Qədim insan məskəni
- Füzuli-3
Rayonun məruz
qaldığı ekoloji terror
haqda inanılmaz faktlar
Beynəlxalq
ictimaiyyət törədilən vandalizmə “dur”
deməzsə...
Füzulinin
səthi Araz çayına tərəf enən
maili düzənlik, qərbdə alçaq dağlıqdır (Qarabağ
dağ silsiləsinin cənub-şərq ətəkləri).
Əsasən neogen
çöküntüləri yayılıb. Şimal
hissə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissəsi isə
yayı quraq keçən mülayim-istidir.
Çayları
(Köndələnçay, Quruçay, Qozluçay) rayonun
İranla sərhədindən axan Araz hövzəsinə
aiddir. Boz və çəmən-boz,
şabalıdı və açıq-şabalıdı,
dağ-şabalıdı, dağ boz-qəhvəyi
və s. torpaqlar
yayılıb. Bitkisi, əsasən
yarımsəhra tiplidir. İşğaldan
əvvəl rayonda kənd təsərrüfatında
istifadə olunmayan 78 hektar
meşə və 22283 hektar sahə var idi. Rayonda
su anbarları (Köndələnçay su anbarı) yaradılıb, suvarma
kanalları çəkilib. Suvarılan torpaqlar
24 min hektardır(1985).
Füzuli
rayonunda, ümumi ehtiyatları 58858 min m3 olan və mişar
daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı,
Dilağarda) əhəngdaşı; kərpic-kirəmid
istehsalına yararlı, 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu
gil və ehtiyatları 13053 min m3 olan Quruçay
qum-çınqıl qarışığı yataqları
var.
Məhv
edilən təbiət
Rayonun
özünəməxsus təbiəti var.
İşıqlı kəndində Tağlı körpünün yanında diametri
250 sm, hündürlüyü
25 m, yaşı 500 il
olan 1 ədəd, yenə orada
diametri 450 sm, hündürlüyü 25 m,
yaşı 900 il olan
1 ədəd, Mandılı kəndində Mustafa
adlanan yerdə diametri 150 sm, hündürlüyü 40 m,
yaşı 300 il olan
5 ədəd, Böyük Bəhmənli
kəndində, İran sərhədi
yaxınlığında diametri 100 sm, hündürlüyü
20 m, yaşı 200 il
olan 1 ədəd, Seyidəhmədli kənd
sovetinin “İbə piri”
adlanan sahəsində diametri
520 sm, hündürlüyü
30 m, yaşı 1400 il
olan 1 ədəd, həmin yerdə diametri 250 sm, hündürlüyü 25 m,
yaşı 550 il olan
1 ədəd və Pirəhmədli sovetində Mandılı
kəndində diametri 180 sm,
hündürlüyü 45 m,
yaşı 400 il olan
1 ədəd Şərq çinarları təbiət
abidəsi kimi
pasportlaşdırılıb və işğala
qədər mühafizə olunub.
Füzuli və
Cəbrayıl rayonları üzrə istifadəyə
yararlı yeraltı su ehtiyatları 440 min m3/gün təşkil
edir. Füzuli rayonunun yaşayış məntəqələri
üçün Cərəkən
hövzəsində 31 min m3/gün həcmində ehtiyat
hesablanıb.
Ekoloji terror
Rəsmi
və qeyri-rəsmi məlumatlara əsasən, artıq Füzuli rayonu ekoloji təcavüzə məruz qalıb. Ermənilər
Ərgünəş meşəsində hər il yanğınlar törədir, nəticədə
qiymətli ağac və kollar
məhv olur, təbiətə xeyli ziyan vurulur.
Ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə
və atmosferin çirklənməsinə
səbəb olan bu
yanğınlar qlobal ekoloji
problemlərə gətirib çıxara bilər.
Dünya əhəmiyyətli
qədim abidə kimi YUNESKO-nun siyahısına
düşmüş Azıx və Tağlar mağaraları,
Qaraköpəktəpə, Meynətəpə və başqa
abidələr erməni vandalizmi nəticəsində
yararsız hala salınıb. İşğalda
olan Seyidmahmudlu və
Qaraxanbəyli kəndlərinin arasında yoluxucu
xəstəlikləri
tədqiq edən xüsusi laboratoriya
təşkil edilib. Burada xəstələrin daxili orqanları üzərində tədqiqatlar
aparıldıqdan sonra, tullantılar təmizlənmədən
və zərərsizləşdirilmədən Köndələnçaya
axıdılır və infeksiya mənbəyi
yaradılır. 2003-cü ildən başlayaraq
Horadiz qəsəbəsi müşahidə
məntəqəsində Araz
çayından götürülmüş
su nümunələrinin təhlili
çayın müntəzəm transsərhəd çirklənməyə
məruz qalmasından xəbər verir.
İşğalçılar
Ərgünəş meşəsinin içərisi ilə Məlihcan
kəndi istiqamətində, uzunluğu 10 km-ə yaxın
maşın yolu çəkiblər. Həmin yol
Hoğa, Xaxulu kəndlərinin
yaxınlığından keçməklə,
Qırmızıbazar istiqamətinə gedir.
Yol çəkilərkən ağaclar qırılıb məhv edilib, qazılmış torpaq
qatı yolun aşağı hissəsinə
tökülüb. Nəticədə ağaclar torpaq altında qalaraq, pöhrələr məhv edilib.
Füzuli
rayonunun Dövlətyarlı və Dilağar kəndlərində yerləşən
daş karxanaları, əhəngdaşı
yataqları düşmənlər tərəfindən istismar edilir. Çimən,
Hoğa, Xaxulu, Govşad, Xələfşə və s. kəndləri istiqamətində baş verən yanğınlar Ərgünəş
meşəsi istiqamətində davam edib. Bu da həmin ərazilərə yaxın olan ağacların və qiymətli bitkilərin
yanıb məhv olmasına səbəb olub.
Demək olar ki, 100 hektarlarla sahə yandırılıb və bu proses hələ də davam etdirilr.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
“İşğal olunmuş
Azərbaycan ərazilərində ətraf mühitə və
təbii sərvətlərə dağıdıcı təsiri
müəyyənləşdirən (izləyən) operativ mərkəz”in məlumatına və işğaldan sonrakı dövrlərdə rayon ərazisinidə müxtəlif vasitələrlə
aparılmış videoçəkilişlərə əsasən,
ermənilərin təbii sərvətləri qəddarlıqla
dağıtmasına dair
aşağıdakı faktlar aşkar edilib:
1.
Füzuli şəhəri tamamilə
dağıdılıb. Şəhəri ayland
ağacları, kəndalaş və müxtəlif bitki örtükləri bürüyüb.
Qiymətli ağaclardan əsər-əlamət
qalmayıb. (Akt; 33. 10.10.2005-ci il).
2. Rayonun
Dövlətkarlı kəndindən keçən magistral
yolun solunda, tamamilə dağıdılmış Füzuli
televiziya verilişləri qülləsinin ətrafında iki
qoca ağacdan başqa bütün yaşıllıqlar məhv
edilib. Həmin
hissədə yolun sağında geniş bir ərazini əhatə
edən Füzuli rayon
Dövlətkarlı Üzüm Emalı Zavodu bütünlüklə yerlə yeksan edilib. Zavodun girişində, ətrafında və həyətində
olan qovaq, çinar və meyvə ağacları istisna olmaqla,
bütünlüklə məhv edilib (Akt; 32, 10.10.2005-ci il).
3. Dövlətkarlı
kəndi işğaldan əvvəl minlərlə meyvə və
həyətyanı ağacların əhatəsində qalan
iri bir meşəyə bənzəyirdi. Kəndin ətrafında
və giriş yolunda
mühafizə məqsədli geniş
meşə massivləri vardı. Videoçəkilişdə
həmin ağacların bütünlüklə məhv edildiyi, kəndi isə kəndəlaş,
kökdən əmələ gələn pöhrələr və
yeni ayland
ağaclarının bürüdüyü görünür. Dövlətkarlıya
dönən yolun sağında
doğranmış və yandırılmış ağac kökləri, həmçinin ağac qırıntıları aydın
müşahidə edilir (Akt;
34. 10.10.2005-ci il).
4. Qoçəhmədli
kənd yolu boyunca bütün ağaclar məhv edilib. Köndələnçayın
və gölün tam
quruduğu, ətrafdakı
ağacların kök üstə quru vəziyyətdə kütləvi şəkildə
məhv olunduğu, sağ
hissədə yolun kənarında 4-5 hektar sahənin yandırıldığı görünür. Dövlətkarlı kəndinin
çıxışında yandırılmış üzüm sahələri, həmin hissədə
daş karxanasının inzibati
binası və onun ətrafındakı
yaşıllıqlar bütünlüklə məhv edilib. Kənd qəbirstanlığı
düzəngaha çevrilib. (Akt; 35 və 36, 10.10.2005-ci il).
5.
Yağlıvənd kəndində kəndarası yolun sağ
və solundakı böyük yaşıllıqlar tamamilə
qırılıb və sağ hissədə 30-35 hektar sahənin
yandırıldığı görünür. (Akt; 30,
10.10.2005-ci il).
Son zamanlar
ermənilərin işğal altında qalmış ərazilərdə
törətdikləri yanğınlar sözügedən
bölgə ilə yanaşı, digər rayonlarda da flora və
faunanın məhvinə səbəb olmaqdadır. Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla
yanaşı, tək Respublikamızın deyil,
lokal miqyasda regionun, qlobal baxımdan Planetimizin bioloji müxtəlifliyinə
vurulan zərbədir. Qeyd
edilənlər hamını, xüsusən beynəlxalq
ictimaiyyəti düşündürməli və ekoloji müharibəyə son
qoyulmalıdır.
Milli qəhrəmanları
Rayonun 9 igid övladı Azərbaycanın ərazi bütüövlüyü uğurunda
göstərdikləri xidmətlərə görə, “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görülüblər: Faiq
Rəfiyev, Rasim İbrahimov,
Elxan Zülfüqarov,
Pəhləvan Fərzəliyev, Mirələkbər İbrahimov, Bəşir Kərimov, Seymur Məmmədov, Salatın Əsgərova,
Nazim Quliyev.
Tanınmış
şəxsiyyətləri
İlyas Əfəndiyev
- nasir, dramaturq, Azərbaycanın
əməkdar incəsənət xadimi, Azərbaycan
Dövlət Mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, «Şöhrət»
ordenli. Pyesləri: «İntizar»,
«Sən həmişə mənimləsən», yaxud
«Boy çiçəyi», «Odlu
səhradan gəlmiş şeytan», «Məhv
olmuş gündəliklər», «Mahnı dağlarda qaldı» və s.
Romanları: «Söyüdlü arx», «Körpüsalanlar»,
«Geriyə baxma, qoca» və
s. Filmoqrafiya: “Bizi Dağlarda Axtarın”
(1976), “Bircəciyim” (1986) və s. Qeyd edək ki, İ.Əfəndiyevin
oğlu Elçin də
Azərbaycanın xalq
yazıçısı, əməkdar incəsənət xadimi və hazırda baş
nazirin müavinidir.
Seyran Səxavət
- şair, nasir, tərçüməçi. Əsərləri
keçmiş SSRİ xalqlarının
dillərinə və bir sıra xarici dillərə tərcümə olunub. "Qızıl teşt"
pyesi Azərbaycan Akademik
Dram teatrında (1988), "Büst"
pyesi Lənkəranda (1989), "Qapıların
o üzündə qalan
dünya" pyesi
Füzulidə (1990) tamaşaya qoyulub. "Nekroloq"
romanı Azərbaycan Yazıçılar Birliyində 2002-ci ilin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı"
mükafatına layiq görülüb.
Seyid
Şuşinski - Şuşa xanəndəlik məktəbinin parlaq
nümayəndəsi. Cabbar
Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi\"
adlandırmışdı. Nadir və
gözəl səsə malik Seyid Şuşinski xanəndəlik
sənətinin sirrlərinə yiyələnmək üçün iki il Nəvvabın yanında oxuyub.
Sonrakı müəllimi Cabbar
Qaryağdıoğlu olmuşdu.
Şamama Həsənova
- 2 dəfə Sosialist Əməyi Qəhrəmanı. Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü.
Ölkədə iki əllə pambıq yığımı hərəkatının
təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanıb.
İslam Rzayev - Uzun illər Azərbaycan Dövlət Filormoniyasının solisti,
20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub. İncəsənətin inkişafındakı xidmətlərinə görə
2004-cü ildə ölkə
prezidenti onu “Şöhrət” ordeni ilə təltif edib.
Ramid
İBRAHİMOV
Bizim yol.-
2011.- 9 dekabr.- S. 11.