Süleyman müəllim haqqında həzin qış nağılı

 

Professor Süleyman Əliyarlının 80 illiyinə

 

Bu ilin dekabr ayında professor Süleyman Əliyarlının 80 yaşı tamam olur. Bu böyük alim və təkrarsız müəllim haqqında kiçik bir yzı yazmağı düşünürdüm. Lakin vaxt olmadığından hər dəfə bu yazını sabahki günün planına keçirməli olurdum. Ötən həftə Parisdən qayıdanda hava çox buludlu idi. Bir gün əvvəl möhkəm qar yağmışdı. Günəşdən əsər-əlamət görünmürdü. Paris - Bakı reysi ilə uçan təyyarəmiz Fransa səmasını tutmuş buludların arasından göyə qalxanda sanki günəş dənizinə düşdük. Bizimlə “bərabər” hündürlükdə olan günəş bulud təpələrinin üzərindən təyyarənin içərisinə süzülür və özü ilə ilıq bir ovqat gətirirdi. Tutqun havadan tutulmuş qəlbimin işıqlanmasında bu ovqat məndə xoş bir təəssürat yaratdı. Göyün “yeddinci qatında” işıq selinə düşmüşdum. 10 min metrdən artıq yüksəkliyin mənfi 55 dərcə soyuqluğunda təyyarənin kiçik pəncərəsindən daxil olan günəş öz hərarətini saxlamışdı. Məhz göyün tanrıya da yaxın olan bu işıqlı qatında işıqlı ziyalımız olan Süleyman Əliyarlı haqqında oxucularımıza təqdim edilən bu kiçik risaləni yazmağa qərar verdim. Yaxşı ki, bu yazı üçün lazım olan materiallar və bilgisayar əl cantamda idi. Qarşıda Bakıya hələ beş saat yolumuz var idi...

1970-ci ildə biz Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olanda Süleyman müəllim artıq Azərbaycanda yaxşı tanınan alimlərdən idi. 60-cı illərdə Azərbaycan tarix elminin bir sıra məsələləri ətrafında gedən müzakirələr onu çox məşhurlaşdırmışdı. Xüsusilə, böyük mübahisələrə səbəb olmuş Azərbaycanın Rusiyaya könüllü deyil, məhz işğal nəticəsində birləşdirilməsi kimi taleyüklü məsələyə münasibətdə Ziya Bünyadov və Mahmud İsmayılov kimi alimlərlə birlikdə mövqe ortaya qoyması həmin dövrlərdə gənc olmasına baxmayaraq Süleyman Əliyarlıya böyük şöhrət gətirmişdi. Ziya müəllim və Mahmud müəllimdən fərqli olaraq Süleyman müəllim universitetdə çalışdığından, ideya axtarşı dövrünü yaşayan tələbələr arasında ona böyük rəğbət oyatmışdı.

1965-ci ilin iyul ayının 25-də “Azərbaycan gəncləri” qəzetində “Kəndlərimizin adı da müasir olmalıdır” adlı çox mənasız bir yazı çıxmışdı və bu yazıda Azərbaycanın olan-qalan tarixi toponimlərinin dəyişdirilməsi məsələsi qoyulmuşdu. Halbuki, məhz elə həmin ildə Moskva mətbuatında rus ziyalılarının köhnə yer adlarının dəyişdirilməsinə etiraz ifadə edən yazıları dərc olunmağa başlamışdı. “Literaturnaya qazeta”nın 26 oktyabr sayında rus müəllifi V.İ.Buşin “İsti döngə kimə mane olurdu?” başlığlı bir yazısında Moskvanın köhnə döngəsinin adının dəyişdirilməsinin doğru olmadığını yazmışdı. Bu yazının əks-sədası Azərbaycanda da özünü göstərdi. 1966-cı ilin yanvar ayının 8-də  Azərbaycanın tarixi yer adlarının qorunub saxlanması və Gəncə şəhərinin tarixi adının özünə qaytarılması ilə bağlı  Süleyman müəllimin “Ədəbiyyat və İncəsənət” qəzetində açıq məktubu dərc edildi. “Redaksiyaya məktub” adı ilə dərc olunmuş bu yazı həmin dövrdə respublikada böyük səs-küyə səbəb olmuşdu. Əlbəttə, sovet dövlətinin ən tanınmış liderlərindən olan, “nakam siyasi tale” yaşamış məşhur Qafqaz bolşeviki Sergey Kirovun ölümündən bir il sonra onun adına verilmiş qədim Azərbaycan şəhərinin tarixi adının bərpa edilməsi ilə bağlı mətbuatda açıq məktubla çıxış etmək gənc bir tarixçidən böyük cəsarət tələb edirdi. O yazırdı: “Gəncə qədim şəhərdir (şəhərin əsası təqribən, 945-ci ildə qoyulmuşdur) və Azərbaycan xalqının zəngin tarixinin canlı abidəsidir...Öz-özünə aydındır ki, bu qədim şəhərin min illik adının dəyişdirilməsi 30-cu illərdə həmin sahədə hökm sürən inzibatçılığın acı nəticələrindən biridir”.  Əlbəttə, “məktubun qayəsi yalnız Gəncədən ibarət deyildi. Orada bütövlükdə Azərbaycan ərazisində türk toponimlərinin qorunub saxlanmasından söhbət gedirdi.  Süleynan müəllim yazırdı: “Bir Abşerondakı yer adlarına nəzər salın: “Türkan”, “Zığ”...”Mərdəkan”, “Kurqan” və i.a. Bu adlarda Azərbaycanın qədim sakinləri türk, ziq, mard və kirqan...tayfalarının izləri hifz olunmuşdur. Bunlardan bəziləri haqqında Strabon, Pliniy, Ptolomey kimi antik müəlliflər məlumat vermişlər. Buna görə də “Zığ”, “Korgöz”, “Xırt”, “Halit”, “Əhmədli”...kimi kənd adlarını yalnız zahiri donlarına görə atmaq olmaz, onların hər biri özünəməxsus bir tarixdir”. Rəhmətlik Əlfi Qasımövun fədakarlığı nəticəsində gözlənilməz şəkildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuş bu yazı ilə bağlı redaksiyaya yüzlərlə müxtəlif məzmunlu müraciətlər daxil olmuşdu. Bunlardan ən əhəmiyyətlisi tanınmış şair Qasım Qasımzadənin başçılığı ilə dörd nəfər ziyalının həmin qəzetdə dərc olunmuş məktubları idi. Onlar Gəncənin adının bərpası ilə bağlı Süleyman müəllimin təşəbbüsünü müdafiə edirdilər. Süleyman müəllimin “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuş həmin tarixi məktubu o qədər geniş yaylmlşdı ki, hətta 1966-cı ilin mart ayının 30-da Türkiyədə çıxan “Yeni İstiqlal” qəzeti onu 242-ci dərc etmiş, azərbaycanlı aydının ruslaşdırmaya qarşı mübarizəsi xüsusi xəbər kimi Türkiyədə yayılmışdı. “Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdikləri kompaniya” adlı yazıda bildirilirdi: “Diqqətlə oxununca azərbaycanlı türk dosentin əndişələri, üzüntüləri çox yaxşı anlaşmaqda, kommunistlərin türk köylərini ismlərinə varıncaya qədər necə ruslaşdırmaq istədikləri, fəqət bu durumu türkləri nə qədər mütəəssir etdigi də görünməkdədir”.

Yaxşı xatırlayıram, 1970-ci ilin payızında tələbələr arasında böyük nüfuzu olan Əbülfəz bəylə tanış oldum. Elə ilk söhbətlərin birində Əbülfəz bəy cazibəsinə düşdüyü tələbələrə Süleyman müəllim haqqında danışdı, onun çox güclü bir alim, milli bir adam olduğundan söz açdı və tövsiyə etdi ki, ona yaxın olaq. Həmin vaxt Süleyman müəllim əsasən rus bölməsində dərs deyir, Azərbaycan bölməsinin tələbələri onu yalnız iclas və dərnək müzakirələrində dinləyə bilirdilər. Dərs dediyi rus bölməsinin tələbələri, xüsusilə qızlar ondan ağız dolusu danışırdılar və biz, əməli boyundan böyük olan bu gənc müllimə hədsiz bir həsədlə baxırdıq. Sonralar mən onun təkrarsız mühazirələrini dinləyəndə doğrudan da gördüm ki, rus bölməsinin tələbələrinin Süleyman müəllimə olan böyük sevgisi səbəbsiz deyilmiş. O, sevgisini qazanıb sehrinə saldığı tələbələri  canlı mənzərəsini yaratdığı hadisələrin zamanına apara bilir, özü də onlarla bərabər heç olmasa bir dərs ərzində nəql etdiyi şirin tarix hekayətinin iştirakçısına çevirirdi.

Mən sonralar bəzi arxiv sənədləri ilə tanış olduqda el arasında KQB deyilən sovet xüsusi xidmət orqanlarının 60-cı illərin ortalarından başlayaraq Süleyman müəllimlə “maraqlandığının” şahidi oldum. Azərbaycanın Rusiya tərəfindən işğalının 150 illiyini Rusiyaya könüllü birləşmə adı altında bayram tədbirləri keçirmək istəyən bəzi dairələr respublikanın bir sıra tarixçilərinin və humanitar sahədə çalışan alimlərinin ciddi müqavimətinə rast gəlmişdi. Bəxtiyar Vahabzadənin əl-əl gəzən “Gülüstan” poeması sözün tam mənasında milli fikrin inkişafına güclü təkan vermişdi. Bizim kinolarda gördüyümüz inqilabi ədəbiyyatın canlı nümunəsi idi “Gülüstan” poeması. Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyi ilə bağlı məsələlər o qədər geniş müzakirələrə səbəb olmuşdu ki, əvvəllər bu tarixi hadisəni qeyd etməyə maraqlı olan Moskva, yerli əhvali-ruhiyyəni öyrənmək üçün respublikaya göndərilən bəzi rus alimlərinin gizli xidməti tövsiyəsi ilə bu fikirdən daşınmalı olmuşdu. Hakimiyyət orqanlarının bu fikirdən geri çəkilməsində Süleyman müəllim də daxil olmaqla bir sıra Azərbaycan tarxçilərinin böyük rolu olmuşdu.

Bütün bu “əməllərinə” görə Süleyman Əliyarlının adı, Ziya Bünyadov və Mahmud İsmayılovla birlikdə Azərbaycan KP MK-nın 1971-ci ilin oktyabr plenumunun materiallarına düşdü. Onlar Azərbaycan tarxini saxtalaşdırmaqda ittiham edilirdilər. Orada deyilirdi: “Bəzi müəlliflər tarixi keçmişdən bəhs edərək partiyalılıq prinsiplərindən kənara çıxmış, istismarçı siniflərin ayrı-ayrı nümayəndələrini müəyyən dərəcədə ideallaşdırmış, burjua filantropiyasının ictimai təbiətini düzgün izah etməmişlər. Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarov bir sıra tarixi faktları qiymətləndirərkən kobud səhvlərə yol vermişlər”.1971-ci ilin oktyabr plenumunda geniş məruzə ilə çıxış etmiş Heydər Əliyev, sonralar 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubleyindəki çıxışında dedi ki, “1968-ci ildə mən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Universittetdə bir neçə alim Azərbaycan tarixini araşdırarakən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdir, ya da məcburi girmişdir...O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu böyük bir ixtişaş yaratdı. Başdadılar araşdırmağa ki, bunlar millətçidirlər, dövlət mövqeyindən kənar fikirlə yaşayırlar və s. Bundan ötrü o vaxtlar bəzi adamları xırdaca cəzalandırdılar”. Bu “xırdaca cəzalandırılanlardan” birincisi məhz Süleyman Əliyarlı idi.

1971-ci ilin oktyabr plenumu keçiriləndə biz artıq ikinci kursda oxuyurduq və bu tənqidin tarix fakültəsində necə böyük əks-səda doğurduğunu tələbə həssaslığı ilə hiss edirdik. Müəllimlər xısın-xısın deyirdilər ki, Süleymanın artıq kitabı bağlandı. Açığını deyim, buna sevinənlər də var idi. Lakin öz qələbəsinin sevincini yaşayanların vəziyyəti “Dəli Kür”dəki Petrovun vəziyyətinə çox bənzəyirdi. Vurulan Süleyman Əliyarlı, hörmətdən düşən isə onlar idi. Məhz həmin adamlardan birinin tarix fakültəsinin o zaman «Kommunist»  küçəsində yerləşən binasının hündür pilləkanında ürək ağrısı tutanda kimə əl uzatdısa tələbələrdən heç kəs yaxınlaşıb ona kömək etmədi. Ürək ağrıdıcı mənzərə idi.

Düzdür, adının “tarix saxtalaşdırıcısı” kimi rəsmi partiya sənədlərinə düşməsi Süleyman Əliyarlının müdafiə ərəfəsində olan “Şimali Azərbaycanın Rusiya ilə birləşdirilməsi və iqtisadi vəziyyət” adlı  doktorluq dissertasiyası ilə vidalaşmasına gətirib çıxarsa da, lakin bütövlükdə onun elm səhnəsindən getməsinə gətirib çıxarmadı. İndi sovet xüsusi xidmət orqanlarının iş metodları ilə tanış olanda arzuolunmaz sayılan elm adamlarına qarşı mübarizə formalarından biri də dissertasiya işlərinin yubadılması və ya dissertasiya müdafiələrinin pozulmasından ibarət idi. Məsələn, tanınmış alim Əziz Mirəhmədovun Azərbaycan romantizmindən yazdığı birinci doktorluq dissertasiyası məhz müdafiə zamanı pozulmuşdu və bu “əməliyyatda” həmin orqanların izi açıq-aydın hiss edilirdi. Süleyman müəllim də bir az yüngül formada bu prosesin ağırlığını yaşamalı olmuşdu. Lakin bütün çətinliklərə baxmmayaraq bir müddət sonra o, 1975-ci  ildə, “Birinci Dünya müharibəsi illərində Azərbaycanda neft inhisarları (1914-1917-ci illər)”mövzusunda ikinci doktorluq işini yazıb çox uğurla müdafiə etdi. Problemin qoyuluşu, Azərbaycan neft sənayesinin bir sıra problemlərinin dünya siyasəti fonunda təhlili, istifadə olunan mənbələrin zənginliyi və mötəbərliyi baxımından bu doktorluq dissertasiyası respublika tarix elmini xeyli zənginləşdirmişdi. Azərbaycan neftinə böyük marağın olduğu çağdaş günlərimizdə də, professor Süleyman Əliyarlının bu fundamental işi öz elmi dəyərini saxlamaqdadır. İstər ölkə daxilində, istərsə də Azərbaycanın xaricində Bakı neftindən əsər yazan, elmi araşdırma aparan tədqiqatçılar onun bu əsərinə toxunmadan keçinə bilmirlər. Bu əsər Azərbaycan neft sənayesində imperialist güclərin rəqabəti haqqında ən mükəmməl əsərdir və bir sıra ideoloji məqamları çıxmaq şəriti ilə, faktoloji zənginlik baxımından öz əhəmiyyətini qoruyub saxlayır.

Lakin Süleyman Əliyarlının elmdə böyük missiyasi bu araşdırma ilə bitmədi, əslində başlandı desək daha doğru olar. O, sözün tam mənasında yenilikçi alimdir və daim yeni ideyaların təşəbbüsçüsü kimi çıxış edib. Doktorluq dissertasiyasından sonra ədəbi və əbədi abidəmiz olan “Kitabi Dədə Qorqud”a müraciət etməsi və Azərbaycan xalqının etnogenizi ilə bağlı elmi müzakirələrin mərkəzində dayanması Süleyman müəllimin tükənməz elmi potensialından xəbər verirdi. Türklərin regiona gəlmə olması haqqında bəsit düşüncələrdən uzaqlaşmağımızda, onların bu torpağın, bu yurdun köhnə sakinləri və əsl sahibləri olmaları baradə elmi mühakimələrimizin və siyasi təfəkkürümüzün oturuşmasında professor Süleyman Əliyarlının araşdırmaları, elmi seminarlardakı aydın mövqeyi mühüm rol oynadı. Hələ sovet ideologiyasının hökmranlıq etdiyi bir dövrdə, bir sıra alim və ziyalılarımızla birlikdə Süleyman müəllim bu millətin türk kimliyinə tapınması yolunda sözün tam mənasında ardıcıl bir mücadilə yolu keçməli oldu. “Kitabi Dədə Qorqud” dastanı onun yozumunda yeni bir məna kəsb etməyə başladı. Bu böyük alimin bu böyük dastana baş vurması, Dədə Qorqud boylarını tükənməz bir sevgi ilə incələməsi, Təpəgözün hekayətini vətənimizin təpələrinin arasında axtarması Qazan xandan və Burla Xatundan gələn türklüyümüzün mənəvi mənzərəsini və siyasi məzmununu ortaya qoydu. Biz həmin illərdə Süleyman müəllimin türk kimliyi üçün elmi fədakarlığını görüb onun qürurunu yaşayan gənclərdən idik. Böyük yazıçımız Anarın “Dədə Qorqud” film dastanını ekranlara çıxarması XIX əsrdən başlayaraq dünya, ötən əsrin 40-50-ci illərindən başlayaraq Azərbaycan qorqudşünaslığında gedən yalnız elmi deyil, eyni zamanda siyasi məzmun kəsb etmiş müzakirələrin ictimai təqdimatında türkçülərin mühüm qələbəsi idi. Bu qələbədə professor Süleyman Əliyarlının da, heç də az olmyan payı var idi. Qədim türk abidəsinin Drezden nüsxəsini tədqiq edən Əhməd Şmide Süleyman müəllimin Dədə Qorqudla bağlı tədqiqatlarını və ümumiyyətlə bir alim kimi onu çox yüksək qiymətləndirirdi. Şmide yazırdı: Süleyman Əliyarlı dərin bilik, uzaq görən, mədəni cəsarət sahibi olan bir böyük alimdir.

Şəxsən kimə dərs deyib - deməməsindən asılı olmayaraq Süleyman Əliyarlı böyük bir nəsil Azərbaycan tarixçilərinin müəllimidir. Məktəbi olan, milli düşüncəsi olan, milli diriliyə xidmət edən belə böyük alimlərin elmi seminarlarda, ictiami müzakirələrdə, dissertasiya müdafiələrində tutumlu çıxışlarını dinləmək əsl alimin və əsl elmin nə demək olduğunu anlamaq üçün yetərlidir. Şübhəsiz ki, Süleyman müəllimin milli dirilik düşüncəsinin formalaşmasında onun ətrafındakı mənəvi mühit mühüm rol oynamışdır. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Şirməmməd müəllim, Əbülfəz Elçibəy kimi adamların əhatəsində elə məhz Süleyman Əliyarlı kimi böyük alim, böyük ziyalı, böyük fikir adamı formalaşmalı idi, formalaşdı da. Nəinki formalaşdı, eyni zamanda yeni bir tarixçilər nəsli də formalaşdırdı. Bu baxımdan Süleyman müəllimin keçdiyi həyat yolu bir örnəkdir, elmə, millətə, vətənə xidmət etməyin yaddaqalan bir nümunəsidir.  Böyük şairimiz Bəxtiyar Vahabzadə yazırdı:”Mən Süleyman Əliyarlını 60-cı illərdən vətəndaş bir alim, əsl türk oğlu kimi tanıyıram. O vaxtdan bu günə qədər mənim ona olan sevgim ildən-ilə artır və onun mənə məlum olmayan keyfiyyətlərini öyrəndikcə qarşılıqlı sevgimiz ürək dostluğuna və könül sirdaşlığına çevrilir”.

Ötən əsrin 80-ci illərinin sonunda Qarabağa qarşı erməni təcavüzü başlarkən Süleyman müəllim mücadilənin önündə gedən alimlərimizdən idi. Bəzən Garabağla bağlı elə sənədlər hazırlamaq lazım gəlirdi ki, orada həm tarixi, həm də hüquqi məsələlər öz əksini tapmış olsun. Bax həmin məqamlarda Süleyman müəllimin rəhmətlik Məmməd Xələfovla birlikdə necə fədakarlıqla çalışmaları indi də mənim gözümün qabağındadır. Hadislər başlayan zaman Süleyman müəllimin Bəxtiyar müəllimlə birlikdə 1988-ci ildə “Azərbaycan” jurnalının 9-cu sayında dərc etdirdikləri “Dağlıq Qarabağ - uydurmalar və həqiqətlər” yazısı bir sıra xarici ölkələrdə nəşr olundu. Bu yazının əhəmiyyətini Almaniyadan Əhməd Şmide belə dəyərləndirirdi: “Professor Əliyarlının Bəxtiyar Vahabzadə ilə birlikdə nəşr etdirdikləri yazı tarixi dəlilləri sərgilədiyindən sözlü bir güllə kimi Almaniyada govğa göstərisi yapan belli ağızları “tut yemiş bülbül kimi” susdurmuşdu”. Məhz elə həmin illərdə Süleyman müəllim bu gün də öz elmi və siyasi dəyərini saxlayan “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabını hazırladı. Mən əlindən elə bir iş gəlməyən və alimdən daha çox qaynaqçıya oxşayan bəzilərinin bu sənədlər toplusunun adındakı “qaynaq” sözünü “svarka” kimi yozmasının da şahidi olmuşam. Süleyman müəllimin türklük yolunda fədakar mücadiləsinin ictimayi qayəsinə yüz rəng verənlərin də yüz sifətini görmüşəm. Lakin həyat böyük elmi potensialın daşıyıcısı olan Süleyman Əliyarlının haqlı olduğunu təsdiq etdi.

1996-cı ildə Süleyman muəllim o qədər də böyük olmayan bir kollektivlə sözün tam mənasında fundamental bir iş gördü. Bu “Azərbaycan” Nəşriyatı tərəfindən çap olunmuş “Azərbaycan tarixi: uzaq keçmişdən 1870-ci illərə qədər” adlı iri həcmli ktab idi. Bu kitabın nəşri Azərbaycan tarixinin bir sıra mühüm məsələlərinə aydınlıq gətirdi. İlk dəfə idi ki, Azərbaycan tarixinin böyük xronoloji mərhələsi müstəqillik dövrünün azad dəyərləri baxımından ümumiləşdirilirdi. Bir neçə il əvvəl bu kitabın rus dilində nəşri onun yayılma imkanlarını daha da genişləndirdi.

80 yaşın tamamında da Süleyman müəllim tələbə auditoriyasının ən yaxşı sözçüsüdür. Müxtəlif elmi müzakirələrdə o, yenə də ən güclü ideyaların təşəbbüsçüsü kimi çıxış edir. Biz bu böyük alimdən çox şey öyrəndik və yenə öyrənməkdə davam edirik. Bu gün də çağdaş dünyamızda onun əsərlərinə olan elmi maraq səngimək bilmir. Süleyman Əliyarlı tarixi prosesə canlı orqanizm kimi yanaşan, konseptual baxışları, elmi məktəbi və milli vicdanı olan, sözün tam mənasında millətimizi diri saxlayan alimlərimizdən və ziyalılarımızdandır. Bu böyük missiyada ona uğurlar arzulayırıq.

 

Cəmil Həsənli

Tarix elmləri doktoru, professor

Bizim yol.- 2010.- 11 dekabr.- S. 14-15.