İlahi adlar
yurdu - Cəbrayıl-2
(Əvvəli ötən
sayımızda)
Tarix
boyu işğalçıların aradan götürə bilmədiyi
Xudafərin körpüsü tarixi incilər
sırasındadır
Ağoğlan
ziyarətgahında qeyri-bərabər döyüşdə həlak
olmuş hansı igid yatır?
İşğaldan
əvvəl Cəbrayılın iqtisadiyyatının əsasını
heyvandarlıq, üzümçülük və
baramaçılıq təşkil edirdi. Rayonda
üzümün ilkin emalı üçün zavod, tikiş,
xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye
obyekti mövcud idi. Rayonda 12 mədəniyyət evi, 49 klub, 28
kinoqurğu, 78 kitabxana, 510 çarpayılıq xəstəxana
birləşmələri, 72 ümumtəhsil, 3 musiqi məktəbi
var idi.
Rayonda
«Xudafərin» rayon qəzeti nəşr olunurdu. Rayon ərazisindən
Bakı-Naxçıvan dəmir yolu (52 km), Əli-Bayramlı
(indiki Şirvan şəhəri-müəl.) - Zəngilan
avtomobil yolu (60 km) keçirdi.
Mədəniyyət
abidələri
Cəbrayıl
rayonunun ərazisi maddi və mədəniyyət abidələri
ilə zəngin olub. Bunlardan
Dağ-Tumas kəndi yaxınlığında yerləşən
"Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki
"Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə"
kurqanları, Tatar kəndi yaxınlığındakı
Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar
kəndi yaxınlığında "Şəhərcik
qalıqları", "Qışlaq yerləri", Diri
dağındakı “Mazannənə”, “Mərmərnənə”
məqbərələri kimi arxeoloji, Dağ-Tumas kəndindəki
"Başıkəsik Gümbəz" Sirik kəndindəki
"Qala", Diridağdakı "Qız qalası", Xudafərin
körpüləri, Çələbilər kəndindəki
Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid
hamamı", Şıxlar kəndindəki "Dairəvi
Türbə" (XIV əsr), Xubyarlı kəndindəki dairəvi,
8 guşəli türbələr və məqbərələr
(XIX əsr), türk qəbristanlığındakı türbə
və məqbərələrin hər biri nəsildən-nəsilə
ötürülmüş canlı tarixdir.
Rayonun ərazisi
sement istehsalı üçün qiymətli xammal ilə, mərmər
və başqa tikinti materialları, dəmir filizi, hətta
neft yataqları ilə zəngindir.
Xudafərin
körpüləri
Şimali
Azərbaycanla Cənubi Azərbaycanı birləşdirən
körpülərdir. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi
hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd)
tərəfindən inşa olunub.
Unikal
memarlıq abidəsi olan körpüdə Azərbaycan
memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd
şah Qacarın Azərbaycana yürüşü zamanı
bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən
körpünün bir hissəsi dövrümüzə qədər
gəlib çatıb.
Körpüdən
bir qədər aralı daha bir körpü də var ki, bu da
Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və
XIII əsrdə, Elxanilər dövründə inşa edilib.
Hazırda həmin körpünün yalnız 3
aşırımı salamatdır. Hər iki
körpü İpək yolunun üzərində yerləşir.
Hazırda
Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazisində
yerləşən bu körpülərin aqibəti haqqında
dəqiq məlumat yoxdur.
Arazı “möcüzəli
çay” adlandıran Yaqut Həməvi yazır: “Aranda, Araz
boyunca min şəhər var”. C. Qiyasi isə qeyd edir ki, şəhərlərin
sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili əski
çağlardan sıx yurdsalma şəbəkəsi ilə
örtülüb.
Azərbaycanın
bu daxili çayının coğrafi yeri elədir ki, o,
ölkəni qərbdən şərqə kəsərək
iki hissəyə bölür Bu səbəblərə görə,
Arazın üstündə çoxlu körpülər
inşa edilib. Arazın su səviyyəsi və yatağında
qayalıqların çox olması da, qədim körpü
tikintisi üçün əlverişli idi.
Xudafərin
dərəsi Araz çayı yatağında ən əlverişli
keçidlərdən biri olub. Körpülərin birləşdiyi hər
iki sahil, gözəl dağlıq landşaftı olan yerdir.
Hər iki körpünün özüllərinin
antik dövrlə bağlılığı ehtimal edilir.
Bu körpülər yüzillərcə
transkontinental yollar üstündə yerləşib, təkcə
ölkədaxili və ölkələrarası yollarda deyil,
qitələrarası qarşılıqlı ilişgilərdə
də yararlı olub. Müxtəlif çağlarda
ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini
- miqrasiyasını istiqamətləndirən Xudafərin
körpüləri Azərbaycan ellərinin baş
köç yolunun (hər il güneydən
Arana və Qarabağa gedən güclü mövsüm
axınlarının) da qovşağı olub.
On beş
aşırımlı körpü
Körpülərin
böyüyü Xudafərin kəndində olub, 15
aşırımlıdır və Həmdullah Qəzvininin
yazdığına görə, onu hicri 15-ci ildə (639) Məhəmməd
peyğəmbərin yaxın səhabəsi Bəkr ibn Abdullah
tikdirib.
Körpü
tağlarının dayaqları təbii özüllər -
qayalar üzərində ucaldığndan aşırımlar
müxtəlif ölçülü və sərbəst
düzümlüdür.
Bişmiş kərpic və çaydaşından tikilən
on beş aşırımlı
körpünün tağları sivri biçimlidir.
Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni
4,5 metr, çay səviyyəsindən ən böyük
hündürlüyü 12 metr, ən iri tağ
aşırımı 8,70 metr, ən kiçik tağ
aşırımı isə 5,80 metrdir.
Körpünün
bütün tağları kərpicdən qurulduğu halda, əsas
kütləsi çay daşındandır. Yuxarı qatda divar
hörgüsü kərpicdən də aparılıb ki, bu da
Aran memarlıq məktəbi üçün xarakterikdir.
Bu iki materialın uyarlığı
körpüyə bədiilik və konstruktiv görkəm
verir.
On bir
aşırımlı körpü
On beş
aşırımlı körpüdən 750 m qərbdə
olan on bir aşırımlı körpü başdan-başa
daşdan tikilib və yaxşı yonulmuş iri daş
lövhələrlə üzlənib. Araşdırmaçılar
bu körpünün XIII yüzildə, Elxanilərin
(Hülakülər) hakmiyyəti illərində antik dövr
körpüsünün qalıqları üzərində
yenidən tikildiyi fikrindədirlər. Onun uzunluğu 130
metrə yaxın, eni 6 m, çay səviyyəsindən
hündürlüyü 12 m-dir. Körpünün üç
orta tağı sağ qalıb, sahil tağları isə XX əsrin
30-cu illərndə Şimali və Cənubi Azərbaycan
arasında əlaqələri kəsmək üçün
İran və SSRİ-nin birgə qərarı ilə
dağıdılıb. Həmin vaxtdan da yerli əhali
körpüyə ikinci ad - Sınıq körpü
adını verib.
Tikinti
materialı və memarlıq biçimlərinə görə,
daha monumental görünən on bir aşırımlı
körpüdə oyma naxışlı, dairəvi biçili
daş bəzək lövhələri də aşkar edilib. Böyük konstruktiv
dayanaqlığı ilə yanaşı Xudafərin
körpülərinin, xüsusilə Sınıq
körpünün güclü bədii ifadəliliyi də
var. Onlar öz ətrafında Arazın hər iki sahilində
olan Azərbaycan torpağındakı çoxlu mədəni
dəyərləri - müxtəlif tipli memarlıq,
tarix-arxeologiya və təbiət abidələrini
birlşdirirdi. Ümumdünya əhəmiyyətli
tarixi hadisələrlə bağlılığına,
gözəl landşaftla üzvi birliyinə, yüksək
memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə
görə Xudafərin körpüləri Azərbaycan
memarlığının universal dəyərli abidələridir.
Dini abidələri
Hacı
Qaraman ziyarətgahı. Çələbilərin XIII əsrin birinci
yarısında Monqol yuruşləri dövrundə Kicik
Asiyadan (əsasən Turkiyə ərazilərindən) məşhur
Qaraman tayfasının tərkibində Azərbaycana gəlmələri
tarixdən məlumdur. Çələbi
sözu dini və dünyəvi termin olub, hakimiyyətlərin,
şahzadələrin ləqəbi kimi işlənib,
Allahı sevən, yazıçı, şair, bilici mənalarını
verir. Çələbilərin adlı-sanlı
başcılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə
Cəbrayıl ərazisinə gəlib, əvvəlcə
Niftalılar və Nusus kəndləri arasındakı yerdə
özünə məskən salıb, sonralar Çələbilər
kəndinə köçüb. Ona gorə də
Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «ocaq» kimi
müqəddəsləşdirilib. Bu kənddəki
məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli
tərəfindən, hicri 1088-ci ildə (miladi 1678) inşa
edilib. Hacı Qaramanın adı məşhur
oğuz-turk tayfasından olan Qaraman tayfasının adından
götürülüb.
2. Cəbrayıl ata
ziyarətgahı. Cəbrayıl kəndinin
şimalında yerləşən məqbərə ümumi qəbiristanlıqda
deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus
torpaqların tam yuxarı başında, Alpaşa
dağının hündür və tamaşalı bir yerindədir.
Rayon əhalisi tərəfindən ziyarətgah
kimi qəbul edilir.
3. Qara daş ziyarətgahı.
Cəbrayılın mərkəzində olan
«Qara daş» səmadan gələn daş olduğu
üçün əhali tərəfindən ziyarətgah kimi
qəbul edilir.
4. Ağoğlan,
Qurbantəpə ziyarətgahları. Cəbrayıl
rayonunun yaxınlığında Ağoğlan abidəsi butpərəstlik
dövründən qalma abidədir. Mənbələrdə
göstərilir ki, orada qeyri-bərabər döyüşdə
öldürülən gözəl bir oğlan dəfn edilib.
İslam gəldikdən sonra Ağoğlan abidəsi
müsəlman ziyarətgahına çevrilib. Ağoğlan kimi sonradan pirə çevrilmiş
yerlərə Cəbrayıl rayonu ərazisində cox rast gəlinir.
Məsələn, rayonun cənubunda Qurbantəpə
adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Gunəşə,
Aya sitayiş etdikləri ilk tunc dövrünün
sonlarının nişanəsidir. Yerli əhali təzə
il gəlsin və məhsul bol olsun deyə,
bu təpədə qurbanlar kəsir, bişirdiyi xörəyin
suyundan gündoğan tərəfə səpir, sonra xörəyi
yeyir və Gunəşə sitayiş etməklə kütləvi
şadlıq edirdilər. Sonralar bu kohnə inam
saxlanıldı, hətta XIX əsrin ortalarından
başlayaraq, Cəbrayıl qəzasının başqa yerlərindən
köçüb gələn Hacılı tayfasının
bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı
və onların saldıqları kənd Qurbantəpə kəndi
adlandırıldı.
5. Məzannənə,
Mərmərnənə ziyartəgahı. Professor
M. Seyidovun verdiyi məlumata görə, nənə qədim
turkdilli tayfalarda Allahın anasının adı olub. Professor Z. İ. Yampolski Məzannənə abidəsi
barədə gostərir ki, o, sinfi cəmiyyətə
keçid dövründə qadınların ictimai istehsalda
birinci dərəcəli rol oynadığı Madərşahlıq
zamanının yadigarıdır və sonralar İslam dininə
uyğunlaşdırılaraq, «ocaq» hesab edilib. Həmin abidənin yaxınlığında indiyə
qədər nişanələri qalan köhnə
yaşayış məskəni Mazanənə kəndi
adlanıb. Bu kəndin ətrafında, qədim qəbiristanlıqda
Əziz ibn Seyid Əl-Məhəmməd sözləri olan qəbrin
sinə daşında və başqa qəbirlərin
üstündə yazılan, hicri 750, 760 və 809-cu illər təsdiq
edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar
olub. Yerli əhali Hasanlı kəndi
yaxınlığındakı Mərmərnənə abidəsində
dəfn olunan qadını Mazan nənənin anası hesab
edir.
6. Tumas ata abidəsi. Cəbrayıl rayonunun Dağtumas kəndi
yaxınlığındakı dağda olan Tumas ata abidəsi
də butpərəstlik dövrünün yadigarıdır.
Dağtumas kəndinin sakinləri Tumas atanı
öz əcdadları hesab edir və müqəddəs ocaq
kimi sitayiş edirlər.
Ramid
İBRAHİMOV
Bizim yol.- 2011.- 24 dekabr.- S. 15.