Xeyriyyəçilik qanunu
İmkansızlara əl tutmaq,
ehtiyacı olanlara yardım göstərmək! Bunlara həm
dinimizdə, həm də adətlərimizdə mühüm
yer verilir. Lakin əksər hallarda Azərbaycanda “xeyriyyəçilik”
deyəndə məhz imkansız şəxslərə
çörək pulu vermək, internatlara pal-paltar alıb
aparmaq nəzərdə tutulur.
Qərb
ölkələrində isə xeyriyyəçilik həyatın
bütün sferalarına sirayət edib. Amerikada adi bir parkda gəzəndə
ayağının altına döşənmiş daşlarda
da bu yeri təmir etməyə kömək edənlərin
adını görmək mümkündür. Parkın bərpasına
adicə 1 dollar xərcləmiş şəxsin adı da əbədi
daşlara həkk olunur və bu, insanları xeyriyyəçiliyə
stimullaşdırır. Bundan əlavə, böyük məbləğdə
xeyriyyəçilik edənlər üçün vergi
güzəştləri nəzərdə tutulur ki, bu da cəmiyyətdə
bir sıra sosial problemlərin elə insanların özləri
hesabına həllinə yardım edir.
Hansı vergi güzəştləri
olmalıdır?
Azərbaycanda da xeyriyyəçilər
üçün müəyyən vergi güzəştləri
nəzərdə tutula bilər. Bunun “Xeyriyyəçilik
işləri haqqında” qanunda reallaşması gözlənilir.
Hələlik qanun layihəsi hazır deyil, Milli Məclisdə
bu sənədlə bağlı bir sıra qurumlardan verilən
təkliflərə baxılır. Sənədin yaz
sessiyasının sonuna kimi hazırlanıb müzakirəyə
çıxarılacağı gözlənilir.
İndiyə kimi müxtəlif
deputatlar, QHT rəhbərləri belə bir qanunun vacibliyindən
dəfələrlə danışıblar. Milli Məclisin
Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də
xeyriyyəçilik fəaliyyətinin qanunla tənzimlənməsinin
tərəfdarıdır. Onun fikrincə, xeyriyyəçiliyin
dövlət səviyyəsində təqdir olunduğunu
önə çıxaran hüquqi bazanın
yaradılması zəruridir. M.Quliyev bu sənəddə
müəyyən vergi güzəştlərinin
olmasını vacib sayır: “Xeyriyyəçilik fəaliyyəti
stimullaşdırılmalıdır ki, digər sahibkarlar,
iş adamları da bu məsələyə həvəslə
girişsinlər. Cəmiyyətin üzvlərinin daim bir-birinə
ehtiyacı var və təkcə bütün köməkləri
dövlətdən gözləmək və bütün
problemləri dövlətin üzərinə qoymaq da
düzgün deyil. Bizim cəmiyyətdə də bunu tətbiq
etmək lazımdır”.
Həvəsləndirmək
lazımdır
Xeyriyyəçiliyin əhatə
dairəsinə gəlincə, deputat bu işlərin çox əhatəli
ola biləcəyini bildirir. Onun fikrincə, imkanlı insanlar
xaricdə öz hesabına oxuyan tələbələr, yaxud
bahalı müalicəyə ehtiyacı olan xəstələrə
yardım göstərə bilərlər: “Elə xəstələr
var ki, onları Azərbaycanda müalicə etmək
mümkün deyil. Və yaxud özəl xəstəxanalarda
son texnologiyaları tətbiq etməyə ehtiyac duyurlar. Hətta
şəhid ailələri, evsiz insanlar üçün evlərin
tikintisi layihələrini də gerçəkləşdirmək
olar. Bu sıranı genişləndirmək lazımdır. Bu
cür aksiyalar daimi və ya birdəfəlik ola bilər”.
Dünya təcrübəsi
Xeyriyyəçilik ənənələri
bir çox ölkələrdə geniş kök salıb.
ABŞ əhalisinin təqribən 90 faizi xeyriyyəçiliklə
məşğul olur. Amerika ali məktəblərini dünya
liderləri edən birinci səbəb də buna bağlıdır.
İstənilən nüfuzlu ali məktəbin gücü ona
bağışlanan puldan birbaşa asılıdır. Harvard,
Yale, Stenford universitetlərinin hamısı onlara külli
miqdarda yardım göstərən zəngin iş
adamlarının adları ilə adlandırılıb. Birisi
sərvətinin yarısını, digəri qızıllarını
qoyub. Bəzən universitetlərdə ayrı-ayrı
fakültələr də xeyriyyəçilərin
adını alır. ABŞ-da fərdi və hüquqi şəxslərin
xeyriyyəçilik fəaliyyəti böyük vergi güzəştlərinə
malikdir.
Azərbaycanda
hazırda bir neçə iri fond və barmaqla sayılacaq qədər
xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir.
Xırda təşkilatlar əsasən dindar insanlar tərəfindən
yaradılıb. Amma adını gizli saxlanmasını istəyən
və imkansızlara yardım edən insanlar da var. Vergilər
Məcəlləsinin 106-cı maddəsi xeyriyyə təşkilatlarının
gəlirini vergidən azad edir. Lakin bura sahibkarlıq fəaliyyəti aid
olunmur.
Dünya xeyriyyəçilik reytinq cədvəlinə
(World Giving Index) görə, Azərbaycan 150-dən çox
ölkə arasında 76-cı yeri tutur. Bu tədqiqat
Britaniyanın “Charities Aid” Fondu tərəfindən
aparılır və dünyamiqyaslı “Gallup” təşkilatının
sorğusunun nəticələrinə əsasən
hazırlanır. Sorğuda 153 ölkədən 150 mindən
çox respondent iştirak edir. Ölkənin reytinqi 3 göstəricidən
asılıdır: fiziki şəxslərin xeyriyyə təşkilatlarına
ianələri, onların könüllü qismində fəaliyyətləri,
vətəndaşların tanımadıqları insanlara
yardımı.
Cədvələ liderliyi Avstraliya
edir. İlk beşlikdə bu ölkədən sonra
İrlandiya, Kanada, Yeni Zellandiya və ABŞ-ın adları gəlir. Azərbaycan bu siyahıda Meksika və
Latviya ilə qonşudur. Azərbaycanda “vətəndaşların
tanımadıqları insanlara yardım etməsi” ilə
bağlı bəndin göstəriciləri daha yüksəkdir.
Reytinq cədvəlində İran
12-ci, Ermənistan 109, Rusiya 127, Türkiyə isə 137-ci yerdədir.
Siyahıda son 5 yeri – Ruanda, Toqo,
Albaniya, Yunanıstan və Monteneqro tuturlar.
Azərbaycan
2010-cu ildə bu
reytinq cədvəlində
67-ci yerdə, ötən
il isə 94-cü yerdə olmuşdu. Ekspertlər hesab edirlər ki, əslində, Azərbaycanda xeyriyyəçiliklə
məşğul olan insanların sayı daha çoxdur. Sadəcə
mental xüsusiyyətlərdən asılı olaraq çoxları etdiyini açıb-ağartmır. Bu fəaliyyət rəsmiləşmədiyindən kimin nə qədər
məbləğdə yardım
etməsi haqda dəqiq rəqəmlər
söyləmək də
çətindir.
Fərəh Sabirqızı
Baku Post.-2013.-23 yanvar.-S.-7.