Səsi kimi həzin insan

 

Əməkdar artist İlqar Muradovu dinləyicilər daha çox lirik mahnılar ifaçısı kimi tanıyır. Özünün dediyi kimi, bu incə əsərlər onun həyatının, düşüncələrinin və dünyaya baxışının bir hissəsidir. Müğənni bildirir ki, ifa etdiyi lirik mahnılarla insanlara sevgi və məhəbbət kimi ülvi hisslər aşılamağa çalışır. İ.Muradovun zəngin repertuarı varbu dəfə də istedadlı sənətçi Bakıda pərəstişkarlarını başına toplayacaq. Özünəməxsus ifa tərzinə malik müğənni payızda solo konsert proqramı ilə çıxış etməyi düşünür. İxtisasca müəllim olan İ.Muradov musiqiyə gəlişi və müasir Azərbaycan estradası haqqında fikirlərini “New Baku Posta bölüşüb:

Yay mövsümündə necə dincəldiniz?

– Hələ istirahət edə bilməmişəm, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında solo konsert proqramı ilə çıxış etdim.  Yay mövsümünü demək olar ki, həmin konsertə hazırlaşırdıq. Konsertdən sonra da dincəlmədim. Çünki bir neçə yeni layihələrimiz də var, onların üzərində çalışırıq. Lakin oktyabrın ortalarınadək bir az istirahət etməyi arzulayıram. Xarici ölkəyə getməyəcəm, elə Azərbaycanın bölgələrindən birinə yollanacağam.

Yeni mövsümdə yeni albom, mahnılar, qastrol səfərləri gözlənilirmi?

Avstriyada yeni albomum hazırlanır. Dörd nəfərdən ibarət  yaradıcı  qrupun layihəsidir. Burada şair Zəlimxan Yaqubun sözlərinə, bəstəkar Sevda Məmmədlinin bəstələdiyi və Əvəz Muradovun aranjeman etdiyi mənim ifamda mahnılar yer alır. Dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış etmişəm, bu estafeti uğurla davam etdirməyə çalışacağam. Bakıdakı solo konsert layihəmiz isə yəqin ki,  Heydər Əliyev Sarayında reallaşacaq.

Siz adətən lirik, həzin mahnıları bəm səslə oxuyursunuz. Nə vaxtsa sizi ritmik, 6-8-lik mahnıları ifa edən görəcəyik?

Repertuarımda 6-8-lik ritmli mahnılar var. Düzdür, yaradıcılığımda lirik mahnılar üstünlük  təşkil edir. İfa etdiyim mahnılar arasında şən əhval-ruhiyyəli olanları da az deyil. Onlar ritmik olmasa da, şən əhval-ruhiyyə oyadır. Belə düşünürəm ki, qəlbimə yaxın mahnılar yazılırsa, ritminə varmaram. Təki mahnı uğurlu alınsın.

Bəlkə, ifa etdiyiniz mahnılardandır, ya bəlkə xarici görüşünüzdəndir, çox sakit hövsələli insana bənzəyirsiniz. Bu, həqiqətən belədir?

Əgər düzünü desəm, əsəbləşdiyim vaxtlar da olur, amma hisslərimi tam dolğunluğu ilə büruzə vermirəm. Hər zaman sülh tərəfdarıyam. Elə xarakterimdəki mülayimlik, mehribançılıq da burdan qaynaqlanır. Bürcüm əqrəbdir. Əgər mənə dəyməsələr, heç kimə toxunmaram. Öz azadlığımı sevən qoruyan insanam. Hər zaman rahatlığımın qayğısına qalıram. Kimsə ilə yüksək tonda danışmağı sevmirəm.

Musiqi sənətində nisbətən erkən yaşlarından  tanındınız. Səbəb oldu?

– 1981-ci ildə rəhmətlik Rafiq Babayevin dəvəti ilə Bakıya gəldim. Uşaqlıqdan musiqiyə marağım olub. R.Babayev məni Naxçıvanda dövlət konsertində görmüşdü. Artıq  Naxçıvanda gənclərin arasında yetərincə tanınırdım, bütün tədbirlərdə çıxış edirdim. Bakıya gələndən sonra Rafiq müəllim səsimi Simfonik Estrada  Orkestri ilə lentə yazdırdı.  Allahımdan çox razıyam ki, xalqım məni qəbul etdi sevdi. Elə o vaxtlardan televiziya ekranlarında görünməyə başladım. Amma gəncliyimdən əxz eləmişəm ki, yaradıcılıq gərgin zəhmət möhkəm iradə tələb edir. 30 ildən artıqdır ki, İlqar Muradov yaradıcılığını cilalayır, ustalardan öyrənir səylərini davam etdirir. Arada bir neçə il yaradıcılığımda fasilə oldu. Oxumaq həvəsim yox idi. Lakin yenə musiqi mənim həyat enerjimi bərpa etdi, yaşamağıma rəvac verdi. Başa düşdüm ki, musiqisiz məhv olaram.

Sizə elə gəlmirmi ki, indi Azərbaycanda estrada janrı deyəndə şou-biznes nəzərdə tutulur?

Mən tamamilə bunun əksini düşünürəm. Bu sahəyə yaxın olanlar məsələnin mahiyyətini yaxşı bilir. Estrada, eləcə əsl musiqi başqa, şou-biznes isə başqa  bir şeydir.  Ola bilər ki, şou-biznesdə estradanın istedadlı nümayəndələri var.  Amma bu, onların qlobal şəkildə hamısının şou-biznesdə dolaşması anlamını vermir. Musiqi sahəsində kim öz biznesini qurubsa, bu elə şou-biznes sayılır. Hər kəs öz janrında görür pul qazanır. Şou-biznesin öz qanunları var.  Amma mən bunları qəbul etmirəm. Səmimi deyim ki, özümü şou-biznesdə görmürəm, hətta hiss etmirəm.

Hazırda müğənnilərin əksəriyyəti toylarda oxumaqla pul qazanır. Siz bu qəbildən olan sənətçilərdənsiniz?

Toylara ansamblla getmirəm. Tanımadığım toylara, ümumiyyətlə, getmirəm. Hansısa məclis olanda qabaqcadan maraqlanıb sonra iştirak edirəm. Yalnız dost-tanışın toy şadlıq məclislərində iştirak edirəm.  Bəzən  tanışların vasitəsilə məni   el şənliyinə dəvət edirlər, bu zaman məcbur olub qiymət deyirəm. Amma ki, burada da fərq qoyuram.

Ailənizdə musiqiçi varmı?

Övladlarımdan yolumu davam etdirən yoxdur. Özləri seçməyib. Yəqin onlarda mənim qədər musiqiyə həvəs yoxdur bu istedad inkişaf etməyib.

İlqar Muradov əsl ixtisasını unutmayıb ki?

Mən Naxçıvan Dövlət Universitetinin tarix-hüquq fakültəsini bitirmişəm. Hazırda  Mədəniyyət İncəsənət Universitetində baş müəlliməm. Amma tarix yox, müasir estrada musiqiləri üzrə dərs deyirəm. Heç zaman tarix müəllimi kimi çalışmamışam.  Gənc yaşlarımdan həmişə musiqi müəllimi işləmişəm.

İstedadı səsi olan insan üçün ali savad vacibdir?

– Ali savad hər zaman önəmlidir. Doğrudur, Allah tərəfindən istedad verilən insanlar da var. Amma onlar təhsil alıb biliyini artırır. Təhsil heç vaxt, heç kimə mane olmayıb. Əksinə, təhsil hər işdə, hər məqamda insanın köməyinə gəlir

 

Ümidə Həsənli

 

BakuPost.-2013.-7 sentyabr. - S.14.