Hans Xristian Andersen

 

Məşhur nağılbaz uşaqları heç sevmirdi      

 

Bir gün Kopenhagen küçələrində gəzişərkən Andersen balaca oğlanla rastlaşdı. Uşaq onun gözünün içinə baxıb onun nə qədər tənha olduğunu başa düşdü. Nağılbazın könlünü almaq üçün əlindəki qalay əsgəri ona tərəf uzatdı. Əvəzində Andersen də ona yeni «Köhnə ev» adlı  nağıl əhvalatı danışdı. Onun nağıllarında öyüd-nəsihət, ibrət dərsi vermək cəhdi yoxdu. Burda yalnız arzu var. Gözəlliyi görmək istəyən insanların arzuları. Axı həyat özü gözəl bir nağıldır!

 

Ən məşhur daniyalı

 

Biri vardı, biri yoxdu. Bir balaca oğlan vardı. Bir dəfə o, anasına deyir ki, «Görərsən, mən mütləq məşhur olacam. Anası ona heç nə demir. Onun qəmli gözlərinə təəccüblə baxıb köksünü ötürür. Axı bu ailədə nəinki taledən, heç bəndədən də hədiyyə almaq kimsənin ağlına gəlmirdi. Məşhur olmaq üçün heç olmasa varlı ailədə doğulmaq, ya da heç olmasa paytaxt sakini olmaq lazım idi. Gözəl görkəm və yaxşı təhsil də vacib idi. Gələcək nağılbaz Hans Xristian Andersen kasıb pinəçinin ailəsində doğulub. Amma onun sevgi payı heç vaxt əskik düşməzdi. Valideynləri heç vaxt uşağı cəzalandırmaz və öz fantaziyalarına qapanaraq bütün günü şəhəri dolaşmağa icazə verərdilər. Təbiəti müşahidə etmək, balıqlar, köstəbəklər, kəpənəklərlə, quşlarla dostluq etmək onun ən sevimli məşğuliyyəti idi. İlk dəfə şəhər teatrına ayaq basandan sonra o nağıl qəhrəmanlarının nəcib niyyətlərindən xəbər tutdu və bu da ona adi həyatdan uzaqlaşmaq üçün yeni bəhanələr verdi. Teatrda tez-tez ola bilmirdi, ona görə də özü pyeslər uydurmağa başladı. Axşamlar evdə qurulan  kukla tamaşalarında kuklalar canlanır və oğlanın diliylə öz əhvalatlarını  nəql edirdilər. Az sonra Hans Şekspirin pyeslərini oxuyandan onun balaca aktyorları dahi ingilisin pyeslərini oynamağa başladı. Döyüşlər, qəhrəmanların qoçaqlığı onun ürəyini sevinclə doldururdu. O, artıq teatr dramaturqu olmaq arzusu ilə yaşayırdı. Bəyəndiyi əhvalatları musiqiyə qoşmaq adəti də vardı. Bəzən sahilə gəlib balaca bülbülün zümzüməsini dinləmək istəyənlər də tapılırdı.

Məktəbdə çox pis oxuyurdu. Bir sözü də səhvsiz yaza bilməsə də dostlarına qəhrəmanı olduğu müxtəlif əhvalatları uydurub danışmağı sevirdi. Buna görə də həmişə gülüş mənbəyinə çevrilirdi. Fikri uzaqlarda olduğundan müəllimlərin danlağı əskik olmurdu. Bəzən məktəbdən sonra uşaqlar onu təqib edərək «Baxın, komediya qoşan gəlir deyib ələ salırdılar. Hans evə qaçıb küncə soxulur və Allaha dua edirdi. Ata oğluna İncil ilə bərabər «1001 gecə nağılları» oxuyurdu. Uşağa su pəriləri, trollar və başqa personajlarla dolu nağıllar danışardı. Ailə ideologiyası bitəndə uşağın 11 yaşı vardı. Atasını itirmiş oğlan əvvəl dərzi yanında şəyirdliyə gedir, sonra siqaret fabrikinə işə düzəlir. Özünə ər tapmış anası 14 yaşlı uşağa Kopenhagenə gedib öz həyatını qurmaq icazəsi verir.

Nədənsə anası əmin idi ki, bu yaşda uşaq böyük şəhərdə çox davam gətirə bilməyəcək. Ona görə də poçtalyonla danışmışdı ki, 3 gündən sonra uşağa geri qayıtmağa kömək etsin. Andersen öz doğma şəhərinə bir də yarım əsrdən sonra qayıtdı. Burda bir həftə duruş gətirə bilməyib yenə də getdi. Bioqraflar deyir ki, məşhur nağılbazın anası dilənçilik etməyə məcbur idi və kasıblar üçün ayrılmış qəbirstanlıqda basdırılıb. 14 yaşında Daniyanı fəth etməyə gəlmiş uşaq öz sözünün üstündə durdu və dünyanın ən məşhur daniyalısı oldu.

 

Müəllifi tam savadsızdır!

 

13 riksdaler toplayaraq Hans dünyanı fəth etməyə yollanır. Yolu Kopenhagenə, Kral teatrına- onun arzular qəsrinə idi. Kopenhagen Anderseni soyuq qarşıladı. Köməksiz, tanışlıqsız, pulsuz qalaraq gənc özünü çox tənha duyurdu. Şəhərə ayaq basan kimi əlində olan pulun yarıdan çoxunu verib teatra bilet almışdı. Aclıq və naümidlik onun daimi yol yoldaşı olduğundan ölüm haqqında fikirlər oğrun-oğrun ürəyinə girirdi. Onu ələ salırdılar, onu sanki görmürdülər, onun başına ağıl qoyurdular və dəyişdirməyə çalışırdılar. İlk əsərini «Müəllifin tam savadsızlığı üzündən qaytarmaq məktubu ilə birlikdə qaytardılar. Bu Andersenin qarşısını ala bilmədi. O, əmin idi ki, mütləq yazmalıdı. Pyeslər, şeirlər, hekayələr, opera librettoları, vodevillər – Hans tez və rahatlıqla yazırdı deyən mətnlər su kimi axırdı. Tənqidçilərsə onun hər sözünü araşdırır, qrammatik səhvlərini gözünə soxur, adətlərini, əsil-nəslini lağa qoyur, məsğərəyə çevirirdilər. Andersen göz yaşına qədər kədərlənsə də əlini saxlamırdı. Hər şeyə baxmayraq Kopenhageni və onun sakinlərini də sevməkdə davam edirdi. Axı ilk dostlarını bu şəhərdə tapmışdı.  Onların sayəsində təhsil ala, əsərlərin çap etdirə və səyahət edə bilmişdi. Səfərlər isə yeni əsərlərin yaranması demək idi.

Sevimli İtaliyası barədə yazdığı «İmprovizator» romanı işıq üzü görən kimi bütün Avropa ondan danışırdı. Bircə Daniya həqarətlə susurdu. Hans isə soyuq ürəklərin fəthini davam etdirirdi. Hər dəfə oxu daşa dəyəndə onun qeyd dəftərçəsində kiçik bir əhvalat yaranırdı. Amma o, hələ bilmirdi ki, bu hekayətlər tezliklə onun yaradıcılığının özəyinə və əsil nağıllara çevriləcək. Bu nağıllar yarandıqca Əlahəzrət Daniyanın da ürəyinin buzu əriməyə başladı.

İndi çox az adam bilir ki, 170 nağıldan əlavə Andersen 20-yə qədər pyes, 5 roman, çoxlu oçerk və şeirlərin müəllifidir. İlk nağıl toplusu ucuzlu kağızda Milad bayramı ərəfəsində çap edilmişdi. Elə bil sehirli çubuğun hərəkətilə yeni yaranmış nağıllar alındı və hər şey rəngli kaleydoskopdakı kimi fırlanmağa başladı.

 

Hər əhvalat bir nağıldır

 

Onun laylaları altında uşaqları yatızdırırdılar, teatrlarda qoyulmuş tamaşalar uğurla gedirdi. Amma hamı onu nağılbaz kimi tanıyır. «Su pərisi», «Çaxmaq daşı», «Noxud üstündə şəhzadə» barədə bir qədər qəmli əhvalatları hamı sevdi. Kitabların üzü nazik olardısa deşilənədən oxunardı. Şəkilli kitablar və şeirlər piştaxtaya qoyulmağa bəndmiş alınardı. Tənqidçilər isə onu ələ salıb gülərdi. Kasıbçılıqdan çıxmış oğlan təhsilini davam etsə də ömrünün sonuna kimi qrammatik səhvlərlə yazırdı.

Tale Andersenə qiymətli bir keyfiyyət bəxş etmişdi, o hər şeydə sehirli məqamları görürdü. Nağılların süjeti əksəriyyəti ona uşaqlığından gəlib, Axı onun doğulduğu şəhər Odensdə o qədər maraqlı şeylər vardı. Şəhər qəribə adətlərilə, qəhrəmanlar haqqında əfsanələrilə, nağıl qəhrəmanları - su pəriləri, sirenlər, elflər, qnomlarla birgə yaşayırdı. Burda xalq bayramları olurdu və hələ də çox sirləri bilən ustadlar yaşayırdı. Onun uşaqlığı elə bir vaxt idi ki, küləyin yarpaq altında oxuduğu nəğməni dinləyir, hər bir günəş şüasının dalıyca düşüb ilişib qaldığı gölməçəni saatlarla gözdən keçirir, hər ay işığında elflərin seluetini görə bilirdi.  O, şeh dənəcikləriylə dostluq edir və bütün bunları ürəyinin dəftərçəsinə yazırdı. O hələ tələbə olarkən bir qaranquş onun yaşadığı otağa soxulub öz əhvalatını ona danışdı. Bir neçə il sonra bu əhvalat «Düyməcik» nağılında yazılıb hamıya əyan oldu. Qalay əsgərin nağılı da bir qədər avtobioqrafikdir.

Müəllifə irad tutulurdu ki, onun nağılları böyüklər üçün çox bəsiddir, uşaqlar üçünsə kifayət qədər ibrətamiz deyil. Kimsə sağlığında Andersenə yazılarının nağıl ruhunda olmasını desəydi cavabında nəsə kəskin bir şey eşidərdi. O, nağıllarını dəyərləndirmir, və onlarla fəxr etmirdi.

 

Qalay əsgər və qızılgül ləçəkləri

 

O, kasıb pinəçi və paltaryuyanın ailəsində doğulmuşdu. Amma ömrünün əsas hissəsini Avropanın ən gözəl otellərində keçirib. «Səyahət həyat deməkdir» deyən yazıçı çox səyahət edirdi. Uşaqlığı Odin şəhərinin əyalət xarabalıqlarında keçsə də paytaxt Kopenhagen onu sevdi və əsərini şəhərin simvoluna çevirdi. Əsilli-nəsilli olmasa da Daniyanın ən adlı-sanlı ailələri onu evinə dəvət etməkdən qürur duyurdu. Məktəbdə cəmi bir neçə ilə təhsil ala bilmişdi. Çünki anasını itirmişdi və 11 yaşından fabrikdə tam əmək günüylə işləməli idi. Amma 20 yaşında Andersen Kopenhagen universitetində təhsil almaq hüququ qazandı. Uşaqlıqdan zəif, xəstəhal  olmasına baxmayaraq dövrünə görə uzun və aktiv həyat sürüb. Çəlimsiz və kifir olmasına baxmayaraq indi o, Daniyanın siması sayılır.

Hələ sağlığında Andersenə özünə qoyulmuş abidəni görmək qismət oldu. Bu faktı anasına bir falabaxan Hans hələ uşaq olarkən demişdi. O, abidəyə baxıb gülümsəyirdi. Amma balaca oğlanın verdiyi qalay əsgər və mavi gözlü qızın bağışladığı qızılgül ləçəkləri onun üçün daha qiymətli idi. Həmin bu hədiyyələri o, mücrüdə saxlayırdı, arabir ləçəkləri tərpədib qoxusunu içinə çəkirdi.

 

«Bülbül»ün nağılı

 

Onun həyatında 3 sevdiyi qadın olub. Onların heç biri Andersenin hisslərinə cavab verməyib. Onlardan birincisi Riborq Voyqt, ikinci qadın 18 yaşlı Luiza Kollin, sayca üçüncü və sonuncu isə Cenni Lind idi. Bu hündür, sarısaç , iri göz və əzəmətli bədən quruluşlu qadını Avropada «isveç bülbülü» adlandırırdılar. Kopenhagenə konsertlərə gələn gündən Andersen onu hədiyyə və güllər içində batırırdı. Cenni Lindin xarici səfərlərində Andersen onu müşayiət edirdi. Aktrisaya olan məhəbbəti günəş kimi ürəyini işıqlandırdı. Müğənninin ecaskar səsi həyatına soxularaq dünyanın rənglərini dəyişdirmişdi. Əlbəttə ki, o, Cenniyə nağıl həsr etməyə bilməzdi. «Bülbül» nağılı belə yarandı. Sevgisi Andersenə çoxlu gözəl günlər bəxş etsə də onu ömürlük tənha qoydu. Andersen dəfələrlə sevgisini izhar edib, amma əvəzində dostluqdan başqa bir ciddi təklif almamışdı. Bir dəfə isə Cenni yarızarafat, yarıgerçək «Andersen, mənim qardaşım olmaq istərdiz soruşdu. Qəlbinin dərinliyində o, başa düşürdü ki, ailə üçün yaranmayıb. Lind də karyerasına ailə həyatına qurban verən deyil.

 

Çılpaq qadınlarla nədən danışmaq olar?

 

Dünyanın bütün uşaqlarının ləzzətlə oxuduğu nağılların yaradıcısı özü tarixin qəribə tapmacalarından biri idi. Çünki təbiətcə uşaqlarla əhatə olunmuş xeyirxah nağılbaza qətiyyən bənzəmirdi. Ömrünün sonuna yaxın Kopenhagendə Andersenə abidə qoymaq istəyəndə heykəltaraş ona öz eskizlərini göstərdi. Burada uşaqlarla əhatə olunmuş Andersen nağıl deyərkən təsvir edilmişdi. Hans Xristian uşaqların əhatəsində bir cümlə də deyə bilməyəcəyini çığırıb heykəltaraşı evindən qovdu. Nəticədə nağılbaza oturan yerdə kitab üzərində əyilmiş şəkildə abidə yarandı. Bu həqiqətə daha yaxın idi, çünki o, adamlardansa kitablara üstünlük verirdi.

Ünvanına tənqidi heç qəbul edə bilmirdi. Onu tənqid etmiş qəzet parçası əlinə düşəndə çığıraraq özünü yerə çırpmış, az qala bir saat həyətdəki otu qucaqlayaraq ağlamış və isterik çığırışlarla özünü yerə sürtmüşdü. Səfərə çıxanda özüylə həmişə ip aparardı. Çünki yanğından ölməkdən qorxurdu. Yanğın olarsa bu iplə özünü xilas etmək fikrin idi. Yaşı artdıqca qəribəlikləri də artırdı. Yazıçı fahişəxanalara getməyi adət halına salmışdı. O, oturub çılpaq xanımlarla söhbət etməyi çox sevirdi. Amma iş söhbətdən o yana keçmirdi. Çünki başqa qadınlara toxunmağı Lində xəyanət kimi sayırdı. Ömrünün sonuna yaxın o, yazmağın daşını atmışdı. Nağılbaz düşünürdü ki, yazmaq qabiliyyəti ağzındakı dişlərin sayı ilə əlaqədardır. Sonuncu dişini çıxardandan sonra yazmağın daşını tamamilə atdı. Sonra süni diş qoyduran kimi yenidən qələmi əlinə aldı.

Andersen həmişə şikayətcil və qorxaq olub. O, qarət edilməkdən, sifarişlə öldürən qatillərdir və dəli olmaqdan, itlərdən və pasportu itirməkdən qorxurdu. Bilet ya da kitab üçün artıq pul verdiyini düşünəndə çox narahat olurdu. Ömür boyu diş ağrısından əziyyət çəkib, amma onları çəkdirməkdən qorxurdu. Çünki bunun yaradıcılıqla birbaşa əlaqəsi olduğunu düşünürdü. Ona yeni süni dişlər qoyan kimi yazıçılığı yerinə qayıdır. Amma az sonra süni dişləri də ağrımağa başlayır. O, zəhərlənməkdən də qorxurdu. Skandinav uşaqları pul toplayıb ona dünyada ən böyük şokolad qutusu göndərəndə o, qorxusundan həmin qutunu bacısı uşaqlarına göndərir. Sonra hər şeyin yaxşı olduğunda əmin olub qutunu geri tələb edərək şokoladın hamısını təklikdə yeyir. Öz görkəmindən də çox narahat idi və sevgililəri qarşısında dizləri əsirdi. Bəlkə də ona görə onun nağıllarının sonu kədərli olurdu.

Nağılbaz tam tənhalıqda Roliqxed villasında vafat etdi. O, çox qorxurdu ki, onu ölməmiş basdırarlar. Ona görə də dostlarından xahiş etmişdi ki, onu tabuta qoymazdan əvvəl damarını kəsib həqiqətən öldüyündən əmin olsunlar. Bu qorxusuna görə də hər ehtimala qarşı yazıb məktubu masanın üstünə qoymuşdu: «Kənardan baxanda adama elə gəlir ki, mən ölmüşəm».

Onun nağılları qəmlidir. Böyüklər də onları vərəqləsə ibrətamiz fikirlər əxz edə bilərlər. Əsrlər keçib, amma çılpaq krallar hələ də aramızda utanmadan gəzişir. Sevgini duya bilməyən qızlar Qar kraliçasına çevrilir. Hələ də çirkin quş balaları gözəl qu quşlarına çevrilir və kiçik düyməciklər öz sevgilərini tapırlar. Qardaşlarını qu quşundan yenidən adama çevirməkçün gicitkandan köynək toxuyan Elizalar da var. Bəlkə ona görə də hamı inanır ki, kötüklər gül aça bilər və gecələr əşyalar dilə gəlib sevgi, ümid, və məyusluq dolu əzhalatlar danışar…

 

 

Gülnarə Rəfiq

 

Bizim yol.- 2010.- 9 noyabr.- S. 13.