Avstriyada intellektual səfərbərlik
10 il bundan əvvəl bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə Avstriyada “Azərbaycan Akademik Birliyi” Cəmiyyəti yaradılıb. Qurumun sədri, hazırda Vyanada təhsil alan Elvin Süleymanov deyir ki, bu müddət ərzində təşkilat Azərbaycanın tanıdılması, diaspor qurumlarının əlaqələndirilməsi baxımından çoxlu iş görüb. E.Süleymanovla söhbətimiz zamanı həm Cəmiyyətin fəaliyyəti, həm də Avstriyadakı azərbaycanlı tələbələr barədə danışdıq.
– Avstriyadan
qabaq Almaniyada təhsil
almısınız, bu, necə oldu?
– Mən hələ orta məktəbdə
oxuduğum illərdə “Şagird
mübadiləsi” proqramı çərçivəsində 1
il Almaniyanın Münhen
şəhəri yaxınlığındakı “Schloss Neubeuern” liseyində təhsil almışam.
Azərbaycana dönəndən 1 il sonra Azərbaycan Dövlət İqtisad
Universitetinə daxil oldum.
Elə həmin il sınaqlardan uğurla keçib Vyana Universitetində Beynəlxalq idarəçilik
fakültəsinə qəbul oldum.
Hazırda Vyana Universitetində magistr pilləsində təhsilimi davam etdirirəm. Bununla
yanaşı, digər bir ali
təhsil ocağında – yenə də Avstriyada
fəaliyyət göstərən Beynəlxalq Universitetdə
(İnternational University)
bakalavr pilləsində təhsil
almışam. Təhsillə yanaşı, həm də
işləyirəm. Avstriya və Slovakiyada fəaliyyət göstərən
şəxsi firmada icraçı direktor vəzifəsində
çalışıram.
– Azərbaycan Akademik Birliyi öz ətrafında
kimləri və hansı məqsədlə birləşdirir?
–
Ötən il Azərbaycan Akademik Birliyinin (ASAV) 10 illik
yubileyini qeyd etdik. Bu müddət ərzində
çoxsaylı tədbirlər həyata keçirtdik və
uğurlar əldə etdik. Cəmiyyətimiz 2002-ci ildən
etibarən fəaliyyət göstərir. ASAV tələbə-gəncləri
özündə birləşdirən ictimai təşkilatdır.
Təşkilatın əsas məqsədi Azərbaycanı
Avstriyada, həmçinin digər ölkələrin tələbə-gəncləri
arasında tanıtmaq, Azərbaycanın tarixi, ədəbiyyatı,
mədəniyyəti və incəsənətini təbliğ
etməkdir. Məqsədlərimiz sırasında Avstriyada fəaliyyət
göstərən gənclər təşkilatları ilə əməkdaşlıq,
onlarla informasiya və tələbələrin mübadiləsini
təşkil etmək, həmçinin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətləri,
Ermənistanın işğalçılıq siyasətini
Avstriya ictimaiyyətinə, dünyaya çatdırmaqdır.
Bu prinsiplərlə fəaliyyət göstərən ASAV
müxtəlif ölkələrin, o cümlədən
Avstriyanın ictimai qurumlarının iştirakı ilə
forumlar keçirir. Mən artıq 2 ildən artıqdır
ki, bu təşkilata sədrlik edirəm.
– Bu keçən 10 illik dövrə
baxanda Azərbaycan Akademik Birliyinin hansı nailiyyətlərindən
danışmaq olar?
– Uğurlarımız danılmazdır.
Artıq birliyimizin nəinki azərbaycanlılar,
hətta bir sıra xarici
ölkələrin vətəndaşları da
olmaqla 100-dən çox
üzvü var. Ötən
ilin martında “Ermənistan Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi:
ATƏT-in Minsk Qrupunun
20 illik ildönümü”
mövzusunda konfrans keçirmişdik.
Vyanadakı Vebster
Universitetində təşkil olunan bu tədbirdə ATƏT-də akkreditə olunmuş xarici diplomatlar və Avstriyada təhsil
alan azərbaycanlı tələbələr
Dağlıq Qarabağ münaqişəsinin
tarixi aspektlərindən, ATƏT-in Minsk Qrupunun fəaliyyəti
barədə, danışıqlar prosesinin
hüquqi, humanitar və
digər aspektləri ətrafında müzakirələr
apardılar. Təbii ki, davamlı olaraq 20 Yanvar hadisələri
və Xocalı soyqırımına aid tədbir
və yürüşlər təşkil edilib.
Bu amansız əməlləri
özündə əks etdirən filmlər nümayiş
etdirilib. Biz bu tədbirləri keçirməzdən əvvəl
Avstriyanın siyasi və ictimai
təşkilatlarına məktubla müraciət etmişdik.
Bu tədbirlərlə
yanaşı, Cəmiyyət tərəfindən mütəmadi
olaraq ölkəmizin əlamətdar günləri və milli
bayramları münasibətilə mədəniyyət günləri
təşkil olunur. Belə günlərdə əsasən,
ölkəmizin milli adət-ənənələri, milli dəyərləri,
tarixi xarici vətəndaşlara izah olunur və geniş təbliğ
olunur.
– 2013-cü il üçün
hansı planlarınız var?
Biz tələbə-gənclər olaraq xarici ölkədə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi və incəsənətini, milli dəyərləri təbliğ etməkdən qürur duyuruq və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri bir vətəndaş kimi dünya ictimaiyyətinə çatdırmaqdan heç zaman usanmayacağıq. Bununla bağlı artıq Cəmiyyətin yeni tədbirlər planı hazırlanır. Bu 10 il ərzində bizə göstərdiyi köməyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinə xüsusi təşəkkürümüzü bildirmək istəyərdim.
Fərəh Sabirqızı
Baku Post.-2013.-16 yanvar.-S.-8.