Həqiqi istedad sorağında
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə yaradılan “İstedad Mərkəzi” üzvlərinin konsert proqramı olacaq. Bu, mərkəzin üçüncü layihəsidir. Bu ilin may ayında yaradılan “İstedad Mərkəzi”nin rəhbəri Bakı Musiqi Akademiyasının (BMA) professoru, Xalq artisti Zəhra Quliyevadır. Z.Quliyeva “New Baku Post”a müsahibəsində mərkəzin yaradılması zəruriliyindən və gələcək planlarından danışıb:
– “İstedad Mərkəzi” ideyası necə yarandı?
– Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Bakı musiqi məktəbləri direktorlarının şurası var. Bu ilin may ayında şuranın rəhbərliyi istedadlı uşaqların seçilməsi və belə bir mərkəzin yaradılması fikrini mənə bildirdilər. BMA-da dərslərim çoxdur, burada skripkaçılar ansamblına rəhbərlik edirəm, özüm solo konsertlər verirəm, tələbələrim beynəlxalq müsabiqələrdə çıxış edir, onları hazırlayıram. Son 10 ildə 8 yetirməm beynəlxalq müsabiqə laureatı olub. Vaxtımın az olmasına baxmayaraq, ən layiqli uşaqları seçib bir qrupa yığmaq qərarına gəldim. 110 tələbəyə qulaq asandan sonra onların arasından 30 nəfəri seçdim. Məqsədimiz “qaymaqları” üzdə saxlamaq, tanıtmaq və onlara qayğını gücləndirməkdir. Buradakı uşaqları dünyanın hansı ölkəsində səhnəyə çıxarsaq “bravo!” və alqışlarla qarşılanacaq. Onlar hər yerdə Azərbaycan mədəniyyətini yüksəyə qaldırmağa qadir uşaqlardır. Mədəniyyət və Turizm İdarəsi ilə bərabər onlar üçün konsert zalları təşkil edirik. Bu uşaqların gələcəyinə böyük bir maraq yaratmaq arzusundayam.
– “İstedad Mərkəzi”ndə musiqinin hansı sahəsində istedadı olanlar toplanıb?
– Uşaqları Bakının 38 musiqi məktəbinin şagirdləri arasından seçdik. Klassik, fortepiano, violina, violençel, viola, klarnet, qaboy, truba, xalq çalğı alətləri – saz, balaban, tar, kaman, xanəndəlik, eləcə də vokal istedadı olan uşaqlar cəlb olunub. Mərkəzdə 11-16 yaş arası uşaqlar toplanıb. Onların digər həmyaşıdlarından fərqi istedadları və əzmidir. Hər gün 7-8 saat məşq müqabilində bu nailiyyətləri əldə edirlər.
– Mərkəzdə yenilənmə prosesi nə vaxt aparılacaq?
– 11-ci sinfi bitirəndən sonra uşaqlar mərkəzdən gedir. Yeni dinləmələrlə onların əvəzinə başqa uşaqlar seçilir. Bu yaxınlarda gözdən əlil olan uşaqlar üçün musiqi məktəbindən bir xanəndə və bir tar çalan uşaq seçdik. Növbəti konsertimizdə tar çalan uşaq çıxış edəcək. Bu uşaqları başqalarından ayırmıram. Onlar fiziki qüsurlarını hiss etməməlidir. Tar ifaçısı Soltan isə digərlərindən daha üstündür. Mərkəz 30 nəfərlə məhdudlaşmır, 30 nəfər də ehtiyatımız var.
– Qarşıda hansı işlər planlaşdırılır?
– May ayında Filarmoniyada ilk təqdimat konsertimiz oldu. Hər il Bakıda keçirilən Üzeyir
Hacıbəyli adına
Beynəlxalq Festival çərçivəsində
“Üzeyir Evinin qonaqları” adı altında konsertlər keçirilir. Bu layihəyə
mən rəhbərlik
edirəm. Sentyabrda
festival çərçivəsində həmin konsertlərdə
“İstedad Mərkəzi”nin üzvləri də çıxış
etdi. Hazırda isə Muğam
Mərkəzində böyük
tədbirə hazırlaşırıq.
Repertuarımız rəngarəngdir. Qərbi Avropa bəstəkarlarının
klassik əsərlərindən
tutmuş, Azərbaycan
xalq mahnıları və muğamlarınadək
olan böyük diapazonu əhatə etmişik. İstərdim ki, Azərbaycanın
bölgələrində də
uşaqların konsertlərini
təşkil edək.
Bölgələrdə olan musiqi məktəbləri, kolleclərdə
oxuyan uşaqlar da görsünlər, həvəslənsinlər.
– Azərbaycan musiqisi hansı dövrünü
yaşayır?
– Muğamın intibahıdır.
Keçirilən muğam müsabiqələri
və festivallarının
tayı-bərabəri yoxdur.
Klassik musiqidə də hər zaman irəlidə olmuşuq.
Gənclərlə qürur duyuram.
BMA-nın bakalavr
pilləsini bitirən
tələbələr Avropanın
qabaqcıl konservatoriyalarının
magistraturalarında təhsil
alır. Çatışmazlıq violençel və kontrabas sahəsindədir.
Yaxşı müəllimlərimiz
olsa da, uşaqlar az
gəlir. Çünki çətin alətdir
və onu daşımaq lazımdır.
Klassik nəfəsli musiqi alətlərində – truba,
qaboy, valtornada çalan uşaqlara böyük ehtiyacımız
var.
– Bəlkə, marağı
azaldan həm də bu alətlərlə
pul qazana bilməməkdir?
– Beynəlxalq müsabiqələr
qalibi olan tələbələrin də
qarşısında bu
sual durur. Onlar üçün iş yerləri olmalıdır. Bu, xüsusən də kişilərə aiddir.
Çünki adlarını çəkdiyim
musiqi alətlərinə
daha çox oğlanlar lazımdır.
Xaricdə qızlar da
bu musiqi alətlərində çalır.
– Azərbaycanda musiqinin hansı janrına daha çox maraq yaratmaq lazımdır?
– Klassik musiqi kütləyə yox, fərdə yönəlik
olub. Həmin fərdi tərbiyə
etmək üçün
televiziya, radio və bütün vasitələr
keçərlidir. Televiziya və
radioda klassik musiqiyə daha çox yer ayrılmalıdır. Maraq oyatmaq
üçün bu musiqi haqqında söhbətlər aparılmalıdır.
Beş ildir Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.
Orada konsertlərdən öncə
söhbətləri mən
aparıram. Görürəm ki, ildən-ilə insanların marağı artır. Artıq ətraf rayon və
kəndlərdən də
insanlar konsertləri dinləmək üçün
Qəbələyə gəlir.
Keçmişdə Opera və Balet
Teatrı və Filarmoniyada tamaşa və konsertlərdən əvvəl kiçik söhbətlər olurdu.
İndi bizdə qulaq tərbiyəsi yoxdur.
Qulaq tərbiyə olunmasa, musiqini qavramaq olmaz. Bir də, “şou-biznesi”
fasiləsiz təbliğ
etməklə uzağa
getmək olmaz.
Ümidə Həsənli
BakuPost.-2013.- 13 noyabr. - S.10.