Unudulmuş qələbə
Çaykənd ətrafla Ermənistandan
gələn vertolyotlarla əlaqə
saxlayırdı. Vertolyotlar Sevan gölünün
sahilindən - Kamo şəhərindəki
bazadan qalxırdı. Rabitə isə
yalnız radiostansiya vasitəsilə
idi. Ermənistanlı yaraqlılar müasir silah-sursatla gəlirdilər.
O zaman bizim avtomat silahlar üçün burnumuzun ucu göynəyirdi. Hacıkənddən Toğanaya gedən asfalt yola Çaykənd
erməniləri nəzarət edirdi.
Əsirləri dəyişdiyimiz
günün səhərisi
- yanvarın 14-də Hacıkəndin üstündə, Beşulduz deyilən yerdə xeyli adam toplaşmışdı. Əksəriyyət
silahsız idi. Bir xaos hökm sürürdü. Bu insanlara rəhbərlik etmək də çətin idi.
Müxtəlif bölgələrdən
gələnlər dəstə-dəstə toplaşıb
söhbət edirdilər.
Həmin yerdə dolu
buludlarını dağıdan
topxana da vardı. Cavanlar topxananı ələ keçirib Çaykənd istiqamətinə
bir neçə atəş açdılar. Bu
vaxt iki vertolyot peyda olub başımızın üstündə
dövrə vurmağa başladı. Topun başında duran oğlan bu dəfə vertolyotlara atəş
açdı. Mərmi yan keçdi,
amma küləyi vertolyotu
silkələdi və
aşağıdakılara elə gəldi ki,
vertolyot vuruldu. “Ura” deyib vertolyota
doğru tüfənglərdən
atəş açanlar
da oldu.
Vertolyotlar Gəncəyə
doğru uçdu. Hava çox aydın idi. Vertolyotlar Gülüstan qəsəbəsinin üzərində
bir neçə dəfə fırlanandan sonra
aerodroma tərəf
istiqamət aldılar. Fikirləşdim ki,
bunlar bir plan cızdılar, nəsə ola
bilər. Toplaşanlara üz
tutub dağılmağı
məsləhət gördüm. Fikir verən olmadı. AXC
Xanlar şöbəsinin
sədri Nadirov əynində qara
yapıncı mənə yaxınlaşıb dedi
ki, səni düz başa düşməzlər, elə bilərlər
qəsdən edirsən.
Hacıkəndə enib
poçtdan şöbəyə
zəng etməyi qərara aldım. Cəmi 20 metr
yerimişdim ki,
meşənin üstündən vertolyotlar
peyda oldu.
İnsanların gur toplaşdığı
yerə atəş açdılar. Dikdə
tikilmiş dayanacağın
kafellərinin zərbədən necə
dağılıb havaya sovrulduğu
hələ də gözlərimin
qarşısındadır. Poçta qaçıb şöbəyə
zəng etdim, rəis müavini Qardaşovla danışıb hadisəni
söylədim. Bu vaxt
poçtun yanında gözləyən iki təcili yardım maşınına yaralı gətirdilər.
Növbətçi - Cəmşid həkim mənə
baxıb yaralıları xilas etməyin qeyri-mümkün
olduğunu dedi.
Nəticə ağır oldu. Gəncə sakini Neman Vəliyev, Xanlar şəhər sakini
Səbuhi Hacıyev
iriçaplı pulemyot güllələrindən
ölmüşdülər.
Yanvarın 15-də dəfn mərasimi
oldu. Həmin gün axşam Hacıkənd ətrafına
yenə xeyli adam toplaşmışdı.
Stepanakertdə dislokasiya olunan
hərbi hissədən bir
BMP və bir BTR Çaykəndə gəlmişdi. Bir erməni bələdçi də götürüb
Hacıkəndə doğru
hərəkət etmişdilər. Hacıkəndin
üstündə qarşısını bizimkilər kəsib
həm BTR-i, həm də BMP-ni əllərindən almışdılar.
Zirehli maşınları
alanlara Bakıdan gəlmiş AXC
funksionerləri Fəzail Ağamalı və Fəhmin
Hacıyev rəhbərlik etmişdi. Hər iki zirehli
maşının əsgər
və zabit heyətini
əsir götürüb
Xanların milis
şöbəsinə gətirdilər.
Komandirin soyadı
Belov idi. Onlarla görüşdüm,
özümü təqdim
etdim. Gəlişlərinin səbəbini
soruşdum. Çaykəndə
kömək etməyə gəldiklərini
söylədilər, əslində isə ermənilərin
hiylə və yalanlarının qurbanı olduqlarını etiraf etdilər.
Rus əsgər və
zabitlərini Xanlarda saxlamaq
təhlükəli idi.
Rusların öldürdüyü
Səbuhinin qohumları qisas almaq üçün
fürsət axtarırdılar. Gecə idi,
bir avtobus təşkil
edib onları Gəncəyə gətirdim, mənimlə Fəhmin
Hacıyev də gəldi. Belov zirehli texnikanı verməyi
tələb edəndə başa saldım ki, səni əsgərlərinlə
birlikdə Gəncədəki hərbi hissəyə təhvil
verək, sonra maşın
axtarışına çıxarıq. BTR-i də, BMP-ni də uşaqlar Hacıkənd meşəsində gizlətmişdilər.
Yeri gəlmişkən,
Fəhmin Hacıyevin avtobusa minəndə ayaqqabılarının
qış fəslinə uyğun olmadığını gördüm
və əsgərləri təhvil verəndən sonra evə gedib ona isti
çəkmə gətirdim. Sonralar Fəhmin bəy həbsdən çıxıb gələndə
ilk görüşümüzdə
dedi ki, ayaqqabılar o vaxt dadına
çatmışdı.
Həmin gecə ələ
keçirilən BTR və BMP ilə Kamo və Azad kəndlərinə
hücum oldu.
Atışma zamanı bir neçə
erməni öldürüldü,
səhərə yaxın
zirehli maşınlar yenə gizlədildi. Bu, Kamo və Azad
kəndlərinə ilk
və son hücum oldu. Bunu xüsusi
vurğulayıram. Bəzən mətbuatda ayrı-ayrı
adamların yazılarında Kamo və Azad kəndləri uğrunda döyüşdüklərini, kəndi
azad etdiklərini oxuyanda təəccüb edirəm. Kamo və Azad
kəndləri döyüşlə azad
edilməyib, danışıqlar nəticəsində
boşaldılıb. Bu barədə
sonra.
Yanvarın 16-da məni və Xanlar Rayon Milis
Şöbəsinin rəisi Cavanşir Babayevi Mərkəzi Komitənin
katibi Həsən Həsənov Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi Süleyman Məmmədovun
otağına çağırdı. Həsən Həsənov
rayondakı vəziyyət barədə məlumat istədi. Əməliyyat
şəraitini, yaranmış vəziyyəti və
çıxış yollarını hərtərəfli məruzə
etdik.
Bu
zaman maraqlı faktların şahidi oldum. Həsən Həsənov bizim yanımızda Mərkəzi
Komitənin ikinci katibi Viktor Polyaniçko ilə təxminən 20-25
dəqiqə telefonla danışdı. Polyaniçko
Həsənovu inandırmağa
çalışırdı ki, Bakıda fövqəladə vəziyyət
elan olunması üçün Mərkəzi
Komitənin büro üzvləri səs verməli və o da təcili Bakıya gəlib büronun iclasında iştirak etməlidir.
Həsənov özünəməxsus
çılğınlıqla Polyaniçkoya sərt cavablar verdi: “Viktor Petroviç, mən hər gün gənc insanların dəfnində iştirak edirəm. Onları erməni döyüşçülər,
saqqallılar öldürmür,
şanlı sovet ordusu qətlə yetirir. İndi siz mənə deyirsiz ki, Bakıda
fövqəladə vəziyyət
elan olunsun, rəhbərliyi də həmin sovet ordusuna tapşıraq? Mən bunun qəti əleyhinəyəm!
Bu saat Teymur Əliyeviçə (Mərkəzi
Komitənin ümumi şöbəsinin müdiri
vəzifəsini tuturdu
- müəllif) də
deyəcəm ki, mən o büroya gəlmirəm və mənim adımın qarşısında “əleyhinə”
yazsınlar. İndi Ayaz Niyazoviçlə də (Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov - müəllif) danışacam”.
Dəstəyi yerinə
qoyub üzümə bir müddət baxıb nəsə fikirləşdi, sonra vəziyyətin yaxşılaşması
üçün təkliflər
planı hazırlayıb
ona çatdırmağı
tapşırdı. Bakıda
vəziyyətin ağır
olduğu rəhbərlik
səviyyəsində gərginlikdən
aydın görünürdü.
Xanlara qayıtdıq.
Fəzail Ağamalı
AXC-nin nümayəndəsi
kimi Xanlarda idi. Yaxınlaşıb dedim ki, Bakıda
vəziyyət gərgin
olacaq, AXC rəhbərliyini
xəbərdar etmək
gərəkdir. Həsən
Həsənovla Viktor Polyaniçkonun
mübahisəsini danışdım.
Fəzail Ağamalı
qayıtdı ki, mən desəm inanmazlar, özünü təqdim et, Etibar Məmmədovla birləşdirim,
danış.
AXC
liderlərindən olan
Etibar Məmmədovla
telefonla danışdım,
Bakıda fövqəladə
vəziyyətin tətbiq
olunacağını, şəhərin
idarə olunmasının
orduya tapşırılacağını
söylədim. Etibar Məmmədov sözlərimə
üç dəfə
“hə” deməklə
kifayətləndi.
Həmin dövrdə
Gəncədə SSRİ Müdafiə
Nazirliyi Baş Kəşfiyyat İdarəsinin
və SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin
əməkdaşları ezamiyyətdə
idilər. 16-sı gecə
şöbədə növbətçi
idim. Saat 22:00-da Baş Kəşfiyyat İdarəsinin generalı
Aleksandrov mənə dedi ki, gecə
saatlarına qədər
işləyəcək: “İstəsən,
evə gedə bilərsən”. Mən təşəkkür edib
ona mane olmayacağımı,
səhərə qədər
şöbədə qalmağımın
vacib olduğunu bildirdim.
Gecə saat
11 radələrində oturduğu
kabinetdən generalın
gur səsini eşitdim. Qapı örtülü olsa da, onun danışığı
aydın eşidilirdi.
Əməliyyat telefonu
ilə Moskva ilə danışırdı.
Telefonun o başındakını
inandırmaq üçün
əlindən gələni
edirdi. Generalın bu sözləri indiki kimi yadımdadır:
“Yoldaş general, bu şəhərin rəhbərliyi
də, milisi də, hətta DTK işçiləri də
qatı millətçilərdir
və bizə, sovet hakimiyyətinə nifrət edirlər. Bizim verdiyimiz məsləhətlərə qulaq
asan yoxdur. Hamı Moskvanı, Mərkəzi Komitəni açıq söyür.
Hər gün vəziyyət gərginləşir.
Əgər qəti tədbirlər görülməsə,
bunların dərsi verilməsə, daha da azğınlaşıb
hakimiyyəti ələ
keçirə bilərlər.
Ona görə də qərar qəbul etmək lazımdır. Bu antisovet ünsürlərin payı
şiddətlə verilməlidir.
Siz yüz faiz əmin ola bilərsiniz ki, əvvəl göndərdiyim informasiyaların
hamısı təsdiqlənir.
Yuxarının qarşısında
qəti tələb qoyun ki, ciddi
güc göstərmək
lazımdır”.
Səhərin açılmasını
səbirsizliklə gözləyir,
həm də ehtiyat edirdim ki, generalın danışığına gizlicə
qulaq asmağımı
rəhbərliyə desəm,
məni düzgün qəbul edəcəklərmi?
Şöbənin
rəisi Rəhman Mikayılov gələndə eşitdiklərimi
ona danışdım. Çox qayğılandı, fikrə
gedib “Yaxşı, heç kimə bir söz demə,
ehtiyatlı ol! Görüm Bakıdan kimlə
danışıram” dedi.
Beləcə
20 Yanvara doğru getdik. 20 Yanvar baş verdi. Qoşunların
Bakıya çağırılmasının təşəbbüskarı
isə başda Yevgeni Primakov olmaqla Moskvadan gəlmiş
emissarlar və Viktor Polyaniçko kimi yerli rəhbərlər
idi.
İlham İsmayıl
Bizim yol.-2011.- 13
aprel.-S.11.