Qadın iradəsi dirijor idarəsi

 

Dirijor deyəndə, nədənsə hər kəsin gözü qarşısında qara smokinqli kişi sənətçi canlanır. İndi bu obraz gözünüzdə dəyişiləcək. Dünyada və Azərbaycanda nadir rast gəlinən qadın dirijorlardan biri, Xalq artisti, professor Gülbacı İmanova elə əvvəldən bu stereotiplə razılaşmayaraq bu gün Azərbaycanda qeyd edilən Milli Musiqi Günündə dirijorluğun sirlərindən danışacaq. G.İmanova 17 ildir Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbər və baş dirijoru, Bakı Musiqi Akademiyasının (BMA) “Dirijorluq” kafedrasının müdiridir.

 Qeyd edək ki, Gülbacı xanım Milli Musiqi Günü münasibəti ilə Fəxri XiyabandaBMA-da Üzeyir Hacıbəylinin heykəli önündə keçiriləcək konsert proqramında Xor Kopellasına dirijorluq edəcək.

– Niyə qadın dirijorları barmaqla saymaq olar?

Simfonik orkestrdə qadın dirijorlar hər zaman az olub. Bizdə qadınlar əsasən xora dirijorluq edir. Qadınlar daha dəqiq və səliqəlidir. Xorla isə dəqiqlik və hövsələ tələb edir. Sovet dönəmində Veronica Dudarova məşhur dirijor idi. O zaman simfonik dirijorluğa qadınları qəbul etmirdilər. Bu vəzifədə çalışmaq üçün konservatoriyanın xor dirijorluğunu bitirmək və simfonik dirijorluğa getmək lazım idi. Bu da çox vaxt tələb edirdi. Dirijorluğun tələbkarlıq, sərtlik kimi bir çox xüsusiyyətləri var. Sənət insanın xasiyyətində öz izini qoyur. Xorla işə başlayandan sonra xasiyyətim dəyişib. Kollektivlər arasında vokalçılarla işləmək çətindir. Çünki kaprizli insanlardır. 65-70 nəfərə rəhbərlik etmək də bir vergidir. Xoru qırmızı diplomla bitirib orta məktəbdə xor müəllimi belə ola bilməyən insanlar tanıyıram.

Dirijorluq etmək üçün yalnız təhsil kifayət edirmi?

– Hər bir dirijorda liderlik xüsusiyyətləri, kollektivin üzvlərini ələ almaq, əsərə sevgi hissləri oyada bilmək bacarığı olmalıdır. Dirijor həm də çox yaxşı musiqiçi olmalıdır. Xor və orkestrdə olan musiqiçilər ali təhsilli insanlardır. Dirijor isə onlardan bir pillə üstün olmalıdır. Çünki kollektiv üzvləri dirijorun musiqini yaxşı bilib-bilməməsini dərhal anlayır. Dirijor həm də gərək gözəl psixoloq olsun. Çünki musiqi alətlərində çalanlar canlı insanlardır. Orkestrdə istənilən musiqi alətini kökləyib ifa etmək olur. Xorda isə insanlar musiqiyə köklənməlidir. 60 nəfərin bir tonallıqda qalması çox çətindir, ustalıq tələb edir.

 Xordakı insanları psixoloji cəhətdən hazırlamaq və səhnəyə çıxarmaq da dirijordan xüsusi qabiliyyət tələb edir.

– İfaçıları xora bağlayan nədir? Axı, fərd kimi daha çox tanınmaq olar

– Azərbaycanda xorun inkişafına əngəllərdən biri də hər kəsin fərd kimi tanınmaq istəyidir. Bizdə hamı solist olmağa çalışır. Gərək “mən” hissini qurban verib kollektivin uğur qazanmasına razı olasan. Hər voklaçı da xorda işləyə bilməz. 60-70 nəfəri bir yerə cəm edən yalnız musiqidir. Asəf Zeynallı adına musiqi məktəbinə daxil olanda anamın istəyi ilə fortepiano ixtisasına yiyələnmək istəyirdim. Lakin dirijorluq maraqlı gəldi. İlk dərsdən müəllimim xoru mənə sevdirdi. Sonra məni təyinatla Sankt-Peterburq Konservatoriyasına yollamaq istədilər. Lakin anam icazə vermədiyi üçün öz konservatoriyamıza ( indiki BMA) daxil oldum. Özüm də 3 il xor kopellasında oxumuşam.

Xorun özəlliyi nədir?

– İfaçı tamaşaçıdan müəyyən emosiya alır. Səhnədən 60 nəfərin ifası isə daha təsirli olur. İndi tamaşaçılar xor konsertlərinə sovetlər vaxtında olduğundan daha çox gəlir. Xor konsertinə bir dəfə gələn bir daha gəlmək istəyir. Çünki o emosiya və hissləri yenidən almaq tələbatı yaranır. Musiqiçiləri isə xora müxtəlif səbəblər cəlb edir. Kimisinin xorda ifa xoşuna gəlir. Çünki yanında çoxsəsli kollektiv var və sənin səsin onların içindədir. Sən həm də gərək öz səsini eşidə bilərsən. Hər vokalçı da xorda oxuya bilmir. Bəzən vokalçılar solo oxumaq istəmir, çünki səhnə qorxusu, utancaqlıq öz sözünü deyir.

Amma kollektivdə daha sərbəstlikdir.

Musiqi kollektivində qadınları idarə etmək asandır, yoxsa kişiləri?

 

– Qadınlar daha çevik, götürümlüani qavrama qabiliyyətinə malikdir. Mənim üçün qadınlarla işləmək daha asandır. Çünki kişilərlə işləyəndə bir cür, qadınlara başqa cür, iksinə birlikdə isə bir başqa cür yanaşırsan...

Hər musiqiçi dirijor ola bilərmi?

Yaxşı dirijorun texnikası olmalıdır. Biz demək istədiklərimizi əlimizlə, barmaqlarımızla başa salırıq, xoru orkestri bu üsulla idarə edirik. Əlin düzgün işləməsi üçün güclü şüur eşitmə qabiliyyəti olmalıdır. Xor dirijorunun gözəl səsi olmalıdır, musiqi nəzəriyyəsini, bəstəkarların yaradıcılıq xüsusiyyətlərini dərindən bilməlidir.

Dirijor çubuğunun sehri nədədir? Yəni dirijor olmasa orkestr heç ifa edə bilməz?

Çubuqla idarə etmək daha asandır. Sağ əl sayandır, çubuq olanda əl uzun görünür, yəni orkestrin bütün musiqiçiləri dirijorun işarələrini yaxşı görür. Lakin çubuqsuz əllər daha danışan olur. Çubuqsuz əlin imkanları daha çoxdur. Orkestrdə dirijorsuz musiqi nömrələri var. Ancaq dirijor orkestri ruhlandırır, birgə ifa etmək üçün onlara kömək edir.

Gənc musiqiçilərin dirijorluğa xora marağı varmı?

Çox təəssüf ki, bizdə xor ənənələri zəifdir. Ü.Hacıbəyli ötən əsrin 20-ci illərində çoxsəsli xor yaratmağa başladı. ÇünkiLeyli Məcnun”, “Koroğluəsərləri xor tələb edirdi. Xor xalq deməkdir.

 Azərbaycanda bir neçə dəfə xor yaranıb dağılıb. Yalnız 1966-cı ildə Xor Kopellası təşkil edilib. 90-cı illərdə isə xor dağılırdı, binamız pis vəziyyətə düşmüşdü, notlar itmişdi. Rəhmətlik Heydər Əliyev bu faktları bilirdi ona görə xor kollektivinə xüsusi diqqət göstərirdi. Onun sərəncamı ilə ilk dəfə ifaçıların maaşı artırıldı. Xora maraq var. 12-13 ildir musiqi məktəblərinin xor kollektivlərinin müsabiqəsinin münsiflər heyətinə rəhbərlik edirəm. Hətta kənd məktəblərindən xor kollektivləri gəlir. Uşaqlar xoru çox sevir.

– Bu gün Milli Musiqi günüdür. Sizcə, Azərbaycan musiqisi hazırda hansı dövrünü yaşayır?

– XX əsrdə Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Cahangirov, V. Adıgözəlov, A. Məlikov kimi dahilərin musiqisi indiki bəstəkarları da qidalandırır. İndi F.Bədəlbəyli, S.Kərimi, Ceyhun Firudin Allahverdiyevlər, S.İbrahimova, E.Dadaşova, M.Mirzəyev kimi yaxşı bəstəkarlar var. Azərbaycan musiqisi bu gün yeni dövrünü yaşayır.

 

Ümidə Həsənli

 

BakuPost.-2013.- 18 sentyabr. - S.10.