“Tarix
qarşısında cavabdehik”
Bir
çoxları onu məşhur “Bəyin oğurlanması” filmindəki
sürücü Musa rolu
ilə tanıyıb. Bu elə onun kinoda ilk işi
olub. Çoxlarına ifa
etdiyi ilk roldan tanınmaq qismət olmasa
da, bu xoşbəxtlik
Əməkdar artist Vidadi
Həsənovun bəxtinə yazılıb. Filmin
ekranlara çıxmasından ötən
28 il ərzində V.Həsənov teatr və kino aktyoru, rejissor,
pedaqoq, şair, ssenari müəllifi kimi özünü sınayıb və uğur qazanıb. Aktyor kimi 20-yə yaxın filmə çəkilib,
elə bu sayda teatrda rol ifa
edib, rejissor kimi müxtəlif əsərləri səhnələşdirib.
Mədəniyyət və İncəsənət
Universitetini bitirən V.Həsənov Avropa Kinematoqrafçılar
Assosasiyasının xətti ilə 2009-cu ildə Tiflis, 2010-cu ildə Moskvada
ssenari kursunu bitirərək
beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin
20 illiyi münasibətilə 2011-ci ildə
Almata şəhərində keçirilən
tələbələrin I Beynəlxlaq Teatr
Festivalında rəhbəri olduğu kursun tələbələri “Qran-pri”
mükafatına layiq görülüb.
Uzun illərdir
Dövlət “Yuğ” teatrında
çalışan Əməkdar artist
yaradıcılığı, kino və teatr haqqında fikirlərini “New
Baku Post”la bölüşüb:
– Uzun
illərdir Sizi “Yuğ”
teatrında bağlayan nədir?
– Arada
10 il “Yuğ”dan ayrıldım, amma başqa teatrda işləmədim,
buraya qayıtdım. Ötən
mövsümdən Akademik Milli
Dram Teatrına dəvət almışam
və orada “Şah və
şair” və
“Şah Qacar” tamaşalarında oynayıram. “Yuğ” Teatrının yaranışından buradayam. Hamı mənə
doğmalaşıb. Əsas şərtlərdən biri budur. İkincisi,
bu teatrın yaradıcısı, mərhum
Vaqif İbrahimoğlu
və onun teatr poetikası. “Yuğ” öz estetikasına
görə, Azərbaycanda, hətta dünyanın bir çox yerlərində
olan teatrlardan fərqlənir.
Bu teatra avanqard da deyirlər.
– Teatrdan
ayrılmağınıza səbəb nə oldu?
– Günlərin bir günü müəllimim
V.İbrahimoğlu dedi
ki, “get”, mən də
getdim. 10 ildən sonra
dedi “qayıt”, qayıtdım. Həmin 10 il müddətində pedaqoji
fəaliyyətlə və kişi ailəsini
dolandırmaq üçün nə iş görə bilərsə, hamısı
ilə məşğul oldum.
– Bu
mövsüm “Yuğ”da hansı
yeniliklər olacaq?
– Yenilikləri hələ
deyə bilmərəm. “Qəbirqazma
üsulu”, “Naməlum Axundzadə”, “Sərhəssə
ev”, “Kafka” kimi keçən mövsümdən qalan tamaşalar
oynanılacaq, bir neçə yeni tamaşa da olacaq.
– Teatr
və kino aktyoru, rejissor, pedaqoq, şair, ssenari müəllifi
və s. istedadınızı bunlardan təkcə birinə yönəltmək
kifayət etmədimi?
–
Yaradıcılığın müxtəlif sahələri ilə
nə qədər çox məşğul
olsan, bacarığın artacaq,
istedadın daha da təkmilləşəcək,
cilalanacaq. İnsanın istedadı ağac kimidir, onu yetişdirmək üçün
gübrə və su veririk
ki, yaxşı bar gətirsin.
İnsan da öz istedadını nə qədər çox bəhrələndirsə
və incəsənətin müxtəlif növləri ilə
nə qədər çox məşğul
olsa, o qədər
yaxşıdır. Sənətçi təkcə səhnəyə
çıxıb rolunu oynayan
deyil, aktyorluq daha geniş məfhumdur.
– Sonuncu dəfə
nə zaman filmə çəkilmisiniz?
– Ötən il “Çölçü”
filmində Ulu Çölçü rolunu
ifa etmişəm. Bu filmin həm
də ssenari müəllifiyəm. Rejissor E.Quliyevin
“Dərvişin qeydləri”
filmində professor obrazını
canlandırmışam. Hələlik yeni dəvətlər
yoxdur. “Qağayı”
və “Tək olanda qorxma” adlı seriala çəkilmişəm. Bir daha seriala çəkilməyəcəm.
– Tamaşaçı milli serialların süniliyindən şikayətlənir.
Sizin də çəkilmək istəməməyinizin
səbəbi budur?
– Biz bu sahədə
hələ ilk addımlar
atırıq. Heç nə
etməməkdənsə mütləq
seriallar çəkilməlidir.
İnsanlar peşəkarlığı yalnız işləyə-işləyə
əldə edəcək.
Müəyyən bir mərhələ
keçməliyik ki, seriallarımızın bədii-estetik
tərəfləri də
adamların istəyinə
uyğun olsun. Amma “baxmırıq”, “pisdir”, “çəkməsinlər” yanaşması
düzgün deyil.
– Filmoqrafiyanızda 20-yə yaxın film var. Bəs, niyə hamı Sizi məhz “Bəyin oğurlanması”ndan
tanıyır?
– Bunun çox sadə səbəbi var: çünki ilk dəfə o filmə çəkilmişəm. “Bəyin oğurlanması”
çox populyardır.
Tez-tez televiziya kanallarında nümayiş etdirilir və istər-istəməz
yaddaşlarda qalır.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
İnstitutunun dram və
kino aktyorluğu fakültəsinin 4-cü kursunda
oxuyurdum. Tanınmış rejissor Tofiq İsmayılov kino aktyoru sənətindən
dərs deyirdi. Bu filmə çəkilmək
üçün mənimlə
bərabər bir kursda oxuduğum Füzuli Hüseynovu da dəvət etdi. Müəyyən səbəblərə görə filmi T.İsmayılov yox, Vaqif Mustafayevlə Ceyhun Mirzəyev çəkəsi oldu.
Onlar bir çox rolların ifaçılarını
dəyişsə də,
mən qaldım.
– Köhnə filmlərin
hələ də maraqla izlənməsinə
səbəb nədir?
– “Bəyin oğurlanması”,
“Arşın mal alan”, “O olmasın, bu olsun” filmləri
də ilk dəfə nümayiş etdiriləndə
də təpki ilə qarşılaşıb,
tənqid olunub. Bu gün çəkilən
filmin üzərindən
müəyyən bir zaman keçməlidir.
Zaman hər şeyi öz rəfinə qoyur. Bu, dünya
kinosu, ədəbiyyatı,
incəsənətində də
belədir. Sağlığında əsərini 5 qəpiyə
sata bilməyib, indi milyonlara satılır. “Gözəl” dediyimiz film zamanın sınağından
keçib gözəl
qala biləcəksə,
ona hər zaman baxacaqlar. Zövq haqqında mübahisə etmək olmaz.
– Azərbaycanda hansı
mövzular ekrana gətirilməlidir?
– Bu, həmişə mübahisə mövzusu olub: bədii əsər gerçəkliyi
əks etdirməlidir ya, yox? Çünki
gerçəkliyə söykənməyən, yəni
müəyyən bir toplumun, cəmiyyətin problemlərinə toxunmayan
bir əsər yanımızdan ötüb
keçəcək və
kimsənin diqqətini
cəlb etməyəcək.
Amma sırf sosial sifarişi yerinə yetirən əsər də müəyyən bir zaman çərçivəsi
üçün gərəkli
olacaq, sonra unudulacaq. Hər bir yaradıcı
insan tarix qarşısında cavabdehdir.
Əgər tarix qarşısında məsuliyyətini
hiss etsən, elə yazacaqsan ki, tarixdə qalsın.
Ümidə Həsənli
BakuPost.-2013.- 14 sentyabr. - S.14.