«Elə bil Allah Xudu
Məmmədovun diləyini eşitdi…»
Bizimlə
görüşdən əvvəl xalq artisti mərhum Qədir Rüstəmovun ailəsinə
baş çəkib. Qayıdıb evinə
doğru gedərkən Qədir Rüstəmovla
necə tanışdığını soruşuruq.
Neft-kimya sənayesi üzrə rəhbər
kadrların təkmilləşməsi və yenidən
hazırlanması İnstitunun rektoru olanda qurumun mehmanxanasına Qədir Rüstəmov gəlib.
“Bunu eşidəndə yataqxananın rəisinə
göstəriş verdim ki,
bir luks nömrə
ayırın, Qədir Rüstəmovu ora
yerləşdirin, ondan da
pul almazsınız. O, gəldi-gəlmədi
qapı bağlansın, açarı da ona verilsin. Qədir bu xəbəri eşidəndən sonra deyib ki,
məni o adamın yanına aparın. Gəldi
mənimlə görüşdü. Xahiş elədi ki, onu bağa aparım. Həmin
gün də elə oldu
ki, Rafiq Əliyev ailəsi
ilə bizə gəldi, Cahid Kərimov da bizə qoşuldu
(AZİ-də prorektor idi
Y.S.), böyük bir
məclis oldu. Burada Qədirnən
çox söhbət elədik. Hamı onu bir cür
xarakterizə edir. Amma
onda elə cəhətlər var ki, ancaq
özünəməxsusdur. Az
danışır, tez inciyir,
xoşuna gəlməyən məclisi
yarımçıq qoyub gedir.
Orada iki-üç
mahnı oxudu. Sonra dedi ki, biz
qardaşıq. Məclisin olsa, mən aparacam. Oğlumun toyunu o apardı. Təmənnasız.
O adamlar üçün
də mən böyük qardaşam”.
Dayancaqda evlərinə
1 km-lik məsafənin olduğunu
desə də, 30 metrdən sonra
çatdığımızı xəbər verir.
Eyni yumor hissi ilə evə keçib,
“Sizin kimi bir gənc xanım da evdə
var, amma onun 80 yaşı tamam olub” deyə təbəssümlə
xanımına tərəf dönür.
O, 50 il neft-kimya
kompleksində çalışmış, neftçi-alim,
professor Yusif Səmədovdur.
Yusif Səmədov
1930-cu ildə Ağdam rayonunun
Mərzili kəndində doğulub.
Valideynlərinin savadız olduğunu desə
də, atasının igidliyinə vurğun
olduğunu hiss edirik. “O kişi vətəninə
imkanı qədər xidmət eləmiş adam
olub. 1918-ci ildə Qarabağ
təhlükədə olanda Soltan bəyin dəstəsində Şuşa ətrafında döyüşlərdə
iştirak edib. Gəncədə
Azəbaycan xalqının xilaskarı Nuru
Paşanının ordusunda qulluq eləyib. Göyçaya
könüllülər gəldiyinə görə onları
doğulduqları yerə göndəribləri ki, oranı müdafiə etsinlər. Bax mən belə kişinin
ailəsində doğulmuşam”.
1988-ci
ildə Ermənistandan azərbaycanlıların deportasiya olunması onun
atasını da
qayğılandırıb. Kişi
özünə ölüm arzulayıb.
“Ermənilər baş qaldıranda atam dedi ki,
Azərbaycan xalqının müsibəti başlayır.
Özünə Allahdan ölüm
dilədi ki, Azərbaycanın
başına gələcək faciəni görməsin. O,
anışıqdan 3 ay sonra
atam rəhmətə getdi.
Xudu Məmmədov da başda olmaqla yasa gəldilər. Xudu Məmmədov
baxdı ki, yas necə
təşkil olunub, dedi,
Yusif Allahın altında məni də belə
son mənzilə yola
salaydın. Elə bil Allah
onun da diləyini eşitdi, atamdan 3 ay sonra o
da rəhmətə getdi.
Onun da 40 gün mərasimini mən təşkil elədim.
Allah ona rəhmət
eləsin!” (Xanımını göstərib, Xudu Məmmədov bunun
xalası oğludur. Bizə
isə uzaq qohumdur...)
1937-ci il repressiya
dövründə birinci sinifə gedir. “Bu elə bir il idi ki,
adam evində öz-özü ilə danışmağa da
qorxurdu. Xoflanırdı ki, birdən kimsə eşidər. Xəbər
verərlər, gəlib aparar”.
1941-ci ildə
müharibənin başladığı xəbərini yaylaqda
olarkən alır. “Vayna” sözün anlamasa da az keçməmiş
müsibətini görür. “Atam əsgər getdi. Beş nəfər
evdə qaldı. Üç qardaş, bir bacı, bir də
anam. 11 yaşından kotan əkdim, qoyuna getdim, taxıl
biçdim. Birtəhər ailəmizi dolandırdıq. 1945-ci
il gəlib çatdı. Tarlada taxıl suvaranda bizi
topladılar, dedilər ki, müharibə qurtardı. Gedənlər
geri qayıdacaq. Bundan 3 ay sonra atam gəldi. Atam gələn
kimi dedim ki, “ata mən oxuyacam. Gecə-gündüz işləmişəm,
indi oxumaq istəyirəm”. 1946-cı ildə yenidən 7-ci
sinifə getdim. Fikrim bu idi ki, yeddinci sinifi oxuyam, Ağdama gəlib
bir nömrəli orta məktəbə gedəm. Məni 16
yaşımda Bakı fəhləsinə göndərmək
istədilər. Hamı da üzümə durdu ki, bu uşaq dərsə
getmir. Mən neyləyim? Məktəb direktorun gördüm.
Dedim məni fəhləliyə aparırlar. O maarifdən sənəd
gətirdi ki, mən şagirdəm. Məktəbi əla qiymətlərlə
qurtardım. Məni bir nömrəli məktəbə
qoymadılar. Dedilər ki, texnikuma gedim. Texnikumu qurtardım,
amma mən oxumaq istəyirdim. Texnikum təhsil vermir. Həmin
vaxt ölməmək üçün yaşayırdıq.
Bilirdim ki, bütün əziyyətlərə dözməliyəm.
Tarixə, fəlsəfəyə marağım var idi”.
Amma ona məsləhət
görürlər ki, Azərbaycan Sənaye İnstitutuna
getsin. Çünki orada yaxşı təqaüd verirlər.
“Bir təqaüdə görə mən fəlsəfədən
daşındım, Sənaye İnstitutunun neft-mexanika fakültəsinə
daxil oldum. Burada da çətinlik həddindən artıq idi.
İmtahan verib kəndə getmişəm, indi qayıtmağa
yol pulu yoxdur. Gördüm atamla anam danışırlar. Atam
deyir ki, hamı gördü ki, Yusif İnstituta girdi, indi
imkanımız yoxdur, gəlsin qoyuna getsin. Anam gəldi
(gözləri dolur, susur, özünü toparlayıb davam
edir ) kəlağayısın atamdan xəbərsiz satdı, mənə
yol xərci verdi. O mənim 5 ildə evdən
aldığım yeganə xərc idi. Bakıya
qayıtdım. Təqaüd alırdım, amma elə olurdu
bir gündə 1 manat olmurdu ki, 300 qram çörək
alım. Amma bununla belə deyirdim ki, oxumalıyam, özü də
əlaçı olmalıyam. İmtahan vaxtı sətəlcəm
oldum, xəstəxanaya düşdüm. Bir adamım yox idi. Həkimlərə
yalvarıram ki, çertyojlarım var, məni evə
buraxın. Qrafikləri də, imtahanları da verdim, ikinci semestrə
keçdim. İndi kəndə gedirəm. Ağdamdan Mərzili
kəndinə 15 km-dir, piyada yola düşmüşəm. Elə
bilirəm ki, hamı mənə baxır, mənimlə fəxr
eləyir”.
Ailədə maddi
sıxıntı olduğuna görə oxuduğu vaxt, həm
də işləyib. “İkinci kursdan sənət məktəbinə
müəllim keçdim. Evə pul göndərdim.
Dördüncü kursda maşınqayırma zavodunda mühəndis
vəzifəsində çalışdım. Hər ay ailəyə
kömək elədim. Əla qiymətlə İnstitutu
qurtardım.
Məni Yeni Bakı
Neftayırma zavoduna göndərdilər. Getdim ki, zavodun
direktoru yəhudidir, baş mühəndisi rusdur, müavinlər
ermənidir, mühasibatlıqda da ermənilər oturub. Yəhudi
məni yaxşı qəbul elədi. Dedi biz ali məktəb
qurtaranı fəhlə göndəririk. Əmək
kitabçamı gördü, dedi səni sexə usta göndərirəm.
Orada 5 il işləyəndən sonra mənə baş
mühəndisliyi təklif elədilər. Getdim ki, rəis erməni,
mən də baş mühəndis. Mən göstəriş
verirdim, o ləğv eləyirdi”.
SSRİ müdafiə
nazirinin birinci müavini Yusif Səmədovla bağlı əmr
verir. Onu Moskvaya göndərirlər. “Orada
raketquraşdırma idarəsində işləməyi təklif
etdilər. Dedilər ki, Krasnoyarskdə dövlət əhəmiyyətli
obyekt tikilir, səni ora göndəririk. Dedim, yox, getmirəm.
Bütün günü mübahisəmiz oldu. Məni Baykanura
göndərdilər. Ora kosmonavtlar hazırlayan yerdir.
Qazaxıstanda yerləşir. Həddindən artıq məxfi
bir yer idi. Bir il orada çalışdım”.
Alim bir müddət
Kuba Respublikasında da çalışıb.
Qayıtdıqdan sonra yeni açılan Neft-kimya sənayesi
üzrə rəhbər kadrların təkmilləşməsi
və yenidən hazırlanması İnstitunun rektoru olub. 23 il
bu vəzifədə çalışıb. Əməyin
Mühafizəsi təhlükəsizlik texnikası Elmi-Tədqiqat
İnstitutunun laboratoriya rəisi işləyib. 1995-ci ildən
təqaüdə çıxıb.
Qarabağ müharibəsində
alim səngərdə olub. “1989-cu ildən 1993-cü ilin
iyuluna kimi Qarabağda olmuşam. Bütün varımı-sərvətimi,
səhhətimi orada qoymuşam. O vaxt mənə çoxu
deyirdi ki, niyə bu qədər var-dövlətini
tökürsən? Dedim xalqımın qarşısında
üzü açıq olmaq istəyirəm”.
Təqaüdə
çıxdıqdan sonra akademik Rafiq Əliyev, Cahid Kərimov,
Teymur Hacıyev, Cəlal Allehverdiyev, Telman Əliyevlə dərdləşir.
Qapalı insan olduğunu deyir. “İndi çox istəyirəm
ki, məni yada salsınlar”.
Alim 320 manat təqaüd
alır. “Onu da yaxın vaxtlardan alıram. 50 illik iş təcrübəm
var. Mənim tabeliyimdə işləyənlər prezident təqaüdü
alırlar. Allah mənə can sağlığı versin, bu
arvadla birlikdə, heç nə istəmirəm.
(gülür) Dörd övladım var. Böyük oğlum
Yavər Səmədov atom energetikası sahəsində
böyük mütəxəssisdir. O indi Moskvada atom
energetikası İnstitutunda diaqnostikanın avtomatik idarə
edilməsi laboratoriyasının müdiri işləyir. Bir
müddət Türkiyədə işlədi. Moskvada düzəltdiyi
laboratoriyanın birin də Türkiyədə düzəltdi.
Onun ixtira etdiyi cihazları indi türk firmasının adı
ilə Azərbaycanın Müdafiə Nazirliyinə
satırlar. (gülür) İkinci oğlum bizə heç
yaraşmayan işdə, polisdə işləyir. Biz başqa
adamlarıq. (Xanımı müdaxilə edir ki, atası istəmirdi,
özü getdi S.V.). Qızlarım da işləyir. Nəvəm,
nəticələrim də var. Bu evə haram tikə gəlməyib”.
Ağdama,
doğulduğu Mərzili kəndinə getmək istəyir.
“Ümid axırda ölür. Bizim kənd adamları Ergi deyilən
yerdə məskunlaşıblar. İki aydan, 4 aydan bir ora gedirəm.
Kəndimizlə sərhəddin arası 300-400 metrdir, oradan kəndimizə
baxıb, gəlirəm. Təsəllim odur. İnanmaq istəmirəm
ki, mən oranı görməyəcəm”.
Sevinc Vaqifqızı
Bizim yol.- 2011.- 17 dekabr.- S. 5.