ÜRƏYİ QIZDIRAN XATİRƏLƏR
Şıx - Əli Qurbanov - 85
Təxminən 35 ildən
sonra Şıx-Əli Qurbanov kimi şəxsiyyət
haqqında xatirələri danışmaq və ya yazmaq asan
iş deyildir. Lakin bu böyük insan bir elmi müəssisədə
işlədiyimiz 4 ilə yaxın müddətdə
özünün ibrətamiz xarakteri, gözəl
davranışı, səmimiliyi və hamıya nümunə
ola biləcək çoxlu digər insani keyfiyyətləri ilə
zehnimdə, xatirimdə silinməz bir iz qoymuşdur. Və mən
bu böyük şəxsiyyət haqqında yadımda
qalanları məmnuniyyətlə danışıram.
60-cı illərin əvvəllərində
Şıx-Əli Qurbanov xalq arasında həm şair və
yazıçı, həm də dövrün ən cəsarətli
və qorxmaz Azərbaycanlısı kimi
tanınmışdı. Danışırdılar ki, o raykomun
1-ci katibi işləyəndə, xüsusən Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsində ən böyük və məsul bir şöbənin rəhbəri
olanda da Kremldə Azərbaycanın milli ləyaqətini
müdafiə etməkdən heç vaxt çəkinmirmiş,
vəzifəsindən məhrum ediləcəyindən qorxmadan
xalqımızın milli adət ənənələrinin,
milli sərvətinin qorunması uğrunda Kremldə oturan yüksək vəzifəlilərə
etirazını bildirirmiş. Görünür, bu qürurlu
Azərbaycanlının mətinliyi,
barışmazlığı o vaxt Kremlin xoşuna gəlməmişdi
və buna görə də
Şıx-Əli Qurbanov Azərbaycan KP MK şöbə
müdirliyindən kənar edilmişdi. Kremlə müti
icraçılar lazım idi.
Mən
o vaxtlar Azərbaycan Elmlər Akademiyasının Nizami
adına Dil və Ədəbiyyat
institutunda Dil tarixi şöbəsinin müdiri işləyirdim.
Bu elmi-tədqiqat institutu
indiki Nizami muzeyinin
binasında 3 və 4-cü mərtəbələrdə yerləşirdi.
Bir
gün işə gələndə məlum oldu ki, Azərbaycan
SSR EA Prezidiumunun qərarı ilə
Dil və Ədəbiyyat institutunda
ədəbi əlaqələr şöbəsi
yaradılmışdır və bu şöbənin müdiri
Şıx-Əli Qurbanov təsdiq edilmişdir. Hamı deyirdi
ki, Azərbaycan SSR EA-nın prezidenti, akademik Yusif
Məmmədəliyev həmin şöbəni ancaq Şıx-Əli müəllimin
xatirinə, onun cəsarət və qorxmazlığına,
alimliyinə böyük ehtiram əlaməti olaraq
açmışdır.
Beləliklə,
Şıx-Əli müəllim Dil və Ədəbiyyat institutuna gəldi və bu gəlişi
ilə həmin tədqiqat institutunun qiymətini, dəyərini,
nüfuzunu əsaslı şəkildə artırdı. Mənim
də Şıx-Əli müəllimlə
tanışlığım o vaxtdan başladı.
Çox az müddətdə Şıx-Əli
müəllim İnstitutda hamının sevimlisi oldu,
hamının rəğbət və məhəbbətini
qazandı. Çox çəkmədi ki, ədəbi əlaqələr
şöbəsi institutun ən məhsuldar şöbəsi
oldu. Şıx-Əli müəllim Azərbaycan ədəbiyyatını,
onun tarixini çox gözəl bilirdi.
Şıx-Əli
müəllim böyük
ürək sahibi idi. Onun humanizminin həddi-hüdudu yox idi. Uşaqları lap çox sevirdi.
Bir dəfə də iyun
ayının əvvəllərində həmişəki kimi
işdən
çıxarkən Şıx-Əli müəllim təklif
etdi ki, bulvarda bir az gəzək. Şıx-Əli
müəllim, Kamran Məmmədov, Məsud Vəliyev (Məsud
Əlioğlu), mən bulvara tərəf yollandıq.
Şıx-Əli müəllim dedi ki, o yaxşı
ayaqqabı axtarır və buna görə Univermağın
(indi köhnə univermağ adlanır) ayaqqabı şöbəsinə
baxmalıdır. Biz yolumuzu oradan saldıq.
Univermağa çatanda Şıx-Əli müəllim dedi
ki, siz məni gözləməyin, yavaş-yavaş gedin, mən
özümü sizə çatdıraram. Yadıma
düşdü ki, mənə də yay ayaqqabısı
lazımdır. Mən də ona qoşulub
ayaqqabı şöbəsinə getdim. Ayaqqabılara
baxa-baxa şöbəni gəzirdik. Birdən bir uşaq səsi diqqətimizi cəlb etdi. Hər ikimiz dönüb baxdıq. Təxminən 7-8 yaşında bir qız
uşaqı içərisində qırmızı rəngli
ayaqqabı olan bir qutunu bərk-bərk tutub buraxmırdı,
yanındakı təxminən 28-30 yaşında bir rus
qadını qutunu onun əlindən alıb satıcıya
qaytarmaq istəyirdi. Qız uşağı isə
ağlaya-ağlaya deyirdi: «Mama,
xoçu, ə xoçu». Anası isə ona yavaşca
deyirdi: «Milaə, seyças u
menə net deneq, koqda budut denğqi, ə tebe kuplö takie je botinki». Şıx-Əli müəllim də bu sözləri
eşidirdi.
Bir də gördüm ki, Şıx-Əli
müəllim sürətlə satıcıya
yaxınlaşdı, ona nə isə dedi, qızın
kiçik əllərini qutuya sıxdı və qutunu onun
qucağına qoyub mehriban-mehriban rusca dedi: «Bu ayaqqabı sənindir,
bunu mən sənə bağışlayıram». Sonra
üzünü qızın anasına tutub səmimilikdə
rus dilində dedi: «Xahiş edirəm etiraz etməyəsiniz. Bununla, inanın ki, məni hədsiz sevindirərsiniz.
Uşaq qəlbini sevindirməyə mənə imkan verdiyinizə
görə ömrüm boyu sizə minnətdar olaram».
Qadın qəribə
hal keçirirdi, onda həm qəti etiraz, həm tərəddüd,
həm də özünü itirməsi hiss olunurdu. Amma Şıx-Əli müəllimin
səmimiliyi, saflığı qalib gəldi. Qadın
başını aşağı dikdi, qızının əlindən
tutub yavaş-yavaş gedərkən onun dilindən bu sözləri
eşitdik: «Oqromnoe vam spasibo, dobreyşiy çelovek». Qız bir əli ilə qutunu sinəsinə bərk-bərk
sıxmış, digər əli ilə anasının əlindən
tutmuşdu. O gedə-gedə bir dəfə dönüb
Şıx-Əli müəllimə baxdı,
gözünün yaşı qurumuşdu, baxışında
sonsuz sevinc və uşaqlara məxsus bir minnətdarlıq var
idi. Şıx-Əli müəllim ona gülümsədi, əlini
yellədib onunla
xudahafizləşdi. Şıx-Əli müəllim
qızdan və anasından da çox sevinirdi. Hər ikimiz bulvara tərəf yeridik. Bir qədər hər ikimiz tam sakit halda yeridik.
Elə bil hərə öz aləmində idi.
Mən Şıx-Əli müəllimin gözəl
hərəkəti haqqında düşünürdüm, bəs
Şıx-Əli müəllim nə düşünürdi?
Birdən Şıx-Əli müəllim üzünü mənə
tutub çox ciddi şəkildə dedi: «Səndən təkidli
bir xahişim var: ayaqqabı şöbəsindəki hadisə
haqqında heç kəsə və bulvarda bizi gözləyən
dostlara da danışma». «Sizi çox yaxşı başa
düşürəm, narahat olmayın» - dedim və bu insana heyran qaldım! Ürəyimdə
fikirləşdim ki, Allah bilir, Şıx-Əli müəllim
bu vaxta qədər tanıdığı və
tanımadığı insanlara nə qədər ancaq
Allahın bildiyi yaxşılıqlar etmişdir! Şıx-Əli
müəllim etdiyi
yaxşılığı heç
vaxt dilinə gətirməyən nadir
insanlardan idi.
Şıx-Əli
müəllim çox qeyrətli, namuslu, haqsızlığa
dözməyən mərd bir insan idi. Bir dəfə Şıx-Əli müəllim
bərk soyuqlamışdı və evdə yatırdı.
İş yoldaşlarından bir neçə nəfərimiz
evinə onu yoluxmağa getdik. Şıx-Əli
müəllim hətta durmaq istəyirdi. Lakin
biz razı olmadıq, balışa söykənib bizimlə
söhbət etməyinə razılaşdıq. Bir anda Xavər xanım stolun üstündə zəngin
bir çay süfrəsi açdı. Çox
gözəl çay dəmləmişdi, mürəbbələrdən
doymaq olmurdu. Xavər xanım bizim hamımıza
çox səliqəli və qonaqsevən bir ev
sahibəsi təsiri bağışladı... Kimsə
Şıx-Əli müəllimə partiya vəzifəsində,
xüsusən raykomun birinci katibi işlədiyi dövrə
aid bir sual verdi. Şıx-Əli müəllim
suala cavab verdi, sonra da başına gəlmiş
belə bir əhvalat danışdı: «Voroşılov rayonu
- Bakının ən böyük rayonunun partiya komitəsinin
birinci katibi işləyirdim. İşim həddindən
artıq çox olsa da, şikayətə, xahişə və
s. üçün yanıma gələnləri
çalışırdım ki, mümkün qədər
çox qəbul edim və imkan daxilində kömək
göstərim. Bir gün səhər işə gəldim,
binaya daxil olanda bir yaşlı, ağbirçək qadın
tez mənə yaxınlaşdı və dedi ki, oğul, sənə
qurban olum, məni qəbul et, dərdimə
qulaq as. Qadının üzündən nur
yağırdı. Anam yadıma
düşdü. Qadının qolundan tutub kabinetimə gətirdim.
Köməkçiyə tapşırdım ki,
heç kəsi mənim yanıma buraxma. Qadını yumşaq stulda oturtdum,
özüm də onunla üzbəüz oturub dedim, ana, səni
eşidirəm, dərdini mənə danış. Qadın ah
çəkib dedi ki, mənim oğlum dənizdə işləyirdi,
üç ay bundan əvvəl həlak oldu. İki
xırda uşağı və cavan gəlini mənim öhdəmə
qoydu getdi. İşdə ev
uçotunda (qeydiyyatında - red.) var idi. Sağ olsunlar, bir
aydır ki, ona ikiotaqlı ev ayırıblar, ispolkomun (icraiyyə komitəsinin -
red.) qərarı da var. Amma order verən idarənin bir
insafsız müdiri var, bir aydır gəlinimi get-gələ
salıb, orderi yazıb vermir. Oğul, məni
bağışla, gəlinimə deyir ki, ya mənimlə
görüşməlisən, ya da pul verməlisən. Yoxsa mənzil görən deyilsən.
Ağbirçək
qadının bu sözünü eşidəndə qəzəbimdən
bilmirdim nə edim. Dedim, ana, gəlininlə
mənim yanıma gələ bilərsən? Dedi ki, gəlinimlə
gəlmişəm, o küçədə məni gözləyir.
Köməkçini
ona qoşdum, gedib gəlini gətirdilər. Gəlinə dedim
ki, bu gün get onunla danış, soruş nə
qədər pul istəyir və de ki, istədiyi pulu gətirəcəksən.
Sonra da bu ana ilə gəl, mənə onun istədiyi
pulun miqdarını və pulu ona verəcəyin yeri de.
Köməkçimə
tapşırdım ki, bu iki nəfər bu gün nə vaxt
bura gəldilər, birbaşa mənim yanıma gətir.
Təxminən axşam çağı - saat 7-də gəldilər.
2000 manat (sovet pulu nəzərdə tutulur - red.) pul
istəmişdi, pulu sabah səhər saat 11-də Nizami
kinoteatrının kassalarının yanında ona verəcəkdi.
Hər ikisinə dedim qəbul otağında bir qədər
gözləsinlər. Onlar çıxandan sonra raykomun
bütün işçilərini kabinetimə
yığdım və dedim kimin cibində nə qədər
pul var nömrəsini və miqdarını yazıb
özündə saxlasın, pulları mənə versin. Yaşlı qadınla onun gəlinini otağıma
çağırdım. 2000 manatı onlara verdim və gəlinə
dedim ki, buraya gəldiyinizi heç kəs bilməsin, cəsarətli
ol, sabah vəd olunmuş yerdə çəkinmədən
pulu ona ver.
Sabah səhər saat 10:45-ə raykomun
büro iclasını çağırdım.
Milis rəisinə və prokurora
tapşırdım ki, pulu alan kimi o
namussuzu tutub düz büronun iclasına gətirərsiniz. Ertəsi
gün düz saat 10:45-də büronun iclasını
açdım, məsələni büro üzvlərinə
danışdım və dedim ki, indilərdə o
vicdansızı milis rəisi ilə prokuror buraya gətirməlidirlər.
Sözümü qurtarandan sonra 2 - 3 dəqiqə keçmədi ki,
qapı açıldı və
milis rəisi ilə
prokuror bir yekəpər cavan kişini büro
iclasına saldılar...
Prokuror sanksiya verdi,
milis rəisi də buradan bu qeyrətsizi, namussuzu düz həbsxanaya
apardı.
Büro
qurtardı. Bir saat keçmədi ki, mənə yuxarı vəzifəlilərdən
telefon zəngləri başlandı. Məlum
oldu ki, bu, başqasının namusuna göz dikmiş, qeyrətsiz, böyük
vəzifəli bir şəxsin yaxın qohumudur.
Çox
xahişlər, təkidlər, hətta hədələr
eşitdim ki, onun bu hərəkətinin üstündən
keçim və o buraxılsın. Razılaşmadım. O, cəzasını
aldı. «Kommunist» və «Bakinskiy raboçiy» qəzetlərində
məlumat verildi ki, Azərbaycan KP MK rüşvətxorlara
qarşı amansız mübarizə aparır və bu
mübarizənin uğurlu nəticəsi kimi bir rüşvətxor
ifşa edilərək həbs olunmuşdur».
Şıx-Əli
müəllim çox qayğıkeş,
övladlarını hədsiz dərəcədə sevən
bir ata idi. Dəqiq
yadımda deyil, o vaxt qızı Gülnara 6 ya 7-ci sinifdə
oxuyurdu. Bu yadımdadır ki, Şıxəli
müəllim qızı Gülnaranın yazdığı
inşa işinin birinci yer götürməsini iftixarla
danışırdı. Şıx-Əli
müəllimlə son görüşüm səhv etmirəmsə,
1967-ci ilin əvvəllərində, artıq o, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsində
işləyərkən olmuşdur.
Astara rayonunda o vaxt çox yaxşı
işləyən bir qohumumu raykom katibinə «haqq» vermədiyi
üçün partiyadan çıxartmışdılar. Qohumuma qarşı ədalətsizlik edildiyinə əmin
olduğum üçün Şıx-Əli müəllimə
zəng vurub xahiş etdim ki, görüşək. Məni öz kabinetində, yəni MK katibinin kabinetində qəbul
etdi. Şıx-Əli müəllim bu böyük vəzifədə
dəyişməmişdi: məni görən kimi yerindən
durub irəli gəldi, məni qucaqladı və dedi: - Soyuqdəyməm
olmasaydı - səni öpərdim!
Yenə
də həmin səmimi, mehriban Şıx-Əli müəllim
idi. Vəzifə onu dəyişməmişdi. Siqaret qutusunu
çıxardı, mənə təklif etdi, dedim, bilmirsiniz
ki, mən çəkən deyiləm? Xeyli söhbət etdi.
İşimi, iş yoldaşlarımı soruşdu, çox
mehriban sözlər dedi. Mən qohumum haqqında ona
danışdım. Dedi ki, narahat olma, əgər qohumun sən
deyən kimi təmiz adamdırsa, ədalət yerini tapacaq. Məni
qapıya qədər ötürdü, ayrılanda da məni
qucaqladı. Və ayrıldıq. Sən demə bu son
görüşümüz imiş. Bir neçə gün
keçdi. Bir gün səhər işə gəlmişdim. Dəhşətli
bir xəbər gəldi: Şıx-Əli Qurbanov vəfat
edib. Heç kəs inanmaq istəmirdi. Lakin dəhşətli
xəbər, sən demə, doğru imiş. Qadın
işçilər açıq-aşkar
ağlayırdılar, kişilər isə hərəsi bir küncə
çəkilib hönkürürdü. Bütün Azərbaycan
ağlayırdı - namuslu, qeyrətli oğlunu itirdiyinə
görə. Allah sənə rəhmət eləsin
Şıx-Əli müəllim!
Adətən,
bir təbii fəlakət baş verəndə deyirlər ki,
Allahın camaata qəzəbi tutub. Mənə belə gəlir
ki, Allahın bir xalqa qəzəbi tutanda onun Şıx-Əli
Qurbanov, Yusif Məmmədəliyev, Səməd Vurğun kimi
oğullarını tez, vaxtından əvvəl əlindən
alır! Xalq üçün ən böyük fəlakət budur!
14 yanvar
2001-ci il
Mirzə Rəhimov,
filoloji elmlər doktoru,
professor
Bizim yol.- 2010.- 14 avqust.- S. 15.