Qədim ticarət mərkəzi - Zəngilan

 

Şərqlə Qərbin qovuşduğu bu bölgənin tarixi eramızdan əvvəllərə gedib çıxır

 

Zəngilanı Makedoniyalı İskəndərlə nə bağlayır?

 

Qarabağ silsiləsi davam edir. Bu dəfə Zəngilan xatırlanacaq. Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşən Azərbaycan torpağı. Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 707 km², inzibati mərkəzi Zəngilan şəhəridir.

 

Tarixi

Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bölgənin tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olub) və e. ə. IV-II əsrlərə aid edilən, əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə tapılıb. Bu tapıntılar ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünastarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

Qədim Şərifan şəhəri

Rayon ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparıb. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.

Burada \"Şəhri Şərifan\" və ya “Şəhri Xəlifan” adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunub. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafistrateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub.

Məlum olub ki, bu şəhər Cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. Qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdiburada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə, yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür.

Şəhər XIV- XVII əsrlərə kimi mövcud olub. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunu şəhərdə tapılan düyü anbarı sübut edir.

Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatıb. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə, çıxıntılara malik kvadrat şəklindədir, ölçüləri 5,4 x 5,4 m-dir. Üç qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülüb. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, girişmehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur, abidə içəridən və çöldən dördkünc formalıdır.

Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab var. Onun yan tərəfləri nazik tili sütunlarla bəzədilib. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilib.

Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülüb. Onun şərq qolu çatmatağla örtülüb. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri var. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülüb. Divarlartağlar yaxşı cilalanmış daş piltələrdən hörülüb. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir.

Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar daşla inşa edilib, əksər hallarda qapı üstüya mehrabvari hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn İslam adəti üzrə aparılıb.

3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, parxanası və yuyunmaq yeri, həmçinin hovuzları salamat qalıb.

Məmmədbəyli türbəsi

Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılıb. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Əsas qapısı şimal-qərb tərəfdədir, üzü çox sadə işlənib. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabə də mövcuddur.

Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir. O, qara rəngli daşdan işlənib. Konstruktiv elementlərin mütənasibliyi, gözəl memarlıq kompoziyası türbəyə monimental gözəllik verir. Əsas tikinti materialı kimi daşdan istifadə edilib. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 sm olub, iki cərgədən ibarətdir. O, daxili xarici üzlük daşlardan hörülüb. Onların arası boş saxlanılıb, sonra məhlulla doldurulub. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində rast gəlinir.

Türbənin üst günbəzini tikərkən bu texnikadan istifadə olunub. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənib türbənin sərdabəsi üzə çıxarılıb.

Sərdabə 2,95 x 3,30 m. ölçülü düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağa örtülüb. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir. İslam qaydalarına görə türbəyə sərdabəyə girişin hündürlüyü 120 sm-dən artıq ola bilməz. Çünki, bura girən bir qədər əyilməli, mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb.

Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumu yaxşı olan eyni zamanda tanınmış şəxslərin qərbi üstündə ucaldılırdı. Bu türbənin girişi üstündə olan nəsx xətti ilə yazılmış bir kitabə var. Həmin kitabədə deyilir ki, bu türbə 704-cü ildə, Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilib.

Zəngilan məscidi

Zəngilanın mərkəzində olan bu məscid XVII - XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 metrdir. İçərisində mehrab taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunub. Divarlar üzlənməyib. Məscidin qapısı günçıxana açılırdı tağformalı olub. Onun üst tərəfində kitabəsi var idi.

Bundan əlavə, rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri at fiqurları da uzaq keçmişimizdən xəbər verir.

Qız qalası

Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə, xalq arasındaQız qalasıadlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynayıb. Çünki, yoldan xeyli aralı yüksəklikdə yerləşən, habelə bir o qədər böyük olmayan bu cür qala sığınacaq, yaxud müdafiə istehkamı rolunu oynamayıb.

Orta əsr müdafiə qalaları və sığınacaqlar hündürgeniş bir ərazidə inşa edilironun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bir bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz “Qız qalası” müşahidə məntəqəsi rolu oynayıb. Ayrıca, Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri də olub.

Koroğlu daşı

Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş, əslində ondan xeyli əvvəllər mövcud olub. Bu daş rəngdədir və onun nisbətən baş tərəfində bir oyuq var. Həmin daşın yerləşdiyi yerə oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər.

Daşın üzərində qəribə yazılar da var. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən \"Yazı düzü\" də deyirlər. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranıb. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdə yerləşir.

Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O, yonulmuş haldadır. Neçə əsrdir günün yağışın altında qalmasına baxmayaraq öz keyfiyyətini itirməyib.

(Ardı var)

 

   Ramid İBRAHİMOV

 

   Bizim yol.- 2011.- 14 dekabr.- S. 11.