Samirə Mərdanova, Şəlalə
Abasova43 AZƏRBAYCAN ƏDƏBİ
DİLİNİN İNKİŞAFINDA MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN ROLU
Azərbaycan ədəbi dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. Bu dilin inkişafında mütərəqqi Azərbaycan yazıçıları böyük rol oynamışlar. Onlar dildən, dilin vahidlərindən, qayda-qanunlarından bəhs etmiş, dilin sirlərini aşkara çıxarmaq və dili dövrün tələbatı əsasında inkişaf etdirmək uğrunda mübarizə aparmışlar.
Məhz bu baxımdan Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin dil haqqında söylədiklərini tədqiq etmək müasir filologiyanın ən mühüm problemlərindən biridir.
Məlumdur ki, milli mədəniyyətin tarixi baxımından çox mühüm sahə olan ədəbi dilin inkişafında bədii ədəbiyyatın rolu böyükdür. Bədii ədəbiyyatımızın görkəmli nümayəndələri öz əsərlərində bu və ya digər yolla dilin ən mühüm vahidi sayılan sözü sirlər xəzinəsinin açarı kimi yüksək qiymətləndirmişlər. Qeyd etmək lazımdır ki, onlar həmçinin dilin digər vahidlərindən bəhs edərək yazı sistemində olan nöqsan və çətinlikləri araşdırmış, bədii əsərlər yazmaqla kifayətlənməyib, dövrün tələbatına səmərəli cavab vermək üçün bir dilçi kimi dil məsələlərinə aid əsərlər də yazmışlar. Bu baxımdan A.Bakıxanovun, M.F.Axundzadənin, N.Nərimanovun, C.Məmmədquluzadənin əsərləri və tədqiqatları diqqəti cəlb edir.
Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında yeni cığırlar açan, Azərbaycan ədəbi dilinin inkişafında xüsusi xidməti olan M.F.Axundzadə ədəbi dil məsələlərini yalnız nümunəvi bədii əsərlər yaratmaqla deyil, həm də bir dilçi alim kimi elmi surətdə əsaslandırılmış tezisləri ilə də dürüst və dəqiq istiqamətdə həll etməyə çalışmışdır. M.F.Axundzadəni “bizim ilk universitetimiz” adlandıran tədqiqatçılar öz fikirlərində yanılmırlar – Azərbaycan mədəniyyətinin, elminin və ictimai-siyasi həyatının çox az məsələləri qalmışdır ki, M.Fətəli həmin problemlərlə bu və ya digər şəkildə məşğul olmasın. M.F.Axundzadə xüsusilə bədii əsərləri ilə ədəbi-bədii dilimizin nəsr və dramaturgiya sahələrində böyük təbəddülat yaratmışdır. O, ədəbi-bədii dil sahəsində praktik işlərini müəyyən nəzəri əsaslarla görmüş və bu baxımdan özündən əvvəlki böyük dil yaradıcılarından fərqlənmişdir.
M.F.Axundzadə ədəbi dil normalarına xüsusi diqqət yetirmiş, yazı meyarları təklif etmiş, normadan kənaraçıxmaları və onların həlli yollarını elmi-məntiqi şəkildə göstərmişdir. Dilçi-ədəbiyyatşünas ədəbi dil haqqındakı tezislərində irəli sürdüyü xəlqilik və realizm tələblərinə dram və nəsr dilində əməl etməyə çalışmışdır. Daha doğrusu, dram və nəsrinin dil təcrübəsini ümumiləşdirərək tezislərini yazmışdır.
M.F.Axundzadənin ədəbi dil haqqındakı tezisləri Azərbaycan dilçiliyində ədəbi dil problemi ilə bağlı ilk sistemli mülahizələrdir, həmin tezislər Azərbaycan milli ədəbi dilinin təkamülündən irəli gələn bir sıra təbii-tarixi tələblərin nəticəsi kimi meydana çıxmışdır. Doğrudur, bu təkliflər onun tərtib etdiyi əlifbanın yazıda törətdiyi həcm israfçılığının qarşısını almaq, hərflərin bir-birindən ayrı yazılışı ilə sözlərin uzun-uzadı yer tutmasını ifadələrin qənaəti ilə təshih etmək məqsədini güdür. Ancaq mahiyyətcə həmin təkliflərdə yazılı ədəbi nitqi artıq elementlərdən təmizləmək, ədəbi dili cilalamaq, xəlqiləşdirmək, yazı ilə danışıq arasında tənasüb yaratmaq kimi mühüm tələblər cəmləşir. Azərbaycan dilçiliyində “Mirzə Fətəlinin ədəbi dil haqqında tezisləri” adı ilə tanınan həmin təklifləri bunlardır: 1. Hər kəsin haqqında olan ləqəbləri bir-iki kəlmədən artıq yazmamalı. 2. Bir mənanı və ya bir mətləbi sinonim sözlərlə və ya müxtəlif ibarələrlə təkrar etməməli. 3. Məktublarda özünü və müxatibi qayib şəxs məqamında yazmamalı. Çünki bu, təbii vəziyyətin ziddinə və yazıda aydınlığın əleyhinə olan bir işdir... 4. Nəsr yazılarında qafiyəyə əhəmiyyət verməməli. Çünki qafiyə xatirinə yazılarda artıq sözlər işlənir. 5. Adət edilməmiş qəliz kəlmələri işlətməkdən çəkinməli. 6. Qeyri-uyğun təşbehlər və mübaliğələr tamamilə tərk edilməlidir. 7. Mirzə Mehdi xanın “Tarixi-Nadir” kitabındakı kimi “föhrüst” əvəzinə “bəraətül-istehlal” ləfzini işlətməməli. Çünki bu mənasız işdir. 8. Yazını danışıq dilindən həddindən ziyadə fərqləndirməməli. (2, s. 25-26).
Göründüyü kimi, bu təkliflər XIX əsr ədəbiyyatının realist məzmununa uyğun gəlir və ədəbi dilin demokratik inkişafını təmin edir. Bu fikirlər bütövlükdə klassik şeir və nəsr dilinin normasına qarşı durur. Onun etiraz etdiyi həmin əlamətlərin hamısı klassik nəsr və nəzm dilində, rəsmi yazılarda səciyyəvi göstəricilərdir. Mirzə Fətəli bu tezislərini şəxsi məktublarında, mükalimələrində də təbliğ edir, hətta şeirin əzbərlənməsi yolu ilə bu qaydaların asan yadda qalacağını nəzərə alaraq fikirlərini mənzum şəkildə yayırdı.
XIX əsrdə rus-Avropa sözlərinin işlənməsi ilə ərəb əlifbasında onların əks olunması nəzərə alınmalı idi və bu cəhətlə bağlı müəyyən təbii çətinliklər törəyirdi. Bu çətinliyi M.Fətəli belə qeyd edirdi: “Xarici dillərdən islam xalqları dillərinə tərcümə edilmiş bəzi kitablarda yerlərin, ölkələrin adları, tibbi istilahlar və sairə bu kimi sözlər keçmiş yazımızla aydın ifadə olunmayır” (2, s. 449-450).
Bu proses XX əsrin əvvəllərində də, hətta sovet dövründə də latın əlifbasına qədər davam etmişdir. Yazı normaları ilə - orfoqrafiya ilə bağlı M.F.Axundzadə ümumiləşdirilmiş şəkildə, qanun halında göstərişlər də vermişdir. Görkəmli yazıçı-alimin ana dilinin təbiətinə dilçi bələdliyi ilə söylədiyi fikirlər özünü onda da doğruldurdu, bu gün də qüvvədə qalır. Mirzə Fətəli aqlütinativ dillər üçün ən münasib, eyni zamanda orfoqrafiya üçün ən demokratik olan fonetik prinsipi əsas tutaraq yazırdı: “… əgər təkəllümdə məzkur olunan əlfaz, istilahi-xass və ammdə və istemali-alim və cahildə müştərək oldu, imlası hini-kitabətdə sövti-mütəkəllimə mütabiq yazılsa rəva- dır... Ona binaən təvəqqe edirəm ki, sən də mənim kimi adəmi, türki dilində - adam yazasan, toxmu-toxum, cifti-cüt, müqəyyədi-muğayat, övrəti-arvad, qaidəni-qayda və habelə özgə əlfazı ki, xəvvas və avamın iste‘malında müştərəkdir...” (1, s.200). Mirzə Fətəlinin fonetik prinsipi əsas tutması Vaqifin, Zakirin və özünün ədəbiyyatdakı
43
BDU
realizmini, ədəbi dilin leksik-frazeoloji xəlqiliyini imlada – yazıda tətbiq etmək cəhdi idi. Orfoqrafiya məsələsinə daha dərindən yanaşan müəllif eyni zamanda tarixi-ənənəvi prinsipi də unutmur və bilavasitə elmi- terminoloji məzmun daşıyan, yalnız mütəxəssislərin dilində işlənib, kütləvi ünsiyyətə düşməyən sözlərin tarixi-ənənəvi prinsip üzrə yazılmasını məsləhət görür; “…fəqət xəvvasa mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, təkəllümdə dəxi vəz‘i-əslisi ilə tələffüz olunur” (1, s.200). Bu fikir müasir orfoqrafiyamızdakı tarixi-ənənəvi prinsip adlanan qaydadır ki, o zaman söylənmişdir.
Böyük maarifçi Yaxın Şərq xalqlarının mədəni geriliyinin bir səbəbini köhnə ərəb əlifbasında görürdü. Məktublarından birində bu barədə yazırdı: “Allaha and olsun, hər zaman ki həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi elmsizlik və savadsızlıqdır. Elmsizlik və savadsızlıq isə islam əlifbasının çətinliyinin nəticəsidir ki, bunun da əlacı ən asan bir çarə - yəni islam əlifbasını dəyişdirməkdir”. Buna görə də o, 1857-ci ildən əlifbamızın dəyişdirilməsi uğrunda mübarizəyə başlayır və bu məqsədlə fars dilində bir kitabçadan ibarət layihə tərtib edir. Daha sonra bu xüsusdakı fikirlərini Yaxın Şərqdə həyata keçirmək üçün 1863-cü ildə İstanbula gedir.
İstanbuldan qayıtdıqdan sorna M.F.Axundzadə yenə əlifba haqqında ikinci bir layihə tərtib edərək Tehrana göndərir. Bu layihədə fanatik İran ruhanilərindən ehtiyat etdiyi üçün, hərflərin şəklini sağdan sola doğru göstərir. Lakin başda Nəsrəddin şah özü olmaq üzrə irticapərəst İran Höküməti onun bu xüsusdakı fikirlərinə qətiyyən etina etməmişdir. Bundan başqa əlifba məsələsi ərtafında üçüncü bir lahiyə yazaraq Türkiyə sədrəzəmi Əli paşaya göndərir. Həmin layihədə Türkiyə Alimlərindən Suavinin islam əlifbasının dəyişdirilməsinin lüzumsuzluğu haqqında məqaləsinə bir tənqid yazaraq ona əlavə edir. Lakin islam cəhalətpərəstliyinin hökm sürdüyü ölkələrdə onun bu layihələri həyata keçirilə bilmədi. Əlifba sahəsində böyük maneələrə baxmayaraq, alovlu vətənpərvər ədib öz məsləkindən dönmədi, ömrünün axırına qədər bu sahədə qələm çaldı, Osmanlı vəzirləri, İran mürtəceləri ilə qələm mübarizəsi apardı. Hətta bu məsələ ilə əlaqədar olaraq özünün məşhur “Yeni əlifba haqqında mənzumə”sini yazdı:
Bu daimi olmayan dünyada mənim ömrüm, Həsrət və qüssə ilə başa çatdı.
Vətən sevgisi üzündən, Çox tədbirlərə əl atdım.
Ancaq səyim bir nəticə vermədi,
Bu əsrdə bir könül sahibi görmədim.
Yaşadığı müddətdə öz fikirlərini həyata keçirə bilməyən ədib arzusunun xələfləri tərəfindən həyata keçiriləcəyinə inanırdı: “Məlumdur ki, on beş ilə yaxındır bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir”.
Müstəqillik dövründə Ulu öndərimiz Heydər Əliyev əlifba ilə bağlı gedən qızğın müzakirələrdə M.F.Axunzadənin bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək demişdir: “XIX əsrin ortalarında M.F.Axundov Azərbaycanda latın əlifbasını tətbiq etməyə çalışıbdır. Onun bu barədə fəaliyyəti məlumdur. Mən onun bir neçə məktubuna baxdım, arxivdəki məktublarının bəziləri ilə tanış oldum. Bunu keçmişdə də deyirdim. Amma bu son zamanlar mən onu xatırladım, hafizəmdə bir daha təzələdim. O, nə qədər uzaqgörən bir insan imiş! Çünki latın əlifbasını tətbiq etmək istəmişdir. Xatirinizdədir ki, o, Tbilisidən İstanbula getmiş, iki ay çalışmış, hətta ona orada bir orden də vermişdilər. Amma latın əlifbasını qəbul etməmişdilər Indi biz M.F.Axundovun XIX əsrin ortalarındakı
arzularını, niyyətlərini həyata keçiririk. Amma ümidvaram ki, bunu əlimizdən daha heç kim ala bilməyəcəkdir. Çünki biz artıq müstəqil bir dövlətik və müstəqilliyimiz də daimidir, əbədidir”. (4, s. 63).
Mirzə Fətəlinin yazılı ədəbi-bədii nitqdə ən böyük inqilabı o oldu ki, obraz həyatdakı insan kimi danışmağa başladı; obrazla proobrazın dili maksimum uyğunlaşdı. Hətta həyatda olduğu kimi, bədii şəraitdə də insanların cilddən cildə girməsi əks olundu. Bu cilddəyişməni M.Fətəli fərdi danışıq çaları ilə göstərdi: dramaturgiyamızın qədəm açdığı andaca dünya dramaturgiyasının məşhur “Hamlet tələsi” fəndi sınandı. Molla İbrahimxəlilin Molla Həmidlə və nuxulularla danı- şığında başqa-başqa fərdi nitqlər nümayiş etdirməsi səhnə içində səhnə fəndidir; İbrahimxəlil öz şagirdi Molla Həmidlə insan insanla danışan kimi danışır; ancaq özünü fövqəladə şəxsiyyət göstərmək üçün nuxulularla danışığında kimyagərlik terminlərinə əl atır.
M.Fətəlinin ən müxtəlif ictimai zümrələrdən olan qəhrəmanları onun dramaturgiyasına öz dilini, üslubunu, şivəsini gətirir və beləliklə, “Təmsilat” bütöv Azərbaycan cəmiyyətinin “dil ensiklopediyası” kimi meydana çıxır: burada alimlərdən tutmuş avamlara, düzgün adamlardan tutmuş fırıldaqçılara, kişilərdən tutmuş qadınlara, əliaçıqlardan tutmuş xəsislərə qədər hər cür adamlara rast gəlinir. Hətta nuxulular, tərəkəmələr və s. kimi “ümumi qəhrəmanlar” da özünəməxsus ifadə tərzi ilə bu geniş nitq axınına daxil olurlar.
M.F.Axundzadə bir sıra şeirlərin və xüsusən Puşkinin ölümünə həsr etdiyi məşhur poemanın müəllifi olsa da, əsasən şair kimi tanınmamışdır və Azərbaycan şeir dilinin inkişafında əməli surətdə iştirak etməmişdir. Lakin Azərbaycan şeiri barədə çox fəal şəkildə kəskin mülahizələr söyləmiş, M.Füzulini “nazimi-ustad” adlandırmış, M.P.Vaqifə, xüsusilə Q.Zakirə böyük qiymət vermişdir. Mirzə Fətəli hansı dildə olursa olsun, söz sənətində - ədəbiyyatda, xüsusilə poeziyada məzmunla formanın vəhdətdə olmasını tələb edirdi: “İki şey şeirin əsas şərt- lərindədndir: məzmun gözəlliyi və ifadə gözəlliyi Həm məzmun gözəlliyinə, həm ifadə gözəlliyinə malik olan nəzm,
Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si və Hafizin divanı kimi, nəşə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar”. Azərbaycan ədəbi dili uğrunda mübarizə aparan Mirzə Fətəli özünün “Tənqid risaləsi” adlı məqaləsində ədəbi dilin ən kütləvi növü olan nəsr dilinin
nöqsanlarından bəhs edərək yazırdı: “...Nəsrdə qafiyə kəlamı çiy edir və mətanətdən salır. Bu qayda bizə ərəblərdən yadigar qalmışdır. Səkkiz yüz ilə yaxındır ki, işlənilməkdədir, lakin mütləq səhvdir. İndi bu... işdən əl çəkməmizin vaxtıdır. Çünki ...çoxlu təkrarlar əmələ gəlir və vacib olmayan artıq mənalar meydana çıxır, kəlamın aydınlığı da itir...”.
M.F.Axundzadə nəsr dili haqqında irəli sürdüyü bu mülahizələri öz əsərləri ilə dəqiqləşdirmiş, “Aldanmış kəvakib” əsəri ilə bədii nəsrin ilk nümunəsini yaratmışdır. Mütəxəssislərin fikrincə, əsərin dili klassik üslubdan folklor üslubuna, yaxud xalq dilindən milli dilə keçid xüsusiyyətlərini əks etdirir. M.F.Axundzadənin dramaturgiya dili, heç şübhəsiz, onun şeir və nəsr dilindən zəngindir. Prof. M.Cahangirov bu barədə belə yazmışdır: “M.F.Axundzadə dramaturgiya dili nümunələri timsalında ümumxalq Azərbaycan danışıq dilinin hələ XIX əsrin ortalarında çox böyük milli ədəbi dil potensialına malik olduğu kəşf edilmiş – o vaxtadək əsasən potensial vəziyyətdə olan xalq ədəbi dili üslub xətti Axundov qələmi ilə, mahiyyətcə, çoxsahəli, çoxüslublu milli ədəbi dil səviyyəsinə yüksəlmişdir” (4, s.169). Təsadüfi deyil ki, Mirzə Fətəlinin sintaksisinin xəlqiliyi ilə seçilən dram və povest dilində də mənzum hekayə və təmsillərin dilindən misal gətirilən qəbildən, bəzi məqamlarda isə kəmiyyətcə məhz həmin səviyyədə, kütləvi dairədə qeyri- işlək ərəb-fars sözlərinə və izafətlərinə rast gəlinir: Bavücudin ki, firəng və türki dilindən başqa özgə dil bilməzdi.
M.Fətəlinin ədəbi-bədii dili də, ədəbi-bədii dil barəsində elmi-nəzəri mülahizələri də yeni dövrün mədəni- ictimai əhval-ruhiyyəsini əks etdirir, milli təfəkkürün konkret dövrdəki tələblərindən irəli gəlirdi. Dövr, zaman realist dünyagörüşü, hadisələrə, tarixi proseslərə aydın nəzərlərlə baxmağı tələb edirdi – indi artıq faktı romantika dumanında gizlətmək, mətləbi mürəkkəbləşdirmək və bu mürəkkəblik içərisində itirmək milli marağa, cəmiyyət ehtiyaclarına qarşı idi; dil də həmin tələbata uyğunlaşırdı.
M.F.Axundzadənin ədəbi dil barədəki sistemli mülahizələri ancaq XIX əsr hüdudunda deyil, bütövlükdə yeni dövr miqyasında böyük hadisədir – onun qələmi ilə yeni Azərbaycan dili geniş fəaliyyət imkanlarına malik oldu, ən müxtəlif janrlar sahəsində ədəbi dilin xəlqiləşməsi, demokratikləşməsi, milliləşməsi dərinləşdi. Elə bir sabitlik yarandı ki, bundan sonra həmin sabitliyi pozmaq bir daha mümkün olmadı; XX əsrin əvvəllərində Azərbaycanda gedən dil proseslərini də M.F.Axundzadənin dil təcrübəsindən kənarda təsəvvür eləmək çətindir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın mədəniyyət tarixində misilsiz xidməti olan M.F.Axundzadədən bəhs edərək yazırdı: ”M.F.Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifəsini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda, gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir”.
Ədəbiyyat
1.
Axundov M.F.
Əsərləri. II
cild. Bakı,
1961
2.
Axundov M.F.
Əsərləri. III
cild. Bakı,
1962
3.
Cahangirov
M. Azərbaycan
milli ədəbi
dilinin təşəkkülü.
Bakı: Elm,
1978
4.
Heydər
Əliyev dil
haqqında və
Heydər Əliyevin
dili. Bakı:
Elm, 1998
5.
Y.Seyidov, S.Əlizadə.
Klassik Azərbaycan
şairləri söz
haqqında. Bakı,
1977
Açar sözlər: M.F.Axundzadə, ədəbi dil, əlifba, norma, orfoqrafiya.
Ключевые слова: М.Ф.Ахундзаде, литературный язык, алфавит, норма, орфография. Keywords: M.F.Akhundzade, literary language, alphabet, norm, orphografy.
Роль Мирзы Фатали Ахундзаде в развитии азербайджанского литературного языка Резюме
В статье речь идет о деятельности М.Ф.Ахундзаде, его борьбе за литературный язык. Дается обзор и анализ его научных концепций и взглядов на проблемы языка, в частности, на язык и письмо, на азербай- джанский литературный язык и его историю. Отмечается, что М.Ф.Ахундзаде верно определил основные принципы нового литературного языка. Последовательно отстаивая данные принципы, М.Ф.Ахундзаде вел интенсивную теоретическую и практическую борьбу за преобразование азербайджанского литературного языка, т.е. создание национального литературного языка.
Ценные мысли и суждения М.Ф.Ахундзаде, обстоятельно изучавшего проблемы языкознания своего времени, занимавшегося рядом теоретических и практических проблем литературного языка, письма, и по сей день не утратили своей актуальности.
Mirza Fatali Akhundzadeh`s role in the development of the Azerbaijani literary language Summary
The article deals with M.F.Akhundzadeh`s activity, his struggle for the literary language. The article contains the review and analysis of his scientific conseptions and views on the language problems, particularly on the problems of a language and writing, the Azerbaijani literary language and its history. It is noted that M.F.Akhundzadeh correct- ly determined the main general principles of the new literary language. Consistently upholding these principles M.F.Akhundzadeh intensively struggled for the transformation in theory and practice, i.e. for creation of the national literary language.
M.F.Akhundzadeh examined in detаiled the linguistic problems of that period, solved the theoretical and practical problems of the literary language and writing, and his worthwhile ideas and opinions are still urgent.
Rəyçi:
dos. Z.Nəbiyeva