Əsrin
soyqırım qurbanı - Xocalı
613 nəfər qətlə yetirildi, 8
ailə tamamilə məhv edildi, 155 uşaq valideynini itirdi...
Xocalını əsas hədəf
seçməkdə Ermənistanın məqsədi nə idi?
Qarabağ
silsiləsindən növbəti yazımız Xocalı rayonu
ilə bağlıdır. Rayonda 1 tibb müəssisəsi, 54 mədəniyyət
ocağı fəaliyyət göstərib. Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılıb. Sahəsi 0,97
min kv. km,
əhalisi 24417 nəfər (1991-ci il).
Rayonda 1 şəhər,
2 qəsəbə, 50 kənd olub. Ağdam şəhərinin 18, Xankəndi
şəhərinin 14 km-liyində, Qarabağ
silsiləsində yerləşir. Mərkəzi Xocalı şəhəridir.
İqlimi mülayim-istidir.
Coğrafi mövqeyi
Rayonun ərazisi əsasən
dağlıqdır. Ən hündür
yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər
istisna olmaqla, iqlimi mülayim-istidir.
Yüksək dağlıq əraziləri subalp
və alp çəmənlərdir. Əsas
çayları Badara və Qarqardır.
Dağ-meşə və dağ-çəmən torpaqları
mövcuddur. Ərazinin 40 %-ə qədəri
fısdıq, cökə, ağcaqayın, qaraağac
və s. ilə zəngindir.
Əhali
əsasən üzümçülük,
heyvandarlıq, arıçılıq və əkinçiliklə
məşğul olub. Şəhərdə
toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam
orta məktəb var idi.
Son
illərdə baş vermiş
hadisələrlə əlaqədar olaraq
Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan
və Xankəndindən qovulmuş bəzi
azərbaycanlı ailələri şəhərdə məskunlaşmışılar.
Sonralar erməni tərəfi
etiraf etmişdi ki, erməni silahlı dəstələrinin əsas
vəzifəsi Xocalı platsdarmının məhv edilməsi,
bu məntəqədən keçən Əsgəran-Xankəndi
yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.
Tarixi və mədəniyyət
abidələri
Xocalı
ərazisi ən qədim memarlıq və ilk
mədəniyyət abidələri ilə zəngindir.
Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi
türbə (1356-1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid
nekropol, kurqan çölü və s. var.
Xocalının
yaxınlığında bizim e.ə.
XIV-VII əsrlərə aid edilən
Xocalı-Gədəbəy mədəniyyətinin abidələri
yerləşir. Burada son
bürünc və ilkin
dəmir dövrlərinə aid edilən
dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada arxitektur abidələr
- dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley
(XIV əsr) vardı. Arxeoloji
qazıntılar zamanı müxtəlif növ
daş, bürünc,
sümük bəzək əşyaları,
gildən ev əşyaları və s. tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin
(bizim e.ə. 807-788-ci illər) adı
yazılıb.
XIX əsrdə aşkar
edilmiş, daş qutu və kurqanlardan ibarət
olan Xocalı qəbristanlığı son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər)
aid arxeoloji abidədir.
Burada
müxtəlif tipli saxsı qablar, silahlar
(qılınc, xəncər, nizə və ox
ucluğu, balta-təbərzin),
qızıl, tunc, balıqqulağı, əqiq,
şüşə, pasta və sairdən
hazırlanan bəzək əşyaları, tunc
əmək alətləri və at əsləhətləri
aşkar edilib. Burada çoxlu sayda \"Qoç və yəhər\"
şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar
- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var.
Xocalı
şəhəri və Əsgəran qəsəbəsi
arasında Qarqar çayının sağ və sol sahillərində
XVIII əsrə aid \"Əsgəran
qalası\" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirib. Qala
iki istehkamdan ibarətdir.
Sağ sahildəki qala
bürcü ikiqat daş divarlardan ibarətdir.
Sol sahildəki qala dördkünc bürclüdür.
Divarların qalınlığı 2-3 m-dir.
1810-cu ildə Rusiya ilə İran
arasında sülh
danışıqları \"Əsgəran qalası\"nda
aparılıb.
Rayonun Kərkicahan
qəsəbəsində 3 qəbristanlıq var.
Burada XIV əsrə aid
yazıları olan qəbirlər,
\"Kilsəli\" deyilən yerdə Alban
kilsəsi, qəbirlər, 800 il əvvələ
təsadüf edilən müsəlman qəbristanlığının
qalıqları, Alban pir-ocaqları və s. var.
Rayonun Kosalar kəndi ərazisində \"Məhəmməd
ağanın otağı\" tarixi abidə,
\"Darılı Piri\", \"Ələm
ağacı\" ziyarətgahları və daş
qəbirlər var.
Rayonun Meşəli
kəndi ərazisndə - Meydan
yaylağında müqəddəs ziyarətgah \"Seyid qəbri\" (ermənilər tərəfindən
dağıdıldı), \"Yeddi kilsə\"
(Alban kilsəsi) vardı. Bundan
əlavə, 4 yerdə alban kilsəsi mövcud idi.
Ermənistanın
işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni
və dini abidələri, şəhər
və kəndləri, iqtisadi bazaları və
s. dağıdılıb. Xocalı
şəhərinin ən qədim tarixi
abidələri, qəbristanlıqlar, Kərkicahan qəsəbəsi,
Kosalar, Cəmilli və Meşəli kəndlərindəki
qəbristanlıqlar, dini abidələr, məsələn,
Meşəlidəki \"Seyid qəbri\"
və sair, 1 şəhər, 1 qəsəbə,
8 kənd, 2495 yaşayış evi,
31 sənaye obyekti, 15 kənd təsərrüfatı
obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi,
56 mədəniyyət, 5 rabitə obyekti və
s. dağıdılıb.
Erməni
işğalçılarına qarşı fədəkarcasına
mübarizə aparan 10 nəfər
Xocalı rayon sakini Azərbaycan
Respublikasının “Milli Qəhrəmanı”
adına layiq görülüb
(9 nəfəri ölümündən sonra).
Xocalı
soyqırımı
Ermənistan
Silahlı Qüvvələri, Rusiyanın 366-cı
motoratıcı alayının iştirakı ilə Xocalı
şəhərini işğal edərkən,
etnik azərbaycanlılara qarşı
soyqırım baş verib.
Bu faciə Dağlıq Qarabağ
münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən
biridir.
1992-ci
il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri, SSRİ
dövründən Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayın zirehli
texnikası və hərbi heyətinin köməkliyi ilə
Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan
şiddətli atəşə tutuldu. Nəticədə,
fevralın 26-sı səhər saat 5 radələrində
Xocalı tam alova büründü. Mühasirəyə
alınan şəhərdə qalmış, təqribən
2500 Xocalı sakini Ağdam
rayonunun mərkəzinə çatmaq ümidi ilə
şəhəri tərk etdi. Amma bir günün
içində yer üzündən silinən
şəhəri tərk edən həmin köməksiz
insanların 613 nəfəri düşmən gülləsinə
tuş gəlib, qətliamın qurbanı
oldu.
Bu soyqırım nəticəsində
63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613
nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini
itirdi. Düşmən
gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 nəfər itkin
düşdü. Dövlətin və əhalinin
əmlakına, 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə,
5 mlrd. rubl dəyərində
ziyan vuruldu.
Bu hadisə Azərbaycanda və
qardaş Türkiyədə Xocalı
soyqırımı kimi anılır. Ermənistanda
isə bu əməliyyat \"Xocalı döyüşü\", \"Xocalı hadisəsi\"
terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı
\"Xocalı qətliamı\" (en.
\"Khojaly Massacre\",
fr. \"Massacre
de Khodjaly\")
terminindən istifadə etməyə üstünlük
verir.
Xocalı
Ağdam-Şuşa, Əsgəran-Xankəndi
yollarının üstündə yerləşir.
Qarabağdakı yeganə aeroport da Xocalıdaydı. Ermənilərin
Xocalıya əsas maraqları da
Xocalının bu cür
strateji mövqeyə malik
olması ilə əlaqədar idi.
İcmalı
Xocalı
1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın
30-dan etibarən şəhərə aparan
bütün avtomobil
yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi
vertolyot qalmışdı.
Xocalıya sonuncu vertolyot
1992-ci il yanvar ayının 28-də
endi. Şuşa səmasında mülki
vertolyotun vurulması,
vertolyotun içindəki
40 nəfər azərbaycanlının
həlak olması nəticəsində şəhərlə
hava əlaqəsi də kəsildi. Yanvarın
2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları
və şəhər
müdafiəçilərinin cəsurluğu sayəsində
yaşayır və müdafiə olunurdular.
Şəhərin müdafiəsi avtomat
və ov tüfəngləri ilə
silahlanmış, yerli
özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun
döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından
başlayaraq Xocalı
erməni silahlı dəstələrinin mühasirəsinə
alınıb və hər gün toplardan, ağır texnikadan atəşlərə,
erməni dəstələrinin
həmlələrinə məruz
qalırdı. Şəhərə hücum toplardan,
tanklardan, \"Alazan\"
tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç
istiqamətdən hücum
aparıldığından, əhali Əsgəran istiqamətində qaçmağa
məcbur oldu. Lakin tezliklə aydın oldu ki, bu, məkrli hiylə
imiş. Naxçevanik kəndi
yaxınlığında əhalinin qarşısı erməni
silahlı dəstələri tərəfindən kəsilib və
onlar gülləborana tutulmuşlar. Qarlı
aşırımlarda və meşələrdə zəifləmiş,
taqətdən düşmüş insanların çox hissəsi
məhz Əsgəran-Naxçevanik düzündə erməni
silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla
məhv edilib.
Bu hadisələr
regiona İran İslam Respublikasının xarici işlər
naziri Əli Əkbər Vilayətinin vasitəçilik
missiyası ilə səfəri günlərinə təsadüf
edib. O, fevralın 25-də Azərbaycanın
hakimiyyət rəhbərləri ilə görüşüb
və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana
səfər planlaşdırırdı. Bununla əlaqədar
olaraq tərəflərin razılığı ilə
fevralın 27-dən martın 1-dək üçgünlük
atəşkəs elan edilib. Lakin ermənilər
ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada
Təhlükəsizlik və
Əməkdaşlıq Şurasının
missiyasının vəziyyətlə
tanışlıq və
münaqişənin tənzimlənməsi
məsələrinin təhlili
məqsədilə Qarabağa
gəldiyi zaman da baş verib. Missiya sonra Yerevana
və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni
silahlı dəstələri
tərəfindən Şuşanın
Malıbəyli və
Quşçular kəndləri
qarət edilib və yandırılıb,
təkcə Malıbəylidə
50 nəfər öldürülüb,
yaralanıb və əsir götürülüb.
Həmin günlərdə Azərbaycan qüvvələri
Xocalı sakinlərinin
köməyinə çata
bilmədi, hətta meyitlərin götürülməsi
belə, mümkün
olmadı. Bu zaman isə ermənilər vertolyotlarla,
ağ geyimli
xüsusi qruplarla meşələrdə gizlənib
insanların axtarışını
aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə
məruz qoyurdular.
Fevralın 28-də, tərkibində
yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak
olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə
gətirdi - düzənlik
cəsədlərlə dolu
idi. İkinci vertolyotun havadan
mühafizəsinə baxmayaraq,
ermənilərin güclü
atəşi altında
ancaq 4 meyiti götürmək mümkün
oldu. Martın 1-də yerli və
xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli
vəziyyət müşahidə
olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının
və digər orqanlarının kəsilməsi,
gözlərin çıxardılması,
çoxsaylı bıçaq
və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma
halları aşkar edilib.
(Ardı
var)
Ramid
İBRAHİMOV
Bizim yol.-
2011.- 21 dekabr.-S.11.