Əs,
ey səba yelləri
«Bakıya
bahar gəlir» seriyasından
Mağlar deyir ki, hava görünməyən
şeylərlə doludur
Ey küləklər şəhəri,
köhnə qədim-yana Bakı
Eliyibdir sənin eşqin məni
divanə Bakı
Bu gün Axır çərşəmbədi.
Axır çərşəmbə İlaxır çərşəmbələr
içində mərasim, ayin, etiqad, oyun və şənliklərlə
ən zəngin olanıdı. Bu gün əvvəlki çərşəmbələrdə
icra olunan bütün mərasimlər təkrar qeyd olunur. Ona
görə çox vaxt sonuncu çərşəmbəyə
nə Yel çərşəmbəsi, nə Od, nə Torpaq,
nə də Su çərşəmbəsi demirlər.
Çərşəmbələrin sıralanmasında
mübahisələr olsa da bu gün kimsə mübahisə
etmək istəməz. Axı hamı inanır ki, Axır
çərşəmbəni necə qarşılayıb yola
salsan, elə də bütün ili keçirərsən.
Yel
eləyəni fələk də
edə bilməz
El içində Yel çərşəmbəsini
«küləyi oyadan», «yelli» də adlandırırlar. Etiqada
görə bü çərşəmbə oyanan yel və
külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə
gətirir. Bu günü səhər suya tapınma ayini ilə
başlar. Bütün günü davam edən mərasimlər
axşama doğru daha da maraqlı olur. Bu axşam üzərrik
yandırır, tonqaldan tullanırlar. Bacalardan torbalar
sallanır, qurşaq tutulur, fal açılır. Bu
günü xüsusilə subaylar gələcək qismətini
axtararaq qulaq falına çıxır, suyla, odla, başqa
üsullarla fala baxırlar.
Dünyanın yaranmasında iştirak edən
sonuncu ünsür hava olduğuna
görə yazqabağı mərasimlərdə Yel çərşəmbəsi
adı ilə qeyd olunur. Yel canlılara nəfəs verməklə
öz hərəkətliyini, dinamikliyini onlara keçirib
cansız torpağı və suyu durğunluqdan
çıxarır. Ona görə də yeli ruhla eyniləşdirirlər.
Od və hava qarışmasa maddi, əşyavi tərəf əbədi
dayişməz qalar, sular coşub daşmaz, dalğalanmaz,
torpaqlar vulkanna sevrilib püsgürməz.
Novruz kasıb qonşuya kömək etmək istəyənlər
üçün ideal şərait yaradır. İmkanlı
adam qonşuya pul versəydi, yəqin ki, o, inciyərdi. Ona
görə də bayram xonçası qurular, onu yer-yemiş,
bişmişlərlə bəzəyərdilər. Axı
xonçanı heç kim dala
qaytarmazdı. Xonça müqəddəsdir.
Bəlkə ona görə xalçalarımızın tən
ortasındakı ornamentə də xonça deyirik. Nəsildən-nəslə
ötürülən xalçanın tən ortasında
oturub niyyət eləsən yerinə yetəcək deyən qədim inamımız da var.
İlaxır çərşəmbələr
Yer üzündə analoqu olmayan rituallar silsiləsidir . Həmin
ritualların mahiyyəti ondan ibarətdir ki, Allah ilk olaraq
qarmaqarışıq xaosdan suyu ayırır.
Başlanğıcda kürreyi- aləm ancaq sudan ibarət idi
(su çərşəmbəsi buna eyham vurur). Sonra odun
köməyilə suyun keyfiyyətlərini dəyişir və
günəşin şüalarıyla suyun müəyyən
hissəsini qurudub torpağı üzə çıxarır
(od çərşəmbəsində simvolizə edilir).
Torpaq meydana gəlməklə dünaynın bir çox elementlərinin
doğuşuna şərait
yaranır (torpaq çərşəmbəsi ona görə
sırada üçüncüdür). Axırda
yaradılmış ilk insan suyun dibindəki gildən
yaranır. Ulu Allah Yel vasitəsilə ilkin
yaranışları bir məkandan başqa məkana aparır
(göydən yerə endirməklə) və hava, nəfəs
verməklə (yenə də yel vasitəsilə) ruhu meydana gətirir
(Bu da sonuncu mərhələ, yel çərşəmbəsi).
Müqəddəs günlərin çərşəmbə
seçilməsinin isə
izahı budur ki, tanrı dünyanı yaradanda həftənin ilk
günündə
hazırlıq işlərini yerinə yetirib, 2-ci gün
(çərşəmbə axşamı) yaratmağa
başlayıb. 3-cü gün su, 4-cü gün od, 5-ci gün
torpaqla bağlanan varlıqlar yaratmış, 6-cı gün
yaranışların hamısına can (ruh) vermiş, 7-ci
gün bütün işlərini tamamlayıb istirahət
etmişdir. Bu inama görə bütün yaradılış
işlərinin bünövrəsinin qoyulması çərşəmbə
axşamına düşür.
Əs
ey, Səbayıl yelləri
Bahar bayramını
bütün dünya xalqları qeyid edir. Amerikanın
qızıldərili hinduları indi də bahar bayramı mərasimini
icra edir. Adını «Diriliş» şənliyi qoyaraq
bayramı yaşadıqları ərazinin tam ortasında uzun
dirək basdırıb onu dünyanın mərkəzi
adlandırarlar. Bu dirək Ulu Tanrının
simvolikasıdır. Qəbilənin şamanı həmin dirəyə
çıxaraq şər ruhlardan, xəstəliklərdən,
bəlalardan qurtararaq onlara bol məhsul verməsi məqsədilə
Ulu Ruha- Gök Tanrıya dua edər.
Dünya
xalqlarının mifik sistemlərində hava mifik zamanın
başlandığı nöqtədə baş ilahdır. Məsələn,
Misirdə baş ilah Şu göyü və yeri məğlub
edir, bütün aləmi ələ
alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini
bayıra buraxanda dünya yaranır, içəri alanda məhv
olur. Cinlilərin təsəvvürlərində isə
göyün qapılarının açılıb
bağlanması ilə həyat –ölüm hadisələri
baş verir. Müsəlman miflərində İsa nəfəsi
ilə ölüləri dirildir, ona Məsih (nəfəs verən)
deyilməsi bununla bağlıdır.
«Münisnamə»yə
görə dünya hava və sularının hamısı bir
məxluqun timsalında təqdim edilir. Bir əlini yerə dirəyən,
digərini isə göyə dikən Səhayil dəniz suyunun və küləklərin
qoruyucusudur. Ola bilər ki, Səbayel adlı qədim külək
tanrsının adı da bu inancdan yaranıb. Havanın himayəçisi
və tənzimləyicisi Səhayıl yüksələn əli
ilə sərt küləklərin, qaçırğanın,
yerə dikilən əli ilə isə coşub daşan dəniz
sularının qarşısını alır. Əgər Səhayıl
sol əlini yerdən götürsə dəniz suyu kükrəyib
butun çölləri, düzləri basar, insanları
batırar, boğub öldürər. Sağ əlini
aşağı salarsa tufan qasırğa qopar, dünya
üzünündə canlılardan əsər-əlamət
qalmaz.
Yel Azərbaycan mifik təfəkküründə
yol göstərən, bələdçi
rolunu da yerinə yetirir. Yel Baba əksər hallarda əldən-ayaqdan
düşmüş qoca sifətində peyda olur. O, qalın
meşələrdə azıb mənzilini tapmaqda çətinlik
çəkən xeyirxah insanların qarşısına
çıxır, onlara bir yumaq verir və yumağı yerə
atıb diyirləməyi tələb edir. Yel Babanın
üfürməsiylə yumaq açılır və
azmışları mənzil başına
çatdırır. Yel Baba haqqındakı bu təsəvvürlər
sonralar Fatma nənənin yumağı şəklində
nağıllara keçib. Azərbacanlıların qədim təsəvvürlərinə
görə Yel Baba xırmana gəlməmişdən qabaq
ordan buğda, dən götürməzlər.
Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər».
Çünki onun arxasında Baş Ruh durur. Yelə
tüpürsən öz üstünə qayıdar. Bir inancda
isə deyilir ki, «Yel çərşəmdəsi girən
gün söyüd ağacının altına gedib niyyət
elə və Yel Babanı çağır. Əgər Yel
Baba səsini eşidib söyüdün budaqlarının
torpağa toxundursa diləyin yerinə yetər».
Bu bayram ruhunuzun təmiz olmasını istər
Zərdüştlükdə Novruza beş gün qalmış
insanlar oruc tutardı. Onlar bu məqamın adını «kədər
və göz yaşları günləri» qoymuşdular. Bu
beş gün 4 ünsür və bir də ruha həsr
olunardı. Novruz təkcə cismin yox, rühün da təzələnmə
günüdür. Əgər insan ruhunun təmizlənmək
məqsədini qarşısına qoyursa başqa məqamlar
da onun içində gedir. Əslində, Allah-Taalanın da istəyidir
ki, insanlar evdə xoş sözlər danışsın,
Özü də təkcə bu günü yox, həmişə.
Gözəl mələklər tərəfindən
eşidilsin və il boyu evin ruzi-bərəkəti bol olsun.
İnsanlar ruh aləmlərinin təmişlənməsinə
o qədər də önəm vermir. Yaxşı olar ki,
ev-eşiyimizi, həyətimizi silib təmizlədiyimiz qədər
ruh aləmimizin təmizlənməsinə diqqət verək.
Bayramqabağı evlərin təmizlənməsi də
heç də təsadüfdən baş vermir. Hələ zərdüştilik
zamanından bəri yeni ilə bir gün qalmış evdə
nə qədər sınıq şeylər varsa, xüsusən
də güzgü, cırılmış paltar və sairi birmənalı
olaraq atırdılar. Ruhun təmizləmə mərasiminin izləri
rəqslərimizdə çox aydın görünür. Rəqsin
funksiyası xəbis ruhlardan xilas olmaqdır. Bizim milli rəqslərimizdə
də hərəkət elementlərinin əksəriyyəti
ruhi aləmlərlə təmas, yaxşı və pis ruhlar
arasında özünə yer tapmaqla bağlıdır. Rəqs
edən insan ruhunun təmizlənməsi üçün
xüsusi hərəkətlər edir və ali varlıqlarla təmasa
girir. Rəqslərimizin magik xüsusiyyətləri, eləcə
də muğamlarımızın sehrinin səbəblərini
uzaq tariximizdə, mağlar adlanan tayfanın mədəniyyətimizin
formalaşmasında oynadığı rolunda axtarmaq
lazımdı.
Mağlar
deyir ki, hava görünməyən şeylərlə doludur
Dünya elmində magiya
termininin maqlarla bağlı olduğunu bütün lüğətlər
etiraf edirlər. A. Kamyu «magiya»nı spesifik sivilizasiya
adlandırıb. Pifaqorçular, platonçular da magiyanı
dediyimiz anlamda başa düşüblər. İndi magiya deyəndə
cadu, sehr nəzərdə tutulur. Qədim dövrlərin
insanı üçün Tanrıya sitayiş və onunla
ünsiyyət ən böyük sehr olub. Bu cadu, bolluq, bərəkət
istəyən dualar zamanla mərasimə çevrilib.
Mağlar, bəzi ədəbiyyatda
, xüsusilə Y.V.Çəmənzəminlidə muğlar
adlanan tayfalar Azərbaycanın ən qədim əhali birləşmələrindən
olub. «Tarixin atası» sayılan Herodot mağları Midiya qəbilələrindən
biri hesab edirdi. Onların dini ayinlərə rəhbərlik
etdiyini də göstərib. Layerti Diogenin «Görkəmli
folosofların təlimi və deyimləri» adlı əsərdə
mağlar və birinci mağ Zərdüşt haqqında
maraqlı fikirlər yazılıb. Müəllif
mağların bütün vaxtını allaha ibadətdə,
dua oxumaqda keçirdiklərini və allahın yalnız
onları eşitdiyinə inandıqlarını yazır.
Mağlar fala baxmaqla gələcəkdən xəbər vermək
qabliyyətinə malik olduğundan ilahların onların
gözünə göründüyünü göstərir və
sübut etməyə çalışırdılar ki, hava
görünməli şeylərlə doludur, iti gözlər
üçün onları görmək o qədər də
çətin deyil. Onlar cadugərliklə məşğul
olmurdular. Ona görə də təsadüfi deyil ki, ən
güclü ekstrasensor qabliyyətli adamlar mağların
birbaşa varisləri sayıla biləcək Azərbaycandan
çıxır. Mağlar ali mərasimlərinin əksəriyytini
keçirmək üçün Bakı şəhərini
seçirdilər.
Bakı-
küləklər şəhəri
Bakı şəhərinin adı barədə
çox müxtəlif və çox fərqli versiyalar səslənib.
Onlardan biri 18 əsrdən bəri fars mənbələrində
«Badkubə» kimi verilir. Farsca iki sözdən ibarətdir: «bad»-
yəni külək, «kubə» - vuran. Yəni küləklər
vuran şəhər, yaxud küləklər şəhəri.
Ola bilər Bakının küləkləri bura gələn
səyyahların lap çox yadında qalıb. Həqiqətən
də Bakı küləkləriylə tanınır. İndi
Bakının küləkləri elə bil əvvəlki kimi
qəddar deyil. Çoxmərtəbəli binaların
hazırda küləkqıran kimi işləməsini nəzərə
alsaq yəqin əmin olarıq ki, burda küləklər
neçə əsr bundan əvvəlki qədər rəhimsizdir.
Deyirlər ki, qədimdə binaların təkdənbir olan
vaxtlarında küləyin cənginə düşsəydi
insanı yerindən götürüb apara bilərdi.
Heyvanların da küləklər tərəfindən
uçurdulmasından da danışırlar. Hamı bilir ki,
Bakıda qar çox nadir hallarda olur, amma küləklərin əsmədiyi
zamanı heç kim xatırlamır. Bakının
qışı qarıyla yox, küləyilə yadda qalır.
Bu külək adamın sümüyünə qədər
işləyib bəzən ağacları köküylə
birgə yerindən çıxarıb böyrü üstə
qoyur. Külək atını qamçılayan kimi
bakılılar onun Xəzri, yoxsa gilavar olduğunu dəqiq
bilir. Çünki burda küləklərin də xasiyyəti
var. Xəzri dağıdıcıdır, bir az da
cığal. Giləvar mülayimdi, amma hikkəlidir. Şahildən
dənizə doğru əsəndə çiməni
ehmallıcı dənizə elə aparır ki, heç ruhu
da incimir. Burda el arasında tanınan bir külək
növü də var. Sinoptiklər onun adını çəkmir.
Bakılılar gah arxadan, gah irəlidən əsib
burulğana çevrilən, sonra birdən sakitləşib 2 dəqiqə
sonra fəğan qoparan küləyə Gicəvar deyirlər.
Neynək, Bakının da naxışı küləklərlə
tutulub.
Suraxanı Atəşgahında
gördüklərindən herətlənən Düma «Qafqaz
səfəri» əsərində Suraxanı atəşgahı
barədə yazırdı: «Atəşgahın dövrəsindəki
binalar, tüstü və alov sovuran yüzlərlə
irili-xırdalı ağaclar ovuc içi kimi
görünürdü. Külək isdikcə yanan alovun dilləri
sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır,
gah dalğa tək yan-yörəyə hücum edib şaxə
qalxır, gah da gözlənilmədən ucalırdı. Elə
təsəvvür yaranırdı ki, guya külək alovla
oynayır, onlar bir-birinə sarılır, sonra bir-biriylə əlbəyaxa
olurlar. Külək nə qədər cəhd edirdisə, odu,
alovu söndürə bilmiirdi».
Abşeron
camaatının küləklə bağlı çoxlu inamları var. Dənizə ərlərini,
oğulların yola
salmış qadınlar, uşaqlar ürəklərinin sözünü küləyə
deyərdilər ki, əzizlərinə çatdırsın.
«Giləvar yat, xəzri əs ki, ərim (atam, oğlum) evə
qayıtsın». Xəzri dənizdən
əsən soyuq külək olsa da sahildən əsən isti
küləkdən daha çox
arzulanardı. Axı o, əzizlərimizi geri
qaytarırdı. Abşeronda günlərlə əsən
küləyin istiqamətini dəyişdirməyin maraqlı
üsulları da var. Küləyin «saqqızını oturlamaq
üçün» evin ilki ağaca dırmaşmalı və
budaqları silkələyərək deməliydi: «Mən
anamın ilkisiyəm, ağzı qara tülküsüyəm,
giləvar get, xəzri gəl». Deyilənə görə
külək evin ilkinin çözünü yerə
salmazdı.
Dua və
ovsun günü
Axır çərşəmbə elə
bil ki, dua və ovsun günüdür. Bu gün biz
düz bir illik ömürün necə olacağını
sanki öncəgörməlik edib sonra pisliklərdən
qurtulmaq üçün fikirlə ovsun yapırıq. Qədimdə
sözlə süalicə edər, fikirlə daşları
yerindən tərpədərdilər. Nə olsun ki, indi
Bakıda küləkləri süpürgəçi kimi işlədirik.
O olmasaydı zibil dizə çıxardı. Zibilləri
künc-bucağa qovlayan küləklərin ovutduğu qumsala
Azərbaycanın daha münbit torpaqlarından köçənlər
şəhərə nə suyunu, nə də
torpağının keyfiyyətini bağışdaya bilirlər.
Onlar nə burda yandıran günəşin, nə də at
çapan küləyin xasiyyətini anlamırlar. Amma bir vaxt
Ulu Yaradan bütün bunları bizimçün yaratdı.
Suya, oda, torpağa və yelə tapşırdı ki,
gözü üstümüzdə olsun. Bakı isə 4
ünsürü içində gizləmiş mücrü
kimi qapağını yalnız onu anlayanlar üçün
açır.
Gülnarə
Rəfiq
Bizim
yol.- 2010.- 16 mart.- S. 15.