Əyalətin əyaləti
Regionların Sosial İqtisadi İnkişaf
Proqramının işığı daha ucqarlara, əyalətin
əyalətlərinə necə
düşür?
Bu gün elə əyalət
şəhərləri var ki, orada bəzi obyektlərə
baxıb az qala özünü Parisdə hiss edirsən. Təkcə
cənub bölgəsinə gəlsəniz, Cəlilabad şəhərindəki
Seyrəngahı, Lənkəran şəhərindəki
musiqili fəvvarəni, Masallıdakı Dəştvənd
otelini.., yol boyu sıralanmış İdman Komplekslərini,
Müalicə-Diaqnostika Mərkəzlərini görüb, bu
inkişafdan heyrətlənə də bilərsiniz.
... Elə magistral
yoldan 15-20 km. kənara dönməyiniz kifayətdir ki, Cəlilabadın
Kövüzbulaq, Astaranın Sım, Masallının Dəmbəlov...
kimi kəndlərinin xaraba yollarında özünüzü
XVII əsrin səyahətçiləri sırasında
duyarsınız. Lerikin,
Yardımlının ucqar kəndlərini
bilərəkdən bu sıraya daxil etmədim. Çünki
bu dağlıq rayonlarda
elə kəndlər var ki,
həmin yaşayış məntəqələrindən təkcə
həmin rayonun mərkəzinə gəlmək
üçün 30-40 kilometrlik
bərbad yolları 2-3 saata qət etməli
olursan. İşsizlik,
yoxsulluq, ümidsizlik,
savadsızlıq... az qala
burada yaşayanların bir
çoxunun əbədi sirdaşına çevrilib. Bir neçə il öncə Lerikin Ambudərə kəndində olanda bizə bildirdilər ki,
yurdda cavan
qalmadığı üçün bu il kənddə toy olmayacaq. 1-ci sinfə
getməyə də uşaq qalmayıb, çünki kəndin cavanları çoxdan bu yurdu tərk edib-kimi Rusiyada, kimi
Qaradağdakı daş
karxanasındadır.
...Bütün bunlara baxmayaraq regionlarda son illər
görülən bir sıra müsbət
işləri danmaq insafsızlıq
olardı - ən ucqar kəndlərin bir çoxunda onlarla yeni məktəblər
tikilib, yaranışından bəri ilk dəfədir ki,
Masallı-Yardımlı və Lənkəran-Lerik yolları
yüksək
səviyyədə təmir olunaraq çox rahat bir yola çevrilib.
Avropa standatlarına uyğun
yeni istirahət mərkəzləri, xəstəxanalar,
poçt binaları, əlillər və
şəhidlər üçün
yaşayış evləri inşa edilib.
İldırım
Allahyarov (sahibkar): -
Tanrı Masallıya İsti-Su kimi müalicə əhəmiyyətli sərvət
verib. Lakin
lazımı qədər maddi vəsaitimiz
olmadığı üçün burada işləri yüksək səviyyədə
qura bilmirdik. Regionların Sosial İqtisadi İnkişaf
Proqramında bu müalicə mərkəzinin
inkişafı dəstəkləndiyindən bizə kifayət
qədər aşağı faizlə kredit
verildi və
bundan faydalanaraq,
İsti- Su istirahət
və müalicə komleksində yüksək səviyyəli
şərait yaratdıq. İndi burada təkcə Azərbaycandan yox, dünyanın bir
çox ölkələrindən insanlar gəlir.
...Regionların
inkişafı ilə bağlı Dövlət
Proqramının təqdimatı da
reallıqla tam uzlaşmır. Belə ki, iqtidar qəzetləri və
iqtidaryönlü qəzetlər
görülən işləri o qədər
təmtəraqla, şişirdilmiş formada təqdim edir ki, adamlar bilmir
gördüklərinə inansın, yaxud
təqdim olunanlara. Eləcə də bəzi
müxalifət və müstəqil qəzetlər bu proqramla bağlı
görülən işləri elə “qara”
rəngdə verir ki, insanlar
çaşıb qalır.
Hər
şeyi öz adı
ilə desək, daha ədalətli və obyektiv olar. Məsələn,
təkcə cənub bölgəsində son
6 ildə 40-dan artıq dünya
standartlarına uyğun məktəb tikilib. Lakin həmin məktəblərin
əksəriyyətində istilik sistemi bərbad vəziyyətdədir. Hətta
Lənkəran, Masallı, Cəlilabad kimi
rayonların şəhər mərkəzindəki
aparıcı məktəblərdə istilik
məsələsi dözülməz bir həddə
çatıb. Təkcə bu il Masallıda biri 620 , digəri 480 yerlik
olmaqla 2, son 5 ildə
isə müasir
tələblərə uğqun 12 gözəl
məktəb tikilib. Amma
Masallı rayonu buraxılış
imtahanlarının nəticələrinə görə bu il ölkə üzrə
axırıncı yeri tutub.
İndi bütün,
o cümlədən, ucqar
dağ kəndindəki məktəblərə
də kompüterlər verilib. Bu, olduqca müsbət
haldır. Lakin bu da həqiqətdir ki, bəzi
məktəblərdə həmin kompüterlərin bir çoxu
lazımsız avadanlığa çevrilib; onları işlətməyə
nə layiqli mütəxəssis var, nə də kompüterləri normal saxlamağa şərait.
Hələ onların əksəriyyətinin internetə
qoşulmamasını demirik.
Bu qədər gözəl məktəblər
tikilir, şagirdlərə pulsuz dərsliklər verilir.
Lakin bir sıra məktəblərdə,
xüsusən ucqar dağ
rayonlarında peşəkar
mütəxəssislər çatışmır. Məhz bunun nəticəsidir ki, iqtisadçı Rövşən Ağayevin araşdırmasına görə cənub
bölgəsində fəaliyyət göstərən 356 məktəbin
62-sindən 6 ildir ki, bir nəfər də ali məktəbə
qəbul oluna bilmir. 26
məktəb isə 6 ildə cəmi bir
nəfər ali məktəb məzunu yetişdirib.
Əgər
onlarla kənddə stadion,
ən sadə idman qurğuları, hətta
futbol topu, voleybol toru və sair elementar idman avadanlığı çətinliklə
tapılırsa, 15-20 milyon manatlıq pullu xidmət göstərən İdman Kompleksi həmin
insanların marağında olmur.
...Ölkə
başçısının regionların inkişafı ilə
bağlı sərəncamı əyalətlərdə bir canlama, yüksəliş
yaratdı. Doğma yurd-yuvasını
atıb özgə yerlərdə çörək qazanmaq üçün
yollananların bir çoxu
geri qayıtdı. Çünki
indi ən ucqar rayonlarda, ən ucqar kəndlərdə
belə xeyli sosial
obyektlər inşa edilib. Təkcə
Masallının timsalında demək olar ki, yaranışından bəri maye qaza, içməli suya, normal telefon
xidmətinə həsrət qalan Çaxırlı, Bala
Təklə, Təklə və sair kəndlər
bu xidmətlərdən daha
yüksək səviyyədə faydalanmağa
başlanılıb.
Təəssüf
ki, ölkə prezidenti
İlham Əliyev cənablarının
imzaladığı bu Proqramı
lazımı şəkildə icra etməyən,
səhlənkar əməlləri ilə bu
layihəyəyə gölgə salanlar da var. Regionların İqtisadi
İnkişaf Proqramına start
verilməsindən 6 ildən artıq vaxt
keçsə də, tamamlanması 2006-cı ilin
sonuna nəzərdə tutulan
işlərin bir çoxu
hələ də reallaşmayıb. Konkret
faktlarla danışaq:
-
Dövlət proqramında nəzərdə tutulmuşdu
ki, Masallı rayonunun kanalizasiya sisteminin əsaslı
təmiri 2006-cı ilin sonuna
kimi başa
çatmalı, bütün
yaşayış məntəqələri içməli su və maye qazla təmin olunmalı idi.
Lakin bu işlərin bir çoxu
reallaşmadı. Masallı rayon mərkəzində
kanalizasiya sisteminin
yenidən qurulması barədə vədlər də
neçə illərdir ki,
reallaşmır.
Əhalinin elektrik enerjisi ilə təminatının
yaxşılaşması barədə irəliləyiş olsa da, hələ də balaca külək əsən kimi hətta rayon mərkəzi
saatlarla işıqsız qalır.
60-cı illərdən bəri dəyişməyən elektrik xətləri var. Regional proqramda reallaşacağı vəd edilsə
də, Lənkəran kimi gözəl təbiəti,
geniş iqtisadi imkanları
olan rayonda nə
Haftonidəki 150 yerlik sanatoriya
istifadəyə verildi, nə Dəniz
Limanının tikintisi başa
çatdı, nə də köhnə binanın əsasında
yenidən qurulan Gənclər Evi gənclərin üzünə
açıldı.
Əyalət
təkcə parıltısı göz
deşən bir neçə rayon mərkəzindən ibarət deyil. Bu gün
əyalət insanları necə istirahət edir,
necə məlumatlanır, onların asudə vaxtı, mənəvi
tərbiyəsi sahəsində hansı işlər görülür? Hələ kəndləri demirik, Masallıda veteranlar
rayon mərkəzində adicə domino oynamağa yer tapmırlar. Çünki
bir sıra rayonlarda inşa edilən “Veteranlar
Evi” Masallı kimi 200 minlik əhalisi olan rayonda reallaşmır. Hətta
Dövlət Proqramına salınsa belə (2006-cı ildə
başa çatmalı idi),
Masallıdakı keçmiş Nəriman
Nərimanov adına kino-teatrının binası təmir edilib Gənclər Evinə çevrilmədi.
Ümumiyyətlə, 1 milyona yaxın əhalisi
olan cənub bölgəsində Gənclər
Evi adına fəaliyyətdə olan bir bina
belə yoxdur. Halbuki, Sabirabad rayonunda bu sahədə olduqca
gözəl nümunə var.
Cəlilabadda
olduqca gözəl avtovağzal
tikilib. Lakin əhalisi
200 minə yaxın olan rayonda
kəndarası avtobuslar işləmir.
Kənd
klub və kitabxanaları kağız
içində itib. Bu
müəssisələr dolayısı ilə bəzi şəxslərə
mədəni xidmət yox, “mədəni
yardım” funksiyasını yerinə yetirir.
Təsəvvür edin ki,
kənd kitabxanalarına qəzet və jurnallara
abunə üçün pul
tapılmır. Belə vəziyyətdə hansı müsabiqələrdən,
mahnı festivallarından, ədəbi axşamlardan
danışmaq olar.
Bu sıraya icra
hakimiyyətlərinin sərəncamında olan
internet saytlarının
“kasıblığını” və qeyri operativliyini, heç bir cənub rayonunun
sanballı salnaməsinin olmamasını da
əlavə etmək olar.
Regionların
İnkişafına dair Dövlət
Proqramının bölgələrə yeni
yüksəliş, yeni ab-həva gətirdiyi
və yenə də gətirəcəyi çəksizdir. Lakin problemləri
də unutmaq olmaz.
İqtisadçı Rövşən Ağayev
bildiriir ki, hələ
də ümumi daxili məhsulun
və büdcənin yarıdan çoxu
Bakıda formalaşır. Əhalinin 3-də 2-si əyalətlərdə
yaşasa da, əksinə,
ali məktəbə qəbul
olunanların 3-də 2-si Bakının payına düşür.
Bu sahədə ciddi
aşkarlıq təmin olunmalı, ayrılmış vəsaitlərdən
təyinatı üzrə, səmərəli istifadə
olunmalı, insanlar bu
işlərin təkcə “işığından” yox, “istisindən” də
faydalanmalıdırlar.
Masallı
Rayon İcra hakimiyyəti
başçısının iqtisadiyyat
üzrə müavini Seymur
Nuriyev isə daha nikbindir. O sorğumuzu cavabladırarkən
aşağıdakıları bildirdi:
-
Məhz Regionların Sosial-İqtisadi İnkişaf Proqramı nəticəsində
Masallının ən kəskin problemi- kanalizasiya və içməli su
problemi öz həllini
tapmaqdadır. Belə ki, bu
sahədə texniki-layihə işləri başa
çatmaq üzrədir və yaxın
5-6 ayda geniş
miqyaslı inşaat işlərinə
başlanılacaq. Yaxın vaxtlardə şəhər
mərkəzinin və ətraf kəndlərin kanalizasiya
və içməli su problemi
köklü şəkildə həll ediləcək.
Ötən ildən başlayan şəhər
mərkəzinin yeni texnologiya
ilə qazlaşdırılması prosesiidə də işlər
yekunlaşmaq üzrədir. Yaxın planlarımızda rayon
Mədəniyyət Evinin əsaslı təmiri,
eləcə də 3 ən ucqar kənddə,
sizin ifadənizlə desək, əyalətin
əyalətlərində, rayonun ən uzaq dağ kəndi Yeni Zuvandda, eləcə də
ucqar Qodman və
Hüseynacılı kəndlərində yeni
məktəb binaları tikiləcək. Məhz bu proqramın yaratdığı imkanlar nəticəsidnə Masallının
siamsı yaxın vaxtlarda nəzərəçarpacaq
dərəcədə dəyişəcək, Masallı daha da gözəlləşəcək,
ən narahat problemlərindən xilas olacaq, yeni
iş yerlərinə sahib
olacaq..
Həsən
Abdullayev (Masallıdakı “Ailə” Xeyriyyə
Cəmiyyətinin sədri): - Amma Azərbaycanın bu günki inkişafını görənlərin
çoxu inanır ki,
yaxın zamanlarda ən ucqar
dağ yolları da təmir
olunacaq, ucqarlardakı hər evdə maye qaz alovlanacaq,
əksəriyyətin internet xidmətindən
istifadə etmək imkanı olacaq, yeni tikilən məktəblərdə təhsil
səviyyəsi onun görnüşü
ilə həmahəng səslənəcək, xaraba
yolar, telefonsuz,
işıqsız, mavi qazsız evlər isə uzaq xatirəyə çevriləcək.
Zahir Əmənov
Bizim yol.- 2010.-26 noyabr.- S. 13.