“Rəsulzadənin
böyüklüyünü o hadisələrdə görmək
lazımdır”
Solmaz Tohidi Rüstəmova: “Azərbaycan hökuməti
şəhərə girənə qədər erməni əhalisi
arasında itkilər olub”
“Şamuyan mart
qırğınlarından sonra
Leninə yazırdı ki, düzdür, müsəlman əhalisi
qırılıb, ancaq bu bizi heç kədərləndirmir...”
Bu gün Bakının daşnak-bolşevik
işğalçılarından azad olunmasının
ildönümüdür. Tarixin 1918-ci il dönəminin
açılmayan səhifələrini professor Solmaz Tohidi
Rüstəmova ilə söhbətimizdə işqı
salmağa çalışdıq. Həmir ərəfədə
siyasi vəziyyət, Azərbaycan rəhbərliyinin diplomatik,
hərbi tədbirləri, Bakıda törədilən müsəlman
qırğınları, erməni təbliğatı
suallarımızın əsasını təşkil edib.
- Solmaz xanım, Azərbaycan cəmiyyəti 15
sentyabrda Bakının daşnak-bolşevik hərbi birliyindən
azad olunması haqqında bütün məlumatları bilirmi,
yoxsa açılmayan səhifələr hələ də
var?
- Yəqin ki, ümumi məlumatı bilir, o mənada
ki, Qafqaz-İslam Ordusu Azərbaycan hərbiçiləri ilə
birlikdə bolşevik-erməni qoşunları ilə neçə
aylıq qızğın döyüşlərdən sonra
Bakını azad edib, lakin şəhərə girməyib. 2-3
gün şəhərdə xaos və anarxiya hökm
sürüb. Ola bilsin ki, ictimaiyyət qeyd etdiyim bu məqamlardan
təfərrüatı ilə məlumatlı deyil.
- Nədən ibarət idi Bakının
işğalının azad olunmasının bilinməyən təfərrüatları?
- Ən əvvəl çox istərdim ki, gənclərimiz
Bakının azad olunması tarixini bilsinlər. O dövr ADR rəhbərlərinin
nümayiş etdirdiyi son dərəcə böyük siyasi
iradələri, məntiqli hərəkətləri, diplomatik
tədbirləri, sözün əsl mənasında əzmkarlıqları
unudulmamalıdır. İndi bəziləri
düşünür ki, türkləri çağıran
kimi durub Bakıya gəldi, vəssalam! Halbuki, türkləri
Bakıya gətirtmək lazım idi. Bunun üçün Rəsulzadə,
M.Hacinski, Yusifbəyli, X Xasməmmədov Batumda, daha sonra
İstanbulda birbaşa sultan VI Mehmetlə və Osmanlı
hökumətinin hərbi-siyasi xadimləriylə
görüşüb onları türk ordusunun Bakıya
göndərilməsinin vacibliyinə inandırmaq
üçün gərgin danişıqlar
aparmışdılar. Bilirsiniz ki, 1918-ci il İ Dünya
Savaşının sonu olduğundan Türk ordusu cəbhələrdə
döyüşürdü. Bu zaman 15 minlik ordunu Bakıya
göndərmək üçün Osmanlı Türkiyəsinə
bu aktın mühümlüyünü sübut etmək
lazım idi ki, Cümhuriyyət liderləri bu işin öhdəsindən
gəlmişdilər. Başqa bir məqam, istər
zamanında, istərsə də bu gün belə fikirlər
yürüdülür ki, türk ordusu Bakını
işğal üçün gəlmişdi və bunun
arxasında Azərbaycanı Türkiyəyə birləşdirmək
istəyini dururdu.
- Əsas vardımı bu cür fikirlərə?
- Müəyyən qədər əsas var. Amma bu fikri
yalnız türk ordusunun rəhbərliyində görmək
düzgün deyildi. Azərbaycanda
“ilhaqçılar” adlanan müəyyən siyasi qruplar,
bəzi siyasi-ictimai xadimlər də Türkiyəyə birləşməyin
tərəfdarı idi. Onlar bu amili yaranmış vəziyyətdən
sadəcə çıxış yolu kimi görürdülər.
Çünki müstəqillik aktı qəbul olunsa da, Azərbaycan
hökumətinin nə nizami ordusu, nə paytaxtı, nə də
maliyyə imkanları vardı. Tiflisdə müstəqillik
elan edənlərə Gürcüstanı tərk etmək təklif
olunmuşdu. Ermənilər bu zaman artiq İrəvan
quberniyasını zəbt edib azərbaycanlı əhalidən
boşaltmışdılar. Bu gün belə fikirlər
yürüdülür ki, ADR rəhbərliyi İrəvanı
bağışladı, doğru deyil. Hələ biz ADR rəhbərliyinə
təşəkkür etməliyik ki, onlar “güzəşt”
sözünü işlətməklə heç olmasa İrəvanın
üzərinə “bizim” olduğu
fikri qoyublar və bunun əsasında
“güzəştə getdik” dedilər. Ancaq faktiki İrəvanda
azərbaycanlı qalmamışdı, Zəngəzuru zorla
boşaltmışdılar və artıq Qarabağa
çıxırdılar. 200 mindən çox əhali məcburi
olaraq Gəncəyə, aşağı Qarabağa və
Şirvana toplanmışdı.
Belə halda bir sual çıxır: İrəvan bizim əlimizdəydimi
ki, ermənilərə verək?!
Ermənilər bu dövr üçün artiq boşaldılmış Azərbaycan torpaqlarında öz
dövlətlərinin ərazi fundamentini
yaratmışdılar. Baki, Quba, Şamaxıda
bolşevik-daşnak hökuməti “Sovet” hakimiyyəti qururdu.
Belə bir şəraitdə Gəncəyə gələn
ADR rəhbərliyi burada Azərbaycanın müstəqil
dövlətçılıyını qəbul etməyən,
hökumətin aqrar proqramından çəkinən əsasən
iri torpaq mülkiyyətçiləri, zadəgan-bəy və
Türkiyəyə meylli ziyalı-siyasətci dairələrlə
üzləşir. Onlara açıq şəkildə
bildirirlər ki, Azərbaycan xalqı adından sizi heç
kim hökumət qurmağa müvəkkil etməyib, bizə
müstəqil dövlət lazım deyi, Türkiyəyə
ilhaq olunmaq daha məsləhətdir. Nuru Paşa da ADR rəhbərliyini
heç qəbul etmir, onlara öz məsləhətçisi-bizim
böyük türkçü ideoloqumuz Əhməd
Ağaoğlu vasitəsilə bildirir ki, mən əsgərəm,
gedin öz məsələnizi özünüz həll edin.
Bax, belə siyasi böhran şəraitində ADR rəhbərliyinin
siyasi iradəsi və diplomatiyası ortalığa
çıxır. İndi deyirlər ki, o zamankı hökumət
niyə tez-tez istefaya gedirdi. Rəsulzadənin
böyüklüyünü o hadisələrdə görmək
lazımdır. Məhəmməd Əmin Milli Şuranın sədri,
yəni respublikanın prezidentiydi, o, qızğın
müzakirələr zamanı açıq şəkildə
deyir ki, Azərbaycanın taleyi həll olunan məqamda şəxsi
maraqlar kənara qoyulmalıdır. Qərara alınır ki,
Milli Şura buraxılsın və beləliklə,
ilhaqçıları səlahiyyətləri həddən
artıq məhdudlaşdırılmış
ADR hökumətini saxlamağa razı salırlar. Bundan sonra Rəsulzadə
Osmanlı Türkiyəsi ilə danışıqlar aparmaq
üçün qardaş ölkəyə gedir və nəticədə
Qafqaz İslam Ordusu ADR-a dəstək verir.
Daşnak-bolşevik hərbi birliyi isə iyunda Azərbaycan
milli hərəkatının mərkəzi Gəncəyə
hərbi yürüşə başlayır. Lenin kömək üçün
Petrovun hərbi dəstələrini Bakıya göndərir.
Bu, 26 Bakı komissarları arasında güllələnmiş
Petrovdur ki, məlum olduğu kimi heç də komissar deyildi.
Umumiyyətlə, bir haşiyə edim ki, 26-lar arasında cəmi
6 nəfəri komissar, 5 nəfəri də XKŞ-nin
işçiləri olub.
- Qayıdaq Bakının azad olunmasına, bəs o
dövrdə ADR hərbi birləşmələri var idimi?
- Bəli. Amma bu birləşmələr Qafqaz
İslam Ordusu ilə birlikdə vuruşurdular.
Döyüşlərin bizim xeyrimizə dönüş
nöqtəsi Göyçayın Qaraməryəm kəndində
olur. Bu uğursuzluqdan sonra Şamuyan hökuməti iyulun 30-da
istefaya gedir. Düzdür, o zaman Qızıl Ordu və Erməni
hərbi birləşmələri kifayət qədər
güclü idi. Çar ordusunda Baqratuni başda olmaqla 6 erməni
generalı Qafqaz İslam Ordusuna qarşı
döyüşürdü. Ancaq iyul ayının sonlarında
qızıl ordunun artıq Türk-Azərbaycan
qoşunları qarşısında davam gətirməyəcəyi
məlum olanda Şaumyan, Caparidze başda olmaqla bolşeviklər,
qeyri-müsəlman partiyaların, hərbi birləşmələrin
və Erməni Milli Şurasının rəhbərlıri
yaralı general Baqratuninin yatağı ətrafına
toplanır və Bakının “müdafiəsi” məsələsini
müzakirə edirlər. Bolşeviklərdən başqa
hamı ingilisləri Bakiya dəvət etməyi təklif edir.
Şaumyan razılaşmayanda Baqratuni açıq şəkildəv
soruşur ki, türklərin qarşısına
çıxartmağa gücün varmı? Şamuyan bir necə yüz nəfərlik
qoşunu olduğunu,
1000-1500 nəfərin də Rusiyadan
göndəriləcəyinə ümid etdiyini söyləyəndə, Baqratuni türklərin 15 minlik
ordusunun gəldiyini bildirir.
Bu məqamda “nə edək” sualına Şamuyandan tələb edirlər ki, istefaya get.
O da bu tələblə
razılaşır. Bolşeviklər öz
razılıqları ilə hakimiyyətdən gedəndən sonra ermənilər İranda
ingilis generalı Denstervili
Bakiya dəvət edirlər. Denstervilin bütün bu hadisələrlə
bağlı xatirələrində erməni hərbiçilərini
ifşaedici çoxlu
faktlar var. İngilislər
Bakiya gözlənildıyı qədər
qoşun və hərbi-sursat gətirmir, təxminən
1200 nəfərlik hərbiçiylə Bakıya gəlir, əvəzində
hər gün on minlərlə ton nefti Bakıdan İngiltərəyə
göndərir, bu faktlar
sonralar ingilisləri satqınlıqda
gunahlandıran ermənilər tərəfindən
açıqlanıb. Denstervil türklərlə 40
gün vuruşandan sonra o zamankı
yarısı erməni olan Sentrokaspi
hökumətinin üzvlərinin toplantısında bildirir ki, mən sizə
köməyə gəlmişdim,
gəlməmişəm ki, sizin erməni birləşmələriniz kef edib əylənsin, lazim olanda cəbhəni qoyub qaçsın, mənim əsgər
və zabitlərim isə sizin əvəzinizə
döyüşsün və hədər
yerə qırılsın. Sentyabrın 1-də Denstervil
Bakını tərk etmək üçün
ilk cəhd edir, lakin onun gəmiləri topa tutulur, özü qaldığı “Avropa”
(“Lukoyl”un indiki binası) hoteli isə
ciddi nəzarət altına götürülür.
Lakin sentyabrın 14-də Bakı uğrunda son vuruşda 14 saatlıq ağır
döyüşdən sonra gecə Denstervilin qoşunları şəhəri tərk
edir. Bundan sonra “xristian” Bakısı bir gün də
davam gətirə bilmir. Ayin 15-də Qafqaz İslam Ordusu “Qurd qapısı”
tərəfdən müdafiə
xəttini yarsa da ilk günlər
şəhərə girmir.
Bununla belə ermənilər arasında
ağlasığmaz bir
panika başlayır, şəhərin erməni
əhalisinin bir hissəsi, əsasən imkanlı zümrələr
müxtəlif yollarla
Bakıdan qaçır.
- Bakı əhalisi
ordumuzu necə qarşılayır?
- Mart soyqırımından sonra ermənilərin əlində bin növ əsir və girov olan əhali
ordumuzu necə qarşılamalıydı?! İkinci,
həmin dövr bu hadisələrin nəticəsi kimi Bakıda
və Şamaxıda böyük aclıq yaranmışdi. Elə bolşeviklərin məğlubiyyətinin bir
səbəbi ərzaq
problemini həll edə bilməmələri
ilə bağlıydı.
Əlbəttə ki, bu həyatı yaşayan xalq türk ordusunu sevinclə qarşılamalıydı.
- Erməni mənbələri
Bakının azad olunması zamanı çoxlu sayda erməninin öldürülməsi
haqqında fikirlər
yayırlar. Onların söylədikləri nə dərəcədə
doğrudur?
- Əvvəla, ermənilər həmişə
olduğu kimi bu istiqamətdə də rəqəmləri
şişirdirlər. Ancaq paytaxt azad ediləndə
qırğınların olması aydındır,
çünki mart hadisələrini yaşamış və
4-5 aylıq erməni daşnaklarının zülmünü
çəkmiş xalq qisas hissi ilə
alışıb-yanırdı. Bu mənada Azərbaycan
hökuməti şəhərə girənə qədər
erməni əhalisi arasında itkilər olub. Lakin şəhər
azad olunduqdan 3 gün sonra Azərbaycan hökumətinin
başçısı Fətəli xan Xoyski qarət və
soyğunçuluğun qarşısının
alınması haqqında imzaladığı fərmanda
göstərir ki, dinindən və milliyyətindən
asılı olmayaraq bütün vətəndaşların
hüququnu tanınır və həyatlarına təminat
verir. Bu sahədə ciddi tədbirlər görür, hətta
şəhərin 7-8 yerində dar ağacı qurulur, 104 nəfər,
o cümlədən qarət və qirğınlarda əli
olan bir necə türk əsgəri asılır. Bununla da
şəhərdə əmin-amanliq bərpa edilir. Lakin erməniləri
bu tədbirlər qane etmir və bizə qarşı
böyük təbliğat kampaniyası başlayir. O zaman
Bakıda olan 70 min erməninin 40 minə yaxını 14
sentyabrda şəhəri tərk etmişdı. Təbii ki,
mart hadisələrində azərbaycanlıların
soyqırımını törətmiş ermənilər
qorxurdu ki, Bakı azad olunsa, cavab aksiyası kimi erməni
qırğınları olacaq. Ancaq Bakını tərk edə
bilməyən erməni əsgərləri də sentyabrın
18-ə qədər Bakının kəndlərində
qırğınlar törədirdi. Sakitlik yaranan kimi şəhərə
qayıdan Erməni Milli Şurasının üzvləri Anket
Komissiyası təsis edirlər. Komissiya sorğu əsasında
nə qədər erməninin
öldürüldüyünü araşdırır. Həmin
sorğu əsasında 1920-ci ildə Tiflisdə müəllifi
İxşanyan olan “Bakı şəhərində böyük dəhşətlər. 1918 -ci il
sentyabr hadisələrinin anket tədqiqatı” adlı bir kitab
nəşr edilir. Lakin kitab nə üçünsə
Bakının, Tbilisinin, Moskvanın kitabxanalarından yox olur.
Hətta erməni internet saytlarında da bu kitabın adı hərdən
xatırlansa da, nədənsə ona istinad edilmir. Bu
kitabdakı rəqəmlərdən ilk dəfə ABŞ
tarixçisi Firuz Kazımzadə istrifadə edib, sonradan biz
MTN-nin köməyi ilə Moskvadan bu kitabı əldə edə
bildik. Və məlum oldu ki,
heç bir şəhadət, dəqiq faktlar və rəqəmlər olmadan,
yalnız gümanlar və fərziyyələr əsasında
tərtib edilmiş cədvəllərdən ibarət olan bu
kitabı ermənilər özləri bir mənbə kimi
ortaya çıxarmaqdan cəkiniblər. Çünki
kitabdakı rəqəmlər onları tam qane etməyib.
Müəllifə görə həmin günlər
öldürülən erməni əhalisindən “5248 nəfərə
qədərin” adı müəyyənləşdirilib. Sonra “ən
azı 1500-ə yaxın Şamaxı və Göyçaydan
erməni qaçqinları” və “2240 nəfər naməlum əsgər
və subay fəhlələr” (?) , - yəni nə
ölüsü, nə yiyəsi olmayan insanların sayı
öldürülənlərin sırasına daxil edilib. Daha
3572 nəfər itkin düşmüş kimi nəzərə
alınıb, hərçənd
bunlardan 357-nin tezliklə
sağ-salamat olduğu və Bakıya qayıtdığı
göstərilir. Beləliklə, toplamaq-çıxmaq yolu ilə
8 988 ölü, 3 572 nəfər də itkinlərlə birgə
cəmi 12 min 560 nəfər rəqəmini alırlar. Bu məsələlərdən
yazan ciddi alimlər və tədqiqatçılar rəqəmlərə
ehtiyatla yanaşmağı tövsiyyə edir. Adi bir fakt,
İxşanyan yazır ki, guya erməni qadınları Bakıdan
qaçarkən özlərinə gəmidə yer tutmaq
üçün hətta qucaqlarındaki körpələrini
dənizə atırmışlar və bu “qurbanlar” da həmin
rəqəmlərə əlavə edilir. Lakin “erməni məntiqinə”
uyğun olaraq hadisələrdən az sonra “sentyabr
qurbanlarının” sayı surətlə artır. Ermənistanın
Tiflisdəki səfiri Camalyan bizim səfir Cəfərova məktubunda
Bakıda ölən ermənilərin sayının 20-30 min
arasında olduğunu göstərir. Daha sonra isə Xəlil
Paşaya yazdığı məktubda bu rəqəm artiq 30
min olur. Son illərdə rus müəllifləri Muxanovla Volkoqonov
birgə yazdıqları “ADR-in izi ilə” kitabında mart
soyqırımına seyrçi yanaşdıqları halda 15
sentyabr hadisələri zamanı 35 min erməninin
öldüyünü qeyd ediblər. Sual olunur, bu rəqəmləri
haradan alırlar? Bütün hallarda biz sentyabr hadislərinə
bəraət qazandırmırıq. Xoyski yazırdı ki, biz
bu hadisələrin üstündən sükutla keçmirik və
cəzalandırılanlar var. Ancaq Şamuyan mart
qırğınlarından sonra Leninə yazırdı ki,
düzdür, müsəlman əhalisi qırılıb, ancaq
bu bizi heç kədərləndirmir, çünki qələbəmiz
o qədər böyükdür. Müqayisə
üçün daha bir məqamı açıqlayim. ADR
hökuməti mart-sentyabr
aylarındakı hadisələri araşdırmaq
üçün yaratdığı Fövqəladə Təhqiqat
Komissiyasının istintaq sənədləri əsasında həbs
etdiyi erməni cinayətkarlarını Azərbaycanın
de-fakto tanınması münasibətilə 1920-ci il 9 fevral
tarixdə verilmiş amnistiya qanunu ilə azad etdi. Erməni-daşnak
siyası dairələri isə 1918-ci il sentyabr hadisələrində
“günahkar” bildikləri ADR hökumətinin ən görkəmli
xadimlərini qətlə yetirdilər. Son dərəcə
mühüm siyasi və əlamətdar hadisə olan
Bakının azad olunması tarixinin təəssüf ki, bu
cür faciəli və kədərli səhifələri də
vardır.
Natiq CAVADLI
Bizim yol.- 2010.- 15 sentyabr.- S. 7.