“Ömrüm yetənədək
yaradacam!”
İstedadlı
virtuoz, novator sənətkar Kamil Cəlilov Azərbaycanın
yeganə tanınmış qaboy ifaçısıdır. 75
yaşını qeyd edən Xalq artisti K.Cəlilov Prezident
İlham Əliyev tərəfindən ona verilən
“Şöhrət” ordeninin onun üçün gözlənilməz
hədiyyə olduğunu deyir. Qaboy üçün həyatını
dəfələrlə təhlükə ilə üz-üzə
qoyan sənətkar “New Baku Post”a müsahibəsində həyat
və yaradıcılığının maraqlı məqamlarından
danışdı. O, 20 Yanvar faciəsində “Zəminxarə”
muğamını ifa etdiyinə görə
peşmançılığının səbəbini də
açıqladı.
Bakının
Buzovna kəndində dünyaya gələn K.Cəlilov
A.Zeynallı adına Musiqi Məktəbi və Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik
etdiyi ansamblda əvvəlcə qoşa nağaraçı,
sonra qarmon ifaçısı olub. Xalq Artisti qaboyda
“Bayatı-Kürd”, “Segah”, “Zəminxarə”,
“Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Humayun” və ritmik
muğamlardan “Qarabağ şikəstəsi”ni ustalıqla ifa
edir:
– “Şöhrət”
ordeni sizin üçün nə deməkdir?
– Yaradıcılığıma daha
da məsuliyyətli yanaşmaq. Bu, dövlətimiz
və xalqımızın
sənətkarına verdiyi
yüksək qiymətdir.
– 75 ildə ən böyük uğurunuz?
– Yeni əsər çalmaq, onları lentə yazdırmaq. İstedadım Allahın mərhəməti,
yaratmaq həvəsim xalqımın məhəbbətindəndir.
Həmişə xalqın sevgisini
duymuşam. Həcc
ziyarətində olanda
da və elə hər zaman Allaha dua
edirəm ki, sənətimə qüvvət
versin. Hələ sənətdə deyəcəklərim
çoxdur. Qaboy həyatım, ürəyimdir,
bir gün də onsuz qala
bilmərəm. Qaboy səslənirsə,
yaşayıram, qaboysuz
mən də yoxam. Bu alətlə xalqın
sevgisini qazanmışam.
Çox
əziyyətlərdən keçmişəm.
Həyat
yoldaşım, rəhmətlik
Sənubər xanım
da musiqiçi idi, hər zaman
deyirdi ki, “Kamil qaboyu məndən
çox istəyir”.
Məşqlərimə diqqətlə yanaşırdı. Harasa gedəndə
qaboy mənim yadımdan çıxsa da, o, unutmurdu. Sənətimin zirvəyə
qalxmasında onun böyük zəhməti
olub… İki dəfə qaranlıqda
qarşımı kəsib
qaboyu əlimdən alıb qaçıblar.
Məqsəd bu olub ki, sənətdən əl çəkim.
Çox
zərbələr almışam,
lakin yıxılmamışam.
Allah köməyim olub.
– Qaboyun sirri nədir?
– Uşaqlıqda tarda, nağarada çalırdım.
13-14 yaşımda sinif yoldaşımla onun təhsil aldığı musiqi məktəbinə getdim.
Dəhlizdə müxtəlif musiqi
alətlərinin səsi
gəlirdi. Otaqların
birində müəllim
Üzeyir Hacıbəylinin “Axşam
oldu” mahnısını
klarnetə oxşar musiqi alətində çalırdı. Yaxınlaşıb alətin adını soruşdum. Qaboy olduğunu söylədi.
Müəllim həvəslə sual verdiyimi görüb musiqi duyumumu yoxladı, imtahandan üzüağ çıxdım. Öyrənmək üçün mənə bir qaboy verdilər, lakin atam narazı
idi. O, İkinci Dünya Müharibəsi əlili idi, ayaqları şikəst olduğundan tez-tez əsəbiləşirdi. Bir gün
əlil arabası ilə gəlib qaboyu əlimdən alıb sındırdı.
Bu mənə çox pis təsir elədi. İki ay məktəbə getmədim.
Sonra müəllimlər gəlib
məni məktəbə
qaytardı. Valideynlərimə “Kamilin gözəl gələcəyi var” dedilər.
– Tələbələriniz
var?
– Bir müddət İncəsənət Gimnaziyasında
dərs dedim. Ancaq hövsələm çatmır.
Bəziləri elə bilir
ki, paxılam. Lakin hələ qaboyu mənim kimi duyana rast gəlməmişəm.
Bir neçə tələbəm vardı,
onlar bütün
muğamları, mahnıları
birdəfəyə ifa
etmək istəyirdi. Belə olmur. Qaboyda bir muğamı
illərlə öyrənmək
lazımdır. Çoxu yarımçıq
qoyub getdi. Cəsarətlə deyirəm ki,
ikinci Kamil Cəlilov olmayacaq. Simfonik orkestrdə qaboy çalırlar, İzmir Simfonik Orkestrində azərbaycanlı qaboy ifaçısı var. Amma
solo qaboy ifaçısı
yoxdur.
– Ən çox 20 Yanvarda ifanızı eşitmək
olur. Niyə?
– 15-20 il bundan əvvəl
“Sarı gəlin”i
klarnetdə çaldım,
rəqs qurdurdum və musiqi nömrəsi çəkdirdim.
Amma 5 ildir ki, heç bir televiziyada bu lent verilmir. Məni ancaq 20 Yanvarda yada salırlar. Halbuki yüzlərlə
lent yazım var, Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərini, hətta
Yapon musiqilərini də ifa etmişəm.
Təbliğ olunmadıqca ermənilər
də asanlıqla oğurlayır. Çoxları qaboyu tanımır, ifaçılar bu alətlə pul qazana bilməyəcəklərini
düşünür.
– 20 Yanvarda niyə məhz “Zəminxarə”ni ifa etdiniz?
– Bu mənim ideyam oldu. Faciələrin şahidi idim.
Bu təsirdən sonra yalnız həmin muğamı ifa edə bilərdim.
Lakin “Zəminxarə” qəmli mahnıya çevrildi.
Əslində isə insanları nəticə çıxarmağa, cəsarətli
olmağa çağırırdım.
Ancaq indi düşünürəm ki,
kaş “Zəminxarə”nin əvəzinə
“Segah” çalaydım.
Çünki “Zəminxarə” kimi gözəl mahnı adi günlərdə səsləndirilmir.
“Segah”sa xalqın qanına, canına hopub.
– İfa
edərkən gözlərinizi
yaşla dolduran əsər hansıdır?
– Fatma Mehrəliyevanın
ifasında “Kəsmə
şikəstə” məni
çox təsirləndirir. Sonra onu
qaboyda ifa etdim və hər
dəfə qeyri-ixtiyari
gözlərimdən yaş
gəlir. Bütün
muğamların fəlsəfəsini
açmışam: “Bayatı-Kürd”
ana fəryadı, “Zabul” ana-bala münasibəti,
“Çahargah” cəng,
döyüş meydanı,
“Şur” çağırış,
“Humayun” sədaqətli,
əbədi sevgi rəmzi, “Segah” sevgililərin əhdi-peymanı, “Zəminxarə”
fəryaddır, Allaha
duadır, avazdır. Bunların illüstrasiyalarını xəttat
dostum çəkib.
– Ailənizdə
sənətinizi davam etdirən var?
– 3 qızım var: həkim, mühəndis və ingilis dili müəlliməsi.
– Unuda bilmədiyiniz itki?
– Anam. Hələ də lay-lay eşidəndə
anam yadıma düşür.
– Ən böyük arzunuz?
– Qarabağda “Qarabağ şikəstəsi”ni çalmaq istərdim. Bir çox kompozisiyalar,
rənglər ərsəyə
gətirmişəm. Bunları
mütləq Qarabağın
müxtəlif guşələrində
ifa edəcəm. Ömrüm yetənədək
yaradacam!
Ümidə Həsənli
Baku Post.-2013.-6 fevral.-S.-10.