Sona Bülbüllər
(Qədir
Rüstəmovun əziz xatirəsinə)
Sona
Bülbüllərə, onun tək yəni ilk və son
ifaçısı olan Qədir Rüstəmova ilk dəfə
nə vaxt qulaq asdığımı tam xatırlamıram. Bu dinləmə
yəqin ki 1980-ci illərdə olub. Amma mədəniyyətimizin çox
mühüm bir mərhələsi
sayıla bilən Sona Bülbüllərin
mədəniyyətimizin özü qədər
köklü olduğunu,
bizim də bu
“mahnını” min illərdən bəri
dinləməkdə olduğumuzu deyə
bilərəm. Bu mahnının Qədirdən əvvəlki
ifaçıları da şəxsən mənə
məlum deyil, Qədirdən sonrakılar
isə -Qədirə ən çox bənzəməyə
çalışan Mustafa Mustafayev
də daxil (hörmətli Aqil
Abbas qüsuruma
baxmasın)- başarısız təqlidçilikdən
ötəyə gedə bilməyiblər. Sona
Bülbüllər Qədirindir və yəqin ki
musiqi tariximizdə bir
sənət əsəri ilə bu qədər
doğmalaşan, özdəşləşən
ikinci bir nümunə
yoxdur. Çahargâhın ölməz
Mənsuriyyəsini Yaqub əmidən dinləmək
xoşdur, amma onu Ağaxan Abdullayevdən,
Alim Qasımovdan tutmuş
Babək Niftəliyev, Mirələm Mirələmov, Güllü Muradovaya… qədər
gözəl ifaçılardan dinləyib feyziyab
olmaq mümkündür.
Segâhı Arif Babayev,
Mahuru Alim Qasımov, Dəştini
Әlibaba Məmmədov, Süleyman Abdullayev, Sabir Mirzəyev…
gözəl ifa edirlər, Sona
Bülbüllər’i isə Qədirdən başqa
heç kimdən dinləmək mümkün deyil. Zalım oğlu bu
havanı bir dəfə necə ifa edibsə, bu havaya necə möhür vurubsa artıq onun özü belə ikinci dəfə
o şəkildə oxuya
bilməyib… Başqa sənətkârlarımızın
repertuarına da Sona
Bülbüllərin daxil edilməməsi
bütün sənətsevər dinləyicilər
tərəfindən təbii və böyük
məmnuniyətlə qarşılanıb.
Qu quşu
Allahın, ona cəmi bircə dəfə oxuma fürsəti
verdiyini bildiyindən ömrü boyunca susaraq bütün
enerjisini o “ifa” üçün toplayıb o ifanı yerinə
yetirdikdən sonra dünyadan köçür. Qədir
Rüstəmovun Sona Bülbülləri qu quşunun son nəğməsidir…
Böyük
şairimiz Vaqif Səmədoğlunun maraqlı və təxminən
belə bir fikri var, deyir ki “mən yaxşı musiqiyə qulaq
asanda dincəlmir, əksinə yoruluram, çünki
yaxşı musiqi beyni yoran ağır bir işdir”. Qədirin
bu ifası da əslində
insanı yoran amma yorduqca da ona
güc verən, insanın beynində yeni üfüqlər açan
möhtəşəm bir
dalğaqırandır… Sona Bülbülləri
dinləmək üçün həmişə
vaxtı olan mənim, bundan
sonra da “Sona Bülbüllər vaxtım” olacaq… Әn az min dəfə dinlədiyim bu
havadan hər dəfə fərqi bir şəkildə
‘havalandığımı’ etiraf edirəm…
Sona
Bülbüllərin mənim həyatımda unudulmaz xatirələri
də var. Onlardan bəzilərini
Qədir Rüstəmov ana topraqla
qucaqlaşmadan sizlərlə paylaşmaq istəyirəm. BDU-dakı tələbəlik
dönəmimin (1989-1995) ilk illərində
Qarabağda ağır savaşlar
davam edirdi. Bu savaşlardan birində sol
ayağını itirib ön
cəbhədən vertolyotla Bakıya gətirilən
dayım oğlu Kənan xəstəxanada
ağır bir vəziyyətdə yatarkən
onun yanında qalır, ona
ancaq Sona
Bülbülləri dinlədib ağrısını unutdura bilirdik. O illərdə Azərbaycan Radyosunda
işləyən dəyərli dostumuz, jurnalist Şərəf Cəlilli mənimlə
Sumqayıta- Kənanın yatdığı Təcili Yardım
Xəstəxanasına getmiş, musiqini, ədəbiyyatı və təsəvvüfü
çox sevən Kənanla çox maraqlı bir radio-reportaj yapmış, bu
reportajı - radio programını Sona Bülbüllərin fon
musiqisi ilə davam etdirib elə onunla da bitirmişdi. Müharibənin
dəhşətlərini yaşamış, dostlarını və
bir ayağını ön
cəbhədə itirən Kənanın, bu
proqramın kasetini dinlədikcə yavaş-yavaş sağlığına qovuşduğunu yaxşı
xatırlayıram…
2003-cü
ildə sevdiklərini bir göz qırpımında tərk edən
və Qədiri çox sevən gənc dayım Arif Həsənoğlu’nun
belə bir rübaisi vardı:
Ay gözəl
bülbüllər, sona bülbüllər,
Yetməzmi
bu həsrət sona,
bülbüllər?!
Ağrıyır,
sızlayır bağrımın başı
Qədir
oxuyanda “Sona
Bülbüllər”…
Tələbəlik
illərimdə fürsət tapdıqca rayona,
doğulub böyüdüyüm
kəndə gedər, ailəmi bir-iki gün görüb
Bakıya qayıdardım. Bu gedişlərdən
birində sərin bir yay
gecəsi idi və ailəmiz,
qohumlarımızla gecə yarısına qədər balkonda oturub söhbət edirdik. Gecə yarısını keçdikdə
birilərinin məni küçədən
çağırdığını eşitdim.
Səsindən tanıdım, məndən 2-3 yaş
böyük olan və
o illərdə çobanlıq edən bir dostumuzdu. Mənim kəndə gəldiyimi dağda
bir çoban
yoldaşından eşidən dostumuz,
dağdakı sürünü çoban yoldaşına tapşırıb Qədir
Rüstəmovun Sona Bülbüllər
mahnısı olan kaseti
məndən almaq üçün
gecənin qaranlığında 10-15 km yolu piyada kəndə gəlmişdi…
Mən Qədirin kasetini böyük bir məmnuniyət
hissi ilə o dostumuza bağışladım. Sona Bülbüllərə olan
bu səmimi münasibət mənə
görə ən təbii, qürurverici bir sevgi idi...
Ayrıca zirvələr fəth edən Sona Bülbüllər yüksək dağlarda, geniş dərələrdə
də səslənməyi haqq edirdi və təmiz havalı əngin dağ zirvələrinin də bu
dünyanın adamı olmayan ‘havalı’ Qədir’in
bu “təmiz və dəli hava”sına
ehtiyacı vardı…
Sona
Bülbüllərin bir zamanlar
kosmosa -yer üzünü təmsilən- göndərildiyini
eşitmişdim. Başqa planetlərdə yaşayan varlıqlara yer üzünün bu
möcüzəsini göndərməklə insan
oğlunun nələrə qadir olduğunu bildirmək
istəyiblər sən demə. Bu gözəl
və layiqli seçim
təbii ki, bizi ancaq qürurlandıra bilərdi və mən yeri gələn hər yerdə Sona Bülbüllərin artıq sadəcə
bir yer musiqisi
olduğunu deyil,
çəkisizləşib əbədiləşən bir kosmos musiqisi
olduğunu da musiqi zövqü olanlara deyirdim. Bu sözləri eşidən Türk
arkadaşlardan biri Sona Bülbülləri çox
merak edincə bu
parçanı internet üzərindən
ona göndərdim və maşın
sürərkən dinləməməsini tövsiyə etdim. Bir gün
mənə zəng edib qəza
yapdığını deyən o arkadaş, sən demə
maşınını yolun kənarındakı
böyük bir çuxura salanda Sona Bülbülləri dinləyirmiş…
Keçən
il dünyasını dəyişən əziz qardaşım
Polad, vəfatından bir neçə ay əvvəl mənə
zəng edəndə mənim “Sona Bülbülləri dinləmə
vaxtım”dı. Təxminən 15 ildən bəri
cəmi bir neçə dəfə görüşdüyümüz Polad, “sən 20 ildir
Sona Bülbüllər”i dinləyirsən,
doymadınmı?” sualını verəndə, “mən öləndə
də qəbrim üstə bu havanı
çalarsınız, mütləq eşidəcəyəm!” demişdim. Vəfatından bir
neçə ay əvvəl görüşdüyüm Polad,
“həqiqətən də Sona
Bülbüllər’i dinləməyə dəyərmiş!” demişdi mənə…
Qədir
Rüstəmov televiziya kanallarına çıxanda, onunla
bağlı veriliş olanda ya da televiziya kanallarında Sona
Bülbüllər səslənəndə yaxın qohum və
dostlarımdan bir neçəsi mütləq Azərbaycandan zəng
edər, “filan kanalı aç, Qədir oxuyur” deyə mənə
xəbər verərlərdi. Qədirin Sona
Bülbülləri illərdən bəri qürbətdə yaşayan mənim, bizi sevib-sayan əzizlərimizlə görüş yerimiz olub…
Hörmətli
müəllimim Prof. Kâmil
Vəli Nərimanoğlu’nun şahmat
üzrə dünya çempionu
olmuş Robert Fişer haqqındakı bir
yazısında belə bir fikri
var: “Dünyanın dəngəsi, həyatın
özü üçün
önəmli olan varlıqlar var: W. Faulkner (Folkner), G. Marquez (Markes), C. Castaneda (Kastaneda), Borges’in
varlığı ədəbiyyat üçün;
Üzeyir Bəy Hacıbəyli, Dmitri Şastokoviç,
Fikrət Əmirov, Qədir Rüstəmov, Alim
Qasımov, Barış Manço musiqi üçün nə
qədər dəyərlidirlərsə dünyanın dəngəsi
və varlığı üçün
də o qədər dəyərlidirlər.”
Qədir
Rüstəmovun Sona Bülbülləri,
Qədirin səs tellərinin titrəməsindən deyil, onun ruhunun
səsinden yaranıb. Qu quşuna ömrü
boyunca bir dəfə
“oxuma” haqqı tanıyan Ruh
sahibi, insanoğluna da ruhunu bir
dəfə səsləndirmə haqqı verib
yəqin ki, bu da Qədirin qismətinə düşüb.
Əslində Qədir, bu ruhu
səsləndirmək üçün seçilmiş bir “Ruh adam”dır və bu “ifa” onun fiziki
ömrünü
qısaldıb mənəvi ömrünü
sonsuzluğa qədər
yaşadacaqdır…
Əslində
Sona Bülbüllər’in “mətni” bizim yeddi hecalı
bayatılarımızdan mütəşəkkildir:
Su atdım yara
dəydi, sona bülbüllər
Əlim
divara dəydi, saçı sünbüllər.
Dilim-ağzım
qurusun, sona
bülbüllər
Nə
dedim yara dəydi,
saçı sünbüllər.
Elə
yar, yar deyirlər, heç məni demirlər
Ay sona
bülbüllər!
Elə
bil yar deyiləm, bir məni dindirməz,
Ay saçı
sünbüllər!
Evləri
köndələn yar, sona
bülbüllər
Bizə
gül göndərən yar,
saçı sünbüllər
Gülü yarpıza dönsün, sona
bülbüllər
Bizdən
üz döndərən yar,
saçı sünbüllər.
Elə
yar, yar deyirlər, heç məni demirlər
Ay sona
bülbüllər!
Elə
yar, yar deyirlər, bir məni demirlər,
Ay saçı
sünbüllər!
Dəryada
gəmim qaldı, sona bülbüllər,
Biçmədim
zəmim qaldı, saçı sünbüllər.
Çox çəkdim
yar cəfasın, sona
bülbüllər,
Mənə
dərd-qəmim qaldı, saçı sünbüllər….
Elə
yar, yar deyirlər, heç məni demirlər
Ay sona
bülbüllər!
Elə
yar yar deyillər, bir məni demirlər,
Ay saçı
sünbüllər!
Qədir
Rüstəmov’un, yeddi hecalı bayatı mətninin
ortasına əruzla yazılmış və
Olmasaydı qəm-i eşqin dil-i viranımda
Saxlamazdım
onu bu izzət ilə
yanımda… misralarıyla başlayan qəzəli
yerləşdirməsi, heca ilə əruzun
mükəmməl bir izdivacının ən
gözəl nümunələrindən biridir.
Yəni Azərbaycan xalq musiqisi
ilə sənət musiqisinin birlikdə yer aldığı ən gözəl sənət
nümunələrindən biri məhz Qədir
Rüstəmovun Sona Bülbülləridir.
Qədir
Rüstəmov’un adına layiq olmayan bu qaralama,
rəhmətliyin 14 dekabr 2011 tarixli vəfat günü
“qələmə alındı”. Sabah - 15 dekabrda “ipə-sapa yatmayan”
Qədir Rüstəmov əbədi yatağında istirahətə
çəkiləcək, onun ilahi səsiylə möhürlənmiş Sona Bülbüllər isə dünyanın sonuna qədər dil-dil
ötəcəkdir…
Allah
böyük sənətkarımız Qədir Rüstəmova
rəhmət eləsin…
Nazim Muradov
14 dekabr 2011
Kuzey Kıbrıs Türk
Cumhuriyəti
Bizim yol.- 2011.- 21 dekabr.- S. 13.