Bölgənin “Çin
səddi”
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə Çinə səfər edən azərbaycanlı mütəxəssislər regiondakı vəziyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum barədə Çinin aparıcı beyin mərkəzlərini məlumatlandırıblar. Fərhad Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həllini tapmaması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafını ləngidən əsas maneədir: “Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, beynəlxalq qurumların təcavüzkar dövlətə qarşı təsirli tədbirlər görməməsi, eləcə də dünyanın güc mərkəzlərinin işğalçı tərəfə və işğala məruz qalan dövlətə münasibətdə balanslaşdırılmış siyasət yürütmələri münaqişənin beynəlxalq norma və prinsiplərə əsasən həllinə ciddi maneədir”.
Strateji Araşdırmalar Mərkəzi və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.
Çinin nüfuzlu CCTV televiziya kanalı da Qarabağ mövzusuna yer ayırıb. SAM-ın direktoru Fərhad Məmmədov bu kanala verdiyi müsahibəsində bəyan edib ki, Azərbaycan dünyanın nüfuzlu, güclü dövlətlərindən ABŞ, Rusiya və Fransanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olmasını nəzərə alaraq, onların ATƏT-in Minsk Qrupunda həmsədrliyinə öz razılığını verib. Bakı hələ də ümid edir ki, məhz bu dövlətlər özlərinin kollegial qaydada çıxartdıqları qərarlara – BMT TŞ-nın qətnamələrinə nəhayət hörmətlə yanaşacaq və onların icrası təmin olunacaqdır: “Lakin təəssüf ki, hər üç həmsədr dövlət işğalçı ölkəyə effektiv təzyiq mexanizmlərinə malik olsa da, həmin təsir imkanlarından hələ də istifadə edilməmişdir”.
F.Məmmədov
BMT-nin bu tipli problemlərin aradan qaldırılmasında hələ
də kifayət qədər səmərəli fəaliyyət
göstərə bilmədiyini bəyan edib: “Bəzən belə
bir haqlı qənaət yaranır ki, münaqişənin
aradan qaldırılması istiqamətində Ermənistanın
maksimalist və qeyri-konstruktiv mövqe tutması, BMT-nin qətnamələrinə
məqsədli şəkildə məhəl qoymaması
ittiham və tənqid olunmur. Əksinə, məhz Azərbaycan
Respublikasının münaqişənin sülh yolu və
beynəlxalq hüquq normaları çərçivəsində
həllinə yönəldilmiş səyləri, kompromis təklifləri
nədənsə “maksimalizm” kimi dəyərləndirilir və
ölkəmizdən – işğala məruz qalan,
torpaqlarının 20 faizi zəbt edilən tərəfdən əlavə
güzəştlərə getmək tələb olunur”.
Çinə səfər çərçivəsində
SAM-ın direktoru Fərhad Məmmədov
və mərkəzin xarici siyasət məsələlərinin
təhlili şöbəsinin elmi işçisi Rəşad Kərimov
ÇXR-nın Dövlət Şurasının İnkişaf
Araşdırmaları Mərkəzi yanında fəaliyyət
göstərən Avropa və Asiya Sosial İnkişaf
İnstitutunda da olublar, qurumun icraçı direktoru Sun
Çanxun ilə görüşüblər.
Görüşdə Azərbaycan və Çin arasında əməkdaşlığın
inkişaf etdirilməsinə, Avropa, MDB, Yaxın Şərq və
Cənubi-Qərbi Asiya regionlarında müasir geosiyasi məsələlərə
dair müzakirə aparılıb.
Kəmalə Abdıyeva
Baku Post.-2013.-23 yanvar.-S.6.