Yeni Gənclər Paytaxtında

 

Bu il Biləsuvar Azərbaycanın Gənclər paytaxtı oldu. Seçimin aparıldığı “genclerpaytaxti.az” saytında Biləsuvar böyük səs fərqi ilə qalib çıxdı.

Biləsuvarın önə çıxmasında bu rayondan olan gənclərin böyük əməyi olub. Bu işə zəhmət və vaxtını xərcləyənlərdən biri də “Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyinin sədri Fəqan Hüseynovdur. Fəqan ötən ilə qədər Biləsuvar rayon Gənclər və İdman İdarəsində gənclər sahəsi üzrə aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. Hazırda Milli Qəhrəman Mübariz İbrahimov adına lisey-məktəb kompleksində sosial fəallıq və milli komponentlər üzrə koordinator kimi çalışır. Uzun müddətdir Biləsuvarda müxtəlif layihələri reallaşdıran Fəqan hesab edir ki, məhz bu rayonun Gənclər paytaxtı seçilməsi onun inkişafına böyük təsir göstərəcək:

– Seçimdə bu nəticəni gözləyirdinizmi?

– Nəinki gözləyirdik, bunu arzulayırdıq, Biləsuvarın qalib çıxması naminə xeyli iş görmüşdük. Bir ay ərzində yerli gənclərin hamısını ayağa qaldırdıq, regionun irəli getməsini istəyən hər bir gənc səfərbər olunmuşdu. İndiyə kimi cəlb olunduğum layihələr üzrə əlaqələrimizi də işə saldıq, sosial şəbəkələrdə kampaniyalar keçirtdik. Bilirsiz ki, bu layihəyə ötən ildən başlanılıb. Hələ keçən il Biləsuvardan olan gənclər saytda aktiv idilər. Amma onda Gəncəyə uduzduq, səs fərqi çox az idi. Bu il isə fəallığımız nəticəsində qalib çıxa bildik.

– Gənclər paytaxtı seçilmək niyə bu qədər önəmli idi? Layihədən Biləsuvarın gözləntiləri nədir?

– Layihənin məqsədi yerlərdə gənclərin sosialyönlü müxtəlif layihələrə cəlb olunmasına təkan verməkdir. Gənclər paytaxtı seçilmək o deməkdir ki, artıq bu regionda dövlət əhəmiyyətli tədbirlər baş tutacaq, gənclərimiz fərqli layihələrin iştirakçısına çevriləcək.

 Nəinki bizim rayonda, ümumiyyətlə, Cənub regionunda sosial yaradıcılıq, təşəbbüskarlıq baxımından öz potensialını üzə çıxartmaqda çətinlik çəkən gənclər var. Ancaq potensialımız böyükdür. Səsvermə ərəfəsində bir daha əmin oldum ki, çox şey edə bilərik. Gözləntilərə gəlincə, bir il ərzində intellektli gənclərin yetişəcəyindən, potensiallı uşaqların ortaya çıxacağından əminəm. İnsanlar daha da sosiallaşacaq, mədəni-intellektual səviyyənin artmasına yardım edən tədbirlər reallaşacaq. Yaxınlarda burada Gənclər Mərkəzi də istifadəyə veriləcək. İstənilən halda, biz bu prosesdən yalnız udacağıq.

– Bildiyim qədər, təmsil etdiyiniz lisey də göstəricilərinə görə digərlərindən xeyli üstündür. Milli Qəhrəmanın adını daşıyan bu məktəbdə təhsil sistemi nə ilə fərqlənir?

– Ən əvvəl onu deyim ki, məktəbimizin ilk məzunları – 23 nəfərin hamısı ali məktəbə daxil olub. Yəni, ali məktəbə qəbul baxımından 100 faiz göstəricimiz olub. Bu, ölkə üzrə yeganə belə göstərici idi. Məktəbin özü 2 ildir fəaliyyət göstərir, Mərkəzi Bankın təsisçiliyi ilə pilot layihə kimi işə başlayıb. Liseyə qəbul 7-ci sinifdən başlayır. Qəbul imtahanları çox sərtdir, xüsusi hazırlığı olan uşaqları yığmışıq. Müəllimlərin özləri də imtahanla işə qəbul ediliblər.

– Sosial fəallıq və milli komponentlər üzrə koordinatorsunuz. Uşaqları hansı üsullarla fəallaşmağa cəlb edirsiniz?

– Liseydə təhsildən əlavə müxtəlif layihələr icra edirik, dərnəklərimiz, klublarımız var. Məsələn, Gənc Xanımlar Klubumuz çox aktivdir. İqtisadi və ekoloji səpkili layihələr reallaşdırırıq. “Ailə büdcəsi” layihəmizdə şagirdlərə ailə büdcəsinin formalaşdırılması, ailənin gəliri və çıxarının hesablanması öyrədilir. Bu, şagirdlər üçün maliyyənin idarə olunmasına giriş kimi olur. Tarix fənnindən 3 layihəmiz var, uşaqlarla birlikdə tarixi filmləri seyr edib sonra müzakirəyə çıxarırıq. Həmçinin oxuduğumuz kitablar barəsində də qızğın və maraqlı diskussiyalarımız olur. “110 kitab” layihəsinə görə, hər bir uşaq əvvəlcədən seçilmiş bədii əsəri oxuyur, sonra hər kəsin qarşısında onun təqdimatını keçirir, ümumi müzakirələrdə kitab haqqında suallara cavab verir. Bu layihə uşaqlarda mütaliəyə həvəsi artırır, onların dünyagörüşünün daha da genişlənməsinə səbəb olur.

Məktəbdə elektron jurnal tətbiq olunur. Mən deyərdim ki, lisey şagirdlərinin İKT sahəsində bilmədikləri şey yoxdur. Liseyin özünün rəqs qrupu da var. “MİBL” qrupunda 7-8-ci siniflərin əksəriyyəti iştirak edir.

Özünüz deyirsiz ki, Biləsuvarda gənclərin aktivliyi ürəkaçan səviyyədə deyil. Məktəbinizdəki sosial layihələr gələcəkdə şagirdlərin ictimai həyatda olmasına dərəcədə yardımçı olacaq?

Artıq yardımçı olur. Təsəvvür edin, ötən il məktəbdə 19 layihə gerçəkləşdirilib. Şagirdlər layihələrə könüllü surətdə qoşulurlar, buna çox həvəslidirlər. 125 şagirdin demək olar hər biri hansısa dərnəkdə məşğuldur. Hətta elə uşaqlar var ki, bir neçə layihədə iştirak edirlər. Artıq indidən ciddi sosial işlər görürlər. Məsələn, şagirdlər müxtəlif tullantı materiallarından yeni əşyalar  hazırlayırlar. Hər şey işimizə yarayıratılmış şüşələr, xəzəl, əski, taxta s. Hətta şagirdlərin əl işlərinin sərgisini keçirmişik. Yaşıl otaqadlı sinfimiz var. Yəni, hazırda bir çox QHT-lərin reallaşdırdığı layihələri biz öz gücümüzlə etmişik.

 Liseyə yalnız Biləsuvar deyil, Cəlilabad, Masallıdan olan uşaqlar da gəlir. Liseyimizdə xarici dil prioritet kimi qoyulub. Hətta sırf ingilis dilində tədris olunan eksperimental sinfimiz var. Beynəlxalq layihələrdə təmsilçiliyimiz artmaqdadır. Bir sözlə, lisey uşaqları indidən ictimai işlərə alışıblar. Elə Biləsuvarın Gənclər paytaxtı seçilməsində lisey şagirdlərinin əməyi az olmayıb. Onların gələcəkdə layiqli gəncliyimizi təmsil edəcəklərindən əminəm.

 

 

Fərəh Sabirqızı

 

Baku Post.-2013.-6 fevral.-S.-8.