Gülnarə RƏFİQ

 

Göylərin yerlə sevişməsindən insan yarandı           

 

«Bakıya bahar gəlir» seriyasından

 

Rəvayətə  görə il təhvil olanda ağaclar torpağa  əyilər və balıqlarbir anlığa quyruq üstə qalxarlar

 

Bu  il təhvil olur balqabaq üstə

Dəryada balıqlar duracaqdır  ayaq üstə

 

Əliağa  Vahid

 

Ötürdüyümüz çərşəmbə el arasında torpaq çərşəmbəsi adlanır. Bundan əlavə ona qısa çərşəmbə, ot çərşəmbəsi də deyilir. Həmən gündən etibarən otlar cücərib torpığı yaşıl rəngə bələyir. Bakıya baxanda o, yaşıl görünmür, yaşıl bağları, bağçaları olsa da. Amma buranın da torpağı Tanrıya söz verdiyindənmi, yoxsa adəti üzrə hər il olduğu kimi oyanır.

 

Səməni, saxla məni

 

Bahar bayramı mərasimi Yer kürəsində  insan həyatının meydana çıxması  qədər qədimdir. Sayca üçüncü olan torpaq çərşəmbəsində torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi və onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkininə xışla-kotanla məhz torpaq çərşəmbəsində başlayardılar. Qısa çərşəmbədə atların yal və quyruğunu çeşidli ziynət əşyalarıyla bəzəyir və səhraya buraxaraq azad edirlər. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyib buğda isladardılar. Səməni hazırlama mərasimi təbiətin, insanın məhsuldarlığının simvolu olaraq magik və ibadət funksiyasını da daşıyırdı. Məsələn, səməni vasitəsilə sonsuz qadınların təmizlənməsi mərasimini keçirirdilər. Bunun üçün qadnın başına cücərmiş buğda olan qabı qoyur və ora su tökürdülər. Başqa bir qadın isə bu axar su şırnağını qayçı ilə kəsib deyirdi: «Bu səmənini bərəkətli eləmiş qüvvələr, bu qadını da qollu budaqlı, övladlı elə». Səməni hazırlama prosesinə yalnız qadınlar buraxılırdı. İri qazan qoyulmuş ocağın odunu başı bütöv (yəni ailədə xoşbəxt, əri, uşaqları olan) qadın yandırardı. Mərasimi isə hörmətli, ağbirçək qadın idarə edərdi. Səməni hazırlanan yerə kişilər, başqa dinə inananlar və bəd nəzəri olanlar buraxılmazdı. Bəzi regionlarda qazana bir çimdik duz atardılar ki, bəd gözdən qorusun. Bu mərasimin adını səməni toyu qoyardılar.

Torpaq  çərşəmbəsində bar cətirməyən ağacları zaminə götürmək mərasimi də icra edilir. Ağacı kəsilməklə hədələyirdilər və kimsə onun yerinə bar gətirəcəyini söz verib zaminə götürürdü. Deyilənə görə belə üsulla zaminə götürülmüş ağaclar bar verməyə başlayır və heç vaxt da kəsilmirdi.

 

Göylərin  yerlə məhəbbətindən  insan yarandı

 

Hələ  «Bilqamış» dastanında kainatın, insanın  yaranması, taleyi, müqəddaratı tanrıların hökmü ilə, Göylərin yerlə, torpaqla qovuşması, məhəbbətilə izah edilir. Torpaq müqəddəsdir, ona görə də qədim inamlara görə torpaq becərilib taxıl əkiləndə devləri tər basırdı. Dəyirman işə düşəndə devlər əzişdirilirdi. Un əmələ gələndə onlar fəğan qoparırdı, çörək bişiriləndə qorxularından yeraltı mağaraların küncünə qısılıb titrəyirdilər. Azərbaycan türklərinin inanc, and və müdrik kəlamlarında bu təsəvvürlər hələ də yaşamaqdadır.

Boz şəhərin tarixi

Ola bilər bu gün şəhərə yaz gəlməsi, torpağın oyanması, otların baş qaldırması hiss edilməsin. Ümumilikdə Bakı həmişə yaşıllığa tamarzı qalan bir şəhər olub. 19-cu əsrə qədər Bakı tamamilə yaşıllıqsız bir şəhər idi. Bəzi yerlərdə nar kolları, əncir ağacları vardı. Bu şəhərin mürəkkəb təbii şəraitiylə bağlıdı. 19-20-ci əsrlərin qovşağında neft hasilatı ilə bağlı şəhərin planlaşması, şəhərin lendşaf memarlığı da gündəmə gəldi. Mərkəzdə ictimai bağçalar əmələ gəldi. Amma şəhərin real yaşıllaşdırılması 1917-ci ildə ilk su kəmərinin işə düşməsindən sonra inkişaf elədi. 1923-cü ilə Nəbatət bağının salınması yaşıllaşmada həlledici rolu oynadı. Müxtəlif ölkələrdən bitkilər gətirilib bu bağda yerli təbiətə uyğunlaşdırılır və sonra bütün şəhərə yayılırdı. Bu gün artıq 80 yaşlı nəbatət bağının, elmi laboratoriyaların olduğu zamanda hazırda şəhərə əcnəbi bitkilrin gətirilməsi gülünc görünür. Çünki onlar bir mövsümdən sonra çoxmilyonluq sərfiyyata baxmayaraq sərt Bakı iqlimində məhv olurlar. Keçən əsrin 20-30-cu illərində şəhərin birmərtəbəli köhnə evlərini söküb yerində bağlar salırdılar. İndi isə əksinə, yüzillik ağacları qırıb yerinə yaşayış binaları tikirlər.

Amma  vaxt vardı Bakı və Abşeron yarımadası yaşıllıq içindəydi. Hətta alimlər deyir ki, 100 min il əvvəl buralar bataqlıqlarla dolu idi. Bataqlıqlar ətrafında çoxlu heyvanlar məskən salmışdı. Keşlə, Binəqədi, Dügah, Xırdalan tərəfdə aparılar qazıntı işləri dediklərimizi sübut edir. Keşlə yaxınlığınlakı daş karxanada at, çaqqal, kərgədanını kəllə sümükləri, Piallahı adasında maralların izləri, Dügah tərəfdə ibtidai öküz- turun skileti tapılmışdır. Bəzi mənbələrdə Abşeron yarımadasnda ceyran sürülərinin olması da yazılır. Onlar 19 əsrə qədər Bulla adasında hələ də vardı. Nəinki Abşeronun, hətta bütün Qafqazın  təbiəti barədə ən ceşidli faktları Binəqədi tərəfdəki  paleontoloji tapıntılar aşkarlayır. 10 min illər əvvəl Abşeronun «savanna landşaftı» olan zamanlar düzənliklərdə ardıc kolları, armud, püstə ağacları bitərkən hava indikinə nisbətən daha çox nəm və soyuq idi. Su çəkildikcə Binəqədi tərəfdə şirin suyu olan göl əmələ gəlmişdi. Suyun sahili qara neftlə və qamışlıqla örtülmüşdü. Heyvanlar bura su içməyə gəlir və neftli qatışığın içində batıb qalırdılar. Ona görə də Binəqədi gölü quruyub dərin, qatı neft təbəqəsi əmələ gətirəndən sonra qədim heyvanların bir növ qəbiristanlığına çevrildi. 1938-ci ildə aparılmış qazıntılar nəticəsində Binəqədi qır gölündən 50 min heyvanın sümükləri çıxarıldı. Onların arasında artıq nəsli kəsilmiş çoxlu nadir heyvan qalıqları vardı. Abşeronda,  Xəzər sahillərində yaşayan qəribə heyvanlar barədə baralara gəlmiş səyyahlar da çox yazıblar.

 

Bakının gözü yoldadır

 

Təyyarədən  yerə baxanda torpaq zolaq-zolaq olmuş yolların yumağına daha çox bənzəyir. Hara aparır bu yollar? Vaxtilə bütün dünyanı birləşdirən İpək yolu Bakıdan keçirdi. Bu şəhərdə yaşayanların az qala hamısı bilir ki, Bakının altı yeraltı yollarla doludur. Onlardan salamat olanı da var, dağılıb gedəni də. Deyirlər ki, Qala kəndində Cümə məscidində yeraltı yollar hələ durur. Razin (indiki Bakıxanov qəsəbəsi) mağarasına Nardarandakı xan sarayından yol varmız. Quldur Razin bu yolla qarət etdiklərinin aparıb mağarada gizlədərmiş. İçərişəhərdəki Divanxanada yerdə adam boyu qədər quyular var. Onların üstü dəmir barmaqlıqla örtülüb. Deyirlər ki, o vaxtlar günahı olanı quyuya salar başını bayırda qoyardılar. Günahı sübuta yetən kimi başı kəsib meyiti dənizə atırdılar. Guya burdan dənizə aparan yeraltı yol varmış. Mərdəkandan İçərişəhərə aparan yeraltı yollar var. Qız qalasının yanındakı daş hissədən Bayıl buxtasına yol varmış. Bayıl buxtası indi artıq çöküb. Bu yaxınlarda isə Qubernator bağını yenidən təmir edəndə fontanın altından yol çıxdı. Bakı deyəsən həm də yollar şəhəridir.

 

Xəzəri  Aralıq dənizi ilə  sualtı yollar birləşdirir

 

İtmiş sivilizasiyalardan ən qəribəsi olan Atlantida həla suya qərq olmamışdan əvvəl Aralıq dənizindən tutmuş Xəzər dənizinə qədər ərazilər çox münbit torpaqlar idi. Bu ərazilərdə kök salmış sivilizasiyanı Osiris sivilizasiyası adlandırırlar. Alimlərin fikricə onlar Misir sivilizasiyasının baniləri olmuşlar. O vaxtlar Nil çayı da tamam başqa yolla axırdı. Aralıq dənizinə tökülmək əvəzinə sahil boyu şimali Misirdə qərbə dönür, Aralıq dənizi yerində böyük bir göl əmələ gətirir, Malta və Sisiliya tərəfdən Atlantik okeana axırdı. Atlantida batandan sonra Aralıq basseyni də batıb köçməyə məcbur olmuş osiriyalıların şəhərlərini suya qərq elədi. Ona görə də indi Aralıq dənizində,  Xəzər dənizi sahillərində su altından şəhərlər, sahillərdən saysız meqalitik məskənlər tapılır. Arxeoloqlar deyir ki, sular altında 200-ə qədər şəhər qalıb. Sonradan doğulan Misir, Minoy (Krit), Miken (Yunan) mədəniyyətləri böyük bir sivilizasiyanın qalıqları imiş. Maltada suyun altında və kənarlarında tapılmış daş yollar ola bilər ki, böyük Osiris sivilizasiyasının magistral yolları imiş. Belə yollar Xəzər sahillərində də doludur.

İlk dəfə daş yollar barədə 1730-cu ildə Bakıda olmuq akademik Lents danışıb. O, Böyük Zirə adasının (keçmiş Nargin) qayalarını yarıb iz salmış araba yollarını təsvir edib. Onlar suyun içinədək aparırmışlar. Yolun səmtinə görə çox cuman ki, bu yollar Şıx kəndi, yaxud Bakı buxtasının ən cənub nöqtəsi olan Şıx dilinə tərəf uzanırmış. Daha sonra 19-cu əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov öz əsərlərində belə yazırdı: «Bakı qəzasında, Bilgəh, Zirə, Bibiheybət kəndlərində və bəzi adalarda qayaların üstündə dənizin içinə uzanan araba izlərindən salınmış daş yollar görünür». Bilgəh və Nardaran arasında Ümid qaya adlanan yerdə iki təkərli araba izlərindən salınmış yollar barədə məşhur tədqiqatçı Sara Aşurbəylinin də qeydlərində oxumaq olar. 20-ci əsrin sonunda Hövsan və Türkan, daha sonra Dübəndi, Qala və Suraxanı tərəflərdə belə yolların kəşfini sensasiya hesab etmək olar. Bu yolların əksəriyyəti dənizə tərəf aparır. Abşerondakı daş yolların Aralıq dənizindəki yollarla çox oxşar olmasını mütəxəssislər artıq təsdiqləyiblər. Abşeron daş yollarının Malta yolları ilə qohumluğu və yaşıd olması ehtimal edilir. Yollar tapılan bütün ərazilərdə tunc dövründən, neolitdən qalma kurqanlar və qədim insan məskənləri var. Ola bilərdi ki, bu daş yollar qədim sitayiş mərkəzlərini öz arasında birləşdirən yollardır. Amma araba təkərlərinin qayada iz salması inandırıcı gəlmir. Maltadakı tədqiqatçılar fərz edir ki, bir vaxtlar dənizlər geri çəkilən zamanlar sahil zolaqları lil və palçıq içində olub. Dənizə tərəf keçmək istəyən insanlar dizəcən palçığın içində öz qayıqlarını xizək tipli bir qurğuya qoşub dənizə tərf sürüyürmüşlər. Əsrlər keçdikdən sonra, günəş buraları tamamilə qurudub suyunu əlindən alandan sonra daşlaşma prosesi gedib. Qayalar beləcə əmələ gələrək qədim araba izlərini bizim günlərə qədər gətirib çıxarıb. İndi 20-ci əsrin adamları sahildə ev tikərkən bu tarixi məqamı dinamitlə partladıb yerində villalar ucaldırlar.

 

 Sükut qalası

 

Zərdüştilik zamanında torpaq müqəddəs sayıldığından  ölüləri torpağa basdırmazdılar. Saxsı qablarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfn edərdilər. Torpağı murdarlamamaqdan ötrü xüsusi qüllələr- dahmalar tikib meyitləri onların üstünə qoyurmuşlar. Tabuya görə kim insanın və itin meyitini torpağa basdırsaydı ona 500 at qamçısı vurulurdu. Hansı torpaqda ölən olurdusa o yeri bir il suvarmaq və becərmək olmazdı. Meyitləri 2 nəfər yüksək, daşlı, quru yerə aparardı. Meyit daşıyanlar ömürlük natəmiz saylardı. Onları odun, suyun, müqəddəs ocağın 300 addımından yaxına buraxmırdılar. Başqa adamlardan isə 3 addım aralı qalmaları tələb olunurdu. Çılpaq, daşlı yerdə ölünün saçından və ayağından bənkidirdilər ki, quşlar və quduz heyvanlar əti yeyərkən sümükləri apara bilməsin. Meyitdən təkcə sür-sümük qalırdı. Onları bir yerə toplayıb xüsusi saxlama yerinə «dahma»ya qoyurdular. Dahmanın mənası «susmaq qalası» deməkdir. Bu söz qaranlıq, soyuq ev anlamında və «daxma» formasında bu gün də işlənir.

 

Tikmədim  özüm qalam…

 

Yampolski belə hesab edir ki, Azərbaycan zərdüştilik  üçün bir növ papa vilayəti rolunu oynayırmış. Çünki ən nüfuzlu atəşpərəst məbədləri Azərbaycanda yerləşirdi. Bir çox alimlər Abşerondakı çoxsaylı qalaları zərdüştilik zamanından qalmış məbədlər hesab edirlər. Bu məntəqələr gələn zərdüştilər üçün salınırdısa buna müvafiq məbəd-qüllərə tikilməliydi. Zərdüştilər ibadətə liyiq 30 başlıca ilahi tanıyırdılar. Abşeron qalalarının sayı da təqribən o qədərdir. Abşeronun toponimlərinin təhlili göstərir ki, burada yaşayış yerlərinni adları da «yer, ev» mənasını verən xan(a), san, qan, kan, an, van şəkilçiləri tez-tez işlədilir. Bu şəkilçilər bu yerlərin pir olduğuna işarə edir. Od məbədlərini Od yeri, Od Evi adlandırırmışlar. Abşeronun adı özü su kultu ilə bağlıdır (Su- sura yeri).Bakı şəhəri - Baqa-van (Baqa – İllah, Od Allahıdır),  (A)Turkənd (Od evi, yeri),  Suraxanı (Sura- su və bərəkət ilahəsinin adıdır), Mərdəkan ((M)Arta-kan), Şağan ((A)Şa-Xan. Arta (Aşa)- mömünlik, təmizlik, kosmik nizam ilahisi), Əmircan (Əmir- tato – ölməzlik ilahisi), Maştağa (Qədimlərdə Ahura Məzdanı Məşdaku, Məzdaka, Məzduka adlandlırırdılar), Ramana (Ramano- sülh, əmin-əmanlıq ilahıdır), Fatmayi (Fatmayi- Edas bayramı – ölmüş möminlərin ruhuna həsr edilərdi), Razin (Rasin- ədalət ilahı), Xırdalan (Xordad- sağlamlıq və səhhət ilahı), Zabrat (Zab -Ratu), Corat (Co- Ratu. Ratu insanlığın Ruhani rəhbəridir) və s. Zəvvarlar bütün Abşerona səpələnmiş məbədləri ziyarət edir, ilahların şərəfinə qurbanlar kəsir, dualar oxuyurdular. Az məskunlaşmış və nisbətən kasıb Abşeron torpağında bu qədər qala məbədləri, karvansara və ovdanları yalnız zəvvarların ianələri hesabına ucaltmaq olardı.

Bu  gün Bakının torpağında gəzişərkən hər kəs unutmamalıdır ki, şəhərin  altında şəhərlər yatır. Bakınan  yerüstü yolları heç yeraltı  yolları qədər görməyib. Şəhərin  yalınlığından şikayət edəndə onun nə vaxtsa cənnət kimi yamyaşıl olduğunu, yaxud nə vaxtsa yenə də yaşıllaşacağını düşünək. Axı dünya durduqca torpaq hər il cücərəcək. O, bunu Tanrıya söz verib…

 

 

Gülnarə Rəfiq

 

Bizim yol.- 2010.- 11 mart.- S. 15.