“Azərsu”nun səlahiyyətləri
artırıldı
Azərbaycanın
şəhər və rayonlarında çoxmənzilli
yaşayış binalarının daxili su təchizatı və
kanalizasiya sistemləri “Azərsu” ASC-nin balansına verilib. Nazirlər
Kabinetinin sərəncamına əsasən nazirlik, komitə,
şəhər, rayon icra hakimiyyəti orqanları və digər
aidiyyəti dövlət təşkilatlarının
balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə
və qurğuları “Azərsu” ASC-nin balansına daxil edilib.
Bundan əlavə, adları çəkilən təşkilatların
mənzil fondunda olan çoxmənzilli yaşayış
binalarının daxili su təchizatı və kanalizasiya
sistemləri də “Azərsu”ya həvalə edilib.
“Azərsu”
ASC-nin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Anar Cəbrayıllı sərəncamın
yeni tikilən hündürmərtəbəli binaların əhatə
etmədiyini deyir. Onun sözlərinə görə, söhbət
əsasən sovet dövründə inşa edilən 5 və
9 mərtəbəli binalardan gedir: “İndiyə qədər
bu binalarda daxili su təchizatı və kanalizasiya sisteminə
MİS-lər baxırdı. Bəzi binalarda bu iş bələdiyyələrin
öhdəliyində idi. “Azərsu”
yalnız binanın girişinə qədər suya
görə məsuliyyət daşıyırdı”. Lakin
bundan sonra vəziyyət dəyişir. Zirzəmilər,
binanın özünə və mənzillərə gedən
su borularına nəzarət də “Azərsu”nun səlahiyyətinə
verilir.
Bundan
sonra bu xətlərdə yaranan nasazlıq, hansısa qəzalara
görə də ASC məsuliyyət daşıyacaq.
Sirr
deyil ki, hazırda Bakıdakı köhnə
yaşayış binalarının bir çoxunda zirzəmilər
bərbad vəziyyətdədir. Adətən su
borularının sıradan çıxması ucbatından
zirzəmiyə su axır, binanın özülünə
ciddi ziyan dəyir. Antisanitariya şəraiti ilə əlaqədar,
bu, həm də torpağın sürüşməsi,
binaların bünövrəsinin tərpənməsi
ehtimalını artırır. Bu cür halların
qarşısını almaq üçün “Azərsu” gələcəkdə
bir sıra tədbirlər görməyi
planlaşdırır. Bura zirzəmilərin təmirindən
tutmuş su borularının dəyişdirilməsinə kimi
tədbirlər daxildir. A.Cəbrayıllının sözlərinə
görə, hazırda sərəncamla bağlı olaraq “Azərsu”nun
balansına verilən obyektlərin təhvil-təslim prosesi
gedir.
Fərəh Sabirqızı
Baku Post.-2013.-12 yanvar.-S.-8.