Qarabağa getməyimə əngəl olacaq kimsəm qalmamışdı”

 

Yuxarıda qeyd etdiyimiz ikinci müsahibimiz isə Yusifova Növrəstə Ağakərim qızıdır. Bakıda dünyaya göz açan bu xanımın da ixtisası iqtisadiyyatdır. Növrəstə xanımın döyüş yolu da hamar başlamayıb:

“Şıxov batalyonunun yaranma xəbərini eşidəndə xidmət etmək üçün batalyona müraciət etdim. İsrarlı tələblərimə baxmayaraq məni qadın olduğum üçün qəbul etmədilər. Binəqədi rayon İcra Hakimiyyətinin indiki binasında Qarabağ Müdafiə Batalyonun Könüllülər Şurası yaranmışdı. Mən bura müraciət etdim, buna da baxan olmadı. Xocalı soyqırımından sonra dərhal yenidən həmin şuraya müraciət etdim. Şura sədri Etibar Məmmədovun qəbulunda oldum. Etibar bəy mənə dedi ki, Qarabağda qadın döyüşçü yoxdur. Mən onu inandırmağa çalışdım ki, maşın sürə bilirəm, atıcılığı bacarıram. Çünki, mən atıcılıq üzrə respublika birincisi olmuşdum. Hər gün bura gəldim. Qapıdan qovurdular, bacadan şuraya girirdim. Nəhayət, mənim snayperçi-atıçı olaraq döyüşə getməyimə Etibar bəy icazə verdi. Həmçinin hərbi forma ilə təmin etmələri üçün göstəriş verdi. Bildirdi ki, 1992-ci ilin Novruz bayramından sonra döyüş ərazisinə yollana bilərəm. Martın 22-si saat 09:00 üçün şuraya gəlməyimi istədilər. Mən saat 06:00-da artıq orada idim. Düşünürdüm ki, birdən Qarabağa yollanan könüllü dəstə gedər, mən qalaram, yenə icazə verməzlər.

- Sizi hansı istiqamətdə gedən döyüşlərə yolladılar?

- Hara gedəcəyimizi o zaman demirdilər. Bilmirdik ki, hansı rayonun düşməndən müdafiəsində iştirak edəcəyik. Baxmayaraq ki, həsrət çəkirdik, bu, yaxşı idi. Məni komandir Nail Kazımovun tabeçiliyində döyüş ərazisinə yolladılar. Laçını keçəndə bildim ki, biz Şuşa uğurunda gedən döyüşlərdə iştirak edəcəyik. Həmişə səngərdə olmuşam. İlk öncə mənə rəhmtəlik batalyon komandiri Tofiq Oğuzun beşatlanını verdilər.

Bizim batalyonun qərərgahı Şuşada olan məktəblərin birində yerləşirdi. Şuşanı düşməndən azad etmək üçün başlayacaq döyüşə qatılmağıma imkan vermədilər. Sonradan erməni əsgərindən aldıqları “SVD” silahını mənə verdilər. Müharibədə vəzifəm nişançı, snayperçi idi. Habelə, tibb bacısı, sanitar olmasam da, yaralılara kömək edirdim.

- Hansı döyüşlərdə iştirak etdiniz?

- Şuşa ətrafında gedən döyüşlərdə iştirak edə bilməsəm , Ağdam, Goranboy, Qubadlı, Ağdərə, Zəngilan digər rayonların düşməndən müdafiəsində iştirak etdim. Şuşa döyüşlərində sağ qalanlardan yeni hərbi hissə yaratdılar. Yuxarıda adını çəkdiyim bu rayonların müdafiəsində səngərlərə daxil oldum. Könüllülər Şurasından mənə snayper göndərdilər.

İştirak etdiyim ən ağır döyüşlər Qubadlıda Ağdamda oldu. Əlmədədli, Fərrux, Yenikənd uğurunda gedən döyüşlərdə iştirak etdim. Yenikənd uğrunda gedən döyüşlərdə yaralıları hospitala gətirməyi mənə tapşırdılar. Odur ki, Yenikəndlə Martunun alınmasında mən iştirak edə bilmədim. İndi birinci qrup müharibə əlili olan Paşa Məmmədov da burada idi. O, hal-hazırda səhhətində yaranan problemlə bağlı Əlillərin Bərpa Mərkəzinə yerləşdirilib.

- Ailənizdən kimsə döyüşçü olmağınıza əngəl olmağa cəhd etdimi?

- Xeyr, kimsə Qarabağa getməyimə mane olmadı. Döyüşə getməmişdən öncə həyat yoldaşımdan ayrılmışdım. Atamla anam isə 1980-ci illərdə rəhmətə getmişdilər. Məni Şuradan göndərməsəydilər belə, müharibəyə gedəcəkdim.

 

RAMİD

 

Bizim yol.- 2011.- 1 dekabr.- S. 11.