Zöhrab İsmayıl

 

MSŞT-də Azərbaycan və Azərbaycanda MSŞT     

 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü böyük dəyişikliklər ərəfəsindədir. İndiyədək namizəd olan ölkələr 9 mart 2010-cu ilədək qiymətləndirmə keçməlidirlər. Bu bir növ hər bir namizəd ölkədə MSŞT-nin necə icra edildiyinin yoxlanması deməkdir. Nəticədə də namizəd ölkələr  ya üzvlük statusu alacaq, ya yenidən qiymətləndirmə keçəcək, ya da ki, hər şeyi sıfırdan başlamalı olacaqlar.

2008-ci ilin axırında Azərbaycan qiymətləndirmə üçün il müraciət edən ölkə oldu və qısa bir müddət ərzində bu prosesi keçdi. MSŞT üzrə 4-cü Qlobal Konfransda Azərbaycan qiymətləndirmənin uğurla keçmiş ilk ölkə kimi üzvlük statusu qazandı.

Azərbaycanda büdcə vəsaitləri və neft gəlirlərinin formalaşması və istifadəsi şəraitində çoxsaylı problemlərin olduğu bir zamanda ortaya sual çıxır: nədir bu MSŞT və doğrudanmı Azərbaycan bu müstəvidə liderdir? Azərbaycan, Konqo, Nigeriya, Timor-Leste, Qazaxıstan, Qırğızıstan, Monqolustan... Norveç... Təşəbbüsün tətbiq edildiyi ölkələrin tərkibi olduqca maraqlıdır. Norveçi siyahıdan çıxarsaq, görərik ki, burada əsasən təbii resurslarla zəngin olan üçüncü dünya ölkələri cəmləşib. Elə 3,5 mlrd. insan da neft-qaz və başqa təbii minerallarla zəngin olan ölkələrdə yaşayır. Bununla belə, bu ölkələr  korrupsiya, yoxsulluq və daxili münaqişələrdən əziyyət çəkirlər. MSŞT də bu şəffaflığı artırmaqla təbii resurslarla zəngin ölkələrdə şəffaflığın artırılması üçün bu problemlərin həlli və idarəetmənin yaxşılaşdırılması məqsədini güdür.

Azərbaycan ilk andan bu prosesə qoşulan ölkələrdən biridir və 9 hesabat açıqlayıb. Eyni zamanda da Azərbaycan bu prosesdə çox fəaldır və əhəmiyyətli təsirlərə malikdir. Buna baxmayaraq, Azərbaycan MSŞT-nin tətbiqində çoxlu sayda problemlər və çatışmazlıqlar var.

 

“Şəffaflıq oyunu”

 

Azərbaycanın MSŞT-yə qoşulması indiki prezident İlham Əliyevin hakimiyyətə hazırlaşdığı bir dövrə təsadüf edir və o vaxt ona Qərbdə islahatçı, yenilikçi və mütərəqqi ideyaların tərəfdarı obrazının yaradılması lazım idi. Təşəbbüs bu baxımından gələcək prezidentin karına gəldi. Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin “səsinə səs vermək”, sözsüz ki, İ.Əliyevə siyasi dividentlər gətirməli idi. Qərb də çox ümidli idi ki, gənc varis Azərbaycana islahatlar gətirəcək. Necə ki, vaxtilə ata Əliyev beynəlxalq neft müqavilələrinə imza atmaqla Qərbin etibarını qazanmışdırsa, onun varisi də Azərbaycanın MSŞT-yə qoşulmasını elan etməklə islahatçı imicini möhkəmləndirə bildi.

İlk dövrlər, MSŞT-yə qoşulmaq sırf imitasiya xarakteri daşısa da, Azərbaycan az keçmiş “Şəffaflıq oyunu”  oynamağa m’cbur oldu. Və əslində bu oyun Azərbaycan qiymətləndirmə prosesini keçənədək davam etdi. “Şəffaflıq oyunu” nədən ibarət idi? Hökumət bu prosesdə Neft Fondunun (ARDNF) timsalında iştirak edir, Vətəndaş Cəmiyyəti ilə müəyyən dialoqlar aparır, ümumi hesabatlar açıqlayır, beynəlxalq təşəbbüsdə fəal iştirak edir, amma prosesi öz inhisarında saxlayırdı. Azərbaycan bir çox başqa namizəd ölkələrlə müqayisədə bircə şeydə udurdu ki, bu da hesabatların sayı idi. Sırf kəmiyyət məsələsi. Eləcə də 9 hesabatın açıqlanmasını bircə şey təmin eləmişdi, təşəbbüs üzərində hökumətin inhisarı. Faktiki olaraq, Azərbaycan qiymətləndirmə prosesinədək “öz MSŞT”ni tətbiq etmişdi. Bu proses, bizdə o biri namizəd ölkələrlə müqayisədə tamamilə fərqli aparılırdı (Bax: Cədvəl 1). Azərbaycan MSŞT-nin tətbiq olunduğu yeganə ölkə idi ki, burada çoxtərəfli işçi qrup yaradılmamışdı, işçi plan qəbul edilməmişdi, hesabat formasının təkmilləşdirilməsinə imkan verilmirdi, şirkətlər üzrə hesabatlar açıqlanmırdı, hesabatlar isə audit edilmirdi, sadəcə olaraq tutuşdurulurdu. Həmçinin, parlament hələ də bu prosesdən kənarda, Sənaye və Energetika Nazirliyi isə seyrçi mövqedədir. Dövlət Neft Şirkəti (ARDNŞ) nəyinki fərdi hesabat açıqlamaq istəyir, əksinə bu prosesə mane olur. Çoxtərəfli işçi qrup MSŞT-nin ürəyi, işçi plan nəbzi, hesabatlar isə başı sayılır. Qəribədir ki, Azərbaycanda MSŞT-nin ürəyi və nəbz işləmədən, baş mövcud idi. Amma məsələnin o biri tərəfi də vardı ki, bu da Azərbaycan hökumətinin beynəlxalq prosesdə fəal iştirak idi.  MSŞT üzrə hökumət komissiyasının sədri beynəlxalq təşəbbüsdə fəal iştirak edərək İdarə Heyətinə seçilmişdi. Habelə, məhz Azərbaycan tərəfi Norveçi əmin etməyə çalışırdı ki, o da bu təşəbbüsü tətbiq etsin. Norveç prosesə dəstək verən ölkə olsa da, bir neft ölkəsi kimi təşəbbüsü tətbiq etməklə MSŞT-yə sanbal gətirə bilərdi. Təbii ki, bizim MSŞT məmurlarımız Azərbaycanı üçüncü dünya ölkələri ilə deyil, məsələn, Norveçlə yanaşı görmək istəyirdilər. Əlbəttə ki, burada təəccüblü bir şey yoxdur, hər bir azərbaycanlı ölkəmizin adını inkişaf etmiş ölkələrlə eyni sırada çəkilməsini istəyər. Amma fərq bundan ibarətdir ki, Azərbaycan hökuməti MSŞT hesabatlarını Kamerun və Qana  qədər detallı açıqlamadığı halda (Bax: Cədvəl 2), Norveçlə eyni sırada dayanmağa iddialı idi.

 “Şəffaflıq oyunu”nun baş tutmasının bir səbəbi də müxtəlif dövrlərdə ARDNF-ə rəhbərlik edən insanların ürəklərinin dərinliyində şəffaflıq tərəfdarları olmaları ilə bağlı ola bilər. “Milli Bank” məktəbindən çıxmış Samir Şərifov və Şahmar Mövsümov bir çox başqa məmurlardan fərqləniblər. Əks halda bütün bunlar çətin ki, baş tutardı. Eləcə də, hər şeyin imitasiyadan ibarət olduğunu da söyləmək yanlışlıq olardı. Çünki, prinsipcə, MSŞT-nin formatı ictimaiyyətə açıqlanan məlumatların həcmində manevr imkanı verirdi ki, Azərbaycan da bu formatda müəyyən qədər şəffaflıq yarada bilmişdi. Həmçinin, prosesin tətbiqi zamanı Vətəndaş Cəmiyyətinin iştirakı, Anlaşma Memorandumunun dialoq mexanizmləri yaratması, hesabatların dövrü xarakter alması, təşəbbüsə müsbət cəhətlər qatmaqda idi.

 

Qiymətləndirmə və kreditə üzvlük

 

Azərbaycanın qiymətləndirmə üçün ilk müraciət etməsinin dərin mənaları vardı. Hökumət güman edirdi ki, ilk qaranquş olmaqla bu prosesi asanlıqla keçə biləcəyik və birinci olduğumuzu nəzərə alıb bizim MSŞT-nin eyiblərinə göz yumacaqlar. Beynəlxalq MSŞT isə Azərbaycan kimi bir ölkəni önə çəkməklə prosesi dərinləşdirmək, o biri ölkələri də qiymətləndirməyə həvəsləndirmək məqsədi güdürdü. Prosesin maraqlı cəhəti isə ondan ibarət idi ki, qiymətləndirmə bir mərhələ idi, ondan nə yarımçıq qaçmaq, nə də açıq-aşkar göstəricilərdən yan ötmək mümkün deyildi. Hökumət əslində istədiyi qiymətləndirici şirkəti də seçməyə nail olmuşdu, amma bu artıq heç nəyi dəyişmirdi. Xüsusən QHT koalisiyasının prinsipial mövqeyi Azərbaycanda MSŞT-nin yeni mərhələsini açdı. Azərbaycanın önünə üzvlüklə yanaşı  4 mühüm şərt qoyuldu: 6 ay ərzində çoxtərəfli işçi qrup yaradılmalı, onun işçi planı təsdiq edilməsi, şirkətlərin hesabatları və hesabatların açıqlanması prosesi təkmilləşdirilməlidir. Əslində üzvlük də bir növ Azərbaycana kredit kimi verilib və onun qətiləşməsi, tövsiyələrin yerinə yetirilməsindən asılıdır.

Bütün bunlar isə Azərbaycanda MSŞT-nin yeni mərhələsinin başlanması deməkdir. Nəzərdə tutulan çoxtərəfli işçi qrup hökumət komissiyası, şirkət və QHT koalisiyasının nümayəndələrindən təşkil edilməli və bu qrup Azərbaycanda təşəbbüsə rəhbərlik etməlidir. Başqa ölkələrin təcrübəsinə əsasən, çoxtərəfli işçi qrup həm təşəbbüsü idarə edir, həm də katibliyə nəzarət edir. Eyni zamanda burada qərarlar qarşılıqlı etibar və konsensus əsasında verilməlidir. Belə bir qrupun yaradılması isə Azərbaycanda MSŞT üzərində hökumətin inhisarına son qoya bilər.

 İş planı da olduqca mühüm bir yenilikdir. İndiyədək MSŞT üzrə konkret iş planı yox idi, tərəflər rabitəsiz, hesabatdan hesabata formal olaraq toplaşır, ancaq mühüm qərarlar qəbul edə bilmirdilər. Amma iş planı təşəbbüsün idarə edilməsi və təkmilləşdirilməsi üzrə məsələlərin planlaşdırılmasını və həyata keçirilməsini zəruri edəcəkdir. Hesabatların və onların açıqlanmasının təkmilləşdirilməsi üzrə də görüləcək işlərin konturları var. Bunlar, indi mövcud olan bəsit hesabat formalarının təkmilləşdirilməsi, fərdi hesabatlığın genişləndirilməsi və hesabatların açıqlanmasında Vətəndaş Cəmiyyətinin rolunun artırılması üçün geniş imkanlar açır. Bütün bunlar isə, son nəticədə mədən sənayesində şəffaflığın artırılmasına yardımçı olacaqdır.

 

MSŞT yeni qapılar aça bilər

 

MSŞT sürətlə inkişaf edir. Qiymətləndirmə mərhələsi başa çatdıqdan sonra, təşəbbüsün genişlənəcəyi şübhəsizdir. Bu istiqamətlər MSŞT-nin strukturlaşması,  hüquqi çərçivəsinin formalaşması, təşəbbüsün çərçivəsinin genişlənməsi və gəlirlərlə yanaşı xərclərin də nəzarətə götürülməsidir. Artıq təşəbbüsdə iştirak edən bir sıra ölkələr MSŞT üzrə qanun qəbul ediblər, eləcə bir sıra ölkələr balıqçılıq və meşəçiliyi də təbii resurslar kimi təşəbbüsün predmetinə çevirməyə başlayıblar. Eləcə də neft-qaz tranzitinin, həmçinin nəqliyyat kimi sahələrin də təşəbbüsə cəlb edilməsi ideyaları var. Gözləmək olar ki, qiymətləndirmə mərhələsi başa çatdıqdan sonra başqa təbii resurslar təşəbbüsün təsir dairəsinə daxil ediləcək.

 4-cü Qlobal Konfransda diqqət çəkən məqamlardan biri də Azərbaycanın hökumət nümayəndələrinin təşəbbüsün inkişafı ilə bağlı ehtiyatlı olmağı tövsiyə edən çıxışları idi. Həm ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun, həm də maliyyə naziri Samir Şərifovun çıxışlarında təşəbbüsün hüquqi çərçivəsinin yaradılmasına və əhatə dairəsinin genişləndirilməsinə ehtiyacın olmadığını vurğulayan notlar vardı. Onlar konfrans iştirakçılarını əmin etməyə çalışırdılar ki, təşəbbüsü hüquqiləşdirməyə ehtiyac yoxdur, hər şey burada könüllü əsaslarla olmalıdır. Eyni zamanda maliyyə naziri təşəbbüsün dairəsinin genişləndirilməsinə tələsməməyi tövsiyə edirdi.

Bütün bunlar, əslində MSŞT üzrə proseslərin dərinləşməsinin bizim məmurları qane etmədiyinin təzahürü idi. Sabah, məsələn, balıqçılıq təşəbbüsün predmetinə çevrilərsə, bizim MSŞT məmurlarımız bu sahədə hesabatların açıqlanmasını təmin edə biləcəklərmi? Təbii ki, çətin məsələdir. Eləcə də şəffaflıq standartlarının yaranması, hesabatlılığın öhdəliyə çevrilməsi Azərbaycan hökumətinin təşəbbüsdə manevr imkanlarını azalda bilər. Ona görə bizimkilər bu prosesin “könüllük əsaslı bir aksiya” kimi qalmasında maraqlıdırlar ki, irəliyə atılan hər addımda bir mükafat almaq mümkün olasun.

Hər bir halda MSŞT-nin institutlaşması inkişafı sürətlə gedir. Gözləmək olar ki, yaxın gələcəkdə təşəbbüs özünün inkişafı əhatə dairəsinin genişlənməsi ilə təbii resurslarla zəngin olan ölkələrdə şəffaflığı artırılması korrupsiyaya qarşı mübarizədə mühüm təsir mexanizmləri təşəkkül tapacaq.

 

 

Zöhrab İsmayıl

 

Bizim yol.- 2010.- 6 may.- S. 12.