Od
imandandır
Əbədi
alovlar şəhərinin odu sönəcək?
«Bakıya
bahar gəlir» seriyasından
Əski inanclarda odu günəşlə,
işıqla, gündüzlə əlaqələndirirlər.
Bu gün Novruzla bağlı çərşəmbələrdən
ikincisidir ki, odla bağlıdır. Ulularımız oda Dan (dan
yeri qızarmaq» deyimi indi də işlənir) da deyirdilər.
Ona görə bu gün dan yeri qızarmamış durub odla
ünsiyyətə girmək lazımdı.
İçimə
od düşdü
İlaxır çərşəmbələrdən
ikincisi olan bu çərşəmbəyə bəzən
«Üsgü çərşəmbə», «Üsgü
axşamı» da, əzizləmə mənasında «Addı
çərşəmbə» də deyərlər. Günəş
istisini arzulayan ulu babalarımız od çərşəmdəsində
sübh tezdən Günəşə qurban aparardılar.
Böyük tonqal qalayıb günəşin
çıxmasını gözləyər, odun şərəfinə
nəğmələr oxuyardılar. Tonqal sönəndən
sonra qızlar və oğlanlar külü yığıb onu
kəndin kənarına, ya da yola səpirdilər. Bu bir
növ tonqaldan atılmış adamların azarınn
çıxıb getməsini simvolizə edir. Qədim
dövrdə tonqalı yetkinlik yaşına
çatmamış oğlan uşağı çaxmaq
daşı vasitəsilə qalayardı. Belə od müqəddəs
sayılardı.
Çıraq
yandıranın çırağı sönməz olar
Tariximizdə elə
dövrlər olub ki, odun üzərindən atlanmaqla məhkumlar xilas olublar. Deməli
günahsızdır ki, od onu yandırmayıb. Od çərşəmbəsinin
digər maraqlı mərasimlərindən biri də il boyu ailə
üzvlərindən birini itirmiş evlərin qarşısında
tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin
saxladığı yas mərasiminə son qoyulardı.
İnsanlara Uraz/Araz (od, atəş) adının verilməsi,
evlərdə üzərrik yandırılması, xəbis
ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin
yanmaqda olan kolların altından keçirilməsi, təndirin
müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin
istənilməsi, yanmaqda olan ocağı söndürməmək
və məzar daşların üzərində atəşdanların
həkk edilməsi və başqa nümunələr də
türklərin oda olan hörmət və ehtiramını
göstərir. Qədimdə evlərdə ocağı
sönməyə qoymurdular. Yalnız kimsə ölmüş
olarsa odu çıxarıb xüsusi yerdə saxlayır və
qış vaxtı 5 gündən sonra, yayda isə bir aydan
sonra odu evə qaytarardılar.
Xalqımız alqış deyəndə söyləyir:
«Odana nur çilənsin!», «İşığın gəlsin»,
qarğış edəndə deyir: «Ocağın
sönsün!», «Çırağın keçsin!», and
içəndə deyir: «Sözümdən dönsəm,
gün gözümü tutsun», «Od haqqı, ocaq haqqı», «O
işığa and olsun». Odun qüdrətinə
inanardılar, odun üstünə su töküb
şeytanı sevindirməzdilər: «Od sönsə, ocaq
sönər!». Avestanın yazıldığı əlifba
hazırda dünyada ilk yaranmış əlifba hesab edilir. Əlifba
12 bürc və 9 planetin həndəsi quruluşuna əsasən
yaradıldığından ona «Ulduz əlifbası» da deyirlər.
Əslində bu ilk əlifbanın adı «Vattan» adlanır.
İndi işlətdiyimiz vətən sözü də bu
kökə bağlıdır. Mənası oddan yaranan deməkdir.
Prometey
kimdir?
Tanrılara məxsus
olan odun insanlara ötürülməsi barədə
çoxlu miflər var. Odu ram etməmişdən əvvəl
insanlar mağaralara sığınır, tez-tez
yaşayış yerini dəyişməli olurdular. Amma
çaxmaq daşı vasitəsilə od əldə etməyi
öyrənmiş insan evinin ocağını
yandırmış. İbtidai insanlar günəşin,
işığın da oddan olduğunu zənn edirdilər. Ona
görə də türk dilində odun beşiyi olan ocaq
neçə əsrlərdir ki, yurd, mənzil, vətən, nəsil
mənalarında işlənir.
Odu insanlara vermiş
Prometey haqqında əfsanəni hamımız bilirik. Bu mifin
yunan miflərindən daha qədim olduğu zənn edilir. Mifə
görə o, qayalıqlarda soyuq, qaranlıq daş
mağaralarda hevanlar kimi ömür sürən bəşər
övladına od vermiş, ev tikmək, gəmi qayırmaq, təsərrüfatla
məşğul olmağı, saymağı, yazıb
oxumağı, ili fəsillərə, aylara, günlərə bölməyi, Allaha qurbanlar gətirməyi,
fala baxmağı öyrədir. Yunan mifologiyasında odu
insanlara ötürən Prometey cəzalanır. Onu Qafqaz
dağlarında zəncirləyirlər. Quzğunlar Prometeyin bədənini
dəlik-deşik edir. Zevs dəfələrlə onun
canını özünə qaytarır və əzab-əziyyətini
artırır. Prometey dünyada insanlar uğrunda fədakarlıq
göstərmiş ilk mifik qəhrəmandır.
Dünyanın əksər dillərində «Ocaq»
sözünün türk mənşəli olmasına
heç kim şübhə ilə yanaşmır. Ehtimal var
ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən
əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə
bu türklərin mifik qəhrəmanı Dədə Qorqud
obrazıdır. O, yazır ki, Qorduz
sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik
sözlərinin birləşməsindən əmələ gəlib.
«Öz
içimi nurlu işıqla dolmuş gördüm»
Azərbacanlı
olması ehtimal edilən peyğəmbərimiz Zərdüştün adında da
od kəlməsinin nişanələri var. «Zərdüşt»
də məhz ən parlaq, ən qiymətli daş –
«qızıl daş» mənasında səslənib (Əjdər
Fərzəli Qorqud). Zərdüşt peyğəmbər
özünü belə təqdim edir: «Öz içimi nurlu
işıqla dolmuş gördüm. Sən məndən
soruşanda «Sən kimsən, kiminləsən?» Mən dedim: «Mən
Zərdüştəm - düzlük carçısı!» Sənin
«Sən nə etmək istəyirsən!» sorğuna belə
cavab verdim: «Hər dəfə Oda sitayiş edəndə
yaxşı şeylər fikirləşmək istəyirəm!».
«Ağırlığım,
uğurluğum odlara» deyib od üstündən atılmaq adəti
atəşpərəstlikdən əvvəlki dövrün təsəvvürləridir.
Çünki, atəşpərəstlər həmişə
od qarşısında üzlərini örtüblər. Onlara
görə insan nəfəsi təmiz sayılmır və nəfəs
oda toxunmamalıdır, onun möhtəşəmliyinə xələl
gətirə bilər. Zərdüştilər
üçün oddan atlanmaq qəbuledilməz
sayılırdı. Günəşə, işığa, oda
tapınmaq paklığa, gözəlliyə , müqəddəsliyə
tapınmaqdır. Atəşpərəstlər təmizliyə
ayrıca ritual həsr edirdilər. «Yauc» (təmizlənmək
deməkdir) mərasimdə insanlarla yanaşı mal-qara, bitkilər,
torpaq, od-ocaqlar də təmizlənirdi. Azərbaycan türkləri
Novruz mərasimləri ərəfəsində həmin adətləri
indi də qədimlərdə olduğu şəkildə icra
edirlər. Mərasimin adı «yauc» türk dilində «yu, yumaq»
felinin məna tutumu ilə tam üst-üstə
düşür.
İndi məişətimizdə
olan mərasimlər keçmiş inancların izlərini
saxlayır. Gəlin apararkən əvvəl belini
qırmızı lentlə bağlamaq, sonra onu 3 dəfə bu
kəmərin içindən keçirmək də yenidən
doğulmanın simvolu və günəşə sitayişlə
bağlıdır. Xeyir dua veriləndən sonra gəlini
çıraq başına dolandırırlar. Atəşpərəstlikdən
qalma bu adət od qarşısında and içmək adətinə
bənzəyir.
Həmişəyanar
Bakı
Atur-Odur, Adur, Adər, Azər
köku, mənşəyi unudulmasına baxmayaraq odla əlaqələndirilirdi.
Bələmi əcəmlərin ən böyük atəşgahlarının
Azəbaycanda olduğunu və pəhləvi dilində oda «Azər»
deyildiyini yazır. İstəxri, Məsudi kimi müsəlman
tarixçi və coğrafiyaşünaslar Abşeron
yarımadasında yüksələn alovların gecələr
40 fərzəx (35-40 km) uzaqdan göründüyünü
yazırlar. Müqəddəs sayılan odlar Xəzərin
sahil boyu təpələrin ətəklərində
yanırdı. Ona görə də odlar qrupu ətrafında
yaranmış iri yaşayış məskəni tədricən
müqəddəs odların «yanar» paytaxtı – Bakı şəhərinə
çevrilib. Qədim tikililərin tədqiqatçısı
D.Axundov belə hesab edirdi ki, qədimdə bu şəhər
Atəşi Baquan (Baquanın odları), yəni «allah şəhəri»,
yaxud «allahın yeri» adlanırdı.
Tarixi mənbələrdən aydın
olur ki, indi dünya müsəlmanları üçün məqəddəs
Məkkə və Həcc ziyarəti nə deməkdirsə,
bir vaxtlar Suraxanı Atəşgahı da atəşpərəstlərin
həyatında həmin rolu oynayıb. Bakı şəhəri
və ətrafı hələ qədimdən bəri əbədi
odların yandığı yer kimi göstərilir.
İçərişəhərdəki Cümə məscidinin
atəşpərəst zərdüştilərin məbədgahının
yerində tikilməsi barədə rəvayət Bakı əhalisi
arasında indiyədək yaşayır. Bizans diplomatı
Prisk yazırdı: «Madiyaya basqın edən hunlar geri
qayıdarkən başqa yolla döndülər və dənizdəki
qayada yüksələn alovun yanından ötərək vətənlərinə
qayıtdılar».
Qız
qalası
Memar Davud Axundov doktorluq
dissertasiyasında sübut etməyə
çalışır ki, Abşeronun cənubunda təbii qaz
olduğundan orada 3 dənə bürc tipli atəşpərəstlik
abidəsi fəaliyyət göstərib. Onlardan biri indi
Qız qalası adı ilə tanıdığımız abidədir.
Müəllif əsərində göstərir ki, bu
Abşeron məbədləri e.ə. 9-7-ci əsrlərdə
Midiya, Xarəzm və Abşeron ustaları tərəfindən
tikiləndən sonra Hindistan, Midiya, Babilistan və Xarəzmdən
gələn atəşpərəst zəvvarların müqəddəs
ibadətgahı olmuşdur. D.Axundos iddia edir ki, bu məbədin
kəlləsində lap qədimdə 7 baca inşa edilib.
Binanın kəllə hissəsi sonralar dəyişdirildiyindən
indi həmin bacalardan heç bir əlamət qalmayıb. Qədim
zamanlarda məbədin altından çıxan təbii qaz
saxsı boru vasitəsilə məbədin 7 bacalarına
qaldırılıb orada yandırılarmış. Qaz
boruları 7 qurbangah taxçadan keçib bacalara
qalxarmış. Bacalarda qoyulmuş müxtəlif metal
duzları imkan verirmiş ki, bacalardan rəngli alovlar
çıxsın. Bu rəngli alovlar gecə vaxtı əzəmətli
məbədə ecazkar görkəm verərmiş.
Atəşgahda
qəribə ruhlar dolaşır
Hazırda dünyada 2
yerdə – Şimali Hindistanda və
Azərbaycanda əbədi od yanan belə atəşgah
mövcuddur. Bəzi araşdırmaçıların qənaitinə
görə, Suraxandakı Od məbədinin tikintisi eradan əvvələ
aiddir. Hazırda Suraxanıda yerləşən Atəşgah
17-18-ci əsrlərdə tikilib. Amma bu məbəd ondan
çox-çox qədim olan məbədin qalıqları
yerində tikilib. Çünki buralara gəlmiş səyyahlar
Suraxanıda olan bir neçə yanar mədəbin təsvirini
veriblər. «Atəşgah» Bakıda yaşayan üzvlərinin
şimali Hindistandan çıxmış və sinhlər kastasına
mənsub olan hind icması tərəfindən inşa edilib.
Deyirlər ki, təbii qazın qumsaldan
çıxdığı vaxtlarda atəşgahda zəvvarlar
yeməyi qabda torpağa basdırmağa bəndmiş kimi yemək
bir neçə dəqiqəyə hazır olurdu.
Bu abidə ilə bağlı
çoxlu əfsanə və inanclar da mövcuddur. Bəziləri
deyir ki, Atəşgaha girən
kimi buradan qəribə ruhların səsi gəlir. Mərhum
ekstrasens Etibar Elkin deyirmiş ki, bura Azərbaycanda ən
müqəddəs yerdir və oranı çoxsaylı ruhlar
qoruyur. Bu abidənin qəribəlikləri barədə də
danışırlar. Guya 18-ci hücrədən qəribə
danışıq səsləri gəlir. Onu da deyirlər ki,
12-ci hücrənin qapısından alova baxanda adma elə gəlir
ki, alovun bir addımlığında dayanmısan. Vaxtilə
ölmüş atəşpərəstlərin
yandırıldığı daş çuxur isə ziyarətə
gələnlərdə qeyri- adi duyğular yaradır. Burada ev
heyvanları özünü çox qəribə aparır.
Oktyabr inqilabından
sonra Suraxanı məbədi kerosin zavoduna çevrilmişdi.
Gümbəzindəki od söndürüldü. 1969-cu ildə
Hindistanın baş naziri Cəvahirləl Nehrunun Azərbaycana
təşrif buyurması bu tarixi abidənin yenidən
dirçəlməsinə səbəb oldu. Deyilənə
görə o vaxt cəmi 3
gün ərzində fəhlələr Atəşgahdan 700
maşın zibil çıxarıblarmış. Yalnız
70-ci illərin əvvəlində İndira Qandi müqəddəs
yeri ziyarət etmək arzusunu bildirdikdən sonra məbədin
ərazisi tam təmizləndi, yol asfaltlandı, tikili təmir
edildi. Ən əsası isə məbədə qaz yenidən
verildi.
Yanardağ möcüzəsi
Abşeronda əbədi
alovları ilə məşhur olan daha bir abidə Məhəmmədi
kəndində yerləşən Yanardağ ziyarətgahıdır.
İslamdan qabaq bura inanc və sitayiş yeri olub. Od
püskürən torpaq nəinki keçmişdə, indi də
insanlarda heyrətamiz disslər oyadır. Yanardağın arxa
tərəfindən zəif vulkan püskürür və ətrafa
palçıq qarışıq su səpələyir. Vulkan
suyu ilə birgə çıxan kükürdlü qaza
alışqan yaxınlaşdıranda ani olaraq alovun
yanmasını müşahidə etmək olar. Yerli sakinlər
bu suyun müalicəvi əhəmiyyətli olduğunu deyir.
Möcüzəvi dağın alovu 10-15 metrə qədər
qalxır. Amma ehtimal var ki, Yanardağ alovu da nə zamansa
sönəcək. Qədim səyyahlar Xəzər sahillərində
çoxlu yanar yerlərdən yazırdılar. İndi isə
cəmi 1-2 nöqtədən təbii alov çıxır.
Odsuz
ev, neftsiz şəhər…
Bir vaxtlar neft
Bakını şəhərə çevirdi. Bakıda neftin
tarixini izləmək istəsək çox qədim dövrlərdən
başlamalı olarıq. Avşeronda neft islahatı barədə
Prisk Panivski (5-ci əsr), Əbu İşad İstəhri (8-ci
əsr), Əhməd Bəlazari (9-cu sr), Əbül Həsən
Əbu Əli ibn Hüseyn məsudi (10-cu əsr), Həmdulla Qəzvini
(14-cü əsr), Marko Polo (13-14-cü əsr) və başqa məşhur
səyyahlar yazırdılar. Bu mənbələrdən bilinir
ki, yerli əhali evlərini neftlə qızdırır,
damları qatılaşmış neft –qırla örtür,
odsaçan silahlardan istifadə edirlər. Ona görə də
neft həm qorxulu silah, həm də bəzi dərdlərin dərmanı
idi. Onu bardaqlara yığıb İrana, Gürcüstana, Orta
Asiyaya, hətta uzaq Hindistana da aparırdılar. Yerli əhali
quyuları bellə qazaraq nefti əldə edirdilər.
Müşahidəçilər yazdıqlarına görə
neft bəzən 35, bəzən də 80 metrlikdən
çıxırdı. Quyular daşla hörülür və
kənarlarında kollar əkilirdi ki, dağılmasın.
Nefti dəri tuluqlara doldurub çıxarırdılar. 17-ci əsrdə
Bakıda bu üsulla 140 min pud neft
çıxarılırdı. Bakı xanları çox vaxt
şəhərin istilaçılarına xəracı neftlə
verirdilər. Rusiya Azərbaycanı istila edəndən sonra
neft çar xəzinəsinə axmağa başladı.
Bakı Nobel, Rotşild, Vişau kimi milyonçuların
kapital mərkəzinə çevrildi. 1883-cü ildə neftə
əli çatanlardan 135 nəfərdən cəmi 17-si azərbaycanlı
idi. Sovet hakimiyyəti qurulandan sonra isə neft milliləşdi
və yenə də Bakı nefti Rusiyanın ocağını
yandırmaqda davam etdi. İndi Bakı nefti Sovet İttifaqı
adlanan böyük dövlətin işığının
yandıracaqdı. Xüsusilə də faşizm üzərində
qələbədə Bakı neftinin rolu danılmazdır. O
illərdə çətin şəraitdə əldə edilən
neft indiyədək hələ ki, rekord səviyyə hesab
olunur - ilə 23, 5 milyon ton. Hitler də iştahasını
1942-ci il, sentyabrın 25-nə qədər
saxlamışdı. Onun planına əsasən bu tarixdən
etibarən Bakı nefti Almaniyanın işığını
yandıracaqdı.
Neft Bakının bəzən
üzünü ağardıb, bəzən başına bəla
olub. Neft şəhəri abadlaşdırıb, adını
şəhərlər sırasına yazıb. Neft bir gün
qurtaracaq. Amma burada yanan alov yəqin ki, sönməyəcək.
Odun sönməməsi üçün ürəklərə
düşməsi lazımdı. «Ağırlığım,
uğurluğum odlara» deyib neft çalası olmasa da ocaqdan
atlanın…
Gülnarə
Rəfiq
Bizim
yol.- 2010.- 2 mart.-S. 15.