Mollavəli -doğma kəndim…

 

(Füizuli rayonunun  işğalından 17 il keçdi)

 

23 avqust 1993-cü il tarixdə Füzuli şəhəri və rayonun 40-a yaxın kəndi erməni hücumu nəticəsində işğal edildi. Artıq həmin təqvimdən 17 il ötur. Bu illər füzulililər yüz dəfələrlə doğma torpaqlarının bu günya sabah isğaldan azad olunacagına ümidləniblər, hər dəfə də umsuq olublar...

1993-cü ilin o qanlı-qadalı yay günlərində Füzuli rayonunun cənnətməkan bir diyarı olan mənim doğma kəndim, Mollavəli də isğala məruz qaldı. 2 iyul 1993-cü il tarixdə rayonun Yuxarı Güzlək və Qaradağli kəndləri isğal ediləndə onlardan 3 km aralıda yerləşən bizim kənd üçün də çətin vəziyyət yarandı. Erməni quldurlarının cəmləşdiyi Məlikcan yüksəkliyi də kəndimizin lap yaxınlığında, cəmi 2 kilometrliyində idi. Bəli, kəndimiz sözun əsil mənasında səngər olmuşdu.Kəndin kişiləri, xüsusilə də cavanlar quş tüfəngi ilə olsa da, səhərə qədər yatmayaraq  mövqelərdə keşik çəkirdilər, kəndi qoruyurdular. 1992-ci ilin yaz-yay aylarında kəndimizin müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən kəndə əsgərlər, xüsusən də topçular gətirildi. İnsaf naminə demək lazımdır ki, bu  vətənpərvərlər də  bizimlə birlikdə kəndin müdafiəsində mərdliklə, qeyrətlə dayanırdılar. Hətta onlar bizə bildirirdilər ki, nə qədər biz burada, sizin yanınızdayıq ermənilər kəndə fəal hücum əməliyyatlarına keçə bilməzlər...

O zamanlar mən AXC Füzuli rayon şöbəsinin Mollavəli kənd dayaq dəstəsinin sədri idim.Mütəmadi olaraq, kəndi qoruyan əsgərlərin yanında olurdum, onların, əsasən məisət problemlərinin həll olmasına köməklik göstərirdim. Bu əsgərlərin əksəriyyəti ali təhsilli idilər.1992-ci ilin ikinci yarısında rayon icra hakimiyyəti tərəfindən ucqar cəbhə kəndlərinə ərzaq yardımı paylanırdı. Mollavəli kəndində yardımların kənd camaatına catdırılmasına şəxsən özüm rəhbərlik edirdim. Kəndimizə köməyə gəlmiş topçu əsgərləri də unutmurduq. Hər birimiz onlara kömək etməyə çalışırdıq. Onların müəyyən problemlərinin həll olunmasında mənimlə bərabər həmkəndlilərimizdən Baloğlan Məmmədov, Arif Alışov,  Habil Məmmədov, Hafiz Səfərov, Gündüz Məmmədov, Məhəmməd müəllim xüsusi fəallıq göstərirdilər.Baloğlan onların qidalanmasına, təmizliyinə xüsusi diqqət ayırırdı.16 yaşlı Firəddin Səfərov silah götürüb əsgərlərlə birgə kəndin müdafiəsində iştirak edirdi. Sonradan avtomat götürüb özünümüdafiə dəstələrinə qoşulub torpaqlarımızın azadlığı uğrunda vuruşan Məhəmməd müəllim demək olar ki, hər gün əsgərlərlə bir yerdə olurdu. O, əsgərlərlə bizim tez-tez şəkillərimizi çəkirdi. Kəndin hər bir sakini bizə köməyə gəlmiş topçu əsgərlərə qayğı ilə yanaşırdı.Onların komandiri bu qayğıya görə camaatımıza təşəkkürünü bildirirdi.Topçular bizə onu da deyirdilər ki, əgər bizi bu mövqelərdən başqa yerə aparsalar və buralar artilleriyasız qalsa, sizin kənd və ətraf yaşayış məntəqələri düşmənin əlinə kecə bilər.

Sonralar həmin topçular müəmmalı şəkildə tutduqları mövqelərdən çıxarıldılar və bundan az sonra kəndimiz, eləcə də qonşu kəndlər və Füzuli şəhəri düşmən caynağına keçdi. Mənim üçün böyük maraq kəsb edən məqamlardan biri, kəndimiz işğal olunarkən ətraf yaşayış məntəqələrində, mövqelərdə kifayət qədər sayı olan tankların və topların müəmmalı susması oldu. Kəndin müdafiəçilərinin qüvvəsi isə təpədən-dırnağa qədər silahlanmış erməni-rus hərbi qüvvələrinin qarşısında davam gətirə bilməzdi. Döyüşçülərimiz bütün bunlara baxmayaraq vuruşdu. Şəhid olanlarımız, yaralananlarımız da oldu. Amma heyif ki, erməni-rus hərbi qoşunlarının hücumu və öz daxilimizdə müəyyən dairələrin ərazilərimizin işğal olunmasında müəmmalı maraqları nəticəsində doğma torpaqlarımız erməni quldurları tərəfindən zəbt edildi. Hazırda  Mollavəli kənd məktəbi şəhid Bəhram Məmmədovun adını daşıyır.

Bakıda, Sumqayıtda, Gəncədə və başqa ərazilərdə bəzi ağzıgöyçəklər indinin özundə də ağzını Allah yoluna qoyub çayxanalarda, müxtəlif nəqliyyat vasitələrində, dahabilim haralarda ərazisi isğala məruz qalmış əhali haqqında “Ermənilər gəlməmiş qaçdınız” və s. kimi təhqiramiz ifadələr, fikirlər səsləndirirlər. Halbuki, 1988-ci ildən 1993-cü ilə, işğala qədər olan 5 il müddətində camaat topun, tüfəngin, raket mərmilərinin altında duruş gətirə bilmişdir. Ona da təəssüflənirəm ki, hələ də bəzi məmurlar, dövlət rəsmiləri torpaqlarımızı işğala məruz qoyan, minlərlə günahsız insanların ölümünə səbəb olan müharibəni, hətta televiziya məkanından münaqişə və ya konflikt kimi qələmə verirlər.

Yuxarıda qeyd etdiyim fikirlər daxilimdə məni düşündürən və narahat edən hisslərin məhsuludur. Inanıram ki, böyük Qələbə çox da uzaqda deyil! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!

 

 

Vaqif  Alışov

 

Bizim yol.- 2010.- 21 avqust.-S. 15.