Bura Şuşadır…

 

Daha bir il gözümüz yolda, qulağımız səsdə qaldı

 

2011-ci ilin başa çatmasına barmaqla sayılacaq günlər var. Dovşana olan ümidlər puç olmaqdadır. Bu il də gözlər yolda qaldı. Biz yenə Qarabağsızıq…

Amma Qarabağı unutmadıq. Bununla da kifayətlənməyib, unutdurmamağa çalışdıq. Bu gündən Qarabağın şəhər və rayonlarını təkrar yaddaşlara gətirmək niyyətindəyik. Qədim diyarın təbiəti və təbii ehtiyatları, tarixi abidələri, çoğrafi mövqeyi, tanınmış şəxsiyyətləri və digər özəlliklərini canlandıracağıq. Şuşadan başlayaq

Şuşa

Azərbaycanın Qarabağ yurdunun gözəl və tarixi şəhəri. Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılıb. XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında, abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırırdılar. Onun hakimiyyəti illərində - 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Pənahəli xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib.

Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxıb. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibatiiqtisadi mərkəzi olaraq inkişaf edib. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olub.

Şuşa şəhəri - Azərbaycanın Şuşa rayonunun mərkəzidir. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar. Burada Pənahabad adlanan gümüş sikkə də zərb edilirdi.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Bu düzdən bir qədər aşağıda “Qırx pilləkan” deyilən dik pilləli yol Daşaltı çayına aparır. \"Xəzinə qala\" mağarası da orada yerləşirdi.

Haqqında...

Maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında bu barədə yazır: “Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlib. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi- dil yatağı hesab olunur”.

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi möğqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: “Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır. XIX-cu əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir”.

Məcnunun göz yaşları...

Qafqazda ilk teatr 1745-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov Azərbaycan dilində tamaşa göstərdi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdülrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qayağdıoğlu bu tamaşada iştirak ediblər.

Şuşa dahi Azərbaycan şairi Məhəmməd FüzulininLeyli və Məcnun” poemasına da bağır açdı. O əsər əsasında Məcnunun Leylinin qəbri üstündəki səhnəsi musiqili tamaşa kimi, 1897-ci ildə C.Qaryağdığolunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən tamaşaya qoyuldu.

Tarixi abidələr

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi.

Cümə məscidi, Aşağı \"Gövhər ağa məscidi\", Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Höhsün Nəvvabın ev-muzeyləri, İbrahimxəlil xan Cavanşirinonun qızı Qara Böyükxanımın qəsrləri, \"Gəncə darvazaları\", qala divarı və s.

Şərqin konservatoriyası

Şuşanı \"Şərqin konservatoriyası\" adlandırırdılar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülübül, Seyid Şuşinsiki, Rəşid Behbudov, Üzeyir Hacibəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və s.

Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, \"Vətən dili\"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları da bu şəhərdə doğulmuşlar.

Coğrafi mövqeyi

Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağındadır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir.

Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalpalp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var. Heyvanat aləminə ayı, cavavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aidirlər.

Məhəllələri

Tarixçi Baharlı şəhərin məhəllələri haqqında \"Əhvalati-Qarabağ\" adlı əsərində bilgi verir. Müəllif yazır: \"Belə ki, yuxarı məhəllə Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim xanın imarətinin yanıdır”.

İkinci məhəllə Saatlı məhəlləsi, üçüncü məhəllə Köçərli, dördüncü Mamayı, beşinci Xoca Mərcanlı, altıncı Dəmirçi, yeddinci Hamam qabağı, səkkizinci məhəllə isə Təzə məhəllədir.

Və aşağı məhəllələrrin adları bunlardır: Birinci məhəllə Qurdlar, ikinci məhəllə Seyidli, üçüncü məhəllə Culfalar, dördüncü məhəllə Toyluq (Quyuluq), beşinci məhəllə Çuxur, altıncı məhəllə Dördlər qurdu, yeddinci məhəllə Hacı Yusifli, səkkizinci məhəllə Dörd çinar, doqquzuncu məhəllə Çöl-qala. (Bax: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 277.)

Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs edib: \"Şuşanın gözəlliyi, ab-havasının bəzi xəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaxınlığında məskən salaraq məhəllələrinin adını Çölqalas. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu - Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinarÇölqala aşağı məhəllə, qalan səkkiz məhəllə isə - Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı yuxarı məhəllələr sayılırdı\". (Bax: L. Qarabağlı. ŞuşaHindistan xatirələrim. Bakı. 1996. səh.16.).

“Şuşanın dağları başı dumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı...”

 

Xan Şuşinskinin yazdığı və oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki Şuşanın başını doğrudan da dumanlar alıb.

İşğal

Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. İşğal zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internats. dağıdılıb. Şuşanın əhalisi hazırda məcburi köçkündür və Azərbaycanın müxtəlif regionlarında yaşayır.

Qırğınlar - 1920

1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənib, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter alıb. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırıldı. Bu zaman erməni separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər.

Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

 

 Ramid İBRAHİMOV

 Bizim yol.- 2011.- 2 dekabr.-  S.11.