüseyn öz şəhidliyi ilə Yezidə qalib gəlir və islam dininin təhrif olunmasının qarşısını alır. Bacısı Zeynəb isə apardığı təbliğat nəticəsində qardaşının haqq əməlini yaşatmağa, nəsillərə ötürməyə müvəffəq olur. Əvvəlcə Kufə və Şam camaatı haqqı nahaqdan ayırd etdi, Yezidin xəlifəliyini süquta uğradı, sonralar isə bütün bəşəriyyət gerçəkliyi anlayıb, qərarını verdi: qərarın məntiqiliyinin nəticəsidir ki, dünya müsəlmanlarının böyük əksəriyyəti 14 əsrdir bu günü qürur hissi ilə yad edirlər.

 Kərbəla hadisəsi fədakarlıq dərsidir, igidliyin, şücaətliyin təcəssümü kimi qəbul edilir. İlahiyyatçı Hacı Şahin deyir ki, gənc nəsil bu hadisədən bəhrələnə bilər: “Bəziləri dindən sui-istifadə edib insanları fanatizmə sürükləyir. Amma məqsəd ali olmalıdır, kor-koranə ölümə getmək Quranda da pislənilir. Məsələn, 20% ərazisi işğal altında olan Azərbaycanın qüdrətli ordusu varxalq çağırıldığı an düşmənlə mübarizəyə qalxmağa hazırdır. Lakin məlum həqiqətdir ki, hərbi güclə yanaşı, döyüş ruhunun yüksək olması da çox vacibdir. Kərbəla məktəbi, ilk növbədə, məhz bunları aşılayır”.

 İslam dininin bütün məzhəblərində imam Hüseynə böyük hörmətlə yanaşılır. Kərbəla hadisəsi, bir növ, məzhəblərin ortaq dəyəri, birləşmə nöqtəsidir, bütün bəşəriyyətə insanlıq, səbr, dözüm dərsi öyrədən məktəbdir.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, imam Hüseynin həyat və mübarizəsinin yad edilməsi böyük əhəmiyyət kəsb edir: “İmam Hüseyn əleyhissəlamın əzadarlığında Vətən sevgisi, əqidəyə sadiqlik üçün səfərbər olmaq hikməti var. Onun dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi yolunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür. Son illər Aşura günündə qanvermə aksiyalarının təşkili Azərbaycanda ənənəyə çevrilibbu il də 14 məsciddə belə tədbirlər nəzərdə tutulur.

 Quranda buyrulur ki, hər kəs bir insanın xilasına səbəb olarsa, sanki bütün insanları dirildir. Bu baxımdan, qana ehtiyacı olan xəstəni həyata qaytarmaq çox böyük savabdır. Lakin din xadimləri tövsiyə edirlər ki, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlər yolverilməzdir – heç kim özünə xəsarət yetirməməli və bunu başqalarına da təlqin etməməlidir.

 QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, qanvermə aksiyasının keçiriləcəyi məscidlərin siyahısı Səhiyyə Nazirliyinə təqdim edilibtibb işçilərindən ibarət səyyar briqadalar həmin yerlərdə üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklər. Bu məqsədlə könüllülər Bakının Yasamal, Səbail, Suraxanı, Xəzər, Nizami, Nəsimi rayonlarındakı müvafiq ünvanlara, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Bərdədəki məscidlərə üz tuta bilərlər.

 1.400 il əvvəl Kərbəla şəhidləri ali məqsəd uğrunda qanlarını axıdıblar. Bu gün biz onların yolunu, əməlini davam etdirə bilərik – qanımızı neçə-neçə ehtiyacı olan insanların damarlarına axıtmaqla...

 

Pərvanə Sabirqızı

 

BakuPost.-2013.- 13 noyabr. - S.7.