Mübariz Fərid

 

Yanvarın 21-i baş leytenant, şəhid Fərid Əhmədovun doğum günüdür. Artıq 3-cü ildir ki, ailəsi onun ad gününü Fəridsiz qeyd edir. Anası Nərgiz xanım deyir ki, Fəridin ən böyük arzusu Milli Qəhrəman Mübariz İbrahimovun meyidini düşməndə qoymamaq olub. O, həqiqətən də Vətənə Mübarizlə qayıdıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuş Fərid Əhmədov haqqında bilmədiklərimizi ailəsindən öyrənirik. Nərgiz xanım deyir ki, 20 Yanvara görə heç vaxt Fəridin ad gününü təmtəraqla qeyd etməyiblər. Heç də o, da bunu istəməyib.

– Fərid uşaqlığında necə idi?

– O, balaca olanda Rusiyada yaşamışıqSaratovda. Fəridin ağlı kəsən vaxtı biz köçüb gəldik Azərbaycana. 17 yaşında Ali Hərbi Məktəbə qəbul oldu. Uşaqlıqdan çox qorxmaz idi. Heç nədən qorxmazdı. Qeyrət, vətənpərvərlik, iradəhər şey var idi onda. Uşaq vaxtından özünü əsl kişi kimi aparırdı. Davakar idi. İbadətlə məşğul olurdu.

 Həm özü, həm atasi istəyirdi ki, hərbçi olsun. Atasını 2006-cı ildə itirmişik. O, hərbiyə getməklə həm özünün, həm atasının arzusunu yerinə yetirmiş oldu. Baş leytenant rütbəsi veriləndə Fərid həm hərbi hissənin ən gənc kəşfiyyat komandiri idi. Bu vəzifə ona veriləndə general onun əlini sıxıbsən əsl hərbiçisəndemişdi.

Döyüş bölgəsinə vaxt yollandı?

Özü könüllü ərizəsini yazıb Gəncədən Tərtərədöyüş bölgəsinə gedib. Mən bunu 1 il 3 aydan sonra öyrəndim. Sonradan öyrəndim ki, zabit yoldaşlarına deyirmiş ki, “mənim özümə maraqlıdır, gedim görüm, ermənilər orada edir?”. 

Atacağı addım barədə heç sizə bildirmişdimi?

Xeyr. Həmin vaxt Mübarizin xəbəri gəlmişdi. Biz rayonda tədbirdə idik. Mən bu xəbəri eşidəndə elə ürəklə ağlayırdım ki, elə bil öz balam idi. Sən demə, mənim balamı da eyni tale gözləyirmiş. 2010-cu  il iyulun 15-18 arası o,3 günlük məzuniyyət götürüb rayonaCəlilabada gəldi. Mən Bakıda bacımgildə idim. Eşitdim Fərid gələcək, qayıtdım rayona. Bu, onunla axırıncı görüşümüz imiş...  O qədər qəmli idi, gözü daim yol çəkirdi. Soruşdum, niyə belə bikefsən, dedi işimiz ağırdı. Tutuldum, qayıtdı ki,  Vətənə xidmət borcumuzdur. Heç kimə bildirməmişdi atacağı addımı. Bizcə, mən yanında olmayanda Fəridin qoca nənəsi var, ürəyini ona boşaldıb. Amma o, Fəridin niyyətini başa düşməyib. Telefonunda Mübarizin şəklini göstərib nənəsinə deyib ki, “Nənə, tanıyırsan bu oğlanı? O əsl qəhrəmandır, sənin nəvən qurtaracaq onu düşmən əlindən, o şəhid olub. Nənə bir gün sənin nəvən şəhid olacaq”...

Mübarizin düşmən əlində qalması ona çox pis təsir edirdi. O çoxdan planlaşdırırmış atacağı addımı. Sonradan əsgər zabit yoldaşlarından öyrəndim ki, tez-tez deyirmiş ki, “görəcəksiniz, bax, bu oğul gedib gətirəcək Mübarizi”. Sonuncu zəngi Ramazan ayıQədr gecəsi idi. Zəng vurdu, dedi, ana, gözlə, sənə sonra zəng edəcəm. Amma zəng vurmadı, gözüm telefonda qaldı, bala. Axırıncı dəfə heç doyunca danışa bilmədim. O öz canını sevə-sevə qurban etdi Vətəninə. Vətənə bu dar gündə belə oğullar lazımdır, qızım.

Hansı arzusu var idi ki, həyata keçirə bilmədi? 

Xeyirxah insan idi. Sevdiyi qız var idi... Amma ən böyük arzusu Mübarizi gətirmək idi gedib gətirdi ... Elə ən böyük arzusu bu imiş, bu yolda canından keçdi mənim Fəridim. Allah özü bilir hansı oğulu necə aparır. Ölənlərin ən şərəflisi şəhidlərdir. Görünür, Allah mənim oğlumu bu məqama layiq görüb. Danışın, qızım. Mən həyatda olmayanda da danışın. Belə igidlərin həyatı hər zaman örnəkdir. İndiki gənclər nümunə götürməlidir canını sevə-sevə Vətənə qurban verən belə qeyrətli igidlərdən. Mübariz, Fərid kimilərin qısa şərəfli ömrü hər kəsə örnəkdir. İndi Fərid təkcə mənim deyil, Azərbaycan xalqının, elin balasıdır.

 P.S. Bacısı Əhmədova Gülnar deyir ki, heç vaxt şeir yazmayıb. Ancaq bu şeiri qardaşı olmadan qeyd etdiyi ilk ad günündə yazıb. O şeirdən bir bəndi ailəsinin istəyi ilə dərc edirik:

 

Unutmarıq heç vaxt səni

Çolaq olsun düşmən əli.

Yad edirik bu gün səni

Heyf ki, özün olmadın!

 

 

Rövşanə Məmmədzadə

 

Baku Post.-2013.-19 yanvar.-S.-11.