Şərq
fəlsəfəsinin gözəl bilicisi Zakir Məmmədov
37-ci illərdə «repressiya olunan» soyad...
Azərbaycan və Şərq fəlsəfəsi
tarixinin əvəzolunmaz tədqiqatçısı olan Zakir Məmmədov
Azərbaycan elminin inkişafında böyük xidmətlər
göstərmiş görkəmli alimlərimizdən biri olub.
Onun elmi yaradıcılığı əsasən Şərq
fəlsəfəsinin tarixi və dinşünaslıq məsələlərinə
həsr olunub. O, 40 ilə yaxın müddətdə
apardığı elmi axtarışlar nəticəsində Azərbaycan
filosoflarının və mütəfəkkirlərinin ərəb
və fars dillərində dünyanın müxtəlif
ölkələrində çap olunmuş, habelə əlyazma
şəklində saxlanılan zəngin irsini üzə
çıxarıb. Z.Məmmədov sübuta yetirib ki, orta əsrlərdə
müsəlman Şərqində, o cümlədən Azərbaycanda
dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi
təlimlər də olub.
Zakir Məmmədov
XIX əsrdə Qarabağda yaşamış Baharlı
tayfasına mənsub, dövrünün tanınmış
ziyalısı, 1937-ci ildə Sovet repressiyasının
qurbanı olaraq sürgünə göndərilmiş və
1941-ci ildə Sibirdə sürgündə vəfat etmiş
Cabbar bəy Vəlibəyovun oğludur.
Zakir Cabbar bəy
oğlu Məmmədov (Baharlı) 16 avqust 1936-cı ildə
Ağdamda anadan olub. Atası repressiya qurbanı olduğundan,
anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəylinin
himayəsində böyüyüb. Cabbar bəy Vəlibəyov
Sibirə sürgün edilərkən evindəki bütün
sənədlər və kitablar götürüldüyündən,
Zakir Məmmədovun 16 avqust 1936-cı ildə doğum
haqqındakı şəhadətnaməsi itib, sonralar ona kənd
soveti tərəfindən 1939-cu ildə doğulması
haqqında şəhadətnamə verilib və
anasının soyadına keçirilib.
Zakir Məmmədov
hələ orta məktəb illərindən bədii
yaradıcılıqla məşğul olmuş, şeirlər
yazmış, rəsmlər çəkmişdi. Onun şeirləri,
tərcümələri, məqalələri mətbuat səhifələrində
çap edilmişdi. Şeirləri yerli radioda səsləndirilmişdi.
Onun sulu boya ilə çəkdiyi “Gənc miçurinçilər”
tablosu isə 1955-ci ildə Respublika sərgisində
nümayiş etdirilmişdi. “Yoldaşlıq köməyi”
adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər
evinin özfəaliyyət kollektivi, 1956-cı ildə isə Bərdə
pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən
tamaşaya qoyulmuşdu. Zakir Məmmədov 1956-cı ildə
Azərbaycan gənclərinin “Əmək və xoşbəxtlik
uğrunda” birinci respublika festivalının
iştirakçısı olub.
Zakir Məmmədov
1957-ci ildə Ağdamdakı 1 saylı orta məktəbi
medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) Şərqşünaslıq
fakültəsinin yeni açılan ərəb filologiyası
şöbəsində təhsil almışdı. O, Azərbaycanda
ərəbşünaslıq məktəbinin əsasını
qoymuş Ələsgər Məmmədovun tələbəsidir.
Zakir Məmmədov həmçinin ərəb ölkələrində
tərcüməçi işləmiş ilk iki ərəbşünasdan
biridir.
Zakir Məmmədov
hələ universitetdə birinci kursda oxuyarkən, 29 noyabr
1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin
qərarı ilə bəraət aldı.
Sührəvərdi fəlsəfi irsinin
yeganə tədqiqatçısı
1962-ci ildə
universiteti bitirən Zakir Məmmədov həmin il Azərbaycan
Milli Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda kiçik elmi işçi vəzifəsində
işləmişdi. 1962-1963-cü illərdə Misirdə
“Asuan” Su Elektrik Stansiyasının inşasında ilk azərbaycanlı
ərəbşünas tərcüməçi kimi
çalışmışdı. 1964-cü ilin 1
yanvarından isə Milli Elmlər Akademiyasının Fəlsəfə
sektorunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu)
işə başlamışdı.
Zakir Məmmədov
“Siracəddin Urməvinin məntiqi görüşləri”
adlı namizədlik dissertasiyasını 1967-ci ildə
tamamlamış, 1969-cu ildə isə müdafiə
etmişdir. 1974-cü ildə isə “Azərbaycanda XI-XIII əsrlərdə
fəlsəfi fikir” adlı doktorluq dissertasiyasını
1974-cü ildə tamamlamış, 1978-ci ildə monoqrafiya kimi
çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə
müdafiə etmişdi.
1969-1970-ci illərdə
Zakir Məmmədov Azərbaycan Sovet Ensiklopediyasında elmi
redaktor vəzifəsində çalışmış, milli
fəlsəfəmizə dair materialların Azərbaycan Sovet
Ensiklopediyasında geniş yer tutmasına
çalışmış, məhz onun tədqiqatları sayəsində
Azərbaycanın peşəkar filosofları bu on cildlik əsərə
düşmüşdü.
Zakir Məmmədov
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdi. O, 30-dan çox elmi
kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin,
o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin
müəllifidir. Uzun müddət ali məktəblərdə,
əsasən də Bakı Dövlət Universitetində fəlsəfə,
Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi
tarixi fənlərini tədris edib.
1997-ci ildən
ömrünün sonuna qədər isə Milli Elmlər
Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutu) özünün təsis etdiyi Şərq
fəlsəfəsi tarixi və dinşünaslıq
şöbəsinin müdiri işləyib.
Zakir Məmmədov
Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi
irsinin yeganə tədqiqatçısı olmuş və
filosofun bir çox əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdi. Bu əsərlərdən
yalnız ikisi çapdan çıxmışdı. O,
filosofun “İşıq heykəlləri” kitabını Azərbaycan
dilinə tərcümə etmiş və şəxsi vəsaiti
hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə
1999-cu ildə nəşr etdirmişdi.
Zakir Məmmədov
bütün tədqiqatlarını ilk mənbələr əsasında
aparmış, həmin əsərlərin Azərbaycana gətirilməsi
üçün əlindən gələni etmişdi. Onun tədqiqatlarına
qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və
“Mövcudatın mərtəbələri” adlı kiçik həcmli
iki əsəri məlum idi. Tədqiqatçı alim Zakir Məmmədov
Bəhmənyarın geniş həcmli “Təhsil” əsərinin
varlığını aşkara
çıxarmışdı. Bəhmənyarın
“Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri”
əsərləri ilə bərabər, “Təhsil” kitabı
da Zakir Məmmədov tərəfindən tam şəkildə
Azərbaycan dilinə tərcümə edilmişdi. “Təhsil”
kitabının kiçik bir hissəsi, iki əsər isə
bütöv şəkildə “Şərq fəlsəfəsi
(IX-XII əsrlər)” kitabında (Bakı, 1999) çap
edilmişdi.
O, qlobusun Azərbaycan türkünün
icadı olduğunu sübut etdi...
Zakir Məmmədovun
təşəbbüsü ilə Bəhmənyarın anadan
olmasının 1000 illik və Siracəddin Urməvinin anadan
olmasının 800 illik yubileylərinin keçirilməsi haqda
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti
tərəfindən qərarlar qəbul edilmişdir. Zakir Məmmədov
bu dövrdə Siracəddin Urməvinin, Əfzələddin
Xunəcinin anadan olmalarının 800 illik yubileylərini,
1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan
olmasının 900 illik yubileyini qəzet və jurnallarda məqalələr
çap etdirməklə keçirmişdi.
Zakir Məmmədov
eyni zamanda, 2000-ci ildə Nəsrəddin Tusinin anadan
olmasının 800 illiyi ilə əlaqədar təşkil
olunan yubiley komissiyasının üzvü olmuşdu. Görkəmli
tədqiqatçı Zakir Məmmədov Nəsrəddin
Tusinin irsini hərtərəfli və geniş şəkildə
araşdırmış, məhz onun tədqiqatından məlum
olmuşdu ki, 1266-cı ildən Marağa rəsədxanasında
Nəsrəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı
mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin
düzəltdiyi cihazlar arasında içi boş yer kürəsi
modeli də varmış. Üzərində iqlimlərin təsviri
verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da, Zakir Məmmədov
elm aləmində ilk coğrafi qlobusu alman alimi Martin
Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi
fakt əsasında təkzib etmişdi.
“Zakir Məmmədov
Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər
Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi,
Əfzələddin Xunəci, Siracəddin Urməvi və
başqa Azərbaycan filosoflarının əsərləri,
habelə Bəhmənyarın üç kitabdan (məntiq,
metafizika, fizika) ibarət ”Təhsil" traktatı əsasında
“Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”
monoqrafiyasını yazmışdı. “Orta əsr Azərbaycan
filosofları və mütəfəkkirləri” (azərbaycanca
1986, rusca 1993) kitabında görkəmli şəxsiyyətlərin
əksəriyyəti - Əhməd Bərdici, Məhəmməd
Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin
Təbrizi, Siracəddin Urməvi, Tacəddin Məhəmməd
Urməvi, Şəmsəddin Xoylu, Nəcməddin
Naxçıvani, Şihabəddin Xoylu, Mühyiddin Bərdəi,
Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili,
Əhməd Ərdəbili, Rəcəbəli Təbrizi və
başqaları haqqında mənbələr əsasında tədqiqatlar
ilk dəfə olaraq Zakir Məmmədov tərəfindən
aparılmışdı" (Vikipedia)
Görkəmli
alim və tədqiqatçı Zakir Məmmədovun həyatı,
fəaliyyəti və əsərləri haqqında onlarla məqalələr
yazılıb, kitablar çap olunub. Bu məqalə və
kitablarda alimin həyat və yaradıcılıq yolu geniş
işıqlandırılıb.
Görkəmli
alim 2 mart 2003-cü ildə Bakıda vəfat edib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 10-11 fevral.- S.14.