İftixar hissi yaradan tarix
Tarix elmləri doktoru, professor, Milli Məclisin
deputatı Cəmil Həsənlinin Moskvada – «Filinti» və
«Nauka» nəşriyyatlarında Rus dilində çap
olunmuş 574 səhifəlik «Azərbaycan Demokratik
Respublikasının xarici siyasəti (1918-1920)» adlı
kitabı barədə
Ötən əsrin əvvəllərində Rusiya
imperiyası çökdükdən sonra - 1918-ci ilin 28
mayında Azərbaycan Demokratik Respublikasının (ADR)
yaradılmasıyla təkcə müsəlman aləmində
deyil, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə
olaraq parlamentli respublika idarəçilik formasının tətbiqinə
başlanıldı. Hədsiz dərəcədə
mühüm və böyük tarixi hadisə sayılacaq bu
olay həm də xalqımızın, xüsusilə də həmin
dövlətin qurucularının inkişaf səviyyəsinin,
gələcəyə baxışlarının bariz ifadəsi,
eyni zamanda, irqindən, dinindən, milli mənsubiyyətindən
və siyasi görüşlərindən asılı
olmayaraq, insan azadlığına sadiqliklərinin və ictimai
münasibətlərin ədalətli tənzim edilməsinin tərəfdarı
olduqlarının əyani təcəssümü, sübutu
idi. Çünki yalnız bu idarəçilik formasında
hakimiyyət qolları qanunlara, hüquqa və onların barəsində
formalaşmış ictimai fikirə söykənir, deməli,
zorakılıq, məmur
özbaşınalığı, suçsuz təqiblər
inkar edilir, kütləvi hakimiyyət qanun və hüquq,
xalqın idarəçilikdə şəxsi
iştirakının və vətəndaş ləyaqətinin
təmin edilməsi əsasında həyata keçirilir. Məhz parlamentli respublika idarəçilik
formasında məzmunca azadlıq kimi anlaşılan demokartiya
inkişaf edir, hüquqi dövlətin mahiyyət əlamətləri
– hakimiyyətin bölünməsi və qanunun aliliyi
mümkün olan həddə və həcmdə həyata
keçirilir ki, bu da müvafiq olaraq, respublika idarəçilik
formasını hörmətdən salan siyasi ambisiyaların
qarşısını alır.
ADR-in parlamentində də bütün
azsaylı xalq və etnik qrupların, siyasi partiyaların
nümayəndələri təmsil olunurdular. Seçkilər və təhsil
haqqında qanunlar bu dövlətdə qəbul olunan ilk
qanunlardan idi. Azərbaycanda yaşayan
bütün millətlərdən, etnoslardan və hər iki
cinsdən olan vətəndaşlara bərabər seçki
hüququ verilirdi. Beləliklə, Azərbaycan
bütün Şərqdə qadınlara seçib-seilmək
hüquq verən yeganə dövlət idi.
Parlamentdə olduğu kimi, hökümətdə
də başqa xalq və etnoslardan olan vətəndaşlara
nazir səviyyəsinədək təmsilçilik imkanı
verilmişdi.
İdarəçilikdə yalnız qanunun
aliliyini rəhbər tutan bu hakimiyyət Bakı şəhərinin
azad olunması zamanı törədilən cinayətlərə
erməni millətçilərindən fərqli olaraq, göz
yummadı, təqsirli şəxsləri cəzalandırdı
- 100-dən artıq müsləman dar ağacından
asıldı və ya güllələndi.
O zaman İngiltərənin hərbi jurnalisti olan Skotlənd
Liddelin ölkəsinə göndərdiyi hesabatında qeyd
edirdi ki, Azərbaycan dövləti, həqiqətən,
Zaqafqaziyanın digər xalqları üçün nümunə,
örnəkdir (səh.382). Bu dövləti idarə
edənlər də, xaricilərin etiraf etdikləri kimi,
qabaqcıl təhsil sahibləri olan, geniş
dünyagörüşlü, demokratik təfəkkürlü,
vətəninə, xalqına bağlı, Azərbaycanın
müstəqilliyi uğrunda mübarizdə mətinləşmiş
ziyalı təbəqəsi idi.
Bədxahlarımız bütün dünyaya bizi «vəhşi»,
«geridə qalmış», «özünüidarəetmə
qabiliyyəti olmayan» xalq kimi təqdim etsələr də, təkcə
23 aylıq ADR-in fəaliyyətinə nəzər salmaq kifayətdir
ki, barəmizdə yaradılmış mənfi təəssürat
və təsəvvürlər tamamilə alt-üst olsun. Axı bu bir həqiqətdir ki, «vəhşi, geridə
qalmış xalq» heç vaxt hər bir şəxsin ləyaqətli
həyat şəraitinə malik olması, onun azadlığı,
şəxsiyyətini dövlətlə və cəmiyyətin
digər üzvləri ilə qarşılıqlı
münasibətlərində, habelə dövlətlər və
xalqlar arasında əlaqələrdə ədalət
prinsipinin təntənəsi istiqamətində fəaliyyət
göstərən kütləvi siyasi hakimiyyəti təşkil
edə, yarada bilməzdi.
Beləliklə, 23 ay ömür sürən
ADR bizim ən böyük və misilsiz dəyərli siyasi,
hüquqi, mənəvi sərvətimiz, dəfinəmizdir. Biz, sadəcə, necə
bir tarixi sərvətə, dəfinəyə malik
olduğumuzu bütün dünyaya çatdırmağa
çalışmalıyıq.
Hesab edirəm ki, görkəmli alim-tədqiqatçı,
xüsusən də böyük saxtalaşdırılmalara məruz
qalmış son 100 illik Azərbaycan tarixinin dəqiq
araşdırıcısı və bu sahədə əvəzedilməz
kitablar müəllifi olan professor Cəmil Həsənlini belə
bir fundamental əsəri yazmağa sövq edən də məhz
bu istək, bu arzu, bu niyyət olub. Bəribaşdan
demək istəyirəm ki, Cəmil müəllim
qarşısına qoyduğu məqsədə çox
böyük məharətlə nail olub.
ADR-in xarici siyasətinin əsas məqsədi,
ana xətti yaranmış dövləti dünyaya təqdim
etmək və onun müstəqilliyini Paris Sülh
Konfransının Ali Məclisində tanıtmaq idi. Bu fəaliyyət çox
çətin və mürəkkəb, hədsiz maneələri
dəf etmək şəraitində keçirdi. Bütün bunlara baxmayaraq, bu siyasət uğurla
başa çatdırıldı. Cəmil
müəllim əsərində bu mübarizəni çox
gözəl təsvir edib.
Girişdən, 14 fəsil və çox məzmunlu
tərtib edilmiş nəticədən ibarət olan bu tədqiqat
əsəri, şübhəsiz, fundamental xarakter
daşıyır. Mən əsəri fəsil-fəsil və müfəssəl
təhlil etmək istəyindən uzağam. Hesab edirəm ki, heç buna ehtiyac da yoxdur. Çünki Cəmil müəllim indiyəqədərki
orijinal əsərləri sayəsində öz elmi sifətilə
təkcə Azərbaycanda deyil, dünyada etiraf olunan əsl tədqiqatçı-alimdir.
O bu əsərində də ADR-in xarici siyasətini mürəkkəb
və çoxtərəfli tədqiqat obyekti kimi təhlil
edir, bu təhlildə kompleks və sistemli tədqiqat metodlarından
istifadə etməyin yüksək ustalığını
nümayiş etdirir. Nəticədə, hədsiz
dərəcədə geniş materiallar vahid fikir, ideya ətrafında
elə nizamla birləşdirilir ki, bir-birlərindən
çox aralı olan hadisələr eyni məntiqi sapla birləşərək,
gözlənilməz və yeni görkəm alır. Oxucunun gözləri qarşısında mozaikalı
gözəl tablo canlanır ki, burada hər hansı fikir dənəsi
öz-özlüyündə heç bir yeniliklə fərqlənmir,
ancaq başqaları ilə çulğalaşanda problemin
orijinal, dəqiq, doğrudan da inandırıcı
obrazını yaradır, tamamlayır.
Professor Cəmil Həsənli əsl tədqiqatçı-alim
olaraq, hər bir hadisəyə, prosesə bəzi
yalançı «qəhrəmanlar»
kimi bugünün tələblərindən deyil
(kitabın 13 və 110-cu səhifələrində qeyd olunub),
o dövrün ölçüləri, şəraiti, qüvvələr
nisbəti baxımından qiymət verir və haqlı olaraq
qeyd edir ki, ADR-in yaradıcıları problemlərin
ağırlığını çiyinlərində çəkən,
öz dövrlərinin imtahanlarından
üzüağlıqla çıxan tarixi şəxsiyyətlərdirlər.
Onlar öz millətini, xalqını başqa
dünyanın qabaqcıl xalqları səviyyəsinə qaldıraraq,
demokratik prinsiplərə əsaslanan dövlət
yaratdılar, gələcək nəsillərə Vətənə
təmənnasız xidmət göstərməyin, azadlıq
ideyalarına sədaqətin gözəl nümunəsini qoyub
getdilər.
Kitabın uğuru bir də onunla təmin olunur ki, Cəmil
müəllim açıq təfəkkür sahibi kimi,
topladığı sayısız-hesabsız mənbələri
bu barədə söylənilən fikir və mövqeləri
heç bir ideoloji mülahizələrə tabe etmədən,
hər hansı siyasi konsepsiyaya uyğunlaşdırmadan,
öz tənqidi fikir süzgəcindən keçirir,
mübahisələrdən qaçmır. Əksinə, əksər
hallarda onlara özünün əsaslandırılmış
və buna görə də inandırıcı mövqeyini
açıqlayır: bura həm Bakının azad
olunmasında baş vermiş cinayətlər nəticəsində
öldürülən ermənilərin süni surətdə
sayının artırılması məsələsi, ADR-in
Denikinə münasibəti barədə Sovet
tarixşünaslığında mövcud olan yanlış
fikirlər və s. daxildir.
Əsərin üstünlüyü bir də
elmi ictimaiyyətə çoxsaylı yeni materialların təqdim
edilməsində, mənbələrin, qaynaqların
açıqlanmasındadır.
Kitabda 1918-ci ilin 15 sentyabrında
Bakının düşməndən azad edilməsi
uğurunda mübarizəyə, haqlı olaraq, geniş yer
verilir. Doğrudan
da, bu çox mühüm və taleyüklü tarixi hadisə
idi. Erməni millətçiləri və onların bəlli
havadarları Bakını Azərbaycandan qopartmaq məqsədilə
qanlı terrora əl atmaqla müsəlman əhalisini
qıraraq demoqrafiq
vəziyyəti öz xeyrlərinə dəyişmək
və beləliklə, də Azərbaycan xalqının gələcəyini
əlindən almaq istəyirdilər.
Bakı isə Azərbaycanın döyünən ürəyidir,
ürəksiz can necə yaşaya bilərdi? Hesab
edirəm ki, Bakını bizə qaytaran o qəhrəman həmvətənlərimizə
daim minnətdar olmalı və bunun ifadəsi olaraq, 15
sentyabrı Azərbaycanın gələcəyinin təminatı
kimi, dövlət səviyyəsində bayram günü elan
etməliyik.
Kitabda Paris Sülh
Konfransında 15 nəfərlik Azərbaycan nümayəndə
heyətinin (Ə.M.Topçubaşov – nümayəndə heyətinin
rəhbəri; A.Hacınski, Ə.Ağayev, Ə.Şeyxislamov
– nümayəndə heyətinin üzvləri; M.Məhərrəmov,
M.Mehtiyev, C.Hacıbəyli – məsləhətçilər; Ə.Hüseynzadə,
V.Marçevsikiy - əməkdaşlar); S.Məlikov və Ələkbər
bəy Topçubaşov – katib; A.Qafarov (fransız dili),
Q.Qafarov (ingilis dili), T.Məmmədov (fransız və türk
dilləri) – tərcüməçilər; Rəşid bəy
Topçubaşov – nümayəndə heyəti
başçısının şəxsi katibi) 2,5 mln. maliyyə
xərci ilə (müqayisə üçün qeyd edim ki, erməni
nümayəndə heyətinə 10 mln., gürcülərə
isə 5 mln. ayrılmışdı – səh. 247) nəhəng
işləri tədqiq olunur və hərətərfli
bütün incəlikləri ilə oxucuya
çatdırılır. Bu iş özü də beynəlxalq
əlaqələri hədsiz güclü olan ermənilərin
və onların havadar və tərəfdarlarının ciddi
müqaviməti şəraitində, onların bilərəkdən
yazdıqları yalanları təkzib etmək, ancaq və ancaq
həqiqətləri təbliğ etmək yolu ilə edilirdi.
Mən bu fəaliyyətlə bağlı təkcə 14
bölmədən ibarət olan «Qafqaz Azərbaycan
Respublikasının nümayəndə heyətinin Paris
Sülh Konfransına memorandumu»nu oxucuların diqqətinə
çatdırmaq istərdim.
İnsan inana bilmir ki, qısa müddətdə, «Azərbaycanın
yaranması – müstəqil xanlıqlar və onların
süqütü»; «Azərbaycanın yerli əhalisi,
onların keçmiş Rusiya imperiyasına münasibəti»;
«Zaqafqaziya seymi və federasiya, onların zəifləməsi və
süqütü»; «Azərbaycan Respublikasının hökuməti
– onun paytaxtı Bakı»; «Azərbaycanın bolşeviklərlə
mübarizəsi, bolşeviklərin və ermənilərin
hücumu»; «Azərbaycan xalqının bolşevik və erməni
basqınlarına qarşı mübarizəsi, bolşeviklərin
və ermənilərin birgə cinayətləri»; «Ermənilər
və bolşeviklər tərəfindən
dağıdılmış Azərbaycanın bərpası,
müttəfiq qoşunlarının
Bakıya girməsi, Azərbaycan parlamentinin təsis edilməsi
və fəaliyyəti, Azərbaycan Respublikasının ərazisi
və əhalisi»; «Azərbaycanın müstəqil siyasi
yaşama hüququ, Qafqaz respublikalarına münasibəti»;
«Millətlər liqası, azərbaycanlıların münasibəti»;
«Bolşeviklərlə mübarizə, türklərə
müraciət»; «Azərbaycan nümayəndə heyətinin
Paris Sülh Konfransına tələbləri və ümidləri»
kimi çoxsaylı məsələləri əhatə edən
bir sənədi fransız və ingilis dillərində necə
hazırlamaq və yaymaq olardı…
İlyas İsmayılov
Bizim yol.- 2010.- 4 avqust.-
S.13.