“Səxavətə çata bilmərəm”

 

Noyabrın 25-də sevilən mərhum sənətkar Səxavət Məmmədovun 60 illik yubileyi qeyd ediləcək.  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Beynəlxalq Muğam Mərkəzində olacaq. Tədbir ərəfəsində Əməkdar artist Firuz Səxavət qardaşı haqqında xatirələrini “New Baku Posta bölüşüb:

Yubiley tədbiri necə keçiriləcək?

– Səxavətin videoyazıları  nümayiş etdiriləcək. Onun  məşhur “Azad bir quşdum” mahnısı dillər əzbəridir. Bununla yanaşı, indiyədək eşidilməyən ifaları  da təqdim olunacaq. Tədbirdə tanınmış şair və xanəndələr, elm və incəsənət xadimləri iştirak edəcək. Onlar Səxavət haqqında öz xatirələrini bölüşəcək. Tədbirə yalnız Səxavəti duyan, bu sənəti dərk edən  insanları toplamaq istəyirik.  Sonda isə Səxavətin yaratdığı “Qarabağ” ansamblı  xalq artistləri Arif Babayev, Nəzakət Teymurova, Aygün Bayramova kimi xanəndələr çıxış edəcək. Səxavətin 60 illiyinin məhz Beynəlxalq Muğam Mərkəzində keçirilməsi çox önəmlidir. Tədbirə giriş dəvətnamə ilə olacaq.  Səxavətin sənətinin vurğunu olan çoxsaylı insanlar var. Lakin biz konsert yox, anım mərasimi keçiririk.

– Sizcə, S.Məmmədov yaşasaydı, indi sənətin hansı zirvəsində olardı?

Bunu təsəvvür edə bilmirəm. O, 38 yaşında artıq  sənətin zirvəsində idi. Bu yaşda heç kəs o zirvəyə qalxa bilməz. Səxavətin 38 yaşında etdiyi ifalar, qoyub getdiyi lent yazılarına baxanda deyirsən ki, bu, insanın o yaşda edə biləcəyi deyil. Məncə, Səxavətə ilahi bir qüvvə kömək edib. O, Allahın seçilən bir bəndəsidir. 

– Qardaşınızı 60 yaşında necə təsəvvür edirsiniz?

– Elə 38 yaşında. Onu sonuncu dəfə necə görmüşəmsə, elə də xatirimdədir. Səxavət heç zaman qocalmayacaq. O, xoş əməlləri, insanlığı, hörməti ilə hər zaman yaddaşlarda qalacaq. 22 ildir həyatda yoxdur, lakin onun yoxluğu hiss olunmur. Səxavətin ölümündən sonra dünyaya gələn uşaqlar onun haqqında elə danışırlar ki, sanki qardaşımı canlı görüblər. Çünki onun haqqında hər zaman danışılır. O özünə elə bir hörmət qazanıb ki, onu canlı görməyən uşaqlar onun kimi oxumağa çalışır.

– S.Məmmədovun sənət irsi necə qorunur və təbliğ edilir?

Onun yaradıcılığı haqqında 50 və 55 illiyində iki kitab çıxıb. Səxavət barədə daha bir kitab yazılıb və bu əsəri yubiley tədbirində təqdim etmək istəyirik. Kitabın müəllifi Fazilə Qaraxanqızıdır.  Biz qardaşlar da sənətimizlə onun yaradıcı irsini davam etdirməyə  çalışırıq. Mən onun yolu ilə oxuyuram. Qardaşların ifasında oxşarlıq ola bilər, çünki irsidir. Lakin yad adamların oxşarlığı, onun kimi oxumaq istəyi Səxavətə olan məhəbbətdən irəli gəlir. Onun qoyub getdiyi irsifalar özü-özünü təbliğ edir. 

– S.Məmmədov dünyasını dəyişən zaman texnika bu qədər inkişaf etməmişdi. İndi onun səs yazıları və görüntüləri necə toplanır, necə əldə edirsiniz?

Onun bütün lent yazıları yayılıb. Elə bir gün olmur ki, radiodan Səxavətin ifası eşidilməsin. Dəfələrlə şahidi olmuşam ki, dinləyicilər radio verilişlərinə zəng edib Səxavət Məmmədovun mahnısını eşitmək istədiklərini bildirib. Onun toyda oxuduğu elə mahnılar var ki, elə bil konsertdə oxuyub. Məsələn, “Yaralıyam, dəymə-dəymə” mahnısı. Səs və ifa çox təmiz, görüntü yaxşı. Pis yazılan lentləri isə bacardığımız qədər təmizləyirik. Ukraynada yaşayan Burzu Əliyev adlı adamı Səxavət yaradıcılığının ən böyük pərəstişkarlarından biridir. Səxavətə aid olan bütün işlərdə və yubiley tədbirlərində onun xüsusi rolu var. Səxavətin adı ilə bağlı gözəl bir sayt açdırıb, orada sənətkarın  bütün külliyyatı toplanıb. Biz özümüz də mütəmadi olaraq insanlara müraciət edirik ki, Səxavətin lent yazıları kimdə varsa, bizə  çatdırsın.

Sizin bu gün bu sənətdə olmağınız S.Məmmədov nisgilinin üzərinə su səpdi...

Başqa bir sahənin adamı olsaydım, Səxavətin sənətinə başqa qiymət verərdim. Lakin musiqidən başı çıxan bir adam kimi deyirəm ki, Səxavət sənəti tamam başqadır. Mən  Səxavətin ifasının 50 faizini çatdıra bilsəm, özümü böyük sənətkar sayaram. Qardaşımın irsi əvəzsizdur. Onun kimi oxumaq üçün gərək Səxavət olasan. Onun ifa etdiyi incəlikləri kim etsə, yarımçıq alınır. Səxavətin ifasında isə yarımçıq heçyoxdur. O,  heç vaxt ürəksiz heçifa etməyib.  Onun bütün boğaz xırdalıqları muncuq kimi bir-birinə düzülüb. Mənim təsəllim budur ki, hər ifamda Səxavət yada düşür. Düzdür, o, öz izini qoyubbu xətt yaddan çıxmayacaq. Amma mən onu xatırlatdığım üçün çox xoşbəxtəm. 

Siz  pedaqoji fəaliyyətlə məşğulsunuz. Ümidverici tələbələriniz varmı?

Xanəndələrin bir çoxu Milli Konservatoriyada dərs deyir. Tələbənin qanında-canında istedad, səs olmasa müəllimdən heç nə asılı deyil. Müəllim yalnız muğam oxumağı öyrədir. Müəllim tələbənin yerinə oxuya bilməz. İstedadlı uşaqlar çox azdır. Başqa bir işi bacarmayanlar oxumağa, tar çalmağa  gəlir. Amma fikirləşmirlər ki, ən çətin məsələ incəsənətdir. Nəyinsə xatirinə ali məktəbə girirsonra da diplomu aparıb evə qoyurlar. Getdiyin sahənin mütəxəssisi olmaq üçün potensial lazımdır. 

– Yaradıcılığınızda hansı yeniliklər var?

Tez-tez konsert veririk. 2005-ci ildən bu günə qədər 4-5 konsert proqramı ilə çıxış etmişəm.  Bu yaxınlarda İstanbulda konsert verdik. H.Əliyev Sarayında olan konsertin diski işıq üzü görəcək. “Şur”, “Mahur-Hindi” dəsgahlarını yazdırmışam. Gələn il yəqin ki, iki disk çıxacaq. Repertuarımızda muğamxalq mahnıları ilə yanaşı, klassik bəstəkarların mahnıları da var

 

Ümidə Həsənli

 

BakuPost.-2013.- 16 noyabr. - S.11.