Qarabağın
Xan kəndi - 2
Tarixi
Azərbaycan şəhərinin acı taleyi
Xankəndi
Mərkəzi Xəstəxanasında iki azərbaycanlı tələbə
qızın zorlanması nəyə səbəb oldu?
(Əvvəli
ötən sayımızda)
Ermənipərəst Kirovun dəstəyi
ilə qısa bir zamandan sonra Xankəndinin adı da dəyişdirilir.
6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin
\"müraciəti\" nəzərə alınaraq Xankəndi
qəsəbəsinin adı dəyişdirilərək Stepanakert
adlandırıldı. Nəyə görə bütün
vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin
müraciəti nəzərə alındı? - Bu sualın isə
cavabı verilmədi.
Ancaq
bütün sovet dövründə Azərbaycan ictimaiyyəti
şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda
davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi
Azərbaycanın ərazi bütövlüyünü qorumaq
yox, onun içərisində erməni millətçiliyinin
dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin
yaradılması idi.
DQMV
yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin,
hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların
rəhbərləri ancaq erməni millətindən olan şəxslər
idi. Regionun və şəhərin tarixi, mədəni
ənənələri və etnik tərkibi bir kənara
atılaraq ancaq erməni xətti qabardılmağa
çalışılırdı. Məsələn,
1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon
Mirzoyan (1926-1929-cu illərdə Respublikaya rəhbərlik edib)
Xankəndinin baş planının tərtib edilməsi
üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan
adlı arxitektor dəvət edir.
A.Tamanyan region
üçün yad adam idi. O, 1923-cü
ildə 46 yaşında, doğulduğu və həmişə
yaşadığı Rusiyadan İrəvana köçərək
Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin
edilir. Həm İrəvanda, həm Bakıda
Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı
arxitektorların olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin
baş planının hazırlanması məhz ona
tapşırılır. O, 1924-cü ildə İrəvanın
(sonradan ermənilər oranı Yerevan adlandırdılar),
1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün
(sonradan ermənilər oranı Leninakan adlandırdılar),
1927-28-ci ildə Üçmüəzzənin (sonradan ermənilər
oranı Eçmiadzin adlandırdılar) baş planını
hazırlayır. Bununla da Ermənistana
verilmiş bu Azərbaycan şəhərlərinin şərq
arxitekturası, əsrlərdən gələn inkişaf xətti
və mədəni siması itirilir.
A.Tamanyanın
təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın
razılığı ilə 1926-cı ildə Xankəndinin
baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma
mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi.
Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və
adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan
Qarabağ erməni icmasının separatizm hərəkatında
fəal edib.
İcazəsiz mitinqlər
1988-ci
ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi
emissarlarının təşkilatçılığı ilə
Xankəndində ermənilər Dağlıq Qarabağın
Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi
ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci
ildə Xankəndinin mərkəzi meydanında təşkil
olundu. Bundan bir həftə sonra - 20 fevralda
Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar
qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən
ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini
qaldırdı. Bu, Dağlıq
Qarabağın azərbaycanlı icmasının haqlı
narazılığına səbəb oldu.
Bundan
sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək
üçün Xankəndinə Daxili Qoşunların
batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara
qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn
su kəmərini zəhərləməyə cəhd etdilər.
Qığılcımlar
alovlanır
20
fevralda Xankəndi Mərkəzi Xəstəxanasında praktika
keçən iki azərbaycanlı tələbə
qızı ermənilər zorladılar. 2 gün sonra isə
Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun
qisasını almaq üçün Xankəndinə
yürüş etdilər. Onların
qarşısı Əsgəranda silahlı ermənilər və
rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı
qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı.
Bu gənclər sonradan illərlə davam edəcək
Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları
oldular. Artıq 1988-ci ilin sentyabr ayında
ermənilər Xankəndi şəhərində yaşayan
bütün etnik azərbaycanlıların hamısını
zorla şəhərdən qovdular.
Xankəndində
Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş
bütün sənaye müəssisələrinin
başçıları ermənilər idi. Həmin müəssisələr
gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək
bunları erməni silahlı dəstələrinə
paylayırdılar.
1991-ci ilin dekabr
ayında SSRİ öz mövcudluğuna son verdi.
Xankəndindəki ermənilər bunu fürsət
kimi bilib dərhal şəhərdə yerləşən hərbi
bazaya hücum edərək oradakı bütün silahları ələ
keçirdilər. Döyüş
zamanı bir neçə erməni silahlısı və bir
rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin
bir hissəsi ermənilərlə birlikdə vuruşmağa
razılıq verdi, buna razı olmayanlar isə
Qarabağdan qovuldular.
Lakin
bundan daha əvvəl Xankəndində yerləşən
366-cı moto-atıcı alayın rus əsgərləri
öz silahlarını ermənilərə satmağa
başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq
müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir
ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen zənn
edərək, tankı 3000 ABŞ dollarına almağı təklif
edib. Şahidlər isə rusların öz
silahlarını araq əvəzinə ermənilərə
verdiyini deyir.
Atəşkəs
dövrü
Qarabağ
müharibəsi dövründə Xankəndi şəhəri
böyük dağıntılara məruz qalır. Lakin müharibədən
sonra ermənilər xaricdəki diasporun köməyi ilə
Xankəndini bərpa edirlər. Onu da qeyd
etmək lazımdır ki, ermənilər işğal
olunmuş digər rayonların şəhər mərkəzlərini
talan edərək onların vasitəsilə Xankəndini və
həmçinin Dağlıq Qarabağdakı digər şəhərləri
çox ucuz qiymətə bərpa ediblər.
Bundan başqa erməni
diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndinə
qədər 64 km uzunluğunda, çəkilişi 1999-cu ildə
tamamlanan şose yolu çəkilib ki, bu yol Ermənistan ilə
işğal olunmuş əraziləri birləşdirən
yeganə yoldur.
SSRİ dövründə
bölgənin iqtisadiyyatı
Xankəndi
XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət
mərkəzi kimi inkişaf etməyə başlayır. 1939-cu ildə təkcə şəhərdə
10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə
60 min əhali yaşayır. Bu rəqəmlər
Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri
qalması barədə erməni millətçilərinin
1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd
edir. Çünki hər 20 ilə əhalisinin
sayının iki dəfə artması istənilən əyalət
şəhəri üçün böyük inkişaf
göstəricisi idi.
Artan əhali
üçün nəinki mənzillər tikilir və
müvafiq sosial və kommunal infrastruktur yaradılırdı,
eyni zamanda onlar üçün iş yerləri olacaq
müasir müəssisələr tikilirdi. Eyni
zamanda bu, təkcə Xankəndi üçün deyil,
bütün Dağlıq Qarabağ üçün xarakterik
idi. Yada salmaq düzgün olardı ki,
bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin
deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki
resursları və iradəsi hesabına yaradılırdı.
Xankəndində
tikilmiş müəssisələr keçmiş muxtar vilayətin
sənaye məhsulunun yarısından çoxunu
buraxırdı. Sovet dövrünün axırına Xankəndində
bütün Cənubi Qafqazda tanınan ipək kombinatı,
ayaqqabı, xalça, tikiş fabrikləri, süd
kombinatı və şərab zavodu fəaliyyət göstərirdi.
Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti
materialları kombinatının, asfalt-beton zavodunun məhsulları
Azərbaycanın daxili bazarında özünə
müştəri tapırdı.
Xankəndinin sürətlə
böyüməsi nəticəsində 1978-ci ilin may ayında
Xankəndi şəhər statusunu aldı. Şəhər
Xankəndi rayonu tabeçiliyindən
çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək
Əsgəran rayonu adlandırıldı.
Coğrafi mövqeyi
Xankəndi
Dağlıq Qarabağın mərkəzində, Qarqar
çayının sahilində, Qarabağ silsiləsinin şərq
ətəyində, Bakıdan 329 km aralıda yerləşir. Ərazisinin 60 faizini
dağlar təşkil edir. Xankəndidə
bir çox maili düzənliklər var.
Kərkicahan
maili düzənliyi. Əsasən Kərkicahan rayonunun 1000-1400 metrlik ərazilərində
yerləşir. Mülayim hava kütlələri
fəaliyyət göstərir. Temperatur
-5-lə 20 dərəcə arasındadır. Sahəsi isə 8 hektar.
Qərb
maili düzənliyi. Adındanda bəlli olduğu kimi Xankəndinin qərbində
yerləşir. Hündürlük 900-1200
metr. Temperatur 4-18 dərəcəarasındadır.
Qarabağ
maili düzənliyi. Əsasən burada illik normal temperatur 11 dərəcədir.
Mal-qara otlaqlarının bir çoxu bu düzənlikdə
idi. Hündürlük 2000-2670 metr, sahəsi 1,5 kvadrat km-dir, soyuq hava axınlıdır.
Əsgəran
- Xankəndi - Xocalı maili düzənliyi. Ən qədim düzənliklərdən
biridir. Sahəsi 3.9 kvadrat km-dir, isti hava
kütləli.
Florası
Xankəndi
ətrafında bir çox qiymətli bitki növləri
yetişir. Hazırda
ermənilər buradaki qiymətli bitki növlərini məhv
edirlər.
Adi şabalıd -
arealı tədricən azalan relikt növ olub dəniz səviyyəsindən
600 - 1100 m yüksəkliklərdə, aşağı
dağlıq qurşağın şimal yamaclarında, dağ
vadiləri və dərələrinin yamaclarında, rütubətli
qonur - gillicəli torpaqlarda bitir. Xankəndinin
Moşxmaat kəndi və Kərkicahan qəsəbəsi ətrafında
rast gəlinir.
Hirkan ənciri
- Azərbaycan endemi olub aşağı dağlıq
qurşağın rütubətli-mülayim iqlim şəraitində
bitir. Şuşa, Xankəndi ətrafında
yayılmışdır.
Hirkan şümşəsi
- nəsli kəsilmək təhlükəsi altında olan
relikt növ olub (Qafqaz və İran İslam Respublikası
endemi) dağınıq halda fıstıq, fıstıq - vələs
və qarışıq meşələrdə, kolluq kimi rast
gəlinərək Xankəndinin Badar və Daşaltı kəndi
ətrafında rast gəlinir.
Təkdənli
buğda - çox nadir növ olub quru,
çınqıllı, gilli, qumlu yamaclar, az
münbit torpaqlarda bitir. Laçın rayonu ərazisində və
Şuşa ətrafında, Xankəndi ərazisinində
Şuşakənd, Topxana meşəsi, Kərkicahan ətrafında
rast gəlinir.
Uzunyarpaq tozbaş səhləb
- arealı kiçilməkdə olan az rast
gələn növ olub aşağı və orta
dağlıq qurşaqlarının meşələri və
kol pöhrəliklərində - Xankəndi şəhəri ətrafında
yayılıb.
Vələsyarpaq
azat - Qafqazın və İranın nadir relikt növü olub
dəniz səviyyəsindən 1300 - 1500 m yüksəklikdəki
qurşaqda təmiz və ya qarışıq meşələr
yaradır. Göstərilən
iqtisadi-coğrafi rayonda Xankəndi və Şuşa
ətrafları, Xocavəndin Domı, Axullu, Füzulinin Hoqa kəndləri
ətrafında yayılıb.
Çaylar
Ən iri və uzun
çaylar:
Qarqar-hövzəsi
1490 km, uzunluğu 115 km, mənbəyini Xankəndinin şimal
yamaclarından alır, mənbəyin hündürlüyü
1679 metr, mənsəbi Laçın dağlarıdır.
Qarabağ
çayı - hövzəsi 1600 km,uzunluğu 130 km,mənbəyi
Xankəndi, Xramort, hündürlüyü 1000 metr, mənsəbi
İmişli rayonudur.
Buzluçay -
Qarqarın bir qolu, hövzəsi 1380 km, uzunluğu 100 km, mənbəyini
Kərkicahan alır, mənbəyin hündürlüy
göstəricisi 1600 metr, mənsəbi Xocavənd
yaxınlığıdır.
Kosalarçay -
hövzəsi 29 km, uzunluq 90 km, mənbəyi Xankəndinin
Kosalar yeni inzibati rayonu, mənsəbi Xankəndinin Suncinka qəsəbəsidir.
Kərki - uzunluğu
102 km, mənbəyi Xankəndi, mənbəyinin
hündürlüyü 467 metr, mənsəbi
Şuşanın Turşsu qəsəbəsidir.
İqlimi
İqlimi
mulayim-istidir (yayı mülayim-isti, qışı soyuq). Əsas hava kütlələri
də mülayim-istidir.
İqtisadi
xarakteristikası
Xankəndi
Azərbaycan inkişaf
etmiş sənaye, kurort mərkəzlərindən biri
olmuşdur. Yüngül
və yeyinti sənayesi inkişaf etmişdir. Elektrotexnika,
avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, əhəngdaşı,
tikinti materialları, sənaye, istehsalat və tədris
istehsalat kombinatları, 5 çörək sexi vardı.
Xankəndi
26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunub və orada
separatçı rejim yaradılıb. Məhz həmin tarixdə
Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub
və 1989-cu ildən şəhərdə
soydaşlarımıza qarşı aparılan etnik təmizləmə
başa çatıb.
Ramid
İBRAHİMOV
Bizim yol.- 2011.- 6 dekabr.- S. 11.