Qədim insan məskəni - Füzuli-2
(Əvvəli
ötən sayımızda)
1988-ci
ildən başlayan erməni təcavüzünə
qarşı mübarizədə minlərlə füzulili döyüşüb,
yüzlərlə rayon sakini
şəhid olub, yaralanıb, itkin düşüb. Füzulinin 1100-dən çox
şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli
əlili var. Buraya erməni
təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri yetim
qalıb. Müharibənin əsas
ağırlığını Yağlıvənd, Qacar, Divannalar, Yuxarı
Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli,
Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə,
Mollavəli kəndlərinin əhalisi çəkiblər.
Avqustun 23-ü
1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal
olundu. Hazırda 51 kənd və rayon mərkəzi erməni işğalı
altındadır və 55 min nəfərdən
çox füzulili köçkün həyatı yaşayır.
Lakin Azərbaycan
ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat
nəticəsində işğal olunmuş 21 kənd və strateji
cəhətdən əhəmiyyətli Horadiz
qəsəbəsi işğaldan azad edildi. Milli
ordumuz daha sonra Fizuli şəhərinin
işğaldan azad
olunması üçün hücuma keçsə də, bu
əməliyyat uğursuzluqla nəticələndi.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə isə
1995-1997-ci illərdə 40 min dinc sakin qayıdıb.
Müharibə
Qarabağ müharibəsi
dövründə Füzuli bu müharibənin
ağrı-acısını ən çox
yaşayan rayonlarda nolub. Rayonun Dağlıq Qarabağla həmsərhəd
kəndləri hələ 1989-cu ildən erməni quldur dəstələrinin basqına məruz
qalıb. 1990-cı il yanvar
ayının 11-də Füzuli şəhərinə
sovet ordusunun ruslardan ibarət desant birləşmələri
yeridilib. Artıq həmin dövrdə
rayonun Qacar, Yuxarı
Yağlıvənd, Gövşad, Hoğa, Qoçəhmədli və digər kəndləri
erməni silahlılarının basqınlarına məruz
qalırdı.
Düşmənin
hücumlarının dəf edilməsi məqsədi ilə rayonun kəndlərindən və
respublikanın digər bölgələrindən gələn
könüllülərdən ibarət bölüklər və
taborlar yaradılmağa başladı. İlk dövrlər ov
tüfəngləri
və kustar üsulla
hazırlanmış silahlarla silahlanan bu
könüllülər rus hərbçiləri
tərəfindən atıcı silahlarla
təmin olunmuş ermənilərin
basqınlarını dəf edirdilər. Artıq 1991-ci ilin sonu - 1992-ci illərin əvvəllərində
Füzuli rayonunda ilk taborlar
formalaşdırıldı. Qeyd olunan dövrdə rayonun
müdafiəsi 4 könüllü tabor və rayon polisi tərəfindən təşkil olunmuşdu.
1992-ci ilin
16 mart tarixində ermənilər Füzuli şəhərini və ətraf
yaşayış məntəqələrini «Qrad»
reaktiv-atəş sistemlərindən və toplardan
atəşə tutdu. Şəhərin mərkəzinə,
eləcə də rayon hərbi
komissarlığının həyətinə düşən
mərmilərin partlayışı nəticəsində onlarla insan həlak oldu və yaralandı. Bundan
sonra əhali şəhəri tərk etməyə
başladı.
1992-ci
ilin yay ekspanasiyası
zamanı Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonu istiqamətində
də hücumlarını davam etdirdi. Füzuli rayonunun Hadrutla həmsərhəd
bəzi kəndləri, eləcə də Xocavənd rayonunun bir neçə kəndi
quldur dəstələrindən təmizləndi.
Lakin təəssüflər
olsun ki, sonradan bu əməliyyatlar
uğursuzluqla nəticələndi.
1993-cü il yanvarın 3-də sübhə
yaxın Aşağı Veysəlli kəndinə hücum edən düşmən bir neçə gün əvvəl
Azərbaycan əsgərləri tərəfindən azad edilmiş kəndi
dağıtdı. Döyüşlərdə 50-yə
yaxın Azərbaycan könüllüsü
həlak oldu.
Uğurlu Məngilanata
əməliyyatı
1993-cü
il martın sonu - aprelin əvvəllərində gərginlik
artdı. Füzulinin Dağlıq Qarabağ inzibati ərazi bölgüsü ilə sərhəd olan strateji yüksəklikləri
erməni hərbi qüvvələri tərəfindən tutulmuşdu. O zaman
Füzuli istiqamətində Azərbaycan ordusunda panik
yaşanırdı. Belə olan halda Azərbaycanın o
zamankı siyasi rəhbərliyi vəziyyəti
normallaşdırmağa çalışdı. Hakimiyyət
nümayəndələri Füzuliyə yollandı. Prezident Qvardiyasından, Milli
Təklükəsizlik Nazirliyinin qüvvələrindən
və yerli batalyonlardan
istifadə edərək, ilk növbədə
bu zirvədə erməni silahlı
qüvvələrinin möhkəmlənməməsi üçün hərbi əməliyyata başalamaq, oranı ələ keçirmək
və müdafiəni qırmaq qərarına gəlindi. Nəticədə
məşhur Məngilanatada hərbi əməliyyatı Azərbaycanın
xeyrinə başa çatdı. Bu qalibiyyətin əsasında radiokəşfiyyat
dururdu.
“Bizim Yol” qəzetinə
müsahiblərinin birində AXC-Müsavat
hakimiyyəti zamanı Ali Sovetin
sədri olmuş, Müsavat
Partiyasının başqanı İsa Qəmbər
“Füzulini işğal
etməkdə Ermənistanın əsas marağı nə idi?” sualına belə cavab
vermişdi: “Demək olar
ki, o zaman
Ermənistan Azərbaycan torpaqlarının hamısını
işğal etmək iddiasında idi. Həmin mərhələdə
isə ermənilərin Füzulini işğal etməklə Azərbaycanla İran arasında sərhədi aradan qaldırmaq, bu sərhədi
Ermənistanın nəzarətinə keçirmək, əzəli
torpaqlarımız olan Şuşanı və
digər torpaqları işğaldan azad etməkdə hərbi çətinliklər
yaratmaq, Naxçıvan və Türkiyə
ilə rabitəni çətinləşdirmək və bir sıra siyasi-strateji
maraqları var idi” .
Döyüşlər
davam edir
1993-cü
ilin avqust ayında cəbhənin
bütün istiqamətlərində əks
hücuma keçən ermənilər Azərbaycanda
siyasi hakimiyyət uğrunda
mübarizədən yararlanıb Füzuli
şəhərini işğal etdilər.
Bundan sonra düşmən
qüvvələri bir neçə istiqamətdə
Arazboyu yaşayış məntəqələrinə
doğru irəlilədi. Məqsəd regionda strateji cəhətdən
ən əhəmiyyətli, regional
kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin
ələ keçirilməsi idi. Horadizin işğalı, eləcə də
Əhmədbəyli kəndi istiqamətində «Dörd yol» deyilən əraziyə
çıxmaqla düşmən o zaman işğal
olunmamış Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarını faktiki olaraq
blokadaya salırdı.
Horadiz qəsəbəsinin
müdafiəsini sərhəd qoşunlarının burada yerləşən komendantlığı
təşkil etmişdi. Bir
neçə gün davam
edən döyüşdən sonra
qüvvələrin qeyri-bərabər olması səbəbindən
sərhəd zastavası mövqelərini tərk edərək
geri çəkilir. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən
su anbarı üzərindəki körpünü tutur. Qəsəbədəki
bütün inzibati və
yaşayış minaları, neft
bazası, dəmir yolu vağzalı və
s. yandırılır. Qeyd
edildiyi kimi, Horadizin işğalı ilə digər rayonlar faktiki olaraq blokadaya düşür.
Araz
boyunca Beyləqana doğru
irəliləyən düşmən qüvvələri
Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal edir.
1993-cü il noyabrın 7-də ermənilər
400 nəfərə yaxın canlı qüvvə, 30-a
yaxın tank və zirehli
transportyorun iştirakı ilə rayonun ən böyük
yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndinə hücuma keçir. Kəndin
bir hissəsini işğal
edən düşmən qüvvələri Azərbaycan
Silahlı Qüvvələrinin ciddi
müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən sərhəd
zastavasının 30 nəfər şəxsi heyəti qəhrəmanlıq
nümayiş etdirərək 2 gün ərzində düşmənin bütün hücumlarını dəf edir. Düşmən xeyli
sayda canlı qüvvəsini bu döyüşlərdə itirir.
Sərhədçilər də bir
neçə şəhid verir. İki aya yaxın davam edən qanlı döyüşlər
zamanı ermənilər Böyük Bəhmənli
kəndinin bir hissəsini işğal
etsələr də, kəndi tam ələ
keçirməyə nail olmurlar.
Dekabr ayında yenidən hücum
edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə
qarşılaşır. Daxili
Qoşunların 5 əsgəri düşmən tankı ilə
qeyri-bərabər döyüşdə geri
çəkilməyərək həlak olur.
Düşmən də bir neçə
texnikasını itirərək yenidən geri
çəkilməyə məcbur olur.
1994-cü il
yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan
Silahlı Qüvvələri Araz boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı
kəndləri istiqamətində əks hücuma
keçir. İki gün davam edən
döyüşlərdə Azərbaycan ordusu
itki verməklə Horadiz
qəsəbəsini və ətraf kəndləri düşməndən
təmizləyir. Ermənilər bir
neçə yüz nəfər canlı
qüvvə itirir. Lakin
kənd Horadiz istiqamətində
düşmənin müqavimətini yarmaq
mümkün olmur və
qüvvələr müdafiə mövqeyinə keçir. Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə
Qaraxanbəyli, Qorqan kəndlərinədək
irəliləməyə nail olur.
Atəşkəs
1994-cü
il mayın 10-da atəşkəs
imzalandı və o zamandan
cəbhə xəttinin digər hissələrində olduğu kimi, Füzuli rayonunda da «nə hərb, nə sülh»
vəziyyəti hökm sürür.
Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün
istiqamətlərində olduğu kimi, Fizuli rayonu
ərazisində də tez-tez atəşkəs
pozulur.
Rayon üçün digər bir
problem işğaldan azad olunmuş ərazilərin
minalardan təmizlənməsidir. Atəşkəs
razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin
minalardan təmizlənməsi işlərinə
başlanılıb. Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata
görə, Füzuli rayonunun
işğaldan azad olunmuş hissəsində - 9 milyon
metr² ərazidə partlamamış hərbi
sursat var.
Qayıdış...
23
avqust 1993-cü ildə Ermənistan
Silahlı Qüvvələri tərəfindən Füzuli şəhəri və rayonun kəndlərinin bir
hissəsi işğal edilib.
Erməni işğalçıları tərəfindən
145 mədəni və məişət obyekti,
15 tarixi abidə, onlarla
məktəb, klub, o
cümlədən xeyli sayda
müəssisə yandırılıb və ya
dağıdılıb. Füzuli rayonu işğal olunmuş rayonlar
arasında əhalisinin sayına görə, Ağdamdan
sonra ikinci yerdə
dayanır.
Bu rayonun
işğal olunmuş
kəndlərinin azad edilməsində yerli polislər, Daxili Qoşunlar, Sərhəd Qoşunları, həmçinin
Hərbi Hava Qüvvələri,
özünümüdafiə dəstələri mühüm rol oynayıb.
Azərbaycanın həyata keçirdiyi döyüş uçuşları zamanı
ermənilər çoxlu sayda
canlı qüvvə və hərbi texnika
itirib.
Əhalinin
bir hissəsi yaşayış məntəqələri
işğal edildiyindən, müvəqqəti
olaraq Bakıda və Respublikanın digər
rayonlarında məskunlaşıb. Hazırda Füzuli
rayonunun 22 yaşayış məntəqəsi
Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti
altındadır. Bu yaşayış məntəqələri, əsasən
Arazboyunda - İranla sərhəddə
yerləşir və bu yaşayış
məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali
yaşayır. Əhalinin daha çox olduğu
yaşayış məntəqələri Horadiz
şəhəri, Böyük, Bəhmənli,
Kərimbəyli və Əhmədbəyli kəndləridir. Rayonun işğaldan azad olunmuş ərazisində
13 qəsəbə və 20 kənd var.
Bundan başqa rayonun ərazisində,
Beyləqanla sərhəddə 2003-cü ildə
“Qayıdış” adlı 11 qəsəbə inşa
edilib. Bu qəsəbələrdə
əsasən İmişli və Biləsuvar
rayonlarında 1993-cü ildə salınmış
çadır düşərgələrindən
çıxarılan Füzuli məcburi
köçkünləri məskunlaşdırılıb.
Bundan başqa, Zobcuq adlı ərazidə
salınmış yeni qəsəbələrdə
də məskunlaşma aparılıb. Hazırda bu qəsəbələrə əhalinin
köçürülməsi prosesi gedir. Füzuli rayonunda hazırda 2 şəhər (Füzuli və Horadiz
şəhərləri) və 76 kənd var.
Ardı
var...
Ramid İBRAHİMOV
Bizim yol.- 2011.- 8 dekabr.- S. 15.