Çinli ilməsindən çıxan Azərbaycan xalçaları

 

Xalça bazarında inanılmaz mənzərə: əcnəbilər bu sahəni də əlimizdən alıb

 

Azərbaycanın 1500 manatlıq xalılarını, çinlilər 300-400 manata  satışa çıxarır

 

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələr sübut edir ki, bu sənət növünün tarixi 5 min il əvvələ gedib çıxır. Xalçaçılığın vaxtı ilə həyatımızda daşıdığı mühüm əhəmiyyət bir sıra inanclara da yol açıb. Belə ki, əsrlərdən gələn inanclara görə xalçalar bəd enerjini ya udur, ya da kənara istiqamətləndirib təsirini azaldır…

Bu sənətə aid nümunələr, nəinki Azərbaycan daxilində, hətta ölkə xaricində də məşhur olub. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu gün xalçalarımız erməni, fars nümunəsi kimi təqdim edilir. Dünyada məşhur olan Təbriz xalçalarının məhz İran sənət nümunəsi kimi tanınması, əslində, bizim zəif təbliğatımızın nəticəsidir.

Bu gün Ermənistana, satılan xalçalar barədə danışırıq. Azərbaycandan çox ölkəyə xalça aparılırı, amma Ermənistandan başqa bir dövlət sənət əsərini öz mədəniyyət nümunəsi kimi dünyaya təqdim eləmir.

Doğrudur, Mədəniyyət və Turizm Nazirliyi ciddi cəhdlə faktı təkzib edir. Amma fakt da adi bir şəxsin deyil, «Azərxalça» İstehsalat Birliyinin rəhbəri Əlisafa Nuriyevin dilindən səslənib.

 

«Antik» dükanda əntiq mal yoxdur

 

Biz də antik, xalçaçılıq dükanlarında belə məhsullara olan marağı araşdırmaq üçün, «İçərişəhər»də yerləşən ticarət mərkəzlərində olduq. Qız Qalasının ətrafında küçə boyunca uzanan xalça dükanlarında müxtəlif bölgələrin xalçalarına rast gəlmək mümkündür: hər növ və hər ölçüdə xalılar, xüsusi əl ilə işlənən telefon qabı, toxunma çantalar və s. alıcılara təqdim olunur.

«Karvansara»nın qarşısından başlayaraq, dükanlara bir-bir daxil olub, qiymətlərlə maraqlandıq. Eyni ölçülü kiçik xalçalar müxtəlif qiymətə idi. İsmayıllı xalılarına 350 manat, Şamaxı xalılarına isə 500 manata qədər qiymət dedilər. «Carpet-antiq» dükanının satıcısına qədim xalçalar axtardığımızı söylədik. O, bir neçə kasanı göstərərək, «bundan başqa burada qədim heç nə yoxdur» deyə cavab verdi.

- Dükanın adı «Carpet-antiq» gedir. Bəs niyə əntik mallar yoxdur?

- Əntiq mallar olur, amma indi yoxdur. Qədim toxunma əl işləri çox az hallarda olur. Qədim xalçalar isə, 1900-ci illərin əvvələrinə aid olanlar idi, onlar da satılıb. İndi qədim xalçalar, kilimlər yoxdur.

- Onları xarıcilər alıb, yoxsa azərbaycanlılar?

- Azərbaycanlılar. Xaricilər üçün qədim xalçaları ölkədən çıxarmaq bir qədər çətin olduğundan maraq göstərmirlər. Ancaq lampa və başqa bu kimi xırda əntiq əşyalar almağa meyl göstərirlər.

 

Azərbaycan naxışlı çin xalçaları bazarı zəbt edib

 

… Beləliklə, «Flyinq Karpet, «Seyid» xalı dükanlarına da baş çəkdik. Dükanlara gedən yolun bağlanması və orada qazıntı işlərinin aparılması ora daxil olmağımıza bir qədər çətinlik yaratdı. Burada ən yaşlı xalçanın 60 yaşı var idi. Satıcılar qədim xalçalar satmadıqlarını söylədilər. Ancaq ölkənin bölgələrində toxunmuş məhsullar təklif edirlər. Belə ki, Quba və Şamaxı xalçalarının qiyməti 600-2000, bəzən isə 2500 manat qədər idi.

Ən maraqlı fakt isə, çinlilərin toxunduğu Azərbaycan xalçaları idi. Eyni ölçülü və eyni ornamentli 1500 manatlıq xalıları, çinlilər 300-400 manata istehsal edirlər. Eldar adlı satıcı bildirdi ki, çinlilərin məhsullarını sexlərdən alırlar: «Onların burada xüsusi sexləri var, xalçaların ornamentlərinə uyğun toxuyurlar, sonra satışa çıxarırlar. Amma ələ alan kimi keyfiyyəti bəlli olur. Buradakı əl ilə işlənən şərflər və çantaların əksəriyyətini, çinlilər hazırlayır. Onların malı ucuz olur».

 

Orada xalıları portert köçürən bir qız var…

 

Muğam Mərkəzində yerləşən «Dargah» The center of corpets»də isə xüsusi xalı toxuyan sexin yerləşdiyini öyrəndik. Qazılmış yoldan bir təhər keçib içəri daxil olduq. Lakin axtarışlarımız boşa çıxdı. Bizə bildirdilər ki, toxuculuq sexi buradan artıq çıxıb.

 

«Elə naxışlar var ki, min il yaşı mövcuddur»

 

Ətrafdakı toxuma mallar satan dükanlardan birinə girdik. Burada da qiymətlər küçədəki dükanlardan fərqlənmirdi. Peşəcə müəllim olan, lakin indi xalça satışı ilə məşğul olan Vüqar Cəbrayılov deyir ki, uzun illərdir ki, ailəsi ilə birgə bu işlə məşğul oldur. Vüqar bəy deyir ki, ən keyfiyyətli xalçalar Şirvan zonasındadır. Şamaxı, Quba və Bakı xalçaları hazırda bazarda liderdir.

- Müştəriləriniz, əsasən, kimlər olur?

- Həm yerli, həm də xarici vətəndaşlar var. Onların sayı təxminən yarıbayarı ola bilər.

- Qədim xalçanız var, yoxsa sizdə də hamısı müasir toxunmalardır?

- Qədim xalçaların çeşidləri var. Onların ornamentləri üzərində toxutdurulub satılır. Elə naxışlar var ki, min il yaşı mövcuddur və bu gün də xalçaçılıqda bu ornamentdən istifadə edirlər. Qədim xalçalar muzeydə olur. Bir də onların satışı bir qədər çətindir. Çünki qiyməti də bu xalçaların qiymətindən 20-30 dəfə baha olur. Həm də müəyyən qadağalar mövcuddur. Ona görə də qədim xalçaların satışına çox da maraq göstərmirlər.

- Qiymətlər nə üçün belə bahadır?

- Bunun bir neçə səbəbi var. Çinlilərin toxuduqları da əl işidir, amma onların xalıları ucuz olur. Burada söhbət keyfiyyətdən gedir. Çinlilər arasında işçi qüvvəsi çox ucuz olur. Dünyada ən keyfiyyətli xalça İran malları sayılır. Orada da texnologi baxımdan Təbriz xalçaları dünyada birinci yerdədir. Keyfiyyət baxımından ikinci ən keyfiyyəti və texnoloji baxımdan ən üstün xalçaçılıq məktəbi Azərbaycan sayılır. Çinlilər ilmələri siyirmə vurur, amma bizdə düyünlü ilmə vurulduğundan keyfiyətli olur. Düyünlü ilməyə türk ilməsi deyilir. 

Bakıda və regionlara xüsusi sexlər açılıb. Elə adam da var ki, evdə toxuyur. Hamısının özünün bazarı var. Kənd yerlərində, evlərdə toxunanların maya dəyəri çox çıxmır. Amma sexlərdə işçi saxlanıldığından, işıq pul və sair xərclər onun maya dəyərini artırır.

Evlərdə toxunan xalıların kvadrat metri 100 manatı keçmir, amma sex məhsullarının kvadrat metri 300 manatdan yuxarı çıxır. Hətta eləsi var ki, 800 manata başa gəlir. 25 kvadrat metr toxuduqda, onun qiymətini siz özünüz hesablayın.

 

«Erməni qadınları ömründə bir ilmə vurmayıblar, onlarda xalçaçılıq ənənəsi necə ola bilər

 

- Deyirlər, buradan alınan xalçalar İran vasitəsilə Ermənistana satılır. Bu barədə məlumatdan xəbəriniz var?

- Biz satdığımız xalçaların sonrakı aqibətilə maraqlanmırıq. Onunla dövlət məşğul olmalıdır. Amma bu xəbərə inanmaq bir qədər çətindir. Azərbaycandan İrana, oradan da Ermənistana xalça satışı real görünmür. İranın özünün xalça bazarı böyükdür və bütün dünya ölkələrinə çıxarır. Təbriz xalçalarının Ermənistana satılması ola bilər. Amma bu, hələ Azərbaycan dövlətinin satdığı demək deyil.

Ermənilərin Azərbaycana məxsus mədəni nümunələri mənimsəməsi halı isə həmişə olub. Erməni qadınları ömründə bir ilmə vurmayıblar, onlarda xalçaçılıq ənənəsi necə ola bilər? Ona görə də belə yalanların ömrü çox uzun ola bilməz.

 

«Azərbaycan xalçalarının 90 faizi Çin toxunuşudur»

 

Bu arada dükanlardakı xalçalarla maraqlandığımızı görən xalçaçı-rəssam İlqar İsrafılov bizə yaxınlaşdı. Azərbaycan xalçaçılıq sənətindən, onun problemlərindən maraqla danışmağa başladı: «Bizim xalçalarımız dünyadakı bütün xalçalardan fərqlənir. Əgər istənilən əfqan, fars, türkmən xalçasından minlərlə tapmaq olarsa, Azərbaycan xalçasının birindən ikincisini əldə etmək mümkün deyil. Çünki bizim nənələrimiz, analarımız xalça ilə yaşayıb və qadınların həyat tərzləri başqa-başqa olduğu üçün xalçalar da fərqlidir. Məsələn, bir qadının həyat yoldaşı ona samovar bağışlayıbsa, onu toxuduğu xalçada göstərib. Qonşudakı qadın isə qızılgülü xalçaya həkk edib. Xalça azərbaycanlı üçün həyatın inikası, yaşayışın davamıdır».

Rəsam bildirdi ki, bu gün xalçaçılıq qeyri-maddilikdən çıxıb, yalnız maddiliklə bağlı oldu: «Bu gün artıq qadınlarımız xalçalarla söhbət etmirlər. Onu biznesə çevirmişik və xalça sənətinə yalnız pul qazanmaq mənbəyi kimi baxırıq. Əvvəllər qadın ilboyu məişət qayğıları ilə yanaşı, vaxtını xalça toxumağa sərf edər və dincələrdi. Amma biz onu qadının həyatından çıxarmışıq. Azərbaycan xalçasının dünyadakı dəyəri budur ki, XX əsrin əvvəlinə qədər eyni iki xalça tapmaq mümkün deyil. Məsələn, Luvr muzeyindəki Azərbaycan xalçasının yarısı qırmızı, yarısı da qaradır. Qadın xalçanı toxuyub yarıya çatdıranda həyat yoldaşı rəhmətə gedib, yasdan çıxandan sonra yarısını da qara rəngdə toxuyub. Heç bir fars və ya türkmən qadını belə etməzdi. Ona görə də xalça sənətini qorumaqla, əslində özümüzü mühafizə edirik.

Amma ürək ağrıdan faktdır ki, bu gün xalçalarımız Çin toxucusunun ilməsindən çıxır. Xalça sənətinin inkişafına şərait yaratmaq lazımdır. Əlbəttə, Azərbaycan xalçasız qalmayacaq. İndi ölkəmizə İrandan, Çindən, Belçika, Almaniyadan xalçalar gəlir. Bu da bizim ən böyük bəlamız, dərdimizdir. İndi Avropanın bütün satış obyektlərində satılan Azərbaycan xalçalarının 90 faizi Çin toxunuşudur» deyə rəsam təəssüflə vurğuladı…

 

 

Rüstəmova  Vüsalə

 

Bizim yol.- 2010.- 29 yanvar.- S. 11.