Azərbaycanda yeni
Akademiya
Azərbaycan Akademiyasını dünyaşöhrətli alimlər təsis edir. Ənənəvi Milli Akademiyadan sistem və struktur cəhətdən əsaslı fərqlənən elm mərkəzi stereotipləri tamamilə dağıdacaq. Hədəf isə Azərbaycan elminin inkişafı və dünyaya inteqrasiyasıdır.
“New Baku Post”a eksklüziv müsahibəsində “Xəzər” universitetinin təsisçisi, professor Hamlet İsaxanlı belə deyir:
– Yeni
akademiyanın yaradılması hansı zərurətdən doğdu və əsas
məqsəd nədir?
– Biz bu
işə ilk əvvəl akademiya
sisteminin təhlilindən
başladıq.
Araşdırdıq ki, dünyada hansı növ akademiyalar var. Avropada akademiya XVI əsrdə
qurulsa da, XVII əsrdə
böyük vüsət alıb. Məsələn:
Fransa akademiyası, ya
İngiltərədə London Kral Cəmiyyəti akademiyası qurulub. Bu akademiyalar bizim sovet dövründə və bu
gün Azərbaycanda mövcud
olan Milli Elmlər Akademiyasından çox fərqlidir. Çünki bu akademiyalar bizdəki kimi elmi tədqiqat
aparan institutların şəbəkəsi deyil.
Bizdən fərqli olaraq Qərbdə tədqiqatlar
universitetlərdə aparılır. Akademiyalar isə
alimlərin cəmiyyətidir.
Burda elmdəki meyillər araşdırılır, yeniliklər
təhlil edilir, gələcək istiqamətlər
müəyyənləşdirilir, elmə töhfə verən insanlara qiymət verilir. Bu akademiyaya üzv olan adamlar son dərəcə məşhur,
elmə, sənətə, mədəniyyətə
böyük töhfə
verən adamlardır.
Bizdə
də belə bir akademiya yaratmaq
ideyası 4-5 il əvvəl yarandı. Amma ümumi razılığa gəlinmədi.
Yeni akademiyanın məqsədi dünyadakı
elmi proseslərə inteqrasiyaya nail olmaqdır.
– Akademiyanın təsisçiləri kimlərdir?
– Təsisçilər beynəlxalq
səviyyədə elm və
sənət sahəsində
sözünü demiş
insanlardır. Şərti
adı hələlik
“Azərbaycan” olan akademiyanı 5 nəfər
təsis edir. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi
Lütfi Zadə (Kaliforniya), müasir mikro-neyro cərrahiyyənin
atası sayılan, beyində əməliyyat aparmaq üçün cihaz düzəldən və bunu gerçəkləşdirən,
milliyyətcə türk
olan Mahmud Qazi Yaşargil (Amerika), türklərin məşhur
canlı tarixçisi
Halil İnalcık, bəstəkar
Arif Məlikov və mənəm. Başqa maraq göstərənlər də
var. Amma hələlik
bu 5 nəfər təsisçilik edir.
Qərara gəlinib ki, təsisçilər siyasətlə
məşğul olan adam olmasın. Çünki siyasətlə
məşğul olan adamlar bunu siyasətə
doğru dartacaqlar. Ona görə çalışdıq ki,
bu adamların heç biri nə xaricdə, nə də Azərbaycanda hökumətdə vəzifə
tutan adam olsun. Burda təmsil
olunanlar yalnız elm adamlarıdır.
– Hansı sahələri əhatə
etmək niyyətiniz var?
– Uzun müzakirələrdən
sonra riyaziyyat və təbiət elmləri, humanitar və sosial elmlər, həyat haqqında elmlər (biologiya, tibb, psixologiya), ədəbiyyat,
incəsənət, mədəniyyət,
musiqi sahələri üzrə bölgü aparılıb. Razılığa
gəldiyimiz mühüm
bir cəhət də odur ki,
humanitar sahələrə
baxanda, seçkilərdə
biz yaradıcı adamlara
üstünlük verəcəyik.
Məsələn: musiqidən
söhbət gedirsə,
seçim musiqi haqqında yazanlar arasında yox, musiqiçilərin özləri
arasında olacaq. Böyük bəstəkar,
vokalçı, pianoçu,
yəni sənətin
içində olan. Ədəbiyyat
sahəsində yazıçıya,
şairə üstünlük
veriləcək. Əsas
sənəti yaradanlardır,
sənətşünaslar yox.
Akademiya həm də dünyadakı fiziki cərəyanları,
Nüvə fizikasındakı,
genetikadakı və sair sahələrdəki yenilikləri izləyib xülasələr hazırlayacaq.
Elmimizin, sənətimizin,
mədəniyyətimizin dünyaya
inteqrasiyası üçün
insanlara yol göstərəcək.
Dünyada fizika var, Azərbaycan fizikası deyilən bir şey yoxdur. Səmimi deyim, bizim Milli Elmlər
Akademiyasının institutları
var. Hərəsində 300 adam
çalışır. Onlardan
10-u ciddi elmlə məşğuldur. Amma hamı hökumətdən
maaş alır. Qoy 20 adam olsun,
ancaq ciddi işlə məşğul
olsun, yaxşı da maaş alsın.
– Akademiyada neçə üzv təmsil olunacaq?
– Seçiləcək üzvlər
daimi və məhdud sayda olacaq. Hələ konkret bir rəqəm
müəyyənləşməyib. Bəlli olanda ki, bu nə
qədər yer olacaq, ancaq o sayda adam daimi
üzv seçiləcək. Yeni üzv yalnız kimsə dünyasını
dəyişəndə onun
yerinə seçilə
bilər. Məsələn:
Fransız akademiyasında
40 daimi üzv var. XVII
əsrdən bəri bu belədir.
Akademiyanın seçkiləri tam obyektiv
olacaq və burda heç bir diktə qəbuledilməzdir.
Seçkidə həm də heç
kimin siyasi baxışı nəzərə
alınmayacaq. Biz alimi, musiqiçini qiymətləndiririk. Böyük fizikin,
kimyaçının, yazıçının
siyasi düşüncəsi
bizə maraqlı deyil.
– Qeyd etdiniz ki, yeni
akademiyanın həm də qiymətləndirmə
funksiyası olacaq. Necə?
– Bir sıra medalların
təsisi haqqında da müzakirələr gedir. Ola bilər kimsə akademiyaya üzv seçilməyib, amma təmsil olunduğu sahədə gözəl bir iş görüb. Bu medallar qiymətləndirmək
üçün olacaq.
Qərara gəlmişik
ki, ilk medallar Azərbaycanın məşhur
şəxslərinin adına təsis edilsin. Məsələn, M.F.Axundzadə, C.Məmmədquluzadə,
Ü.Hacıbəyov medalı
uyğun sahələrdə
verilə bilər. İkinci mərhələdə
İslam dünyasında
olan böyük şəxsiyyətlərin adına. Məsələn,
İbn Sina, Nəsrəddin Tusi adına medallar
təsis edilə bilər. Üçüncü
mərhələdə isə
dünyada olan tanınmış şəxslərin
– Nyutonun, Eynşteynin,
Arximedin adına
medal ola bilər. Əsas prinsiplər müəyyən
olunub və indi texniki məsələlər
işlənir.
– Uğurlu nəticə necə müəyyən olunacaq?
– Bu barədə də müzakirə aparırıq.
Ancaq üzvlər namizəd irəli sürə bilər, yoxsa insanlar da iştirak
edə bilər.
Dünyadakı alternativ üsullar
araşdırılır. Bəzi akademiyalarda elədir ki, akademiyanın üzvləri ancaq özləri namizəd irəli sürür.
Bəzi akademiyalarda isə insanların təşəbbüsü
nəzərə alınır.
– Akademiyanın prezidenti və maliyyə mənbəyi bəllidirmi?
– Hələ ki prezident müəyyənləşməyib.
Əminəm ki, təsisçilərin
heç biri bunu istəmir. Çünki onlar kifayət
qədər şöhrət
sahibidirlər. Sadəcə
iş görmək istəyirlər.
Maliyyəyə gəlincə, ilkin
işləri öz hesabımıza keçiririk.
Qarşıda maliyyə mənbələri
olacaq. Amma bizim üçün
prinsipial olan bir məqam var ki, maliyyə
mənbəyi işimizə
təsir etməməlidir.
Yəni təzyiqli maliyyəni biz qəbul etmirik. Bu sırf elmə xidmət edən fondlar, beynəlxalq qurumlar və təşkilatlar ola
bilər.
Yaqut Tapdıqqızı
Baku Post.-2013.-19 yanvar.-S.-5.