Çay üstündə qala
- Kəlbəcər
İlk insan izləri 4 milyon ildən qədimə gedir
Qarabağ
silsiləsindən növbəti dayanacağımız Azərbaycan
Respublikasının ərazi baxımından ən
böyük rayonu - Kəlbəcərdir. 8 avqust 1930-cu ildə
inzibati rayon statusu alan Kəlbəcər 1993-cü ildə Ermənistan
Respublikası Silahlı Qüvvələri tərəfindən
işğal edilib. İnzibati mərkəzi Kəlbəcər
şəhəridir.
Tarixi
"Kəlbəcər"
toponiminin mənası qədim türk dilində (ilkin
forması Kevliçer) "Çay üstündə qala"
deməkdir. Kevli - "çayın üstü", çer
(car) - "qala" mənasını verir. Yaşayış
məntəqəsinin yerləşdiyi qayada Tərtərçay
çayı boyunca cərgə ilə düzülmüş
qədim süni mağaralar mövcuddur. Buna görə də
mütəxəssislər toponimi “kevilkəvl” və qədim
türk dillərindəki “cər” (qaya, yarğan) komponentləri
ilə əlaqələndirirlər. Buradakı oronomik toponimlərin
hamısı türk mənşəlidir. Bir sıra qədim
türk tayfalarının adı bu gün də bu toponimlərdə
yaşayır.
Kəlbəcər
ən qədim insan məskənlərindən biridir. Bu ərazidə
ibtidai insanın təşəkkül tapması və formalaşması
dördüncü geoloji dövrlə bağlıdır. Bu
dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki
mağara düşərgələrində
aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai
insan icmasının ilk əmək alətləri həm də
bu yerlərdə yaradılıb.
Kəlbəcər
ərazisində 30 min ildən çox tarixi olan qədim
yaşayış məskənləri, 6 min il yaşı olan
qaya təsvirləri, çöp şəkilli qədim
türk əlifbası nümunələri aşkar edilib.
Buradakı daş abidələr Şimali Azərbaycanda erkən
dövr türklüyün, atəşpərəstliyin,
xristanlığın, VII əsrdən isə İslamın
yayıldığı dövrlərdə yaradılıb.
Rayon ərazisində
"Türk qəbristanlığı" adı ilə
tanınan bir neçə qədim məzarlıq var.
Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər,
Zar və başqa kəndlərin ərazisindədir. Qəbirstanlıqlar
müxtəlif əsrlərdə yaradılmış, forma və
ölçüləri ilə bir-birindən fərqlənən
at, qoç, sandıq qəbirüstü fiqurlar,
başdaşı və günbəzlərlə zəngindir.
Maddi-mədəni
irsi
Kəlbəcərdə
alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan
ən məşhuru Xudavəng məbəd kompleksidir.
Binanın divarlarında yağlı boya ilə çəkilmiş
çoxlu şəkillər və yazılar var. Abidənin
tikintisində istifadə olunmuş daşlar Tərtər
çayının sahilində, bir dərədə
yığılaraq suxurlaşmış və
kiristallaşmış gildən əmələ gəlib.
Xudavəng
monastır kompleksi. Bura "Dədəvəng monastırı",
yaxud "Xotavəng monastırı" (farscadan tərcümədə
“təpədə yerləşən”) də deyilir. Kəlbəcərdən
şərqdə, Ağdərə-Kəlbəcər magistral
yolunun qırağındakı Bağlıpəyə kəndindən
aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər
rayonunun 29 kilometrliyində yerləşən qədim alban məbədidir.
Məbəd kompleksi VI-VII əsrlərdə Alban knyazı tərəfindən
tikilib. XV əsrlərdə bu abidə Alban
knyazlığının dini məbədi olub. Sonralar məbəd
bir neçə dəfə təmir edilib, əlavələr
olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal
tərəfindən əsaslı bərpa edilib.
Məlumatlar
göstərir ki, Həsən Cəlalın arvadı Minə
Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün
görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə
olub və xatirə üçün nişan daşları
qoyublar. Maraqlısı odur ki, üstü gümbəz kimi
tikilmiş bu binaların tikintisində ağac materialından
istifadə olunub. Binanın divarlarında yağlı boya ilə
çəkilmiş çoxlu şəkillər və
yazılar var idi. Ağdərədən və Basarkeçərdən
gələn ermənilər həmin xaç və
yazıları balta ilə çaparaq yox etmiş və beləliklə,
tarixi saxtalaşdırmağa çalışmışlar.
Abidə
dəfələrlə ermənilərin təcavüzünə
məruz qalıb. Ağdərə RPK katibinin
göstərişi ilə abidə-kompleks taxtadan
çəpərlənmişdi. Lakin Kəlbəcər
camaatı həmin çəpəri dağıdıb. Ermənlər yenə də başqa
vasitələrdən istifadə edərək xaricdə göstərdikləri
kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və “ulu Artsakın maddi-mədəniyyət abidəsinin
türklər tərəfindən dağıdılması”
haqqında dünya ictimayyətinə
saxta tarixi məlumatlar
çatdırırlar.
Memarlıq
xüsusiyyətləri
Kompleksə
ümumilkdə doqquz tikili
daxildir. Onlardan beşi əsas tikili, digərləri
isə köməkçi və xidməti xarakterli
tikililərdir. Kompleksə daxil olan abidələrin heç
də hamısı dövrümüzə yaxşı vəziyyətdə
çatmayıb, onlardan daha
qədim olanları nisbətən dağılıb. Kompleksin ətrafı digər alban
monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnib.
Orada əsas tikililər Alban
bazilikası (Müqəddəs Məryəm ana
baziliksaı) və Arzu Xatun
kilsələridir. Həmçinin kompleksə sonradan
əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən Cəlal
kilsəsi də diqqətə layiq
memarlıq nümunələridir.
Kompleksə
daxil olan binaların
inşası zamanı əsasən yerli qara bazalt daşdan,
bişmiş kərpicdən və əhəng
məhlulundan istifadə edilib, binaların
damı isə kirəmit və səliqə ilə kəsilmiş
daşlarla örtülüb.
Alban bazilikası
Səliqə
ilə yonulmuş daş
və kərpicdən inşa edilmiş məbədin xarabalıqları daxili sütunları olmayan
uzun zaldan ibarətdir.
Abidənin uzunluğu 16,2 metr,
eni 5,8 metrdir. Zalın
şərq hissəsi yarımdairəvi apsis
ilə başa çatır.
Səcdəgah absidasının
hər iki tərəfində keşiş cübbələrinin
saxlandığı dairəvi yer tikilib. İnşaat
texnikasının və inşaat
materiallarının öyrənilməsi zamanı aydın olub ki, cübbələrin
saxlandığı yer məbədin
tikilməsindən sonra inşa
edilib. Həmin yerə giriş səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə
Alban memarlığında təsadüf olunur. Görünür, əvvəllər
tikilmiş məbədin ümumi
planı, memarlara qapını ibadət
zalından qoymaq imkanı
yaratmadığı üçün,
qapı oyuğu cübbələrin
saxlandığı yerə səcdəgah absidası istiqamətində
açılıb. Soldakı cübbə yerinin
tədqiqi zamanı onun tavanında Xudavəng
monastırının baş keşişlərindən
birinin - XIII əsrdə yaşamış
Ter-Atanasın yazısı aşkara
çıxarılıb. Güman etmək
olar ki, məhz Ter-Atanas qədim bazilikaya
birləşmiş cübbə yerinin qurucusu olub.
Məbəddə
pəncərə oyuqları var. Həmin
oyuqların yuxarı hissəsi nalşəkillidir.
Qazıntılar zamanı aşkara
çıxarılmış saxsı məmulatı məbədin
ilkin tikintisini VI-VII əsrlərə
aid etmək imkanı verir.
Arzu Xatun kilsəsi
Bu məbəd Alban knyazı Vaxtanqın xanımı Arzu Xatun Arcruni
tərəfindın 1214-cü ildə əri Vaxtanq
və iki oğlunun
xatirəsinə inşa etdirilib.
Kilsənin Şərq fasadında daş
üzərində Vaxtanqın, Cənub fasadında isə Arzu Xatunun iki
oğlunun təsvirləri həkk olunub. Arzu Xatun
özü başqa bir Alban knyazı Kürdünün qızıdır.
Planda
düzbucaqlı şəkildə inşa
edilmiş kilsənin giriş
qapısının hər iki tərəfində
xırda otaqlar var. Apsisin ətrafında isə iki
rahib cübbəxanası yerləşdirilib.
Binanın tam mərkəzində, böyük bir alın
hissənin üstündə qübbə ucaldılıb,
qübbənin üstü isə konusvari damla örtülüb.
Kilsənin
fasadı səliqə ilə yonulmuş daşla üzlənib və daşların
üstündə qabartma və oyma şəklində çox
incə naxışlar işlənib. Qübbənin fasadı
yarımçıq kəmərlər silsiləsi ilə əhatələnib,
kəmərlərin arasındakı boşluqlar
isə qabartma şəklilli
naxışlarla bəzədilib. Həmçinin kəmərlərin
arasına içəriyə işıq düşməsi üçün pəncərə
yarıqları da qoyulub.
Qalalar və məscidlər
Kəlbəcədəki
digər qədim Alban abidələri bunlardır:
"Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu",
"Comərd".
Kəlbəcərin
Ağdaban kəndinin də qədim alban tayfasının adını
daşıdığı güman edilir. "Alban"
adının Ağuan, Aluan,
Ağvan, Andan kimi təhrif olunmuş
adlarından birinin də Ağban
olması istisna deyil.
Rayonun
Çərəkdar kəndində alban
kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd
ərazisində Lök qalası,
Qaraçanlı kəndinə Uluxan
qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində
Qalaboynu qalası, Comərd kəndində
Comərd qalası, Camışlı kəndində Keşikçi
qalası, Kəlbəcər şəhərində məscid,
Başlıbel kəndində məscid, Otaqlı kəndində
məscid, Soyuqbulaq kəndində Tərtər
çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər
Tarix-diyarşünaslıq muzeyi,
Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü
yaylağında Seyid Əsədullanın
ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı
Qüvvələri tərəfindən
dağıdılıb.
Kəlbəcər
ərazisindəki qayaüstü təsvirlər
Qobustandakı yazılı və şəkilli daşların
oxşarı - "əkiz"ləridir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu",
"Ayçınqıllı", "Gəlinqayası",
"Böyükdəvəgözü", "Sərçəli"
və s. yerlərdəki qayaüstü
təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan
torpağının qədim insan məskəni
olduğunu sübut edir. Kustar şəkildə, bazalt
daşına həkk edilmiş keçələrdən,
ov səhnələrindən, yallıyabənzər
oyunlardan, göy cismlərindən,
qədim heyvanlardan və s.
ibarət bu daş
kitabələr Kəlbəcərin tarixinin,
mədəniyyətinin qədimliyini əks etdirir.
Bu təsvirlərdən biri belədir: Bir insan fiquru
ayağının birini bir
dairənin, o birini isə
digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə
baxır. Güman olunan budur ki, insan bir
planetdən digərinə
uçmaq arzusundadır. İnsan fiqurunun ayağı
altındakı dairənin
biri Yer, o biri isə Ay olduğu güman edilir.
Tarix-diyarşünaslıq muzeyi
İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar
olan Kəlbəcər
tarix-diyarşünaslıq muzeyi abidəsi 1980-cı illərin əvvəllərində
yaradılıb. Müzeyin həyəti 900 m2-dən artıq idi. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş
salonundan və içərisində 30 mindən
çox eksponat olan bir fonddan
ibarət idi. Muzeyin çöl divarlarında
2037 rəng çaları
olan daşlardan istifadə edilib, divarlarda da bir
muzey yaradılıb.
Bu divarlarda daşdan
düzəldilmiş müxtəlif
naxışlar, kənd
təsərrüfatı alətləri,
bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və
bir çox əşyaların daşdan
çəkilmiş şəklini
görmək olardı.
Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və
qoç heykəlləri
nümayiş edilirdi. Burada \"bəzir daşı\"
deyilən iki qədim abidə nəzərə çarpırdı.
Dəyirman daşlarından
10 dəfə böyük
olan bu bəzir
daşlarını qoşqu
vasitəsilə dikinə
fırladıb, “zəyərək”
adlı bitkidən yağ alırmışlar.
Deyilənə görə, bu
yağlardan şişlər
müalicə olunurmuş.
Mütəxəssislər və tamaşaçılar
haqlı olaraq bu muzeyi həm
də geologiya, arxeologiya, incəsənət
və səs müzeyi adlandırırdılar. Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox
başqa ölkələrin
150-dən cox alimi Kəlbəcər muzeyində
olub, qimətli rəylər yazıb və bu muzeyin
zənginliyinə məftun
olduqlarını bildiriblər.
Lakin, əksər maddi-mədəniyyət
abidələri kimi, bu muzey də
Ermənistan ordusunun vandalizmi nəticəsində
məhv edilib.
Coğrafi mövqeyi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür nöqtələri
Camışdağ dağındakı
zirvə (3724 m) və
Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər
qərbdə Ermənistan
Respublikası, şimalda
Daşkəsən, Göy-göl,
Goranboy, şimali-şərqdə
Tərtər, şərqdə
Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
(Ardı
var)
Ramid
İBRAHİMOV
Bizim yol.- 2011.- 10 dekabr.- S. 11.