Parisdə Azərbaycana dair
nadir əsərlər tapıldı
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutuna Paris Milli
Kitabxanasında saxlanan
Azərbaycan tarixinə,
mədəniyyətinə dair
200-dən artıq materialın
surəti, elektron variantı gətirilib. Bu barədə institutun direktor əvəzi Paşa Kərimov bildirib.
Paris Milli Kitabxanasından əldə edilən tarixi sənədlər içərisində Azərbaycan
xalq mahnılarının
XX əsrin əvvəllərində
patefon yazılarının
surətləri də
var. Məşədi Hilal
Zeynalovun ifasında Ü.Hacıbəylinin “Leyli
və Məcnun” operasından bir parça, “O xal nə xaldı” mahnısı, Mahmud Behbudovun
ifasında “Dəsmalın
yar”, “Var bir incəbel”, Məhəmməd Zeynalın
ifasında “Şikəstə”,
Şövkət Məmmədovanın
ifasında “Sən ki”, “Mən bir güldüm”, “Mən görməzdim”
adlı mahnılar aydın səslənir. P.Kərimov bu faktlar arasında diqqətçəkən məqamın
olduğunu da açıqladı: “Azərbaycan
xalq mahnılarının
bir çoxu erməni müğənnilərinin
ifasında yazılıb.
Onların arasında
Anna Poqosova “İrəvanda
xanın səsi”, “Qara gözüm”, Muxtar Ter Akopov
“Bəri bax”, “Şüştəri”, “Qarabağ
şikəstəsi” muğam
və milli mahnıları təmiz Azərbaycan dilində ifa ediblər”.
“Kəlilə və Dimnə”, “Oğuznamə”
də gəldi
Parisdən gətirilən
nümunələr arasında
XX əsrin əvvəlində
Bakıda çəkilmiş
fotolar, Azərbaycan tarixinə dair xəritə və planlar, orta əsr
əlyazmaları, müğənnilərin
ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan
barədə əsərləri
var. Xəritə və
planlardan XVIII əsrə
aid Bakının planı,
həmin dövrdə
tərtib edilmiş Bakı körfəzinin xəritəsi, Abşeron yarımadasındakı neft
quyularını göstərən
xəritə, Xəzər
dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin
XVIII əsrdə çəkilmiş
xəritəsi, 1872-ci ildə
Sankt-Peterburqda çəkilmiş
Qafqaz bölgəsinin
xəritəsi, 1724-1729-cu illərə
aid Xəzər dənizinin
şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə
aid Xəzər dənizinin
xəritəsi də gətirilən sənədlərin
içərisindədir. Əlyazmalardan
1467-ci ildə Təbrizdə
Nəsrullah Münşi
adlı katib tərəfindən köçürülmüş
“Kəlilə və Dimnə”, oğuz türklərindən bəhs
edən “Oğuznamə”,
təbabətə dair
XVI əsrə aid “Əlacnamə”
əsəri, Ə.Nəvainin
əsərləri və
s. böyük maraq doğurur.
Nadir məlumatlar
P.Kərimov əldə etdikləri sənədlər arasında
Avropa səyyahlarının
Azərbaycanla bağlı
müşahidələrindən ibarət kitabların olduğunu da əlavə etdi: “XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ilə çap edilən kitabında Səfəvilər
dövlətindən, Şah
İsmayıl Xətaidən,
övladlarından, İsfahandakı
sarayda Azərbaycan türkcəsinin mövqeyindən,
ölkəmizin şəhərlərindən
və təbii sərvətlərindən bəhs
olunur. Avropa səyyahları Öjen
Flanden və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış “İrana
səyahət” əsərində
Azərbaycan barədə
geniş söhbət
açılır”.
Ümidə Həsənli
Baku Post.-2013.-19 yanvar.-S.-10.