Sovet
“qılıncı”nın kəsmədiyi Qubadlı
Qarabağ
silsiləsindən növbəti “dayanacağ”ımız 14
mart 1933-cü ildə yaradılmış Qubalı rayonudur.
İnzibati mərkəzi Qubadlı şəhəridir.
İnzibati bölgüsünə 1 şəhər, 93 kənd,
31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və
orta müəssisə, 11 məktəbəqədər
uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi,
1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb
müəssisəsi, 111 mədəniyyət ocağı var.
Bakı ilə arasındakı məsafə 403 kilometrdir. Rayon
ərazisi 31 avqust 1993-cü ildə Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Qubadlı
toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır.
1823-cü ilə aid mənbəyə görə, Qarabağ
xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini
pulla satın alıb və qardaşı Mehdiqulu xana
bağışlayıb. Azərbaycanın şimalının
Rusiyaya birləşdirilməsindən sonra viranə
qalmış kəndi, rus generalı P.S.Kotlyarevski göstərdiyi
xidmətin müqabilində Hacı Ağalar bəy adlı
birisinə verib. Versiyalardan birinə görə, Qubadlı
toponimi V-VI əsrlərdə yaşamış Sasani
hökmdarı I Qubadın adı ilə bağlıdır.
Tarixdə
Bərgüşad mahalı kimi tanınan hazırkı
Qubadlı rayonu XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli
xan tərəfindən Zəngəzurun ayrılmaz hissəsi
kimi Qarabağ xanlığının idarəçiliyinə
verilib. Hələ indiyə qədər Bərgüşad
toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə
aid ədəbiyyatda Naxçıvanda Bərgüşad
adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa
adını Bərgüşad zonasından alıb. Səfəvi
dövründə bərgüşad qızılbaş
tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə
Bərgüşad mahalı Araza tökülən Həkəri
çayı ilə Bərgüşadçay
arasındakı ərazini əhatə edib.
Bir
çox tədqiqatçılara görə, birinci komponenti təşkil
edən bərgü sözü qədim türk mənşəli
barq tayfasının adındandır. Çingiz xanın
oğlu Çuçinin 1207-ci ildə qərbə doğru
yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü
tayfasının da torpaqlarını tutması faktı tarixdən
məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah
(XII) 58 türk tayfası arasında bərgü
tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin
(XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi
qeydə alıb. Tədqiqatçıların fikrinə
görə, bərgülər monqol işğalından xeyli əvvəl
Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki
şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad
dağları, Bərgüşad çayı, Bərgüşad
çökəyi toponimləri \"bərgülərin
dağı\", \"bərgülərin
çayı\", \"bərgülərin çökəyi\"
mənasındadır. XV əsr Azərbaycan şairi Bədr
Şirvaninin əsərlərində də Bərgüşad
coğrafi adı çəkilir. Bərgüşad toponimi
çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad
adlı kənd də var.
1921-ci
ildə rus-erməni, eləcə də daşnak-bolşevik
ittifaqının səyi nəticəsində, imperiya bu
mahalı iki yerə bölüb. Qubadlı, Laçın və
Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan
Respublikasının inzibati ərazisində qalıb. Çox
keçmədən bu cür bölgü erməni-rus
cütlüyünü tam təmin etmədiyindən, gələcəkdə
həmin rayonları da Ermənistan ərazilərinə qatmaq
məqsədilə Qubadlı, Laçın və Kəlbəcər
rayonlarında Azərbaycan Respublikasının tərkibində
\"Qırmızı Kürdüstan\" adında muxtariyyət
təşkil olunub. Bununla yanaşı, hər üç
rayon ərazi vahidi kimi öz statuslarını saxlayıb. Bu
muxtariyyətə qarşı qubadlılar sözün həqiqi
mənasında əsl mübarizə aparıblar. Xüsusilə
Əlyanlı kəndinin sakinlərinin bu qərara
qarşı fədakar mübarizəsi çox böyük
hörmətə layiqdir. Bir neçə ildən sonra
Qarabağın Ermənistana verilməməsi, Azərbaycan
Respublikasının tərkibində və tabeçiliyində
saxlanılması məsələsi həll olunandan sonra
\"Qırmızı Kürdüstan\" muxtariyyəti
öz əhəmiyyətini itirdi.
Qubadlı
rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil
olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan
rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən
müstəqil rayon olub.
Coğrafi
mövqeyi və relyefi
Qubadlı
rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən
Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla
həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri,
Kiçik Həkəri, Meydan dərəsi çayları və
çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.
Rayonun
səthi, əsasən, dağlıqdır. Ərazisi
Qarabağ silsiləsinin cənub-qərb (Topağac
dağı - 2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin
şərq (Qartız dağı - 1277 m) və Qarabağ
yaylasının cənub-şərq (Qurbantəpə
dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ
yaylasının cənub-şərq qurtaracağı olan
Yazı düzü (Bazarçay və Həkəri çayı
arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə
Qarabağ silsiləsi maili və dalğalı İncə
düzünə keçir. Yura-Antropogen
çöküntüləri yayılıb. Əqiq
yatağı var. Çayları Bazarçay, Həkəri və
onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi
və s). Bunlardan suvarmada istifadə edilir.
Təbiəti
və iqlimi
Rayonda,
əsasən qəhvəyi dağ-meşə torpaqları
yayılıb. Əsas bitki örtüyü kollu və seyrək
meşəli çəmənlərdir. Dağ meşələri
(fıstıq, palıd, vələs və s.) var. Meşələrin
sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq,
tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir.
Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin
və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil
edilib.
İqlimi,
əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur
yanvarda düzən yerlərdə 1 dərəcədən,
dağlıq yerlərdə 4 dərəcəyə qədər,
iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik
yağıntı 400-600 mm-dir.
İqtisadi
xarakteristikası
Qubadlının
iqtisadiyyatının əsasını
taxılçılıq, heyvandarlıq,
tütünçülük, baramaçılıq və
üzümçülük təşkil edir. Rayonda 27-si
mexanikiləşdirilmiş olan 31 süd-əmtəə
ferması mövcud olub. Rayonda 2 üzümün ilkin emalı
zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə
fermalarının məhsulları yağ-pendir zavodunda emal
olunurdu.
Tam
gücü ilə işləyən asfalt zavodu təkcə
Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi.
İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə
vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla
təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin
tələbatını əsaslı şəkildə ödəyirdi.
Azərbaycan \"Neftqazavtomat\" təcrübə zavodunun
rayonda yaradılmış filialında son tamamlama işləri
gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və
müəssisə fəaliyyət göstərirdi.
Mədəniyyət,
təhsil və səhiyyə müəssisələri
İşğala
qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai
məktəb fəaliyyət göstərirdi. Bundan əlavə
bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi,
7 məktəbəqədər müəssisə mövcud
idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində
1280 nəfər müəllim çalışırdı.
Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər
müəssisələrdə çalışırdı.
5852 nəfər şagird ümumtəhsil məktəblərində
təhsil alırdı. Məktəbəqədər müəssisələrdə
272 azyaşlı tərbiyə olunurdu.
Qubadlıda
111 mədəni-maarif müəssisəsi, o cümlədən
60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub fəaliyyət
göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125
ticarət, 96 iaşə obyekti qubadlılara mədəni xidmət
göstərirdi. 25 məişət xidməti müəssisəsi
tam gücüylə işləyirdi. 21 rabitə müəssisəsi
var idi. 8 avtomat stansiyası quraşdırılmışdı.
1950 nömrəlik həmin stansiyalar gecə-gündüz
çalışırdı.
Rayonun
33 səhiyyə müəssisəsində 56 həkim və
511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana,
5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi,
4 aptek vardı. Gigiyena-epidemologiya mərkəzi və
profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə
iş aparırdı.
Qubadlı
rayon tarix-diyarşünaslıq muzeyində 5 mindən
çox nadir eksponat toplanmışdı. İşğal
zamanı ermənilər 5 mindən çox nadir eksponat
saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də
talan ediblər. 4-cü əsrə aid \"Gavur dərəsi\"ndəki
ibadətgah, 5-ci əsrə aid \"Qalalı\" və
\"Göyqala\" abidələri, 14-cü əsrdə
tikilmiş \"Dəmirçilər\" türbəsi,
Hacı Bədəl körpüsü, Laləzar
körpüsü, eləcə də Əyin, Yusifbəyli,
Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər
tarixi abidələr hazırda işğal altındadır.
Maddi-mədəni
irsi
Qubadlının
Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı
kəndindəki Göy Qala abidələri, XIV əsrə aid
Yazı Düzündəki Cavanşir türbəsi, Dəmirçilər
kəndindəki iki türbə, XVII əsrə aid
Gürcülü kəndində olan türbə, XVIII əsrə
aid Xocamsaxlı kəndində olan türbə ondan xəbər
verir ki, Qubadlıda qədim dövrlərdən elm mədəniyyət
mərkəzləri və ibadətgahlar olub.
İşğal
1988-ci
il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqlərindən
sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə
başlandı və ilk qaçqın dalğası
Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan,
döyülüb təhqir edilən azərbaycanlıların
bir qismini qubadlılar qəbul etdilər.
Dağlıq
Qarabağla Ermənistan arasında yerləşən
Qubadlının strateji əhəmiyyətini başa
düşən erməni təcavüzkarları Qubadlıda
terror-təxribat əməlləri törədirlər.
Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid
yaratmaq, dəhliz açmaq, buradan separatçılara
silah-sursat daşımaq niyyətini həyata keçirmək
istəyirdilər. 1989-cu ilin sentyabr ayında Sovet
qoşunlarının zirehli texnikalarının müşayəti
ilə, Gorus istiqamətində Yazı düzü yolu ilə
150-160 avtomobildən ibarət maşın karvanının
Qubadlı ərazisinə yaxınlaşdığı xəbər
verildi. Bir saat ərzində əhali ayağa qalxdı.
Bütün yollar bağlandı. Əliyalın camaat
maşın karvanının yolunu elə sərhəddəcə
kəsdi. Xankəndi şəhərinə avtomobil karvanı
buraxılmadı. Təəssüf ki, geri qaytarılan
avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində
qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə
yol tapa bildi və karvanı müşayət edən zirehli
texnika Laçın şəhərində faciələr
törətdi.
Qubadlı
Ermənistanla 120 km məsafədə həmsərhəddir.
Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə
yerləşən Əliquluuşağı, Məlikməhəmmədli,
Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Y.Cibikli, Əyin,
Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli
kəndlərinə təcavüz edilir, kəndlər atəşə
tutulurdu.
1989-cu
ilin axırları rayonda vəziyyət son dərəcə
ağırlaşdı. Gündüz sərhəddə
keşik çəkən düşmənin
hücumlarının, təxribat əməllərinin
qarşısını alan özünümüdafiə dəstələri
yerli milis qüvvələri ilə birlikdə hərəkət
edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar
erməni dəstələri avtomat silahlardan, artilleriyadan,
zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə
adi ov tüfəngləri çatmırdı.
Rayonun
şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz
qalmışdı. Həkəri çayı boyunca
Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş
Başarat zonasınadək yerli əhali silaha sarsılsa da,
qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın
qarşısını 4-5 adama düşən bir avtomatla
qorumaq mümkün deyildi.
Avqust
ayının 30-da erməni hərbi birləşmələri
yalnız mülki əhalinin qoruduğu Gəyən zonası
istiqamətindən güclü hərbi texnikanın
müşaiyəti ilə hücuma keçdi. Əsas zərbə
Xanlıq istiqamətinə yönəldilmişdi. Qeyri-bərabər
döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla
döyüşsələr də, erməni tankları kəndə
soxuldu. Həkəri çayı boyunca Muradxanlı,
Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni
birləşmələri kəndləri yandırdı, dinc əhaliyə
divan tutdular.
Avqustun 31-də daha bir
faciə törədildi. Qaniçən erməni hərbi birləşmələri
ilə üz-üzə qalan mülki əhali məcburiyyət
üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də
Qubadlı bütünlükdə işğal olundu.
Ramid İBRAHİMOV
Bizim yol.- 2011.- 20 dekabr.- S. 15.