«Quqark»-dan yaxşısını yaza bilməyəcəyəm»

 

Bu ilin ədəbi prosesləri sırasında yazıçı Seymur Baycanın nüsxələri satılan “Quqark” romanı xüsusi maraqla qarşılandı. Əsər bir sıra forumlarda, sosial şəbəkələrdə müzakirə olundu, film çəkilməsi haqqında razılığa gəlindiyi bildirildi və artıq ikinci nəşri gözlənilir. Yzıçı-publisist Seymur Baycanla söhbətimizi əsər ətrafında oldu.

- Seymur bəy, bildiyimə görə yaxın günlərdə “Quqarq” romanının ikinci nəşri olacaq. İkinci nəşr satışın yüksək olmasından, yoxsa kitaba sırf oxucu marağından irəli gəlir?

- Demək olar ki, ikisi də üst-üstə düşdü. Uzun müzakirədən və çoxsaylı yazılardan sonra biz bir gənclik yetişdirməyə müvəffəq olduq və onları inandırmağı bacardıq ki, mütləq kitab oxumalıdırlar. Fəal gənclik artıq kitab alır, onları sayı 400-500 arasındadır ki, ilk 20 gündə “Quqark”ı aldılar. Daha sonra onlar sosial şəbəkələrdə, forumlarda təbliğat apardılar və bunun nəticəsində Avropadakı azərbaycanlılar da kitabdan xəbərdar oldular. Beləliklə, birinci nəşrin tirajı bitdiyindən mən ikinci nəşri buraxmağa məcbur oldum. Təbii ki, bir müəllif kimi bu məni sevindirir, ən azı əziyyət çəkmişəm və istəyirəm ki, oxusunlar. Sabahdan (bu gün) ikinci nəşr mağazalara paylanacaq və özümün də bununla bağlı bir neçə təbliğat planlarım var. Hələ ki, bəzi insanlar kitabla bağlı mənə münasibətlərini bildirsələr də, yazılı formada heç nə yazmayıblar. Təbii ki, bu amil də kitabın satışında öz rolunu oynayacaq. Ümumilikdə, yəni tələbələri, jurnalistləri, müəllimləri, ziyalıları, həkimləri, QHT sahəsində çalışanları nəzərə alsaq min tiraj böyük rəqəm deyil. Amma illərlə kitaba qarşı laqeyd münasibəti, insanların şou və idman vasitəsilə zombiləşdirilməsini, 4 milyonluq paytaxtdan kitab dükanlarının sıxışdırılmasını nəzərə aldıqda min tirajın satılması çox böyük uğur və sevindiricidir. Məncə, bu proses artan xətlə davam edəcək və tədricən kitabın dəyərini anlayan insanların sayı artacaq.

- Bəs əsərdə sənin yaşamına, keçirdiyin hisslərə, duyğulara, Qarabağ münaqişəsinin bədii baxımdan açılmasına oxucu münasibətindən razısanmı?

- Çoxsaylı məktublar alsam da, kitabın “Quqark” adlandırılmasına, mənim Ermənistan-Azərbaycan münaqişəsində sülhməramlı mövqe tutduğuma görə ciddi ittihama rast gəlmədim. Halbuki, bunu gözləyirdim. Məncə, bu, kitabın alınması ilə bağlıdır. Çünki mən əsərdə elə hisslərə, insani detallara toxunmuşam ki, bir çox insanlar mənə ünvanladıqları məktubda yazırdılar ki, səndən bunu gözləmirdik. Yəni insanlar məni bir qədər laqeyd, daşürəkli, könlüqalın, hər şeyə sarkazm münasibət göstərən adam kimi qəbul ediblər. Görünür, kitabın süjeti, detalları onları xeyli yumşaltdı. Bir yerdə işlədiyimizdən bir çox insanların mənə şübhə, həqarət və nifrətlə baxdığını bilirsən. Hətta onlar arasında kitabı oxuyanlar belə düşündülər ki, pis fikir bildirsələr qərəzliliyi çox bariz görünəcək, ona görə də başqa fikir dedilər. Yəni “Quqark” daha maraqlıdır, əvvəlkindən də çox oxunur və s. Onları da başa düşürəm. Amma ümumilikdə əsərə münasibət çox yüksəkdir və məni kifayət qədər qane edir. Hələ də reaksiyalar var, təbii ki, aldığım məktublarda deyirlər ki, filan şeyi belə yazsaydım daha yaxşı olardı. Bunları da normal qarşılayıram.

- Elə bu mənada kitabın oxucuya çatdırılmasından sonra hansısa məqamı yazmadığına və yazdığına görə peşmançılıq hissi keçirmisənmi?

- Məni yaxından tanıyanlar bilir ki, “Quqark”ı yazana qədər uzun müddət hazırlaşmışam. Təxminən 120-ə yaxın roman oxudum ki, onların böyük əksəriyyəti müharibədən bəhs edirdi, hətta sovet yazıçılarının əsərləri də var idi. Məsələn, Kojevnikovun “Qılınc və qalxan”, Simonovun “Ölülər və dirilər” və başqa əsərləri təkrar oxudum. Təsəvvür et ki, bir situasiyanı yazmaqdan ötrü 5 roman oxumalı oldum, görüm həmin yazıçılar bu cür hadisəni necə qələmə alıblar. O cümlədən, xeyli hekayələr və romanlar haqqında esseləri bir daha oxumalı oldum. Beləliklə kitabın yazılmasına ciddi hazırlaşdım. Yazılma prosesinin özü isə fasilələrlə birgə 1 il çəkdi. Düzdür, kitabı oxuyanlara qəribə gələ bilər ki, niyə bu qədər asan oxunur?! Bilirsən, birinci şəxsin dilinin silahlarından biri sürət və yazıçıdan tələb olunan səmimiyyətdir. Mən bunların ikisinə də maksimum riayət etməyi qarşıma məqsəd kimi qoydum. Ki, roman həm sürətlə oxunsun, həm də səmimi olum. Mənim sevimli yazıçım Somerset Moem deyirdi ki, əsərin asan oxunması əsərin asan yazılması demək deyil, yazıçı çox asan oxunan əsəri çox əzab-əziyyətlə yarada bilər. Bu mənada birinci şəxsin dili oxucular üçün çaşdırıcı dildir, yəni oxucu düşünər ki, bu əsər çox asan yazılıb, mən də yaza bilərəm. Halbuki, əsəri yazan yazıçı masa arxasında oturanda bütün eqosunu unudub qarşısındakı vərəqlə təkbətək qalmalıdır.

- Bəs əsərə olan əsas tənqidi yanaşma nədən ibarətdir?

- Müxtəlif yanaşmalar gördüm, amma əsas o fikir deyildi ki, bəzi yerlərdə təkrarçılıq var, onlar bunu mənim səhvim kimi başa düşürdülər. Amma həmin təkrarçılıqlar fəsilçilik xatirinə deyildi, bunlar başqa-başqa fəsillərdəydi və bu, situasiyanın gücləndirilməsi üçün idi. Yəni mən səhv buraxmamışam, bu, qəsdən edilmiş bir ədəbi priyom idi və xüsusi səhvlər yox idi. Bəzi iradlar da var ki, onları gülüşlə qarşılayıram. Məsələn, deyirlər ki, hadisələr arasındakı bağlantıları qura bilməmisən. Əsərdə hansısa bir insana səhv görünəcək detal hansısa böyük yazıçının səhvi, yaxud priyomudur. Yəni hər hansı səhvi desələr mən ortalığa böyük yazıçının əsərinin müəyyən detalını qoyub deyə bilərəm ki, buna da səhv deyə bilərsən. Ədəbiyyatda pastij deyilən bir şey var, başqa bir yazıçının əsərini götürüb özünün təqdimatında, mətbəxində təqdim edirsən. Düzdür, adam gərək şizofrenik ola ki, öz yazdığı əsərdən tam razı qalsın. Amma əsərdə alınan məqamlar var.

- Mənim üçün yaddaşla bağlı məqam maraq doğurur. Yəni uşaqlığındakı hadisələr, mitinqə getməyin, valideynlərinlə olan söhbətlər və sairə. Bunları detalına qədər necə yadında saxladın və nələrsə əlavə etdinmi?

- “18,6” kitabım çıxanda da bir qız oxşar sualı vermişdi. Əvvəla, mənim yaddaşım çox güclüdür, ikincisi, mən xəyal qurmağı bacarmasam da, xatırlamağı çox gözəl bacarıram. Və xatırlamaq mənim ən gözəl məşğuliyyətlərimdən biridir. Zaman-zaman sakit yer tapanda, yaxud yol gedəndə uşaqlığımda, yeniyetməliyimdə, gəncliyimdə gördüyüm hadisələrin hər birini xatırlayıram. Bununla da həmin xatirələr yaddaşımda yenidən təzələnir və unudulmur.

- Nə üçün əsərdə insan, ərazi, hətta dağ adı belə tam yazmır, baş hərflə kifayətlənibsən?

- Mən həmin rayonu konkretləşdirmək istəmədim. Bəzən zaman, məkan və şəxs anlayışı itir. Tutaq ki, bu söhbətimizdə sən maraqlı fikir işlədirsən, mən də həmin fikri nə vaxtsa işlətmək istəyirəm, amma məcbur deyil ki, bunun üçün bizim bu günkü görüşümüzü yazım. Beləliklə, sənin həmin fikrini başqa dialoqda başqa adamın dilindən də işlədə bilərəm. Məsələ ondadır ki, mənim qələmə aldığım rayondakı hadisələr başqa rayonda da baş veribdir. Adi bir misal, Anuşun dilindən “mən deyəsən sənin həyatında təkrarlanmış hadisəyəm” sözünü başqa bir qız mənə demişdi. İndi mən həmin qız haqqında başqa roman yazası deyiləm ki. Ona görə Anuşun dilindən yazdım. Bu baxımdan zaman, məkan və şəxs anlayışı yazı prosesində bəzən itir.

- Əsərin ağrılı məqamlarından biri insanların rayonun tərk etməsidir ki, hətta sənin əsir düşəcəyin təəssüratı yaranır. Bu barədə nə deyə bilərsən?

- Əslində elə bir situasiyaya düşmüşdüm. Elə bir vəziyyət yarandı ki, mən yatmışdım, rayon dəhşətli artireliya atəşinə tutulmuşdu. Bəlkə də bu Qarabağ müharibəsi zamanı ən güclü artireliya atəşlərindən biriydi. Yuxudan ayıldım, heç kim yox, küçələr boş, yanğın, toz-duman aləmi bürüyüb, adam tapmıram soruşam ki, rayon kimin əlindədir. Ümumiyyətlə, artilleriyanın səsi çox dəhşətli olur. Atırlar, amma bilmirsən sənin, yoxsa qonşunun üstünə düşəcək və hər bir atəş ölümdür. Bax, mən həmin situasiyanı yaşadım, bilmirdim rayon bizimkilərin, yoxsa ermənilərin əlindədir. Ona görə həmin hadisəni detallı yaza bildim. İkinci üstünlük onda idi ki, həmin illərdə həm rayonda, həm də Bakıda baş verənlərin şahidiydim. Üç il əvvəl bir romantik hekayəm çıxmışdı, saytlarda yayıldı, çox təəccüblə qarşılandı və bir neçə nəfər dedi ki, bu mövzuda roman yazsan, ancaq sən yaza bilərsən. Beləliklə, məni qızışdırdılar və başladım yazmağa. Bizdə Qarabağ mövzusunda yazılan əsərlər əsasən iki süjet xətti üzərində qurulub. Birinci süjetdə onlar qırırlar, bizimkilər qarğış edirlər, ikinci süjetdə bizim bir əsgərimiz çıxıb misilsiz qəhrəmanlıq göstərir.

- “Quqark”ı oxuyan orta statistik azərbaycanlıda belə sual yaranır, işğalı, məcburi köçkünlüyü görən müəllif ermənilərlə yemək stolu arxasında oturanda hansı hisslər keçirir? Düzdür, əsərdə övladlarını itirən erməni qadınlarla bağlı hissə var...

- Bu, baxır görüşdüyün, qarşındakı adamlar kimdir? Onlar da sənin kimi müharibədən özünün “hədiyyə”sini alıbsa, elə böyük bir problem yoxdur. Həm də mən bu cür görüşlərdə daşnakla, müharibə tərəfdarı ilə üz-üzə gəlmirəm.

- Yenə də o inamda qalırsanmı ki, xarici donorların iki xalq arasında sülh yaratmaq cəhdləri əbəsdir?

- Bəli. Özün bilirsən ki, çoxsaylı layihələrdə iştirak etmişəm və müəyyən bir dövrdə “xalq diplomatiyası”na inanırdım, Qarabağda, Ermənistanda olurdum, səfərlərimdən sonra reportajlar yazırdım. Amma müəyyən zamandan sonra bədbinlik yaranmağa başladı və bu layihələrin heç bir xeyri olmadığını gördüm. Çünki uşaqlar görüşür və ən yüksək nəticə o olur ki, koordinatorlar “gördünüz, burada biri-birinizi öldürmədiniz, deməli birgə yaşaya bilərsiniz” deyirlər. Və uşaqlar da deyir ki, hə, mən bura çox aqressiv gəlmişdim, amma gördüm ki, ermənilərin də, yaxud azərbaycanlıların da içində adam var. Belə olanda donorlar  məqsədlərinə nail olduqlarını düşünürlər, amma necə nail oldular, yəni bütün ölkə əhalisini görüşdürəcəklər? İkinci, bu tədbirlərdə qaynaşma baş verir, amma ölkələrinə qayıdanda reallıq və təbliğat başqa vəziyyəti diqtə edir. Bununla görülən zəhmət heç olur. Üçüncü, hər iki respublikada ictimai rəy yoxdur. Adi bir fakt, mən və bir neçə nəfər bu səfərlərdən qayıdanda urrapatriotlar bizi söyməyə başladılar. Halbuki, onların vətənpərvərliyi sifarişlidir. Çünki Kamal Abdulla, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli gedəndə onlar susdular. Səbəb də o idi ki, psevdovətənpərvərlər bilirdi ki, prezidentin icazəsi olmadan həmin adamlar Qarabağa gedə bilməzlər. Bu səfərin razılaşdırılmış səfər olduğu bildiklərindən susdular. Bax, ictimai rəyin olmaması bu məqamda üzə çıxır. Ən əsası bir sıra adamlar ölkənin daxili problemlərindən danışa bilmirlər, amma gündəmdə qalmaq istəyirlər, onlar üçün üç mövzu var-İran, Ermənistan və Borçalı azərbaycanlıları. Baxın, müxalifyönlü adamları yalnız bu mövzularda İTV-yə çağırırlar, vəssalam.

- Adətən azərbaycanlı qızının səviyyəsinin XIX əsrdə qaldığını söyləyən Seymur Baycan “Quqark”da dörd qadın obrazı yaradıb, öz anana münasibətin, bunun ardınca erməni qızı Anuş, Qazaxıstanda və Tiflis hotelindəki qadınlar. Bütün bunlar əvvəlki mövqeyinin səhv olduğunu demirmi?

- Bilirsən, hər şeyi detalla danışmaq olmur. İstənilən yaradıcı adamın öz ailəsi ilə problemləri olur. Xatirindədirsə, romanın əvvəlində yazıram ki, evimiz hər cür yaradıcılığın əleyhinədir, damın üstündəki antenadan tutmuş bünövrəsinə qədər. Hətta Misimanı da dirildib evimizə gətirsən, heç nə yaza bilməz. Qaldı Anuşa münasibət, “18,6” əsərimdə bir cümləm var: bu, mənim aqibətimdir ki, haqqımdakı yaxşı fikirləri başqa dildəki qadınlardan eşitmişəm.

- Düzdür, demisən ki, “bu romanı əclafcasına yazdım”, amma hər halda sən Anuşa qarşı amansızlıq etmədinmi?

- Bilirsən, orda mən paforslu çıxışlar etmişdim, ola bilər ki, bu da onu yoldan çıxartmışdı. O da mənə başqa cür baxırdı, sonra yaxınlaşdı, həddən artıq sürətli münasibət başladı, bilmirəm, onun romantikası qıcqırmışdı, öz üzərində düşmən ölkənin vətəndaşını sevmək süjeti qurmaq istəyirdi, yoxsa... Əslində mən ona qarşı o zaman əclaflıq edərdim ki, onun vəziyyətindən sui-istifadə edərdim. Əsərdə də bunu vurğulamışam. Əslində biz Tiflisdə görüşsəydik, mən Bakıya qayıda bilərdim, amma o, İrəvana qayıda bilməzdi. Vaxt gələcək o, bunu qiymətləndirəcək.

- Bu gün əlaqəniz varmı?

- Xeyr. Amma bildiyimə görə Ermənistanda bu barədə roman yazıldığını bilənlər var.

- Bütün hallarda “Quqark”ın Seymur Baycan personasını açdığını demək olarmı?

- Kifayət qədər özümü tanıda bildim və bir çoxlarının mənə münasibəti dəyişdi, xüsusən xaricdəki azərbaycanlıların, incik adamların. Ancaq o da var ki, “Quqark” mənim xeyli enerjimi aldı, yəni bundan sonra o cür əsər yaza bilməyəcəm və yazdıqlarım da ondan zəif olacaq. Hesab edirəm ki, bu əsəri yazmaqla bir yazar kimi missiyamı yerinə yetirdim. Özüm bilirəm ki, bundan yaxşısını yaza bilməyəcəm.

 

 

Natiq Cavadlı

 

Bizim yol.- 2011.- 28 aprel.-S. 7.