Həyatını müharibəyə həsr edən xanımlar

 

1980-cı illərin sonu - 90-cı illərin əvvəlində Ermənistanın Dağlıq Qarabağ Müxtar Vilayətini özünə birləşdirmə tələbləri Qarabağ müharibəsinə səbəb oldu. Döyüş deyiləndə öncə göz önünə kişilərin cəsarəti, şücaəti, qəhrəmanlığı gəlir. Lakin, “Bizim Yol”da silsilə dərc olunan materiallardan da göründüyü kimi, Qarabağ uğrunda təkcə, ər oğullar deyil, xanım qəhrəmanlarımız da vuruşublar. Ərazi bütövlüyü uğurunda işğalçılara qarşı mübarizədə qadınların da xidməti az olmayıb.

Bu dəfə Qarabağ müharibəsi veteranı olan 2 xanımla söhbətləşib, onların döyüş xatirələrini dinlədik. Onlardan biri - Hüseyinli Rühəngül Paşa qızı ixtisası iqtisadçıdır. Ağdaşda dünyaya gəlib, gəncliyini Qarabağ döyüşlərində keçirib. Rühəngül xanım Qarabağ müharibəsi iştirakçısına çevrilməsini belə danışır:

- Nəqliyyat Nazirliyində şöbə müdri işləyirdim. İşimlə bağlı olaraq Qarabağ müharibəsinə tez-tez getməli olurdum. Xocalıya, Şuşaya, Xocavəndə, Qubadlıya, Cəbrayıla, Xankəndinə nəqliyyatla bağlı məsələlər üçün gedirdim. 1988-ci ildən Qarabağa getdim. Bu zamandan başlayaraq burada qarşıdurmalar olurdu. Yəni müharibənin qığılcımları görünürdü. Atəşkəs bağlananadək müharibə ərazisində oldum. Müharibədə mənim xidmətim döyüş ərazisini nəqliyyatla təmin eləmək və digər işlərdən ibarət idi.

- Müharibədə düşmən gülləsinə tuş gəlmisinizmi?

- Bəli, yaralanmışam. Amma əlilik sənədi düzəltdirmədim. 1992-ci ildə Xocavənddə gedən döyüşlərin birində yaralanmışam. Siz indi mənə suallar verirsiniz, mən inana bilmirəm ki, müharibəyə getmişəm, ağır qətllərin şahidi olmuşam. Xatırlayıram, öndə gedirdim ki, kişilər arxamca gəlsinlər. Amma bu, o demək deyil ki, igidlərimiz yoxuydu. Xankəndində 5-6 nəqliyyat müəssəsi var idi, burada da xidmətim ağır keçdi.

- İştirak etdiyiniz ən ağır döyüşlər hansı olub?

- Bu suala cavab vermək çətindir. Çünki, döyüşlərin hansının ağır, hansının yüngül olmasını demək çətin məsələdir. Bunları bir-birindən fərqləndirmək olmaz. Ən çox iştirak etdiyim döyüşlər Ağdam istiqamətində oldu. Hətta bu rayonların kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdim.

Şahidi olduğum bir hadisəni unuda bilmirəm... Bir şəhidimizi torpağa tapşırırdıq. Dəfn prosesində cəmi iki nəfər iştirak edirdi. Təssəvvür edin ki, bu, deməkdir. İnsanlara döyüşlərin ağırlığı imkan vermirdi ki, şəhidi dəfn eləmək üçün bir yerə cəm olsunlar.

- Ailəniz döyüşə qatılmağınıza necə yanaşırdı?

- Həyat yoldaşım mənim bu addımıma qarşı çıxa bilmədi. Qarabağda qan axırdı, mən kənardan baxacaqdım? Mən necə dözə bilərdim axı? Öz köməyimi göstərməyi qarşıma məqsəd qoydum.

- Çoxmu psixoloji sarsıntılar keçirirdiniz?

- Xeyir! Bilirsiniz, hər şey mənim üçün adi gəlir. Müharibədən sonra daha da sakit təbiətli oldum. Çünki, Qarabağ işğal altında qaldı, hər şey gözümdə söndü. Sizə jurnalist həmkarınızla bağlı xatirəmi danışmaq istəyirəm. Milli Qəhrəman, jurnalist Salatın Əsgərova ilə tez-tez döyüş zonalarında rastlaşırdıq. O, məni görəndə gülə-güləRühəngül, səndən yazacamdeyirdi. Zarafatımız var idi. Sanki bir-birimizi izləyirdik, görüşməyimizə sevinirdik. Onun şəhid olması xəbəri bu günə qədər mənə çox ağır təsir eləyir.

 

RAMİD

 

Bizim yol.- 2011.- 1 dekabr.- S.11.