Kamilliyin təntənəsi
Eldar Xankişi oğlu
İsmayılov. 1948-ci il yanvarın 9-da anadan olub. Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Yazıları respublika və İttifaq mətbu orqanlarında
dərc edilib. Azərbaycan və SSRİ Jurnalistlər
İttifaqının üzvü olub. Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin
Dağlıq Qarabağ və ətraf rayonları üzrə
xüsusi müxbiri olub. Qarabağ müharibəsi
veteranıdır. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının
(AİJA) prezidenti, MOK-un və Avropa İdman Mətbuatı
İttifaqı İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5
noyabr 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar
jurnalist” fəxri adına layiq görülüb.
İlk yazının tarixçəsi
Onu yaxından tanıyanlardan biri ilə
söhbətdə öyrənmişdim ki, bacarıqlı
jurnalist olmaqla yanaşı, həm də maraqlı şeir və
hekayələr müəllifidir. Bir başqasından isə
eşitmişdim ki, həm də rəssamlığı var. Bənzərsiz
fotoları barədə də məlumatlı idim. Görüşümüz
zamanı beynimdə dolaşan da, ilk növbədə, bu
gün 65 yaşını qeyd edən E.İsmayılovla
bağlı deyilənlərin həqiqət
olub-olmamasını dəqiqləşdirmək idi:
– Ədəbiyyata,
rəssamlığa uşaq yaşlarından maraq göstərmişəm.
O vaxtlar “Hüsnxətt” deyilən fənn tədris olunurdu. Xəttimin
gözəlliyindən danışmaqdan yorulmayan müəllimim
deyirdi ki, ola bilməz ki, sənin rəsm çəkmək
qabiliyyətin olmasın. Sonralar məktəbin divar qəzetinin
bütün karikatura, illüstrasiya və rəsmlərini mən
çəkirdim. Musiqiyə də həvəsim olub, Üzeyir
Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində
təhsil almış, bir müddət şəhər 2 ¹-li
beynəlmiləl orta məktəbdə rəsm və musiqi
müəllimi işləmişəm. Yerli qəzetdə
çalışdığım illərdə isə
redaksiyanın nəzdindəki “Gənc qələmlər” ədəbi
birliyinin fəal üzvlərindən sayılmışam, amma
aparıcı xətti jurnalistika təşkil edib.
İlk
yazısının maraqlı tarixçəsi var – onda 7-8
yaşında olub. Qadınlar bayramı ərəfəsində
“Pionerskaya pravda” qəzetinə bu məzmunda məktub göndərir:
“Mən əlaçıyam. Ancaq müəllim dünən mənə
“4” verdi. Çünki cümlənin içində “ana”
sözünü böyük hərflə
yazmışdım. Bəli, mən qrammatik səhvə yol
vermişdim, amma bunu bilərəkdən etmişdim – ana
böyüklüyü qarşısında, anaya olan sonsuz
sevgi və ehtiram naminə! Hörmətli redaksiya, olmazmı
ki, dilçilər elə etsinlər ki, “ana” kəlməsinin
böyük hərflə yazılması səhv
sayılmasın?” Yazı qəzetin “8 Mart” nömrəsinin
birinci səhifəsində dərc olunur.
AİJA səhifəsi
Qəzetdə
işləyərkən yazılarına lazım olan
fotoları, illüstrasiya və rəsmləri həmişə
özü çəkib:
–
Çalışırdım ki, hər şey yazının
ruhuna uyğun olsun. Ancaq mənə, daha dəqiq desək,
fotomüxbirlərə fotoqraf gözü ilə
baxılmasını qəbul etmirdim. Diplom işimdə də
bu məsələyə toxunmuşdum və professor-müəllim
heyəti yanaşma tərzimi təqdir etmişdi. Mətləbdən
uzaqlaşmayaq, işimin bəyənilməsinin nəticəsi
idi ki, əlamətdar günlərlə bağlı hətta
siyasi motivli illüstrasiya və rəsmləri çəkməyi
də mənə həvalə edirdilər. Televiziya fəaliyyətimdə
də həm ssenarini yazır, həm materialı səsləndirir,
həm də müvafiq çəkilişləri
aparırdım. Dağlıq Qarabağ üzrə xüsusi
müxbir işləyərkən bu universallıq daha əhəmiyyətli
idi, çünki döyüş bölgəsindən aktual və
operativ teleproqramların, radio verilişlərin,
informasiyaların respublika efirinə vaxtında
çatdırılması çox vacibdi...
E.İsmayılovun
ciddi məşğul olduğu sahələrdən biri
idmandır. Hələ məktəbli ikən samboya həvəs
göstərir. Tale elə gətirir ki, bu növün
yaradıcılarından sayılan Anatoli Xarlampiyevlə
görüşür, onun məsləhət və tövsiyələrini
alır.
İdman jurnalistikası ilə
bilavasitə məşğul olmasa da, bədən tərbiyəsi
və idman mövzusunu fəaliyyətinin əsas qayələrindən
hesab edir:
–
İdmanı çox sevirəm. Bəlkə buna görə
tale məni sevdiyim iki sahənin vəhdəti olan təşkilata
gətirdi. 1995-ci il idi. Gənclər və İdman Nazirliyində
AİJA-nın təsis konfransı keçirilirdi. İdman
ictimaiyyətinin öncül nümayəndələrinin,
mütəxəssislərin iştirak etdiyi
yığıncaqda yeni qurumun prezidenti seçildim. Qısa
müddətdə təşkilatın müvafiq Avropa və
dünya idman mətbuatı birliklərinə üzvlük məsələsi
həll edildi. Təbii ki, bununla kifayətlənmək
olmazdı, idman ölkəsi kimi tanınan Azərbaycanın
idman yazarlarının cəmləşdiyi qurum daha da irəli
getməli idi ki, ona da nail olundu. Bu gün ölkənin ən
qabaqcıl, çevik və ən peşəkar jurnalist təşkilatlarından
sayılan AİJA, üzvü olduğu beynəlxalq
qurumların da öncülləri sırasındadır.
“Əməkdar jurnalist” adına layiq
görülməsini 65 illik yubileyinə ən böyük hədiyyə
sayan E.İsmayılov bunu həm də ümumilikdə idman
jurnalistlərinin işinə verilən qiymət kimi dəyərləndirdi:
– Digər
sahələrdə olduğu kimi, Azərbaycanda idmanla
bağlı da görülən işlər göz
qabağındadır. Ölkə başçısı
İlham Əliyevin idmançılara, mütəxəssislərə
yaratdığı ideal şəraitin müqabilində jurnalistlərin də borcu
olanları ictimaiyyətə çatdırmaqdır – həm
bir vətəndaş, həm də bir peşəkar kimi.
Peşə fəaliyyətimizi belə yüksək qiymətləndirmək,
ona dəyər vermək isə böyüklük nişanəsidir.
Elə bir böyüklük ki, bizi daha məhsuldar və daha
məsuliyyətli olmağa çağırır...
Tofiq Vəziroğlu
Baku Post.-2013.-9 yanvar.-S.9.